"Siyasi iradə və açıq dialoq səmərəli iqtisadi əməkdaşlığın prioritetlərini müəyyən edir"

 

 Rusiya ilə tam 18 ildir ki, beynəlxalq hüququn iki müstəqil subyekti kimi davranırıq. Heç şübhəsiz, coğrafi yaxınlıq, tarixən formalaşmış mədəni-mənəvi dəyərlər və ənənələr, birgə keçdiyimiz yolun ağır sınaq və imtahanları bu qonşuluq münasibətlərinə xoş ovqat, rəvan ahəng qatan, hər şeyə rəğmən soyumağa qoymayan kifayət qədər ciddi sayıla biləcək amillər cərgəsindədir. Bu gün hər iki ölkə nə qədər Qərb siyasi arxitekturasında postsovet dövrünün iki önəmli aktoruna çevrilsə, milli maraqlar zəminində qurulan xarici siyasət yeni "dostlar" axtarışını zəruri etsə də, Azərbaycanla Rusiya ən yaxın müttəfiq olaraq qalmaqdadırlar. Həm siyasi, iqtisadi, həm də mədəni sahədə qurulmuş faydalı əməkdaşlıq münasibətlərinə müsbət dinamika, xoş məram bəxş edən əsas məqam isə iki ölkənin dövlət başçıları səviyyəsində ortaya qoyulan siyasi iradədir.

İki ölkə arasındakı iqtisadi əlaqələrin vəziyyəti və perspektivləri barədə Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyinin başçısı cənab Şedrinə bir neçə sual ünvanladıq.

- Yuri Yevgenyeviç, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın bugünkü vəziyyətini necə səciyyələndirərdiniz?

- Həmişə yüksək səviyyəsi ilə fərqlənən Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələrini dinamik inkişaf edən və qlobal maliyyə böhranının neqativ fəsadlarına baxmayaraq, pozitiv perspektivlərə malik münasibətlər kimi xarakterizə etmək mümkündür. Belə bir optimizmi səbəbləndirən faktlar içərisində 2008-ci ilin yekunlarına görə qarşılıqlı mal dövriyyəsində 2 milyard 400 milyonluq hüdudun "fəth edilməsini" göstərmək mümkündür. Əgər yadınızdadırsa, ötən ilin avqustunda Bakıda səfərdə olan Rusiya Prezidenti D.Medvedev 2 milyard dollarlıq həddin əldə edilməsinin vacibliyini önə çəkmişdi. Cəsarətlə söyləmək mümkündür ki, həmin "rekord" vurulmuşdur və bu, 2007-ci ilin göstəricisini 40 faiz qabaqlayır. Analoji dövrdə Rusiya və Azərbaycanın "ixrac-idxal zənbillərinin çəkisi" artaraq müvafiq olaraq 43 və 25, eləcə də 11 və 35 faiz artmışdır.

Həqiqətən də Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın əsas tərəfdaşıdır. Belə ki, ölkələrimiz arasındakı mal dövriyyəsi Rusiyanın Gürcüstan və Ermənistanla eyni mövqe üzrə məcmu göstəricisini iki dəfədən artıq üstələyir. Bütün bunlar Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının münbit məcrada davam etdiyini təsdiqləyir.

- İki ölkənin ixrac və idxalının əsasını hansı məhsullar təşkil edir?

- Bəri başdan belə bir mühüm məqamı qeyd etmək istərdim ki, Rusiya və Azərbaycan enerji ehtiyatları bazarına neft və qaz ixracına meyilli ölkələr olmalarına baxmayaraq, qarşılıqlı əmtəə dövriyyəsində həmin pozisiya demək olar ki, yoxdur, yəni dünya enerji bazarının konyunkturundan asılı deyilik. Əvəzində bizim mal dövriyyəmizi əlavə dəyər vergisinin tətbiq edildiyi qeyri-xammal, o cümlədən maşınqayırma sənayesi məhsulları təşkil edir. Ötən ilin statistik məlumatlarına istinad etsək, həmin göstəricinin payına ümumu dövriyyənin 37 faizi düşür. Azərbaycana idxalın 90 faizini maşınqayırma, avtomobil, kimya sənayesi məhsulları, metal, taxta, tikinti materialları, ərzaq məhsulları və kənd təsərüfatı xammalı təşkil edir. Rəqəmlərə müraciət etsək, təkcə elə maşınqayırma, metal və metal məmulatları, ərzaq məhsulları üzrə ixrac əməliyyatları müvafiq olaraq 497 milyon, 153 və 401 milyon ABŞ dolları təşkil etmişdir. Rusiyanın ixrac "çantası"nda nəqliyyat vasitələri, daxiliyanma mühərriklərinin detalları və avtoehtiyat hissələri, soyuducu-dondurucular, dərman preparatları, kağız, şüşə, qara və əlvan metallar, elektrik avadanlığı, buğda, un, qənnadı məmulatları və digərləri əhəmiyyətli yer tutur. Bütövlükdə isə bu siyahıya 1720 adda məhsul daxildir.

