Ən böyük özbək

 

 O, 3 yaşında ailəsi tərəfindən Səmərqənddə uşaq evinə veriləndə heç kəsin ağlına gəlməzdi ki, himayəsiz qalmış bu körpə bir neçə onillikdən sonra dövlətinin və xalqının himayədarına çevriləcəkE

Uşaq evində böyüməsi xarakterinə təsirsiz ötüşməyib, həyatın sərt sınaqlarına qarşı dəmir iradə nümayiş etdirə bilib və qələbə hər zaman onunla olub.

Usta köməkçiliyindən prezidentliyə gedən yolda ədalətsizlik də görüb, xəyanət də yaşayıb, sui-qəsdə də məruz qalıb, fəqət ölkəsinə xidmətdən və özünün şəriksizliyini hər vasitə ilə təmin etməkdən usanmayıb.

Ondan imtina etmiş valideynlərindən sonradan o özü də birdəfəlik üz döndərib, ata kimi dövlətini, ana olaraq isə xalqını qəbul edib. İlk nikahdan olan oğlu ilə heç bir münasibət saxlamasa da, varisi kimi ictimai həyata təqdim etdiyi iki qızından əlavə, ümumiyyətlə bütün özbək xalqına atalıq hissi bəslədiyini düşünür.

Məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə etdiyinə görə dünyada özü ilə bağlı fərqli rəylər, kütləvi etirazlar yaratsa da, o - İslam Kərimov xalqının nəzərində tarixin "Ən böyük özbəy"i və hələ bir neçə onillik sonra da alternativi olmayacaq görkəmli rəhbər, siyasi xadimdir!..

 

Uşaq evində keçən illər

 

İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində dünyaya gəlib. Onun uşaqlıq dövrü barəsində kifayət qədər ziddiyyətli məlumatlar mövcuddur. Məsələn, məlumatların birində qeyd olunur ki, Səmərqənddə kənd təsərrüfatı sahəsində çalışan atası Əbdüqəni Kərimov özbək, anası Sənubər xanım isə tacik olub. Başqa bir məlumata görə, onun atası əslən iranlıdır. Digər mənbələrdə o da qeyd edilir ki, atası 1936-1941-ci illərdə həbsdə olub. Həbsdən qayıtdıqdan sonra isə 3 yaşlı İslamı Səmərqənddəki uşaq evlərindən birinə verib, digər övladlarını özü ilə saxlayıb.

Lakin İkinci dünya müharibəsi nəticəsində İslamın olduğu uşaq evinə SSRİ-nin müxtəlif bölgələrindən çoxlu sayda yetim qalmış körpələr qəbul olunduğundan valideynləri onu buradan götürmək məcburiyyətində qaldılar. Uşaq evindən qayıdan İslam dəcəlliyi ilə seçilir, qardaşları İbod və Gündüzü, həmçinin qonşu uşaqlarını tez-tez döyürdü. Bu səbəbdən 1945-ci ildə valideynləri yenidən onu uşaq evinə verdilər. Uşaq evində də İslamın dəcəlliyilə əlaqədar maraqlı məlumatlar mövcuddur. Məsələn, qeyd olunur ki, orta məktəbin yuxarı siniflərində oxuyarkən ona pis qiymət yazan müəllimləri bıçaqla hədələyirmiş. Bundan başqa, o, sinif yoldaşlarını və digər məktəbliləri döyməklə də ad çıxarmışdı. Onun yalnız yəhudi uşaqlarla dostluq etdiyi, rusları, tacikləri, özbəkləri isə daim döydüyü vurğulanır.

