Azərbaycanın yaxın dostu

 

Ötən əsrin son onilliyində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın həll etməli olduğu məsələlərdən biri də xarici siyasətdə özünə daha çox tərəfdar toplamaq, ilk növbədə isə ərazisinin bir hissəsini işğal edən Ermənistanın ədalətsiz mövqeyini pisləyən ölkələrlə genişmiqyaslı əməkdaşlıq yaratmaq idi. Belə dövlətlər qismində isə Azərbaycanla eyni tarixi və milli kökə malik olan, onun problemlərinə daha yaxından bələd olan ölkələr çıxış edə bilərdi. Həmin dövlətlər sırasında ön yerdə olanlardan biri də Özbəkistan idi.

 

Müasir Özbəkistanın memarı

 

Günəşli Özbəkistan... Qlobusa baxsaq, yaxud Yer kürəsinin kosmosdan çəkilmiş şəklinə nəzər salsaq, Avrasiya qitəsinin mərkəzində zirvələri göylərə tuşlanmış iri dağ massivləri və onların şimal-qərbində ucu-bucağı bilinməyən səhralar görərik. Özbəkistan bu iki təbiət zonasının birləşməsində yerləşən ölkədir.

Hərtərəfli zəngin olan bu diyar özünün qədim və böyük tarixində daim həm dinc ticarət karvanlarını, həm də ac basqınçıları cəlb etmiş, dağıdıcı müharibələrə məruz qalmış, lakin hər dəfə xalqın əməksevərliyi, inadkarlığı və tükənməyən yaradıcı potensialı hesabına məhv olmuş şəhərlər və kəndlər bərpa edilmiş, Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən karvan yolları yenidən canlanmışdır. Dünya tarixinə Böyük ipək yolu kimi daxil olmuş bu yollar bütün bəşər sivilizasiyasının inkişafında əhəmiyyətli rol oynamışdır.

Özbək xalqının mənəvi aynası olan müqəddəs kitablarda deyilir ki, hər bir xalq öz rəhbərinə, rəhbər isə öz xalqına layiqdir. Bu ölkə haqqında söhbət düşəndə, təbii ki, Özbəkistanın lideri - Prezident İslam Kərimovun çoxşaxəli fəaliyyəti gözlərimizin önünə gəlir. Prezident haqqında danışarkən isə azad və çiçəklənən Özbəkistanın surətini görürük. Özbək xalqı müstəqillik qazandıqdan sonra əldə etdiyi bütün nailiyyətləri haqlı olaraq İslam Kərimovun adı və fəaliyyəti ilə bağlayır.

Mərkəzi Asiya regionunda lider mövqeyi tutan dövlətin rəhbərinin hansı vəziyyətdə yüksək vəzifəyə gəlməsini anlamaq üçün İslam Kərimovun dediklərindən sitat gətirsək yerinə düşər: "Hələ də sovet kommunist sisteminin hökmranlıq etdiyi 1989-cu ili yada salaq. Mayın sonunda - iyunun əvvəlində "Fərqanə faciəsi" adlandırılmış, bütün keçmiş İttifaqı silkələmiş və təkcə Özbəkistanda deyil, bütün Orta Asiyada vəziyyəti partlada bilən müdhiş hadisələr baş vermişdi. Məhz 1989-cu il iyunun son günlərində respublikada vəziyyət son dərəcə gərginləşdikdə, Fərqanə vadisi, Daşkənd, Sırdərya və digər vilayətlərin bəzi rayonlarında, demək olar yerin ayaq altında yandığı bir vaxtda, mən Özbəkistanın rəhbəri vəzifəsinə təyin olundum... Fikirləşin, kənd yerində balaca sıx həyətlərdə 4-5 ailənin məskunlaşdığı vəziyyətə necə dözmək olardı? Eyni zamanda, Özbəkistandakı torpaqların 80-90 faizində praktiki olaraq pambıq becərilirdi və heç bir rəhbər insanları dinləyib onların mövcud problemlərini həll etmək istəmirdi".

