İzi əbədi qalan təhsil ocağı

 

Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, ictimai-pedaqoji fikrin inkişafında müstəsna rolu olan tədris müəssisələrindən biri Gürcüstanın əyalət şəhərlərindən olan Qoridə açılmış Zaqafqaziya Müəllimlər Seminariyası idi. 130 il bundan əvvəl həmin seminariyada Azərbaycan şöbəsi fəaliyyətə başlamısdı. Şöbə mövcud olduğu 40 il ərzində Azərbaycana 250-dən çox elm, mədəniyyət xadimləri, əsl xalq müəllimləri bəxş etmişdi.

Müəllim kadrlarının hazırlığı ilə məşğul olan bu tədris ocağı 1866-cı ildə açılmışdı. Bu, Qafqazda xristianlığı bərpa edən cəmiyyət tərəfindən əsası Tiflis şəhərində qoyulan Aleksandrovski Müəllimlər məktəbi idi. Məktəb 1873-cü ildə Aleksandrovski Müəllimlər İnstitutuna çevrilmişdi. Əslində, bura ali təhsilli pedaqoji kadrlar hazırlayan müəssisə deyildi. Dərəcə etibarilə orta təhsil müəssisəsi səviyyəsində idi.

Ümumiyyətlə XX əsrin 70-ci illərindən başlayaraq Rusiyada olduğu kimi, Cənubi Qafqazda da kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi təhsil ocaqları - müəllim seminariyaları yaradılmışdı. İlk müəllimlər seminariyası 1871-ci ildə Kubanda, 1876-cı ildə isə Qori şəhərində açılmış və həmin təhsil ocağı Zaqafqaziya Müəllimlər Seminariyası adlandırılmışdı.

Seminariyalar bu dövrdə ibtidai məktəblər üçün müəllim hazırlayan ən tipik pedaqoji tədris müəssisələri idi. Onlar 1870-ci ildə təsdiq olunmuş "Müəllimlər seminariyası haqqında əsasnamə"yə uyğunlaşdırılmışdı.

Hökumət belə məktəblərə siyasi əhəmiyyət verirdi. Bu məktəblərdə yalnız pravoslav dininə mənsub olanlar oxuya bilərdilər. Lakin 70-ci illərdən başlayaraq, yerli əhalinin rus dilinə ehtiyacının artması hökuməti belə təhsil ocaqları üçün müəllim hazırlamaq məsələsi ilə daha ciddi məşğul olmağa məcbur etmişdi. Kənd ümumtəhsil məktəbləri həmin məsələyə böyük təkan vermişdi. Qafqaz Tədris Dairəsinin qəyyumu Y.M.Neverov 1875-ci ilə aid hesabatında yazmışdı ki, son vaxtlar Cənubi Qafqaz müsəlmanlarının düzgün təşkil edilmiş ümumtəhsil məktəblərinə cəhd göstərməsi təbii olaraq müəllim hazırlığı barədə onları ciddi düşünməyə vadar etmişdi. Əgər gələcək müsəlman məktəblərindən ötrü müəllim hazırlamaq üçün xüsusi pedaqoji müəssisə açmaq hələ tezdirsə, Kazan Hərbi Gimnaziyasında təhsil alan müsəlmanların Salahlıda (Qazax rayonu) təşkil etdiyi məktəbə əhalinin rəğbətini hiss etməmək olmaz. Bütün bunlar göstərir ki, müsəlmanlardan müəllim hazırlığı gələcəkdə yerli əhaliyə böyük təsir edər və onları özlərində düzgün təşkil edilmiş məktəb açmağa həvəsləndirər.

