Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyinə həsr olunmuş mərasim keçirilmişdir

 

 Aprelin 3-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və yubiley tədbirində iştirak etmək üçün Bakıya gəlmiş müxtəlif ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi, müstəqillik illərində MTN-in ölkəmizin milli və dövlət maraqlarını qoruyan, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

Sonra Şəhidlər xiyabanına gələn mərasim iştirakçıları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üstünə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, çoxsaylı xarici qonaqların, respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin, mədəniyyət və incəsənət xadimlərinin, təhlükəsizlik orqanları veteranlarının iştirak etdiyi yubiley mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Sonra MTN-in yaradıcı kollektivi tərəfindən hazırlanmış və milli təhlükəsizlik orqanlarının tarixini əks etdirən videokompozisiya nümayiş olunmuşdur.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək demişdir ki, Azərbaycan təhlükəsizlik orqanlarının 90 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Yubiley tədbirlərində respublika ictimaiyyətinin yaxından iştirakı, daxil olan çoxsaylı təbriklər Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyətinə verilən yüksək qiyməti nümayiş etdirir.

Tarixi varislik prinsipinə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla martın 28-i Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmuşdur. 1919-cu ildə məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdı.

Sonrakı 70 ildən artıq bir müddətdə Azərbaycanın təhlükəsizlik orqanları sovet sistemində fəaliyyət göstərmiş, peşəkar bir qurum kimi formalaşmışdır. Bununla belə, onun sıralarında xeyli sayda vətənpərvər, öz xalqına bağlı, peşəsini sevən insanlar da çalışmışdır.

Bu sırada ən parlaq sima isə, ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmət etmiş, ilk azərbaycanlı general Heydər Əliyev olmuşdur. Ümummilli liderimiz istər bu orqanda işlədiyi, istərsə də siyasi hakimiyyətdə olduğu illərdə milli kadrların yetişməsinə xüsusi diqqət yetirmişdir. Dövlətin mühüm təsisatlarından olan xüsusi xidmət orqanlarına qayğı ilə yanaşan Heydər Əliyev daim onun inkişafını izləmişdir.

Müstəqilliyin ilk illərinin Azərbaycan xalqının həyatında daxili hərc-mərclik və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır itkiləri ilə yadda qaldığını bildirən general-leytenant E.Mahmudov hakimiyyətsizlik və özbaşınalıq vaxtlarında da xüsusi xidmət orqanlarında insanların təhlükəsizliyi və Vətənin müdafiəsi naminə fədakarlıq göstərən şəxslərin olduğunu xatırlatmışdır. Onların bir çoxu erməni işğalçıları ilə döyüşlərdə canlarını qurban vermişdir.

Tariximizin bu mərhələsində, dövlət idarəetmə sisteminin iflic vəziyyətdə olduğu bir vaxtda, digər dövlət qurumları kimi, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində də əsaslı dönüş 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtması ilə başlanmışdır. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra milli təhlükəsizlik orqanlarının müasir tələblər səviyyəsində formalaşdırılması üçün tədbirlər görülmüşdür. Müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının yeni nəslinin yetişməsi üçün ümummilli liderin sərəncamı ilə nazirliyin akademiyasının yaradılması belə mühüm tədbirlərdən idi. Bu təhsil müəssisəsi 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Burada təlim-tədris işləri ən müasir tələblər, beynəlxalq standartlar səviyyəsində qurulmuşdur.

Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu, dövlətin daxili və xarici siyasəti üçün əlverişli şərait yaradılmasının nazirliyin əsas vəzifələrindən olduğunu vurğulayan general-leytenant Eldar Mahmudov, eyni zamanda, ölkəmizin siyasi-iqtisadi maraqlarına qarşı olan təhdidlərin vaxtında aşkar edildiyini və qabaqlayıcı tədbirlərin görüldüyünü də bildirmişdir.

Zəngin karbohidrogen ehtiyatlarına malik olan, Cənubi Qafqazda ən sabit və sürətlə inkişaf edən ölkə kimi tanınan Azərbaycan transmilli mütəşəkkil cinayətkar birləşmələr, beynəlxalq terrorçu təşkilatlar üçün də maraq doğurur, onlar ölkəmizə hədəf, tranzit və təyinat məntəqəsi kimi baxırlar. Lakin beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edən Milli Təhlükəsizlik Nazirliyi bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycanda vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində ekstremist-terrorçu niyyətlərin və konkret hərəkətlərin qarşısı qətiyyətlə alınır. Həyata keçirilən əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində "Əl-Qaidə", "Əl-Cihad" və digər beynəlxalq terrorçu təşkilatların şəbəkələri zərərsizləşdirilmişdir.