1991-ci il avqustun 31-də Daşkənd şəhərində İslam Kərimov Özbəkistan Respublikasının dövlət müstəqilliyini elan etdi. Ancaq həmin vaxt bir çoxları təsəvvürünə də gətirməzdi ki, dünya xəritəsində peyda olmuş gənc müstəqil dövlət qarşısında nə cür mürəkkəb və ağır vəzifələr durur. O günlərdə 22 milyonluq əhalinin, bəlkə də bütün Özbəkistanın taleyi tükdən asılı idi.

Respublikanın düşdüyü həmin mürəkkəb və faciəli vəziyyətdə prezident soyuqqanlılıq, möhkəm siyasi iradə nümayiş etdirərək, ölkəni dərin böhrandan çıxardı. Cəmiyyətin sağlam qüvvələrini səfərbər edən İ.Kərimov milli inkişafın hərtərəfli düşünülmüş strategiyasının işlənib hazırlanması prosesini də uğurla başa vurdu. Qısa müddətdə Əsas Qanun - Özbəkistan Respublikasının Konstitusiyası işlənib qəbul edildi, milli təhlükəsizlik orqanları sistemi formalaşdırıldı. İslam Kərimov Özbəkistanın müstəqillik əldə etməsindən sonra həm mərkəzdə, həm də yerlərdə idarəçilik sistemində ciddi islahatlar apardı ki, bu da dövlətin, cəmiyyətin, fərdlərin maraqlarının qorunmasında mühüm rol oynayıb.

Bu gün Özbəkistanın sosial-iqtisadi sferasında əldə olunmuş yüksək nəticələr xalqın seçdiyi inkişaf yolunun düzgünlüyünü təsdiq edir. Müstəqillik dövründə Özbəkistan iqtisadiyyatının inkişafı üçün dövlət başçısının gördüyü işlər sonda ölkəsinin dünya arenasında nüfuzlu yer tutmasına imkan yaradıb. Özbəkistan iqtisadiyyatının özünəməxsus inkişaf modeli beş vacib prinsip əsasında müəyyən olunub. Bunlar iqtisadiyyatın ideologiyasızlaşdırılması, qanunun aliliyi, mərhələli islahatlar, keçid mərhələsində dövlət tənzimlənməsi və güclü sosial siyasətdir.

İqtisadi inkişafın artım dinamikasını təmin etmək üçün İslam Kərimovun rəhbərliyi altında Özbəkistanda islahatlar davam etməkdədir. Bu islahatlar özünü daha çox orta sinif nümayəndələrinin, sahibkarların, fermerlərin, özəl sektorun maddi və intellektual mülkiyyət sahiblərinin maraqlarının təmin olunması, onların dəstəklənməsi, həmçinin onlar üçün yeni vergi güzəştlərinin və digər imkanların yaradılmasında göstərir. Əhalinin real gəlirlərinin və maddi rifah halının yüksəlməsində Özbəkistan İslam Kərimovun rəhbərliyi altında mühüm nailiyyətlər əldə etmişdir. Təsadüfi deyil ki, bu gün Orta Asiya respublikaları arasında yaşayış səviyyəsinin yüksək olmasına görə Özbəkistan xüsusilə seçilir.

 

İntibahın özbək modeli

 

Müstəqilliyin ilk günlərindən İslam Kərimov hazırda bütün dünyada "özbək modeli" kimi tanınan, ölkənin milli-dövlətçilik, sosial-iqtisadi və mənəvi yeniləşməsinin əsaslarını hazırlamışdır. Bu modelin məğzi ondadır ki, dövlət əsas islahatçıdır və keçid dövründə sabitliyin təminatçısı kimi çıxış edir.

Prezidentin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatların müsbət nəticələri barədə çox danışmaq olar. Lakin Özbəkistanın əsas qazancı - sülh və sabitlik, millətlərarası barışıq, iqtisadiyyatın artımı hesabına əldə olunan əhalinin rifahının daha da yüksəlməsi, ölkənin dünya səhnəsində artan nüfuzudur.