Y.M.Neverov yerli əhalidən müəllim kadrları hazırlamaq fikrini irəli sürməklə, şübhəsiz ki, xalq maarifinin yayılmasını deyil, özünün qeyd etdiyi kimi, "Məktəb vasitəsilə ölkədəki müxtəlif xalqları birləşdirmək" məqsədini güdürdü. Lakin onun məqsədindən asılı olmayaraq, xalq məktəbləri üçün azərbaycanlılardan müəllim kadrları hazırlamağın zəruriliyini Qafqaz sərdarının nəzərinə çatdırması gələcəkdə ZMS nəzdində açılacaq Azərbaycan şöbəsi üçün müəyyən əsas olmuşdu.

1876-cı il sentyabrın 12-də əsası qoyulan ZMS əvvəlcə üç - rus, gürcü və erməni şöbələrindən ibarət idi. Seminariyaya qəbul olunan ilk 50 tələbənin heç biri azərbaycanlı deyildi. Halbuki kəndlərdə təşkil edilən və açılması nəzərdə tutulan məktəblərin müəllim kadrlarına, xüsusilə də yerli müəllimlərə olan ehtiyacı azərbaycanlılar üçün ayrıca seminariya və ya şöbənin təşkilini həyati zərurət kimi qarşıya qoymuşdu. Bu zərurət hökuməti müəllimlər seminariyaları haqqında olan ümumi qanundan kənara çıxmağa, onların bəzisində nəinki təkcə "pravoslavların", həm də xristian olmayan digər millətlərin nümayəndələrinin də oxumasına icazə verməyə məcbur etmişdi. Bütün bunlar onunla nəticələnmişdi ki, 1879-cu il sentyabrın 23-də Qori şəhərindəki ZMS nəzdində ayrıca bir şöbə - Azərbaycan şöbəsi açılmışdı. Azərbaycanlılardan müəllim kadrları hazırlamaq kimi tarixi missiya həmin şöbənin öhdəsinə düşmüşdü. Seminariyanın tədris planına aşağıdakı fənlər daxil idi: ilahiyyat, pedaqogikanın başlıca məsələləri, rus dili, hesab, həndəsə, ümumi və Rusiya tarixi, coğrafiya, təbiətşünaslıq, hüsnxətt və rəsm, gimnastika, nəğmə, pedaqoji təcrübə. Burada pedaqoji şuranın qərarı ilə peşə də öyrədilə bilərdi.

Tədris planlarına müsəlmanlardan olan şagirdlər üçün pravoslav ilahiyyatı əvəzinə, müsəlman şəriəti, həmçinin ana dili daxil edilmişdi. Bununla belə, ümumi ruslaşdırma ruhu ciddi surətdə saxlanılırdı. Digər şöbələr kimi, burada da tədris rus dilində idi, direktor və ştat üzrə mürəbbilər bir qayda olaraq, pravoslav ruslardan ibarət idi. Müəllimlər seminariyasının məzunları geniş xalq kütlələri içərisində ruslaşdırma ideyasını yaymalı idi.

Təhsil ocağında ehtiyacı olan tələbələrə təqaüd verilirdi. Hökumətdən təqaüd alanlar ən azı 4 il kənd məktəbində qulluq etməli idi. Təqaüd verildiyinə görə kasıblar da təhsil ala bilirdilər.

Azərbaycan şöbəsinin ilk inspektoru vəzifəsinə A.O.Çernyayevski təyin edilmişdi. Azərbaycan dili və sünni təriqəti üzrə şəriət müəllimi molla Hüseynbəy Qayıbov, şiə təriqəti üzrə şəriət müəllimi molla Əbdülsalam Axundzadə, hazırlıq sinfinin müəllimi K.O.Urusov idi. Şöbənin nəzdində təşkil edilən ibtidai məktəbdə Azərbaycan dili müəllimi vəzifəsini sonralar həmin şöbənin ilk məzunlarından olan S.Vəlibəyov icra edirdi.