Ötən il Rusiya Azərbaycana 15637 minik və 6108 yük avtomobili, 143 avtobus, 55 avtokran, 371 ədəd xüsusi təyinatlı avtomobil və 191 traktor satmışdır. Azərbaycanlı sahibkarların "AvtoVAZ" la səmərəli əməkdaşlıq ənənəsi mövcuddur. 2008-ci ildə onlar ölkələrinə müxtəlif modifikasiyalı 11500 "Jiquli" avtomaşını gətirmişlər. Mıtişi "Metrovaqonmaş" ASC Bakı metropoliteninə 36 vaqon göndərmişdir. Xəzər Dəniz Gəmiçilik İdarəsi ilə Rusiya gəmiqayıranları çox məhsuldar tərəfdaşlıq nümunəsi sərgiləyirlər. Təkcə elə ötən il Gəmiçilik İdarəsi Nijeqorodun "Krasnoe Sormovo" və Tatarıstanın Zelenedolsk tərsanələrindən müvafiq olaraq 13470 və 12 min ton dedveytli "Zəngəzur" və "Cabbar Haşımov" tankerlərini almışdır.

Ölkələrimizin fövqəladə hallar nazirlikləri arasında çox möhkəm və perspektivə hesablanmış səmərəli tərəfdaşlıq əlaqələri yaranmışdır. Ötən ilin may ayında İrkutsk Aviasiya Zavodu Azərbaycan FHN-i Be-200 yanğınsöndürən təyyarə-amfibiya ilə təmin etmişdir. Xüsusi təyinatlı vertolyot və digər texnikanın alınması üzrə işlər gedir.

Ticarət nümayəndəliyinin köməyi sayəsində ötən il Rusiyanın buğda və un ixracatçıları Azərbaycanın ərzaq bazarında itirdikləri lider mövqeləri qaytara bilmişlər. Belə ki, Rusiyadan buğda və meslin idxalının həcmi 706,66 tona çatmışdır ki, bu da 181 milyon dollara əmtəə dövriyyəsi deməkdir. Dost ölkənin aqrar bölməsinin daxili bazarın tələblərini tam ödəyə bilmədiyini nəzərə alsaq, yaxın gələcəkdə həmin məhsullar qrupunun ixrac həcmlərinin artacağını proqnozlaşdırmaq mümkündür.

Öz növbəsində Azərbaycan da 2008-ci ildə Rusiyaya əmtəə ixracını 10 faizdən bir qədər çox artıraraq dövriyyəsini 583 milyon dollara çatdırmışdır. İxracda ərzaq və kənd təsərrüfatı malları həmişəki kimi üstünlük təşkil edir. Bununla belə, kimya sənayesi məhsulları, nasos-kompressor boruları və digər mallar da ixracda yer alır.

Bildiyiniz kimi, ixracı stimullaşdıran amillər arasında ehtiyac, tələbat, coğrafi yaxınlıq, qiymət, tərəfdaşlığın formalaşmış ənənələri ilə yanaşı, həmin ölkədəki makroiqtisadi mühit, iqtisadı inkişafın və elmi-texniki tərəqqinin səviyyəsi, liberal islahatların həyata keçirilmə vəziyyəti, sahə üzrə fəaliyyəti tənzimləyən normativ-hüquqi baza və ən başlıcası, qarşılıqlı faydalı əməkdaşlığa meyil və xoş məram da mühüm yer tutur. Bu mənada Azərbaycan son dərəcə münbit və əlverişli bir coğrafiyadır. Dünya bazarını iflic etmiş böhran burada bir növ amortizasiya effekti ilə qarşılaşır. Səbəbi çox sadə və ibrətamizdir; ölkə rəhbərliyi bu sahədə məqsədyönlü və birmənalı siyasət yürüdür.

