Avropa çempionatında güləşçilərimiz 9 medal qazandılar

 

84 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şalva Qadabadze ilk mərhələdə xorvat Deni Lipiçi (2:0, 3:0), sonradan slovakiyalı Mariyan Mixaliki (2:0, 1:0), dörddəbir final görüşündə isə fransalı Melonin Nuominvini (1:0, 0:1, 1:0) məğlubiyyətə uğradaraq yarımfinala çıxmışdır. Lakin bu görüşdə Şalva türk Nəzmi Avluca (0:1, 0:1) məğlub olmuşdur. Bundan sonra üçüncü yer uğrunda mübarizə aparan idmançımız şansını qaçırmamış Polşa güləşçisi Pavel Poslad üzərində qələbə qazanaraq (1:0, 3:0) bürünc medala layiq görülmüşdür.

Digər güləşçimiz Deniş Mişin (96 kq) gürcü Aleksandr Burdiladzenin müqavimətini qırdıqdan sonra (1:0, 3:1) ardıcıl olaraq ev sahibi Mindauqas Yezerkis (0:1, 0:1) finlandiyalı Rami Xiyetaniyemiyə (1:0, 0:1, 0:1) uduzmuş medalsız qalmışdır.

Yunan-Roma güləşçilərimiz komanda hesabında 29 xalla üçüncü yeri tutmuşlar.

Ümumilikdə, Avropa çempionatında komandamız 5 qızıl, 2 gümüş 2 bürünc medal əldə etmişdir. Sərbəst güləşçilərimiz Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Xetaq Qazyumov (96 kq) Əli İsayev (120 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Avropa çempionu adını qazanmışlar. Cəbrayıl Həsənov (66 kq) finalda "büdrəyərək" gümüşlə kifayətlənmiş, Novruz Temrezov (84 kq) isə bürünc medal əldə etmişdir. Sərbəst güləşçilərimiz komanda hesabında güclü Rusiya idmançılarını qabaqlayaraq birinci yeri tutmuşlar.

Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) böyük ustalıq əzmkarlıq göstərərək dalbadal ikinci dəfə Avropa çempionu olmuşdur. Yalnız final görüşündə məğlubiyyətə uğramış Zümrüd Qurbanhacıyeva (67 kq) gümüş medala sahib çıxmışdır.

Azərbaycan güləşçilərinin Avropa çempionatında uğurlu çıxışına mütəxəssislər biganə qalmamışlar. Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti mətbuat konfransında demişdir: "Bu yaxınlarda Azərbaycan komandası gözəl mübarizədə ev sahibləri İran millisinə qalib gələrək dünya Kubokunu qazanmışdır. Vilnüsdə isə Azərbaycanın sərbəst güləşçiləri yenidən öz üstünlüklərini təsdiq etdilər. Onlar sübut etdilər ki, hazırda dünyanın ən güclüləridir. Ayrıca olaraq Azərbaycan Güləş Federasiyasının fəaliyyətini qeyd etmək lazımdır. Federasiyanın səmərəli fəaliyyət olmadan ölkənin milli komandası bugünkü nailiyyətləri qazana bilməzdi".

 

 

Rizvan Cəfərov

 

Azərbaycan.-2009.-7 aprel.-S.7.