Azərbaycan şöbəsinin 1880-ci il mayın 13-də təsdiq olunmuş əsasnaməsinə görə, bundan məqsəd Cənubi Qafqaz ölkəsinin Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və təcrübəli müəllimlər hazırlamaq idi. Şöbəyə ilk dəfə 40, ibtidai məktəbə isə 20 nəfərin qəbulu müəyyən edilmişdi. Bunların hamısı dövlət hesabına saxlanılmalı və Azərbaycan dilini bilən ayrıca tərbiyəçi-inspektorun himayəsi altında ümumi yataqxanada yaşamalı idi. Qəbul imtahanlarında müvəffəq qiymət almayanlar üçün hazırlıq sinfi nəzdində aşağı şöbə təşkil edilmişdi. İlk dəfə seminariyaya 32 nəfər qəbul olunmuşdu. Onlardan 24-nü A.O.Çernyayevski yerlərdə seçmiş, qalanları özləri könüllü gəlmişdi. İlk qəbul olunanlar içərisində gələcəyin məşhur pedaqoqlarından S.Vəlibəyov, F.Köçərli, R.Əfəndiyev və başqaları var idi.

Azərbaycan şöbəsinin tələbələri qəbul imtahanlarında elə birinci ildən fərqlənmişdilər. Rəsmi sənədlərdə oxuyuruq: "Çernyayevskinin tələbə toplamaq təqsədilə rəsmən ezam edilərək yerlərdə tələbə seçməsi və qismən imtahan etməsi nəticəsində azərbaycanlıların seminariyaya daxil olmaq üçün hazırlaşan xristianlardan ümumiyyətlə, yaxşı imtahan vermələri aşkar olundu". Sonralar qəbul olunanların sayı get-gedə artmışdır. Şöbənin birinci qəbuluna əsasən şəhər və qəza məktəblərini bitirənlərdən 60-a yaxın gənc azərbaycanlı gəlmişdi. Onlar rus dilinə o qədər bələd idilər ki, bir neçəsi, hətta seminariyanın ikinci sinfinə daxil olmuşdu.

Şöbənin məzunları Azərbaycanın xalq maarifinin, dünyəvi təhsilin ilk carçıları olmuşdular. Məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri, o cümlədən F.Köçərli, R.Əfəndiyev, S.Vəlibəyov, C.Məmmədquluzadə, N.Nərimanov, M.Mahmudbəyov, F.Ağazadə, Ü.Hacıbəyov, M.Maqomayev, S.S.Axundov, P.Qasımov, T.Bayraməlibəyov, N.Terequlov, M.Mustafayev, Ə.Hüseynov, B.Bədəlbəyov, A.Əliyev, Ə.Mustafayev, M.İlyasov, Y.Qasımov, Ə.Seyidov və başqaları məhz həmin seminariyada təhsil almışlar.

1882-ci ildə şöbənin ilk buraxılışı olmuşdu. Azərbaycan məktəbi tarixində pedaqoji təhsil almış azərbaycanlı müəllimlərin ilk dəstəsi bu sahədə fəaliyyət göstərməyə başlamışdı. Məzunların sayca az olmasına baxmayaraq, onlar Zaqafqaziyanın bir çox Azərbaycan kəndlərində dünyəvi məktəblər açılmasında mühüm rol oynamışlar.

Bir faktı demək kifayətdir ki, XIX əsrin son 20 ili ərzində Azərbaycanın yalnız Bakı və Gəncə quberniyalarında 172 ibtidai məktəb fəaliyyət göstərmişdi ki, burada da 11.400 şagird (o cümlədən 2.473 qız) təhsil almışdı. Həmin məktəblərin böyük əksəriyyəti kənd yerlərində idi.