İslamın orta məktəbi hansı qiymətlərlə bitirməsi barədə də məlumatlar ziddiyyətlidir. Mənbələrin birində onun orta məktəbi qızıl medalla, digərində isə aşağı göstəricilərlə bitirdiyi qeyd olunur. Bununla belə, orta məktəbi bitirdikdən sonra o, Daşkənddə yerləşən Orta Asiya Politexnik İnstitutuna daxil oldu. 1960-cı ildə bu ali məktəbi bitirən İslam Kərimov mühəndis-mexanik ixtisasına yiyələndi. Elə həmin il "Taşselmaş" zavodunda işə düzəldi. Əvvəl usta köməkçisi işləyən İslam Kərimov daha sonra usta və zavod texnoloqu vəzifəsinə keçirildi. 1961-1966-cı illərdə isə Çkalov adına Aviasiya İstehsalat Birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor vəzifələrində çalışıb. Bununla yanaşı, İslam Kərimovun elektron cihazların hermetizasiyası üzrə ixtisaslaşan "Hermetik" İstehsalat Birliyində çalışdığı da bildirilir. Lakin onun hər dəfə vəzifə pilləsində yüksəlməsinə, eləcə də Kommunist Partiyasının sıralarına daxil olmasına maneə yaradan bir amil var idi: atasının həbsdə olması. Bəzi bioqraflar bildirir ki, elə buna görə İslam Kərimov sonradan valideynlərilə bütün əlaqələrini kəsdi.

 

Kaşkadar sürgünü

 

İslam Kərimov haqqında digər bir maraqlı məlumat onun özbək dilini öyrənməsilə bağlıdır. Özbəkistan Prezidentinin həyat yolunun tədqiqinə həsr olunan bəzi materiallarda yer alan məlumatlara görə, Kərimovun ailəsində ünsiyyət tacik dilində olub, məktəbdə isə o, rus dilindən istifadə edib. Lakin sonradan ölkənin siyasi həyatında öz yerini tutmaq üçün Kərimov doğma dilini də tam öyrəndi.

1964-cü ildə isə Kərimov əslən yəhudi olan Natalya Petrovna Kuçma ilə ailə həyatı qurdu. Bu evlilikdən onun Pyotr adlı bir oğlu dünyaya gəldi. Sonu uğursuz olan bu nikah Kərimovun karyera yüksəlişinə hər hansı maneçilik yaratmadı. 1966-cı ildə o, Özbəkistan SSR Dövlət Plan Komitəsində işə düzəldi. Əvvəlcə bölmələrin birində baş mütəxəssis vəzifəsini tutan Kərimov daha sonra sədr köməkçisi, bölmə rəisi, idarə rəisi, ən nəhayət, Dövlət Plan Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olundu.

Həmin dövrdə ali təhsilini də davam etdirən Kərimov 1967-ci ildə Daşkənd Kənd Təsərrüfatı İnstitutunu bitirərək iqtisadçı diplomu aldı. İlk uğursuz nikahından sonra isə əslən tacik olan Tatyana Əkbərovna ilə ailə həyatı qurdu. Məlumatlara görə, Tatyananın atası tacik, anası isə yəhudi olub. Bir sıra bioqraflar qeyd edir ki, Kərimovun vəzifə pillələrində yüksəlməsində Tatyananın Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışan qohumlarının rolu az olmayıb.

Uzun müddət Dövlət Plan Komitəsində çalışdıqdan sonra İslam Kərimov 1983-cü ildə Özbəkistanın maliyyə naziri təyin olundu. 3 il bu vəzifədə çalışan Kərimov sonradan Dövlət Plan Komitəsinin sədri və Nazirlər Şurasının sədr müavini vəzifəsinə keçirildi. Elə həmin il o, yerli rəhbərlik üçün "Özbəkistan iqtisadiyyatının inkişafının problemləri və perspektivləri" adlı məruzə hazırladı. Burada açıq şəkildə ölkə iqtisadiyyatının fəlakət həddində olduğu göstərilirdi. Bəzi tədqiqatçılara görə, belə bir məruzənin hazırlanması Kərimovun karyerasını ciddi təhlükə altına alırdı. Lakin sözügedən məruzə həm də kifayət qədər dəqiq hesablanmış bir siyasi gediş də sayıla bilərdi. Məsələ burasında idi ki, artıq həmin dövrdə İttifaq rəhbərliyinə yiyələnmiş Mixail Qorbaçov SSRİ-də "yenidənqurma"ya başlamışdı. Kərimovun məruzəsi isə Qorbaçovun yeni siyasətinin tələblərinə cavab verirdi. Bu dövrdə həm də Moskvanın göstərişilə Özbəkistanın hakim elitasında antikorrupsiya əməliyyatları adı altında "ciddi təmizləmələr"ə start verilmişdi.