- Azərbaycan və Rusiya hansı regional, beynəlxalq layihələrdə birgə iştirak edirlər? Qarşılıqlı investisiyaların vəziyyəti və perspektivi barədə nə deyə bilərsiniz?

- Öncə, hər iki tərəfin müstəsna əhəmiyyət verdiyi "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsini misal çəkmək istərdim. Bildiyiniz kimi, bu yaxınlarda Rusiya, Azərbaycan və İranın dəmiryol xidməti rəhbərlərinin imzaladığı razılaşmaya əsasən, tranzitlə hər üç ölkənin ərazisindən keçəcək və Hind okeanı hövzəsi ilə Avropanı birləşdirəcək yeni dəmiryolu xəttinin çəkilməsi nəzərdə tutulur. İlkin ekspert hesablamalarına görə, bu marşrutla ildə 10 milyon tondan artıq yük daşınacağı təxmin edilir ki, bu da tranzit ölkələrinə külli miqdarda gəlir vəd edir. İndiki mərhələdə Qəzvin-Rəşt-Astara xəttini çəkib onu fəaliyyətdə olan xətlə birləşdirəcək birgə müəssisənin yaradılması üzərində iş gedir.

Etiraf edim ki, qarşılıqlı investisiyaların bugünkü səviyyəsi nə ölkələrimizin mövcud potensialına, nə də maliyyə-iqtisadi imkanlarına uyğun gəlir. Biz 2007-ci ildə rusiyalı ış adamları tərəfindən cəlbedici imkanlarının aşıb-daşdığı Azərbaycan iqtisadiyyatına vur-tut 12 milyon dollar sərmayə yatırılmasını itirilmiş şanslar kimi dəyərləndiririk. Bu istiqamətdə daha məhsuldar və səmərəli iş qurmaq perspektivləri vardır. Bir qonşu və dost ölkə kimi sevinirik ki, artıq Azərbaycanın özü sərmayəçi ölkəyə çevrilib, Gürcüstanda, Türkiyədə böyük investisiya layihələri həyata keçirir. 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunları çərçivəsində Azərbaycana milli memarlıq üslubunda mehmanxana kompleksinin tikintisi təklif olunub və həmin təklif dərhal dəyərləndirilib.

Bu yaxınlarda Bakının ev sahibliyi ilə Xəzərhövzəsi dövlətlərin nəqliyyat nazirlərinin birinci görüşü keçirildi. Multimodal daşımalar və nəqliyyat infrastrukturunun digər sahələri üzrə əməkdaşlığın real vəziyyəti və perspektivləri müzakirə olundu. Azərbaycanın bu sahədə köklü maraqları var. Söhbət Volqa-Don kanalının ikinci qolunun inşasından gedir. Azərbaycanın bu layihədə iştirak edəcəyi təqdirdə, Xəzər gəmiləri Aralıq dənizi vasitəsilə Atlantik okeanına çıxış əldə edə biləcəklər. Həmin görüşdə Azərbaycanın şimal sərhədində əngəl daşına çevrilmiş Samur-Yaraq Qazmalar körpüsünün acınacaqlı vəziyyətinə də toxunuldu. Nazirlər səviyyəsində qərara alındı ki, sərhədin həmin hissəsinin delimitasiyası müəyyənləşənədək körpünün layihə sənədləri hazırlansın və tikintisinə başlansın.