Eyni zamanda, gənc nəslin tərbiyəsi istiqamətində mühüm nəticələrin əldə olunmasını xüsusilə qeyd etmək lazımdır. Bu, dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə 1140-a yaxın akademik lisey və peşəkar kollec, zəngin maddi-texniki bazası olan 4680-dən çox ümumtəhsil məktəbi tikilmiş və təmir edilmişdir. Özbəkistanın 65 ali məktəbində 300 minə yaxın tələbə 850 peşə və ixtisas üzrə təhsil alır.

Əlbəttə müasir cəmiyyətin qurulmasında tələb olunan məsələlərdən biri də savadlı kadr potensialının olmasıdır. Prezident İslam Kərimov istər sovet dönəmində, istərsə də müstəqillik dövründə daim bu məsələyə xüsusi diqqət yetirmişdir. Bu səbəbdən potensial kadr ehtiyatının hazırlanması üçün həm Özbəkisatının daxilində lazımi baza formalaşdırılmış, həm də Özbəkistan gənclərinin dünyanın ən aparıcı təhsil müəssisələrində ali ixtisasa yiyələnməsinə şərait yaradılmışdır. Bunun nəticəsidir ki, hazırda Özbəkistanın iqtisadi, siyasi, sosial və digər sahələrdə inkişafında bu xalqın yetirmələri əvəzsiz rol oynamaqdadır.

Bütün bunlar Özbəkistanın həm də güclü dövlətdən güclü vətəndaş cəmiyyətinə keçməsinə münbit şərait yaradır. Bu səbəbdəndir ki, Özbəkistanda insan həyatının bütün sahələrini özündə ehtiva edən liberal islahatlar davam etməkdədir. Bütün bunlar insanların hüquq və azadlıqlarının, maraqlarının qorunması əsasında reallaşdırılır. Qeyd edilənlər həm də "İnsanın maraqları hər şeydən yüksədə durur" prinsipi əsasında uğurla həyata keçirilir.

Özbəkistan həm də bu yolla müasir cəmiyyətin qurulmasında ciddi uğurlar əldə edib. Əlbəttə, müasir, demokratik cəmiyyətin qurulmasının ümdə şərtlərindən biri də qanunun aliliyinin təmin olunmasıdır. Hakimiyyət başına gəldikdən sonra İslam Kərimov bu məsələyə də xüsusi önəm verib. Bu məqsədlə onun rəhbərliyi altında hüquqi dövlətin formalaşdırılmasının ayrılmaz tərkib hissəsi kimi məhkəmə-hüquq sisteminin liberallaşdırılmasında və müstəqil məhkəmə sisteminin yaradılmasında ciddi uğurlar əldə edilib. Hazırda Özbəkistan insan hüquqlarının qorunması sahəsində ciddi nailiyyətlərə imza atıb.

Xarici siyasət məsələlərində də İslam Kərimovun rəhbərliyi altında Özbəkistanın özünəməxsus mövqeyi var. Mövcud olduğu regionda Özbəkistan sülhün qorunub saxlanmasında böyük səylər göstərir. İstər qonşu, istərsə də uzaq xarici dövlətlərlə bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi Özbəkistanın xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Bununla yanaşı, xarici siyasət məsələlərində Özbəkistan başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə zərgər dəqiqliyi ilə əməl edir. Həssas bir bölgədə yaşayan Özbəkistan bütün konfliktli situasiyaların sülh yolu ilə həlli istiqamətində atdığı addımlara görə regionun digər ölkələrinə nümunə ola bilər.

Bu gün bütün dünya üçün ən aktual problem 2008-ci ildən başlayan qlobal maliyyə böhranı, onun təsiri və mənfi nəticələri, yaranmış vəziyyətdən çıxış yollarının axtarışıdır. Ötən ay Özbəkistan Prezidenti İslam Kərimovun "Dünya maliyyə-iqtisadi böhranı, onun Özbəkistan şəraitində qarşısının alınması üçün yollar və tədbirlər" kitabı işıq üzü görmüşdür. İki hissədən ibarət olan kitabda müəllif qlobal maliyyə böhranının səbəblərindən və ölkəsinin bu böhrandan çıxış yollarından söhbət açır. Birinci hissədə dünya maliyyə böhranının Özbəkistanın iqtisadiyyatına təsirindən və onun fəsadlarını yumşaltmış amillərdən danışılır. İkinci hissədə isə müəllif yazır ki, bank sisteminə dəstək, istehsalatın modernləşdirilməsi, texniki cəhətdən yeniləşdirilməsi və diversifikasiyası böhranın qarşısının alınması və Özbəkistanın dünya bazarında yeni nailiyyətlər qazanması üçün etibarlı yoldur.