Çoxları bu dövrdə İslam Kərimovun Moskva tərəfindən Özbəkistanın rəhbəri postuna gətiriləcəyini düşünürdü. Lakin gözlənilənlərin əksinə olaraq daha yüksək vəzifəyə təyinat əvəzinə Kərimov Kaşkadar vilayətinə partiya rəhbəri göndərildi. Sözügedən vilayət isə olduqca problemli idi. Kərimovun yeni vəzifədə sələflərindən biri intihar etmiş, digəri isə həbsə alınmışdı. Ancaq bu problemli vilayət Kərimovun sonrakı karyera yüksəlişində əvəzsiz rol oynadı. Burada az qala asketik həyat tərzi keçirən Kərimov yüksək çalışqanlıq və idarəçilik bacarığı nümayiş etdirdi. Rüşvətə qarşı da ciddi mübarizə aparması onun vilayətdə xüsusi hörmət qazanmasına və nüfuz sahibinə çevrilməsinə səbəb oldu.

 

Kompromis seçim

 

Moskva ilə də xoş münasibətlər saxlamağı yaddan çıxarmayan Kərimov bu işdə artıq enerji siyasətindən faydalanmağa başladı. Məsələ bunda idi ki, Kaşkadar vilayəti təbii qaz ehtiyatı ilə zəngin idi. Elə bu faktor əsasında da Kərimovun həmin vaxt SSRİ-nin yanacaqçıxarma sənayesinə rəhbərlik edən Viktor Çernomırdinlə dostluq münasibətləri quruldu. Çernomırdin sayəsində də artıq Moskvada Kərimov faktoru daha çox diqqət mərkəzində saxlanırdı. Nəticədə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Rafiq Nişanov tutduğu vəzifədən azad edildikdən sonra onun yerinə məhz Kərimov gətirildi. Rafiq Nişanov isə SSRİ Ali Soveti Millətlər Şurasının sədri postuna keçirildi.

Beləliklə, 1989-cu il iyunun 23-də Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gətirilən Kərimovun siyasi karyerasında tam yeni bir dönəm başladı. Moskva adı korrupsiya qalmaqalında hallanmayan Kərimova olduqca isti münasibət bəsləyirdi.