ZMS Azərbaycan şöbəsi məzunları məktəblərdə elm öyrətməklə kifayətlənməmiş, şagirdləri həyata hazırlamağa, onlara kənd təsərrüfatına aid bilik və bacarıq verməyə də səy göstərmişlər. Bu cəhətdən kənd məktəblərinin bəzilərində bağçılıq, ipəkçilik, arıçılıq və sənətkarlıq şöbələrinin təşkili diqqəti xüsusilə cəlb etmişdi. Məsələn, Kürdəmir və Göyçay məktəblərində təşkil edilən ipəkçilik şöbələri yerli əhalinin rəğbətini qazanmışdı. Kənd təsərrüfatına aid biliklərin verilməsində Daşkəsəmən və Şıxlı məktəbləri fərqlənmişlər. İpəkçilik və bostançılıq sahəsində Qəbələ məktəbi müvəffəqiyyət qazanmışdı. Bu işdə məktəbin müəllimi R.Əfəndiyevin xüsusi əməyi olmuşdur. 1893-cü ilin məlumatına görə, Bakı quberniya ibtidai məktəblərində cildçilik, ipəkçilik, bağçılıq, bostançılıq, arıçılıq, Gəncə quberniya ibtidai məktəblərindən 27-də nəğmə, 28-də gimnastika, 23-də ipəkçilik, 3-də dülgərlik, 1-də xarratlıq, 3-də bağçılıq, 5-də bostançılıq və arıçılıq öyrədilmişdi. Kənd məktəblərinin bəzisi bir sıra sərgilərdə iştirak etmişdi.

Kənd məktəbləri mədəni maarif işi ilə bərabər, səhiyyənin inkişafına da müsbət təsir göstərmişdi. Onların bəzilərində qabaqcıl müəllimlər hətta həkimlik vəzifəsini də öhdələrinə götürmüş, təhsil ocaqlarında "aptek" açmışdılar. Belə apteklərdən biri 1892-ci ildə Ağcabədi kənd məktəbinin nəzdində təşkil edilmişdi. Ətraf kəndlərdən gələn şagirdlərin gecələməsi üçün bəzi məktəblərin nəzdində sığınacaq evi də var idi. Məsələn, Cəbrayıl məktəbinin sığınacaq evində 1894-cü ildə 35 nəfər şagird yaşamışdı.

ZMS Azərbaycan şöbəsinin təşkili ana dilində sövti üsullu ilk dərsliyin meydana gəlməsinə əlverişli zəmin yaratdı. 1882-ci ildə birinci dəfə nəşr edilən A.O.Çernyayevskinin "Vətən dili" (I hissə), S.Vəlibəyovla birlikdə hazırlanan və 1888-ci ildə dərc edilən həmin dərsliyin II hissəsi feodalizm dövründən qalmış höccələmə (əbcəd-çərəkə) üsuluna böyük zərbə idi. Seminariyanın məzunu, sonralar məşhur ədəbiyyatşünas-alim, pedaqoq və maarifçi kimi tanınmış F.Köçərlinin sözlərilə desək, bütöv islam aləmində, türk-tatar dilli xalqlar içərisində sövti üsullu dərs demək və dərslik tərtib etmək təşəbbüsü birinci dəfə Azərbaycanda ortaya çıxmış, bizim məktəblərimizdə tətbiq olunmuşdur.

"Vətən dili" özünün quruluşu, tərtib prinsipləri, dilinin sadəliyi, şagirdlərin yaş və bilik səviyyəsinə uyğunluğu etibarı ilə orijinal idi.

Sonralar dəfələrlə çap edilən "Vətən dili" uzun müddət Azərbaycan məktəblərində ana dili dərsliyi kimi istifadə olunmuş, məhz həmin dərsliyin meydana gəlməsi ilə ana dilinin tədrisi müəyyən mənada düzgün metodiki istiqamət almış və inqilabdan əvvəl Azərbaycan ziyalılarının bütöv bir nəsli həmin kitabdan faydalanmışdır.

Yeri gəlmişkən, bu təcrübə İran Azərbaycanında da tezliklə mənimsənilmişdi. Görkəmli maarifçi Mirzə Həsən Rüşdiyyə 1894-cü ildə Təbrizdə eyni adda dərslik nəşr etdirmişdi.

