Уİslam mədəniyyəti kitab səhifələrindəФ sərgisi böyük maraq doğurur

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sərgi salonunda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin Milli Kitabxanalarının Direktorları Şurasının II konfransı çərçivəsində "İslam mədəniyyəti kitab səhifələrində" adlı beynəlxalq sərgi açılmışdır.

"Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" tədbirləri çərçivəsində keçirilən sərgidə İƏT-in 9 ölkəsinin milli kitabxana fondlarının hər birindən İslam mədəniyyətinə və incəsənətinə həsr edilmiş 50-60, Azərbaycandan isə 500-dən çox kitab nümayiş olunur. Burada beynəlxalq müsabiqələr laureatı, tanınmış rəssam Yavər Əsədovun xəttatlıq, İçərişəhərin "Xalq sənəti" evinin XIX əsrə və XX əsrin əvvəllərinə aid Azərbaycan dekorativ tətbiqi sənət nümunələri böyük maraq doğurur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İƏT-in üzvü olan ölkələrin Milli Kitabxanalarının Direktorları Şurasının prezidenti, İranın Milli Kitabxana və Arxivinin sədri, İran Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Əli Əkbər Əşəri və Azərbaycanın tanınmış ilahiyyatşünas alimi, akademik Vasim Məmmədəliyev sərginin açılışında İslamda mədəniyyətə, elmə və kitaba verilən önəmdən ətraflı danışmışlar.

V.Məmmədəliyev Azərbaycanın elm və sənət adamlarının İslam mədəniyyətinin inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açaraq vurğulamışdır ki, Məhəmməd Peyğəmbərin vəfatından sonrakı illərdə bununla bağlı kifayət qədər sübutlar vardır. Bu mənada Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması təsadüfi deyildir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-21 aprel.-S.5.