Yeni vəzifədə İslam Kərimovun xalq arasında nüfuzunun sürətlə yüksəlməsində rol oynayan başlıca məqamlardan biri də onun 1987-ci ildə Özbəkistanda daha geniş vüsət alan antiislam kampaniyasına son qoyması oldu. İslamın inkişafına şərait yaratdığı üçün xalq arasında onun populyarlığı əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəldi. Bununla yanaşı, Kərimov Moskvanın göstərişilə 1986-cı ildə antikorrupsiya əməliyyatları zamanı həbsə alınan, tutduğu postdan kənarlaşdırılan bir çox şəxslərin, o cümlədən Özbəkistanın əvvəlki rəhbəri Şərəf Rəşidovun günahsız olduğunu sübuta yetirdi. Bu, hakim elita arasında onun dəstəyini xeyli artırdı. Artıq Kərimov Özbəkistan elitasında alternativsiz fiqur sayılırdı. Odur ki, Özbəkistan SSR Ali Soveti tərəfindən 1990-cı ilin martında təsis edilən prezident postunu o, heç bir çətinlik çəkmədən tutdu. Bundan bir il sonra digər sovet respublikalarında olduğu kimi, Özbəkistanda da ölkənin SSRİ-nin tərkibində qalıb-qalmaması ilə bağlı keçirilən referendumda Kərimov xalqı müsbət cavab verməyə çağırdı. Bunun əsas səbəblərindən biri onun Moskva ilə kifayət qədər yaxşı münasibətlərə malik olması idi. Lakin hadisələrin sonrakı inkişafı Özbəkistanın da SSRİ-də qalmaq məsələsinə artıq fərqli yanaşmanı şərtləndirdi. 1991-ci il avqustun 31-də Kərimov təntənəli şəkildə Özbəkistanın dövlət müstəqilliyini elan etdi. Bundan az sonra Daşkənddə Özbəkistan Kommunist Partiyası özünün sonuncu, 23-cü qurultayını keçirərək Sovet İttifaqı Kommunist Partiyasının tərkibindən çıxması barədə bəyanat verdi. Bəyanatda o da qeyd olunurdu ki, ölkənin siyasi həyatında yeni bir qurumun - Özbəkistan Xalq Demokratik Partiyasının (ÖXDP) təsis olunması vacibdir. Belə bir vaxtda İslam Kərimov Özbəkistan SSR Dövlət Təhlükəsizlik Komitəsinin ləğv olunması və onun əvəzinə bilavasitə Prezidentə tabe olan Milli Təhlükəsizlik Xidmətinin yaradılması barədə sərəncam imzaladı. Həmçinin bu xidmətlə yanaşı, Daxili İşlər Nazirliyi əməkdaşlarının sayı artırıldı.

Bu, Özbəkistan Prezidentinə ölkəni güc strukturları vasitəsilə də tam nəzarətdə saxlamaq imkanı verirdi.

1991-ci il noyabrın 1-də isə Özbəkistan Xalq Demokratik Partiyasının təsis qurultayı keçirildi. Qurultayda iştirak etməyən Kərimov bu partiyanın sədri seçildi. Həmin ilin dekabrında isə ölkədə yeni prezident seçkilərinə start verildi. Seçkilərdə Kərimovun yeganə rəqibi "Ərk" Özbəkistan Demokratik Partiyasının lideri Məhəmməd Saleh idi. Lakin həm xalqın, həm siyasi elitanın, həm də güc strukturlarının dəstəyinə malik Kərimov rəqibi üzərində asanlıqla qələbə qazandı. Seçicilərin 86 faizi ona səs vermişdi. Artıq siyasi səhnədə şəksiz lider olan Kərimov üçün əsas problem digər postsovet ölkələrində olduğu kimi, SSRİ-nin dağılmasından sonra yaranan iqtisadi çətinliklərlə bağlı idi. Bu sahədə müəyyən dövr üçün Özbəkistan problemlər yaşasa da, çətinliklər müvəqqəti oldu. Ölkənin pambıq və enerji ehtiyatlarının satışından əldə olunan gəlir iqtisadi çətinliklərin tədricən həllində mühüm rol oynayırdı.

 

Radikallara qarşı radikal mübarizə

 

Qarşılaşdığı bütün problemləri həll etməyi bacaran Kərimov 1994-cü ilin noyabrında yenidən ÖXDP-nin sədri seçildi. Bundan 4 ay sonra isə Prezidentin səlahiyyət müddətinin 2000-ci ilə qədər uzadılmasına dair keçirilən referendumda seçicilərin 95 faizi bu məsələnin lehinə səs verdi. Bütün bunlar artıq ölkə daxilində Kərimovun əsas lider kimi çıxış etməsinə lazımi zəmin yaradırdı. Bundan az sonra isə Pprezidentin göstərişilə ölkədəki bütün idarə və təşkilatların fəaliyyəti güc strukturlarının nəzarətinə götürüldü. Əsas məqsəd Orta Asiyada geniş yayılmaqda olan radikal dindarların dövlət strukturlarına təsir etməsinin qarşısını almaq idi. Bu sahədə lazımi tədbirlər görüldükdən sonra Kərimov ÖXDP-nin sədri postundan istefa verməsi barədə partiyanın Mərkəzi Komitəsinə ərizə yazdı. Lakin partiyanın fəaliyyətinə yenə də faktiki olaraq Prezident nəzarət edirdi.

