Qan vermək yaşamaq, yaşatmaq deməkdir

 

Ta qədimdən insanlar qanı əsl həyat iksiri, ulu  Yaradanın öz bəndələrinə bağışladığı ömrün al qırmızı bəzəyi kimi dərk etmiş, bu möcüzəli mayenin gücü, qüdrəti qarşısında baş əymişlər. Biləklərində damarı kəsib axan qanı qovuşdurmaqla qardaşlıq aktına qol çəkmək, ömrünün son gününədək olsa, qanı tökülən şəhidinin "qanını almaq", səngərlərdə yaralanan əsgərin həyata qayıtması naminə qanvermə növbəsinə dayanmaq insanların alın yazısıdır. Kiməsə sevgini, hörmətini bəzən belə ifadə edirsən: "Ona qanım yaman qaynayır, istəməli adamdır". Üzünü görmək istəmədiyin kəs haqqında isə bunun əksini söyləyirsən.

İndi təbiətin oyanış dövrüdür. Meşələr, ormanlar yaşıllaşır, çaylarda su bollaşır, bulaqlar daha gur çağlayır. Damarlarımızda axan qan da belədir. Bədənin bütün əzalarının həyat fəaliyyətini tənzimləyən, daxili mühiti normallaşdıran qan adicə duru toxuma - hemopoez (haima - qan+poiesis) prosesinin nəticəsi deyil, həyata nikbin baxışı, yaşayıb-yaratmaq eşqini, gələcəyə ümidləri müəyyənləşdirən, yoluna qoyan ilahi bir varlıqdır. Amma bəzən kimlərinsə bircə qaşıq qana ehtiyacı da yaranır ki, o zaman insanlar hansısa istehsalat müəssisəsinə, yaxud bazara yox, elə yan-yörələrindəki qohum-tanışa, dostlara, lap elə tanımadıqlarına belə üz tutmalı olurlar. Ağxalatlıların köməyi ilə damardan-damara yol açan "qırmızı axın" öləzimiş gözlərə işıq, soluxmuş sifətlərə həyat rəngi gətirir. Bu proses əslində sönməkdə olan çırağa tökülən neftin yaratdığı xoş bir mənzərəni xatırladır.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının baş həkimi İlhamə Zeynalova qədim dövrün loğmanları Hippokrat Qalenin qanvermənin insan orqanizminə çoxlu fayda verdiyi barədə fikirlərini xatırlatdı:

- Bu məşhur yunan alimləri öz zamanlarında qanverməni effektli müalicə üsulu sayaraq bir çox xəstəliyin müalicəsində bu üsuldan istifadə etmişlər. Elm sübut etmişdir ki, qanvermə qüvvətli müalicəvi təkan olmaqla orqanizmin bütün həyat fəaliyyətini stimullaşdırır. Nəticədə insanın immun sistemi qüvvətlənir, yeni qan hüceyrələri yaranır, maddələr mübadiləsi, toxumaların qidalanması yoluna düşür, sinir sistemi sakitləşir. Qanın eritrosit kütləsindən talassemiya xəstəliyində, müxtəlif mənşəli anemiyalarda, plazmasından hemofiliya, DVS sindromunda, yanıqlarda, qanaxmalarda, trombosit kütləsindən isə qanın irsi qazanılmış xəstəliklərin müalicəsində istifadə edilir. Bir faktı xatırladım ki, hər insan qan verməklə üç nəfərin həyatını xilas etmiş olur.

Qədim zamanlardan bugünə qədər təbabətdə qan köçürülməsindən geniş istifadə olunur. Müasir təbabətdə həkimlərin ixtiyarında bir çox sınanmış müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətdə belə yenə xəstələrin həyatını xilas etmək üçün qan qan komponentlərinə ciddi ehtiyac duyulur. Müxtəlif travmalar yaralanmalar, böyük cərrahi əməliyyatlar, doğuş vaxtı qanitirmələr, qanın irsi qazanılmış xəstəlikləri, onkoloji problemlər təmənnasız qan donorlarının köməyini zəruri edir.

İnsan orqanizmində beş-altı litr qan dövr edir. 19-65 yaş arası hər bir sağlam şəxs il ərzində iki-üç dəfə qan verərsə, həm öz sağlamlığının profilaktikasını gücləndirər, həm xeyirxah, humanist əməl sahibi kimi savab qazanmış olar.

Məlum olduğu kimi, respublikamızda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü dəstəyi ilə "Talassemiyalı hemofiliyalı uşaqlara qayğı", "Talassemiyasız həyat naminə" layihələri həyata keçirilir. Bu layihələrin əsas məqsədlərindən biri talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyaları keçirməkdir. Hər ay respublikanın bütün şəhər rayonlarında, paytaxtın bütün idarə müəssisələrində, ali təhsil ocaqlarında, nazirliklərdə, icra strukturlarında baş tutan aksiyalar yaxşı nəticələr verir. Donorların təmənnasız verdiyi qan infeksiyalara qarşı yoxlanıldıqdan sonra istifadəyə buraxılır. Talassemiyadan əziyyət çəkən uşaqlara ayda bir ya iki dəfə qan vurulur. Onlara bağışlanılan hər bir damla qan körpə balaların ömürlərinin uzanmasına kömək edir.

Baş həkim İlhamə Zeynalova Uşaq ili elan olunmuş 2009-cu ilin yaddaşlarda həm şəfqət mərhəmət dövrü kimi həkk olunacağına ümidvar olduğunu bildirir: "Talassemiyadan əziyyət çəkən uşaqlara öz köməyini qayğısını əsirgəməyən insanlara üzümüzü tutub deyirik ki, ildə iki-üç dəfə qan verməklə siz bu uşaqları xilas edər, onların cəmiyyət üçün faydalı övlad kimi yetişməsində əvəzsiz xidmətlər göstərmiş olarsınız. Fürsətdən istifadə edib qanvermə aksiyalarının keçirilməsində kollektivimizə yaxından kömək göstərən Səhiyyə Nazirliyinə, Bakı Şəhər Baş Səhiyyə İdarəsinə, Qızıl Aypara "Savab dünyası" talassemiya cəmiyyətlərinə minnətdarlığımızı bildiririk.

Heç kəs arxayınlıqla deyə bilməz ki, vaxtsa ona qan gərək olmayacaq. Qana ehtiyacı olanları xilas etmək üçün böyük ürəyə sahib insanlar könüllü donor kimi qan verməlidirlər. Başqalarının həyatı naminə öz qanlarını bağışlayanlar isə həmişə xeyirxahlıq, humanizm insanpərvərlik rəmzi kimi xatırlanacaqlar.

 

 

Akif Cabbarlı

 

Azərbaycan.-2009.-12 aprel.-S.4.