İslam Kərimov, həqiqətən, xalqının inamını və etimadını qazanmış Prezidentidir. O, həyat kredosunu belə izah edir: "Biz unikal və təkrarolunmaz təbiəti, əməksevər və qonaqpərvər xalqı olan gözəl ölkədə yaşayırıq. Belə ölkədə doğulmaq və yaşamaq hər kəsə nəsib olmur... Mən həyatımın mənasını böyük xalqımın xoşbəxtliyi və çiçəklənməsi üçün fədakarcasına və sədaqətlə xidmət etməkdə görürəm".

 

Münasibətlərdə dönüş mərhələsi

 

SSRİ-nin dağılmasından sonra Azərbaycanda hakimiyyət başında olan qüvvələr bir çox xarici dövlətlərlə olduğu kimi, Özbəkistanla da münasibətləri lazımi səviyyədə inkişaf etdirməkdə acizlik çəkirdi. Ancaq ulu öndər Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə gəlişi bu sahədə vəziyyəti büsbütün dəyişdi. Qarşılıqlı maraqlar əsasında xarici dövlətlərlə ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ açıldı. Azərbaycanın haqq səsini eşidən dövlətlərin sayı sürətlə çoxaldı.

Ümummilli lider Heydər Əliyevin gəlişindən sonra Azərbaycan və Özbəkistan arasında da münasibətlərin inkişafında məhsuldar bir dövr başlandı. Bunun məntiqi nəticəsi kimi Azərbaycan Mərkəzi Asiyada ilk səfirliyini 1996-cı ilin sentyabrında məhz Daşkənddə açdı.

Özbəkistan Prezidenti İslam Kərimov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi üçün 1996-cı ilin mayında ölkəmizə rəsmi səfərə gəldi.

Məhz həmin səfər zamanı Azərbaycan və Özbəkistan arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalandı. Bu saziş hökumətlər arasında bütün gələcək razılaşmaların hüquqi əsasını təşkil etdi. İslam Kərimovun rəhbərliyi ilə Özbəkistan nümayəndə heyətinin Azərbaycan tərəfi ilə apardığı danışıqların nəticəsi olaraq siyasi, iqtisadi və mədəni sahələrə dair 20 müqavilə bağlandı. İki ölkə arasında tarixi-mədəni bağlılığın olduğu və bu əlaqələr əsasında böyük əməkdaşlıq imkanlarının mövcudluğu fikri Özbəkistan Prezidentinin ümummilli lider Heydər Əliyevlə birgə keçirdiyi mətbuat konfransında xüsusi olaraq qeyd edildi.

Bütün bunların nəticəsi idi ki, Özbəkistan Prezidenti İslam Kərimov 2008-ci il sentyabrın 11-də Azərbaycana növbəti rəsmi səfəri zamanı ümummilli lider Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində əvəzsiz rol oynadığını qeyd edirdi: "Azərbaycanla bağlı nə varsa, mən onları həmişə Heydər Əliyevlə yaxın dostluğumun prizmasından görürəm. O, məni özünün yaxın dostu hesab edirdi. Mən də onu özüm üçün ən yaxın insan hesab edirdim. O, Özbəkistanın bütün problemlərini, bizim həll etdiyimiz bütün mürəkkəb məsələləri özünün problemləri kimi qəbul edirdi".