Xarici siyasət məsələlərində isə Kərimov əvvəlki kimi Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi. Hətta Özbəkistan MDB dövlətlərinin yaratdığı Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına (KTMT) ev sahibliyi etmişdi. Belə ki, KTMT-nin əsasını qoyan məşhur "Daşkənd müqaviləsi" 1992-ci ilin mayında Özbəkistan paytaxtında imzalanmışdı. Sonrakı illər ərzində də bu təşkilat çərçivəsində Rusiya və Özbəkistan arasında həm hərbi, həm də siyasi və iqtisadi sferada qarşılıqlı əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etməyə başladı. Lakin növbəti illərdə Özbəkistan bu prosesdən və Rusiyanın Orta Asiyada təsirinin artmasından narahat olduğunu tədricən büruzə verdi ki, buna da əsas səbəb ölkənin xarici siyasət məsələlərində müstəqil qərar vermək niyyətinin olması və Qərblə bir qədər də yaxınlaşmaq istəyi idi. Bu səbəbdən də 1998-ci ilin sonlarına doğru Özbəkistan KTMT-nin ömrünün daha 5 il müddətinə uzadlıması üçün müvafiq müqaviləni ratifikasiya etməyəcəyini açıqladı. Rusiyanın bütün cəhdlərinə rəğmən, 1999-cu ilin fevralında Kərimov ölkəsinin KTMT-də qalmasının mənasız olduğunu bəyan etdi.

Bundan cəmi bir neçə gün sonra onun həyatına sui-qəsd cəhdi baş verdi. Belə ki, 1999-cu il fevralın 16-da ölkənin iqtisadi inkişaf yekunlarına həsr olunan hökumət yığıncağının keçirilməsinə bir neçə dəqiqə qalmış Kərimovu qətlə yetirmək istəyən yaraqlılar hücuma keçdi. Lakin Prezidentin cangüdənləri qatillərin öz məqsədlərini həyata keçirmələrinə imkan vermədi. Nazirlər Kabinetinin qarşısında cangüdənlər, Prezident mühafizəsinin əməkdaşları ilə yaraqlılar arasında baş verən atışma zamanı yaxınlıqda olan və içi partlayıcı maddələrlə dolu iki maşının partlaması vəziyyəti daha da gərginləşdirdi. Eyni vaxtda Daşkəndin daha bir neçə ərazisində analoji partlayışlar törədildi. Lakin hökumətin qəti addımları və güc strukturlarının çevik reaksiyası nəticəsində yaraqlılar geri oturduldu. Baş verənlər nəticəsində 16 nəfər həlak olsa da, Kərimov heç bir zədə almadı. Həmin gün televiziya ilə çıxış edən Prezident yaşananları ona qarşı törədilən terror aktı kimi qiymətləndirdi. Bir qədər sonra isə müvafiq strukturlar bu olaylara görə 6 nəfəri həbs etdilər. Onlar arasında "Ərk" Özbəkistan Demokratik Partiyasının liderinin kiçik qardaşı Məhəmməd Bekjanov da var idi. İstintaqın gedişindən məlum olmuşdu ki, o, Özbəkistan İslam Hərəkatının vəhabi lideri Tahir Yuldaşovla sıx təmasda olmuş və sonuncu Kərimovun qətlinə göstəriş vermişdi. Radikal vəhabilərin Kərimovun əleyhinə çıxmasının əsas səbəbi isə Prezidentin onlara qarşı sərt mübarizə aparması və Özbəkistanda fəaliyyətlərinin genişlənməsinə imkan verməməsi idi. Həmçinin bu olayda Özbəkistanın regionda liderliyə can atması ilə barışmayan qüvvələrin də əlinin olması istisna edilmirdi.