Yüksək texnologiyalar, elm tutumlu sahələr üzrə də əməkdaşlıq imkanları az deyil. Məsələn, yenə də yaxın günlərdə Rusiyanın nəhəng telekommunikasiya şirkətlərindən olan "Sintera" Xəzərin dibi ilə optik-lifli kabel xətti çəkilməsi layihəsinin inkişaf etdirilməsiylə bağlı təkliflərlə Bakıya gəlmişdi. Bu layihədə bizimlə yanaşı, İran və Qazaxıstan da iştirak edir, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşma əsasında layihənin əməliyyat mərkəzinin Bakıda yerləşəcəyi qərara alınıb. Belə bir layihənin işə düşməsi Azərbaycanda informasiya texnologiyalarının inkişafına ciddi impuls verməklə yanaşı, onun Avropa, Yaxın Şərq və Şərqi Asiya ölkələrinə çıxış imkanlarını da genişləndirərdi. Yəqin ki, öz rabitə peykini orbitə çıxarmağa hazırlaşan Azərbaycan bu layıhənin gerçəkləşdirilməsində də Rusiyasız ötüşməyəcəkdir. Bilirik ki, Rusiya kompaniyaları nəinki həmin peykin məhz Baykonur kosmodromundan və rus raketdaşıyıcısı ilə yola salınması hüququna iddia edirlər, həmçinin Azərsat peykinin yaradılması məqsədilə amerikalı və fransız iddiaçıların qatıldığı tenderdə də fəal iştirak edirlər. Gələcəkdə atom energetikası sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilə bilər. Nanotexnologiyalar sahəsində Azərbaycan və Rusiya alimlərinin təcrübə və fikir mübadilələri də faydalı ola bilər.

Hər bir halda, bizim müstəsna əhəmiyyət verdiyimiz və ənənələri olan əməkdaşlıq sahələri də mövcuddur ki, onların birincisi enerjidaşıyıcılardır. Bildiyiniz kimi, Rusiyanın "Qazprom" şirkəti ilə ARDNŞ arasında "Şahdəniz-2" layihəsinin istismarını gözləmədən Azərbaycan qazının Rusiyaya gözlənilən nəqli ilə bağlı memorandum imzalanmışdır. Bu təklifin üstünlüyü ondadır ki, heç bir siyasi konyunktura hesablanmadan, tam kommersiya maraqları əsasında, praqmatik, bazar qiymətlərinə əsaslanmaqla irəli sürülmüşdür. Ən başlıcası isə odur ki, işlək kəmər mövcuddur, indiki maliyyə böhranı şəraitində milyardlarla dollar xərc çəkib yeni nəqliyyat-kommunikasiya infrastrukturu yaratmağa ehtiyac yoxdur.

İnvestisiya mühitindən və sərmayələrin ölkələr arasında oynadığı böyük iqtisadi-siyasi roldan danışarkən mütləq ortaya kapital qoyuluşlarının müdafiəsi, təminatı və təqdiredilməsi ilə bağlı sırf hüquqi prosedurlar çıxır. Razılaşaq ki, dünyanın heç bir yerində heç bir sahibkar öz kapitalını heç vəchlə riskli, münasibətlərin hüquqi tənzimlənməsi sferasında xaos və nihilizmin hökm sürdüyü məkana yatırmaz. Ölkələrimiz arasında bu sahədə də qarşılıqlı şəkildə razılaşdırılıb qəbul olunmasını gözləyən normativ-hüquqi sənədlər var. İqtisadi inkişaf nazirlikləri əlaqəli şəkildə bu məsələlər üzərində işləyirlər və düşünürük ki, bu ilin sonunadək müəyyən istiqamətlər üzrə müsbət nəticələr işıq üzü görəcəkdir. Fürsətdən istifadə edərək deyim ki, ölkələrimizin gömrük və vergi orqanları arasında əməkdaşlığı daha konkret, çevik və məhsuldar səviyyəyə qaldırmağın vaxtı çoxdan çatıb. Azərbaycanın gömrük və vergi orqanlarında "bir pəncərə" sisteminin tətbiq edilməsi və bunun sahibkarlar tərəfindən razılıqla qarşılanması təqdir olunasıdır. Bu sıraya sərhəd xidmətini də əlavə edərdim. Çünki nəticə etibarilə qarşılıqlı investisiyaların da, ixrac-idxal əməliyyatlarının da, maraq və etıbar faktorunun da kökündə məhz sahibkara, iş adamına fiskal orqanlar tərəfindən yaradılmış şəraitin keyfiyyəti durur.

- Ölkələrimiz arasında xarıci iqtisadi fəaliyyətin iştirakçıları artırmı?