Ən başlıcası isə budur ki, həmin dərslik Azərbaycan dilinin inkişafına, ana dilində yeni-yeni dərsliklər tərtib edilməsinə təkan vermişdir. R.Əfəndiyevin "Uşaq bağçası" və "Bəsirət-ül-Əftal", N.Nərimanovun "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", Ü.Hacıbəyovun "Hesab məsələləri" və "Lüğət"i, M.Mahmudbəyovun "Türk əlifbası və ilk qiraət"i, başqa müəllimlərlə birlikdə "İkinci il", "Üçüncü il", "İmlamız"dan başlamış Ə.Y.Seyidovla H.K.Sanılının "Əlifba"sı da daxil olmaqla ana dilində yazılan dərslik və dərs vəsaitləri bir növ "Vətən dili"nin davamı idi.

Keçən əsrin axırlarından başlayaraq, əlifba, imla, dərslik, dilin xüsusiyyətləri, orfoqrafiya və s. kimi mühüm məsələlər mətbuat səhifələrində geniş müzakirələrə səbəb olmuşdu. İctimai şüur, dövrün tələbi məktəbin qarşısında yeni vəzifələr qoymuşdu. Dünya mədəniyyəti ilə yaxından tanış olan qabaqcıl ziyalılar yaxşı dərk edirdilər ki, beş-on ziyalı ilə iş görmək olmaz. Böyük ictimai-siyasi vəzifələrin öhdəsindən gəlmək üçün xalq kütləsini savadlandırmaq lazımdır. Onlar müəllimlik etməklə bərabər, xalqın mənəvi tərəqqisinə çalışmış, mətbuat səhifələrində xalq maarifinin, məktəb təhsilinin bu və ya digər sahələrinə aid faydalı fikirlər söyləmiş, nadanlığa, cəhalətə, zülm və əsarət dünyasına qarşı ciddi və kəskin mübarizə aparmışdılar.

N.Nərimanovun "Nadir şah"ından, "Cümə söhbəti" və "Həftə fəryadı"ndan tutmuş "Hümmət"dəki mübariz ruhlu məqalələri, Ü.Hacıbəyovun "Koroğlu"su və digər opera əsərləri, "Filankəs" təxəllüslü "Ordan-burdan" başlıqlı silsilə məqalələri, F.Köçərlinin ikicildlik "Azərbaycan ədəbiyyatı tarixi materialları", R.Əfəndiyevin "Qan ocağı", S.S.Axundovun "Qorxulu nağıllar"ı, C.Məmmədquluzadənin "Ölülər"i, köhnə dünyanı lərzəyə gətirən "Molla Nəsrəddin"i Azərbaycan xalqının həyatında inqilab yaratmışdı.

Yuxarıda qeyd etdiyimiz kimi, ZMS Azərbaycan şöbəsini bitirənlərin bir çoxu öz fəaliyyətini sırf pedaqoji işlə məhdudlaşdırmamış, Azərbaycanda elm və təhsil, maarif və mədəniyyət, ədəbiyyat və incəsənətin bir çox sahələrini inkişaf etdirmişdir. Onların çoxu şəxsiyyət kimi yetişmiş və xalqının zülm və istibdaddan xilas olması uğrunda misilsiz xidmətlər göstərmişdir. Ana dilində qəzet və jurnal nəşr etmək, xalq üçün kitabxana-qiraətxana açmaq, xeyriyyə cəmiyyəti təşkil etmək, ana dilində yeni proqram, dərslik və tədris vəsaiti hazırlamaq, milli opera sənətinin əsasını qoymaq, qadın azadlığı və təhsili uğrunda çalışmaq, teatr tamaşaları hazırlamaq, ədəbi-bədii əsərlər yazmaq və nəhayət, geniş kütlənin gözünü açmaq - bütün bu problemlərin hər birinin həllində ZMS Azərbaycan şöbəsi məzunlarının böyük xidməti olmuşdur.

 

 

Hüseyn Əhmədov,

Akademik

 

Azərbaycan.-2009.-15 aprel.-S.6.