Növbəti aylar ərzində isə baş verən hadisəyə görə həbs olunanların sayı artdı. Araşdırmaların gedişində ən təhlükəli dini ekstremizm qruplaşması kimi "Hizbut-Təhrir" partiyasının çıxış etdiyi də məlum oldu. Dini ekstremizmlə daha effektiv mübarizə aparmaq üçün Kərimov ənənəvi yerli idarəetmə orqanları olan və məhəllə adlandırılan təşkilatlarda islahatlar apardı. Onların tərkibində "Məhəllə gözətçiləri" adlandırılan silahlı dəstələr yaradıldı. Bu, həm də Kərimova güc strukturları vasitəsilə respublika üzərində nəzarəti daha da gücləndirmək imkanı qazandırdı. Növbəti illərdə isə məhəllələrin səlahiyyəti daha da genişləndirildi.

2000-ci ildə səlahiyyət müddəti başa çatan Kərimov həmin ilin yanvarında keçirilən prezident seçkilərində 91,9 faiz səs toplayaraq yenidən dövlət başçısı seçildi. Budəfəki seçkilərdə isə onun yeganə rəqibi ÖXDP Mərkəzi Komitəsinin birinci katibi Əbdülhafiz Jalalov idi. Lakin maraqlıdır ki, seçkilərdə onun özü Kərimovun lehinə səs vermişdi.

Yenidən prezident seçildikdən sonra Kərimovun qarşılaşdığı əsas problem ölkəyə Tacikistan və Qırğızıstandan soxulmağa cəhd edən və əsasən dini fanatlardan ibarət qruplaşmalar idi. Lakin bu sahədə güc strukturlarının effektiv mübarizəsi yaraqlılara öz niyyətini həyata keçirməyə imkan vermədi.

2002-ci il yanvarın 27-də isə Kərimovun təşəbbüsü ilə Özbəkistanda daha bir referendum keçirildi. Referendum nəticəsində edilən dəyişikliklərdən sonra ölkədə birpalatalı parlament əvəzinə, ikipalatalı qanunverici orqan yaradıldı, Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər artırıldı. Həmçinin referendum nəticəsində Kərimov səlahiyyət müddəti başa çatdıqdan sonra daha iki dəfə dövlət başçısı postuna namizədliyini irəli sürə bilərdi.

Bu hadisədən sonra Özbəkistanın siyasi gündəminin əsas mövzusu 2004-cü ildən etibarən yenidən baş qaldıran terrorçular oldu. Özbəkistanda nüfuz dairəsini genişləndirməyə çalışan radikal dindarlar paytaxt Daşkənd də daxil olmaqla, ölkənin bütün bölgələrinə nüfuz edə bilmişdi. Bu səbəbdən Daşkənddən tutmuş ən ucqar bölgələrə kimi onlarla güc strukturları arasında tez-tez atışma yaranırdı. Baş verənlərdə əsas günahkar tərəf kimi isə çox vaxt "Hizbut-Təhrir" partiyasının adı hallanırdı.

 

Əndican hadisələri

 