- Bu, birbaşa həmin fəaliyyətin keyfiyyəti, səviyyəsi və məhsuldarlığı ilə bağlı məsələ olduğu üçün müstəsna əhəmiyyətə malik pozisiyadır. Və deyim ki, bu gün üçün belə bir artım müşahidə olunur. Düzdür, kiçik və orta bizneslə məşğul olan sahibkarlar da var ki, onların hamısının statistikasını aparmaq imkan xaricindədir. Ancaq iqtisadi-ticarət əlaqələri seqmentində yeni, maraqlı, daha ciddi, belə deyək, oyunçular peyda olur. Tək elə keçən il Rusiyanın nəhəng "İnteqro", "Baltiya" şirkətləri, Vneşne Torqovı Bank (VTB), "Rosno" sığorta şirkəti Azərbaycan bazarına giriblər. Böhran dərinləşdikcə, rusiyalı iş adamlarının bu sabit, zəngin və əlverişli bazara marağı da artır. Bu gün Ticarət nümayəndəliyinə Rusiya kompaniyalarından əməkdaşlıq barədə gündə 5-6 və daha çox təklif daxil olur. Orada adamlar oturub bu bazarı təhlil edirlər, müqayisə aparırlar, aşkar üstünlüklərini, potensial imkanlarını dəqiqləşdirəndən sonra müraciət edirlər.

- Məlumdur ki, siyasi məsələlərin təhlili, qiymətləndirilməsi Ticarət nümayəndəliklərinin funksiyasına aid məsələ deyil. Ancaq yenə də siz iki ölkə arasında siyasi prioritetlərin müəyyənləşdirilməsində iqtisadi-ticari əlaqələrin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu məsələdə siyasətçi olmağa heç ehtiyac yoxdur. Tarixən ölkələr arasında ticarət əlaqələri onların yaxınlaşmasına, insanların daha yaxından ünsiyyət qurmasına kömək etmişdir. Konkret Rusiya ilə Azərbaycandan söhbət gedirsə, bu, kifayət qədər yaxın, tarixi taleyi bir-biri ilə sıx şəkildə çulğaşmış dost ölkələrdir. Ruslarda ibrətamiz bir misal var: insan tək çörəklə yaşamır. Digər tərəfdən, dövlətlərarası bütün münasibətlər kompleksinin mərkəzində siyasi dialoq, siyasi iradə durur. Əgər iki ölkənin dövlət başçısı tez-tez görüşürsə, aralarında səmimiyyət var və bu təmaslar əsnasında ikitərəfli münasibətlərin bütöv spektri nəzərdən keçirilib ağıllı qərarlar verilirsə, onda işgüzar dairələrin də işi asanlaşır. Azərbaycanla Rusiya arasında yüksək səviyyədə belə bir harmoniyaya nail olunmuşdur. Əməkdaşlığın bu cür yüksək və məhsuldar səviyyəsi ilk növbədə vaxtilə ulu öndər Heydər Əliyevlə Vladimir Putin arasında yaranmış işgüzar və səmimi münasıbətlərdən qaynaqlanır. Bu gün Rusiya və Azərbaycan prezidentləri cənab İlham Əliyevlə Dmitri Medvedevin birgə səyi ilə ikitərəfli əlaqələrimiz yeni keyfiyyət müstəvisinə qalxmışdır və bu prosesə müsbət dinamika xasdır.

Ötən dövrdə iki ölkə arasında 100-dən artıq müqavılə və razılaşma imzalanmışdır. Rusiyanın regionları ilə Azərbaycan arasında 30-dan artıq razılaşma bağlanıb. Ölkəmizin 13 federasiya, 70-dən çox təsərrüfat subyekti iki dövlət arasındakı iqtisadi-ticari əlaqələrdə iştirak edir. Rusiyanın təkcə 5 subyektinin Azərbaycanla mal dövriyyəsi 100 milyon dollar səviyyəsini ötüb. Razılaşın ki, bütün bu məsələlərdə dövlət başçılarının siyasi iradə və münasibəti az rol oynamır. Biz belə bir səmimi, münbit əməkdaşlıq mühitini qoruyub saxlamalı və inkişaf etdirməliyik.

 

 

Müsahibəni apardı:

Xalid Niyazov

 

Azərbaycan.-2009.-16 aprel.-S.2.