 

Səmimi tərəfdaşlıq

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra onun Azərbaycan-Özbəkistan münasibətlərinə verdiyi xüsusi töhfəni İslam Kərimov belə dəyərləndirir: "Demək istərdim ki, özbəklər və azərbaycanlılar hamımızın ehtiram bəslədiyimiz, mərdliyi, mənəvi gücü, dönməz iradəsi qarşısında həmişə baş əydiyimiz Heydər Əliyevin xalqlarımız arasında etimadın bərpa olunması, bir daha təkrar edirəm, etimadın bərpa olunması və qarşılıqlı hörmətin möhkəmlənməsi işinə verdiyi böyük, qiymətli töhfəni heç vaxt unutmayacaqlar. Biz Heydər Əliyevi həm də ona görə yüksək qiymətləndiririk ki, o, Özbəkistan və Azərbaycan arasındakı münasibətləri, çoxəsrlik dostluq, qarşılıqlı hörmət, qarşılıqlı məhəbbət münasibətlərini müstəqilliyin ilk illərində burada təsadüfi adamların ölkəyə rəhbərlik etdiyi vaxtda məruz qaldığı bütün hücumlardan qorumaq üçün hər şeyi etmişdir".

İslam Kərimovun Azərbaycana ilk gəlişindən sonra iki ölkə arasında münasibətlər daha da dərinləşdi. Bu xüsusda Prezident Heydər Əliyevin 1997-ci ilin 18-19 iyun tarixlərində Özbəkistana rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edirdi. Məhz həmin səfər zamanı münasibətlərin daha da yaxşılaşmasına xidmət edən mühüm dövlətlərarası razılaşmalar əldə edildi.

Bu gün Azərbaycan və Özbəkistan respublikaları arasında ikitərəfli münasibətlərə aid həlli mümkün olmayan elə bir problem yoxdur. Həmçinin Qafqazda, Mərkəzi Asiyadakı mürəkkəb problemlərdə iki dövlət arasında fikir ayrılığı və fərqli mövqe yaradan məsələ də mövcud deyil. Bunun nəticəsidir ki, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən Özbəkistanla Azərbaycanın bütün geosiyasi məsələlərdə yanaşmaları üst-üstə düşür. Göstərilən məqamı xüsusi qeyd edən İslam Kərimov bunu iki ölkənin ən böyük uğuru kimi dəyərləndirir.

Müasir reallıqlar beynəlxalq strukturlar çərçivəsində də iki ölkənin topladığı müsbət təcrübənin bazasında səylərin daha artıq dərəcədə əlaqələndirilməsini, milli mənafeləri birgə qorumağın zəruriliyini diktə edir. Qeyd edilməlidir ki, Azərbaycan Özbəkistanla münasibətlərin inkişafına xüsusi önəm verdiyi kimi analoji mövqe rəsmi Daşkənd tərəfindən də nümayiş etdirilir.

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində İslam Kərimov faktoru mühüm rol oynamışdır. Bu məqamla bağlı Prezident İlham Əliyev aşağıdakıları bildirmişdir: "Özbək xalqının bəxti gətirib: onun tarixinin ən məsul dövründə, Özbəkistanın müstəqil dövlət kimi formalaşdığı vaxtda bu ölkəyə İslam Abduqəniyeviç Kərimov rəhbərlik etmişdir. Bu gün ölkələrimiz arasında yaranmış münasibətlər çox cəhətdən xalqlarımızın iki liderinin fəaliyyəti, onların dostluğu və şəxsi münasibətləri sayəsində formalaşmışdır. Biz Azərbaycanda ötən illər ərzində, o cümlədən ölkələrimiz arasında münasibətlərdə seçilmiş xətti davam etdiririk və gələcəkdə də bu münasibətləri inkişaf etdirmək və onları yeni səviyyəyə qaldırmaq üçün lazım olan hər şeyi edəcəyik".

Özbəkistan və Azərbaycan respublikaları səmərəli, faydalı və strateji münasibətlərini daha da inkişaf etdirməkdə, müttəfiqlik əlaqələrini möhkəmləndirməkdə maraqlıdırlar. Bu səmimi əlaqələrin perspektiv tərəqqisinin təminatçıları isə hər iki dövlətdə xalqın böyük dəstəyini qazanan rəhbərlərin siyasi iradəsidir.

 

 

İxtiyar Hüseynli

 

Azərbaycan.-2009.-17 aprel.-S.3.