Bütün bunlar sonda Özbəkistanda məşhur Əndican hadisələrinin baş verməsinə gətirib çıxardı. Əndicandakı hadisələrə səbəb isə ekstremistlərin burada yerləşən həbsxanaya hücum edərək onlarla əlaqəli şəxsləri azad etməsi nəticəsində başlandı. Bundan sonra şəhəri əsasən radikal dindarlardan ibarət şəxslərin nümayişi bürüdü. Lakin Kərimov bu məsələdə qəti hərəkət etməyə və dövlətçiliyi qorumaq naminə güc tətbiqinə üstünlük verdi. Rəsmi məlumatlara görə, atışma nəticəsində 200-ə qədər adam həlak olmuşdu. Lakin bu hadisəni Qərb dövlətlərinin pisləməsi xarici siyasətdə də Kərimovun radikal addımlar atması ilə nəticələndi. Xüsusən də Birləşmiş Ştatlarla Özbəkistan arasında münasibətlər kəskin şəkildə pisləşdi. Bu hadisələrlə əlaqədar Birləşmiş Ştatlar və Avropa Birliyi Özbəkistandan araşdırmaların açıq şəkildə aparılmasını tələb etdikdən sonra rəsmi Daşkənd ərazisindəki hərbi bazada yerləşdirilmiş ABŞ hərbi qüvvələrini çıxartdı və bir neçə xarici qeyri-hökumət təşkilatını bağladı.

Əndican hadisələri, Əfqanıstanla sərhəddə vəziyyətin gərgin olması Özbəkistanın yenidən Rusiya ilə sıx yaxınlaşmasına səbəb oldu. 2005-ci il noyabrın 14-də Rusiya və Özbəkistan mütəffiqlik münasibətləri barədə müqavilə imzaladı. Həmin müqaviləyə əsasən, tərəflər ehtiyac yarandığı təqdirdə, öz hərbi bazalarını və hərbi obyektlərini bir-birinin istifadəsinə təqdim edə bilərdi. Bunun ardınca Özbəkistan Rusiya və Çinin dominantlıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatına və Avrasiya İqtisadi Birliyinə də qoşuldu. 2006-cı il avqustun 16-da isə Kərimov ölkəsinin KTMT-də üzvlüyünün bərpa olunmasına dair protokola imza atdı.

Bütün bunların fonunda Rusiya ilə iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq nəzərəçarpacaq dərəcədə gücləndi. 2007-ci ildə Kərimovun qarşısında duran əsas məsələ dekabrda keçiriləcək prezident seçkiləri idi. Elə həmin ilin ortalarından etibarən Kərimov seçkilərlə bağlı aktiv təbliğata başladı. Aparılan rəy sorğuları Özbəkistan Prezidentinin reytinqinin yüksək olduğunu göstərirdi. Bu dəfə seçkilərdə Kərimovun 1 yox, 4 rəqibi var idi. Seçkilərdə 88,1 faiz səs toplayan Kərimov rəqibləri üzərində inamlı qələbə qazandı.

Şəxsi həyatına gəlincə, son nigahından Özbəkistan Prezidentinin iki qız övladı var. Onlardan böyüyü Gülnarə Kərimova biznes sahəsində artıq özünü təsdiq edib. Bundan başqa, şeirlər yazır, mahnı bəstələyir, özü də mahnı oxumağı çox xoşlayır. Lakin Gülnarə artıq siyasətdə də uğurlu karyera qura bilib. Siyasi həyata isə xarici işlər nazirinin müavini kimi başlayıb. Tədqiqatçıların bir çoxu onu Kərimovun varisi kimi görür.

Özbəkistan Prezidentinin kiçik qızı Lola Kərimova isə Harvard Universitetinin məzunudur. "Sən tənha deyilsən" adlı xeyriyyə fonduna rəhbərlik edir. İslam Kərimovun ilk nikahından olan oğlu barədə isə məlumatlar olduqca azdır. Kərimovun ailədə və siyasətdə mümkün varisi kimi isə onun adı, ümumiyyətlə, hallanmır.

 

Azərbaycan səfirini qəbul edən ilk Orta Asiya ölkəsi

 

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də yaradılıb. 1993-cü ildə Azərbaycanda ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, Azərbaycan Mərkəzi Asiyada ilk səfirliyini 1996-cı ilin sentyabrında məhz Daşkənddə açıb.

İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana rəsmi səfəri yeni təkan verib. Həmin səfər zamanı Azərbaycan və Özbəkistan arasında dostluq, əməkdaşlıq, haqqında saziş imzalanıb. Bu saziş hökumətlər arasında bütün gələcək razılaşmaların hüquqi əsasını təşkil edir. İslam Kərimovun rəhbərliyi ilə Özbəkistan nümayəndə heyətinin Azərbaycan tərəfi ilə apardığı danışıqların nəticəsi olaraq siyasi, iqtisadi və mədəni sahələrə dair iki ölkə arasında 20 müqavilə bağlanıb. İki ölkə arasında tarixi-mədəni bağlılığın olduğu və bu əlaqələr əsasında böyük əməkdaşlıq imkanlarının mövcudluğu fikri Özbəkistan Prezidentinin Heydər Əliyevlə birgə keçirdiyi mətbuat konfransında qeyd edilib. Prezident Heydər Əliyev imzalanan dostluq və əməkdaşlıq haqqında müqavilənin böyük əhəmiyyətə malik olduğunu bildirib.

1997-ci ilin 18-19 iyun tarixlərində Prezident Heydər Əliyev cavab olaraq Özbəkistana rəsmi səfər edib. Bu səfər zamanı münasibətlərin daha da yaxşılaşmasına xidmət edən bir sıra dövlətlərarası razılaşmalar əldə edilib.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Orta Asiya dövlətləri ilə, o cümlədən Özbəkistanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib. Bunun nəticəsi olaraq Prezident İlham Əliyev 2004-cü il martın 23-24-də Özbəkistana rəsmi səfər edib. Səfər zamanı prezidentlər arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi haqqında bəyannamə imzalanıb. İslam Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı şərtilə dinc yolla həllinin vacibliyini bildirib. Cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı 6 mühüm dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb.

Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana növbəti səfəri 2008-ci il sentyabrın 11-də olub. Bu səfər zamanı prezidentlər arasında təkbətək və geniştərkibli görüş keçirilib. Prezident İlham Əliyev Özbəkistanın beynəlxalq təşkilatlar səviyyəsində ölkəyə verdiyi dəstəyi yüksək qiymətləndirib. Özbəkistan Prezidenti İslam Kərimov isə Bakıya səfərinin ikitərəfli münasibətlərdə tətbiq oluna biləcək geniş imkanların müzakirəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 7 saziş imzalanıb. Onlar əsasən ətraf mühitin mühafizəsi, informasiya-kommunikasiya texnologiyaları, dəmir yolu nəqliyyatı, vergi və informasiya mübadiləsi, humanitar əməkdaşlıq və sair sahələri əhatə edib.

Azərbaycana səfəri çərçivəsində İslam Kərimov sentyabrın 12-də Bakıda görkəmli özbək şairi Əlişir Nəvainin heykəlinin açılış mərasimində iştirak edib. Açılış mərasimindəki nitqində hər iki dövlət başçısı bu abidənin böyük şairin xatirəsinə ehtiram əlaməti olmaqla bərabər, həm də əsrlər boyu bir-biri ilə sülh, dostluq şəraitində yaşayan, eyni dil, din, mədəniyyətə malik özbək və Azərbaycan xalqları arasında münasibətlərin xarakterini əks etdirdiyini bildiriblər. 2004-cü ildə də Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulub.

Hazırda ölkəsinin əvəzedilməz lideri kimi qəbul olunan İslam Kərimovun ən böyük arzularından biri Özbəkistanın Orta Asiya lideri statusuna yiyələnməsidir. Bunun üçün o, dövlət başçısı seçildikdən sonra ötən 20 il ərzində apardığı siyasəti yenə də eyni əzmkarlıqla davam etdirir. Kərimovun ən böyük istəklərindən biri də layiqli siyasi varisinin olmasıdır. Lakin o, hələ də siyasi varisi olaraq kimi görmək istədiyini açıqlamayıb. O bu məsələdə tələsmir. Çünki hələ uzun illər ölkəyə rəhbərlik etmək niyyətində və dediyinə görə, həm də iqtidarındadırE

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-12 aprel.-S.3-6.