Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Fəhd bin Əli əl-Düsərinin etimadnaməsini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərinin etimadnaməsini qəbul etmişdir.

Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Fəhd bin Əli əl-Düsəri etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Fəhd bin Əli əl-Düsəri iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycana səfir təyin olunmasından böyük şərəf duyduğunu, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı, qarşılıqlı əlaqələrin möhkəmlənməsində bu görüşlərin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərdə dostluq tərəfdaşlıq ruhunun olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməkdə davam etdiklərini vurğuladı. Səfirə Azərbaycandakı fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, ölkəmizdəki fəaliyyəti müddətində o, əlaqələrimizin daha da genişlənməsində səylərini əsirgəməyəcəkdir.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-16 aprel.-S.1.