Nazirliyin xüsusi diqqət yetirdiyi başqa bir sahənin terrorizmin əsas maliyyə mənbələrindən və milli genofonda böyük təhlükə olan narkotiklərin qaçaqmalçılığı olduğunu deyən nazir bu istiqamətdə də müvafiq tədbirlərin görüldüyünü bildirmişdir. Bununla yanaşı, radioaktiv materialların, onların komponentlərinin, silahların qeyri-qanuni dövriyyəsinin və digər təhlükəli cinayətlərin də qarşısı alınır.

Nazir xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyev tərəfindən aparılan fəal hüquq-mühafizə siyasəti nəticəsində Azərbaycanda sabitlik və təhlükəsizlik qorunub saxlanılır və daha da möhkəmlənir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən irəli gələn fəsadlar milli təhlükəsizliyə əsas təhdidlərdən biridir. Düşmən tərəfdən atəşkəs rejimi mütəmadi pozulur, işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlər keçirilir, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti davam etdirilir. Bütün bunlar isə narahatlıq doğurur və daim sayıqlıq tələb edir. Dağlıq Qarabağ beynəlxalq hüquqdan və Azərbaycan hökumətinin nəzarətindən kənar bir bölgəyə çevrilmişdir. Burada transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formaları və digər qanunsuz fəaliyyətlər müşahidə olunur. Belə vəziyyət digər dövlətlər üçün də qlobal xarakterli təhlükə mənbəyidir.

Eldar Mahmudov demişdir ki, MTN xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Hazırda tamamilə yeni keyfiyyət səviyyəsində onlarca ölkənin xüsusi xidmət orqanı ilə münasibətlər qurulmuşdur. Tərəfdaşlarla aparılmış səmərəli informasiya mübadiləsi terrorçuluqla mübarizədə hamıya uğur gətirir. Nazirlik terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı mübarizə sahəsində BMT, Avropa Şurası, MDB, NATO, ATƏT və GUAM çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələrini də inkişaf etdirir.

Nazir çıxışında xüsusi vurğulamışdır ki, Milli Təhlükəsizlik Nazirliyi ən müasir texniki avadanlıq və vasitələrlə təmin olunmuş, son illər maddi-texniki baza və şəxsi heyətin sosial müdafiəsi xeyli möhkəmlənmişdir. Milli təhlükəsizlik orqanlarının inkişafına dair dövlət proqramının qəbul olunması da nazirlikdə bütün sahələrdə tərəqqiyə ciddi təkan vermişdir. Bir neçə gün əvvəl Prezidentin sərəncamı ilə nazirliyin bir qrup əməkdaşı dövlət mükafatlarına və ali hərbi rütbələrə layiq görülmüşdür. Bütün bunlar nazirliyin fəaliyyətinin ən yüksək səviyyədə qiymətləndirilməsinin bariz ifadəsidir. Sərəncam, dövlət başçısının şəxsi heyətə təbriki və burada əksini tapmış xoş sözlər əməkdaşlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Azərbaycanın dinamik inkişafının təminatı olan sabitliyin və təhlükəsizliyin möhkəmlənməsində milli təhlükəsizlik orqanlarının mühüm rol oynadığını böyük iftixar hissi ilə vurğulayan E.Mahmudov bildirmişdir ki, nazirliyin əməkdaşları bundan sonra da fəaliyyətlərini daim təkmilləşdirməyə, ölkədə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin uğurla reallaşmasına öz töhfələrini verməyə çalışacaqlar.

Mərasimdə çıxış edən milli təhlükəsizlik orqanlarının veteranı Zülfüqar Tağıyev demişdir ki, indi Milli Təhlükəsizlik Nazirliyi yeni tarixini yaşayır. Müasir dünyanın ən inkişaf etmiş təhlükəsizlik orqanlarının bərabər səviyyəli tərəfdaşına çevirilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Bu səviyyə Prezident, Ali Baş Komandan İlham Əliyevin milli təhlükəsizlik orqanlarına göstərdiyi böyük diqqət və qayğısı nəticəsində əldə edilmişdir. Vətənin və xalqın təhlükəsizliyinin qorunması gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs borcudur.

Azərbaycan milli təhlükəsizlik orqanlarını yubiley münasibətilə çoxsaylı xarici xüsusi xidmət orqanlarının nümayəndə heyəti adından təbrik edən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov rəhbərlik etdiyi qurumla Milli Təhlükəsizlik Nazirliyi arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını bildirmişdir. O demişdir ki, bu münasibətlərin əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki xalq və dövlət arasında qarşılıqlı əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr dayanır.

Azərbaycanın təhlükəsizlik orqanlarının MDB ölkələrinin müvafiq qurumları arasında xüsusi yeri olduğunu bildirən A.Bortnikov yubiley münasibətilə azərbaycanlı həmkarlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Mərasimin bədii hissəsində Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri alqışlarla qarşılanmışdır. Bədii hissə Dövlət Xor Kapellasının ifasında milli təhlükəsizlik orqanlarının "Əmrə hazırıq, biz" hərbi marşının ifası ilə yekunlaşmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 aprel.-S.3.