Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı

 

– Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Haqlı olaraq qeyd edilir ki, hazırda sabitlik və ahəngdar inkişaf müasir Azərbaycan Respublikasının reallığına, xalqımızın həyat tərzinə çevrilmişdir. Dövlətimizin rəhbəri, hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən müəyyən edilən strategiya davamlı olaraq həyata keçirilmiş, ölkənin sosial-iqtisadi inkişafı təmin olunmuş, xalqın rifahı ildən-ilə yüksəlmişdir. Yaranan işgüzar mühit bir sıra iqtisadi, sosial, mədəni proqramların reallaşmasını təmin etmiş, Azərbaycan dövləti daha da qüdrətlənmiş, təbii ki, bu, mədəniyyət və turizm sahəsinin də inkişafına səbəb olmuşdur.

Hörmətli cənab Prezident, ölkədə mədəniyyət və turizmin inkişafı ilə əlaqədar son üç ildə Sizin qəbul etdiyiniz 200-dən çox fərman və sərəncam genişmiqyaslı, böyük əhəmiyyətə malik mədəniyyət və turizm layihələrinin gerçəkləşməsi üçün əlverişli şərait yaratmış, bir-biri ilə sıx bağlı olan bu iki sahənin sabit, müasir tələblərə uyğun inkişafını, başlıca istiqamətlərin mərhələlərlə həyata keçirilməsini təmin etmişdir.

Hazırda Azərbaycan inkişaf edən dünyanın dinamik bir hissəsi, mədəniyyətlərarası dialoqun tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, teatr və sənət kollektivlərimiz son üç ildə səhnənin üfüqlərini genişləndirərək Fransa, Almaniya, Rusiya, Türkiyə, Finlandiya, Misir, Mərakeş, Estoniya, İtaliya və digər ölkələrdə, YUNESKO-da və Avropa Şurasında tamaşalar, konsert proqramları və sərgilər nümayiş etdirmişlər. Rusiya və Almaniyada Azərbaycan Mədəniyyət illəri, 10-dan çox xarici ölkədə isə qarşılıqlı şəkildə mədəniyyət günləri təşkil olunmuşdur. Azərbaycan bu gün “Venesiya Biennalesi”, “Montre” caz festivalı kimi nüfuzlu beynəlxalq tədbirlərin iştirakçısıdır.

Cənab Prezident, Sizin yüksək dəstəyiniz və şəxsi iştirakınız sayəsində Azərbaycan və Avropa Şurasının birgə təşkilatçılığı ilə 2008-ci ilin dekabr ayında Avropa Dövlətlərinin Mədəniyyət Nazirlərinin Konfransı Bakı şəhərində keçirilmişdir. 48 ölkənin, 14 beynəlxalq təşkilatın və qeyri-hökumət təşkilatlarının təmsil olunduğu bu konfransda mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin əsası qoyulmuş, Bakı Bəyannaməsi və “Sənətçilər dialoq naminə” layihəsi qəbul edilmişdir.

Məlum olduğu kimi, 2009- cu il ölkəmiz üçün Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlamətdardır. Açılış mərasimində Sizin şəxsən iştirakınız və nitqiniz bu tədbirin dəyər və mötəbərliyini xeyli yüksəltməklə yanaşı, mədəniyyət və incəsənətə böyük önəm verdiyinizi əyani şəkildə göstərmişdir. İSESKO-nun və İKT-nin rəhbərləri açılış mərasimindəki çıxışlarında bunu bir daha xüsusilə vurğuladılar.

Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar ən maraqlı tədbirlərdən biri mart ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı olmuşdur. Festival çərçivəsində keçirilən simpozium, müsabiqə və konsertlərdə 17 ölkənin musiqişünas alimləri və musiqi xadimləri iştirak etmişlər.

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, mədəniyyətin maddi-texniki bazasının inkişafı və möhkəmləndirilməsi nəticəsində Heydər Əliyev Sarayı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı ən yüksək memarlıq prinsiplərinə uyğun şəkildə əsaslı təmir edilmiş, az vaxtda Azərbaycan Dövlət Film Fondu, nadir memarlığa malik “Muğam evi” tikilib istifadəyə verilmişdir. Şəhərin mərkəzi hissələrində yerləşən bu sənət məbədlərinin müasir görkəmi Bakının simasına yeni cizgilər əlavə etmişdir. Respublikanın regionlarında da onlarla mədəniyyət evi, kitabxana və muzeylər əsaslı təmir olunmuş, yeniləri yaradılmışdır.

Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, “Nizami” kinoteatrında, Azərbaycan Dövlət Milli Dram və Mingəçevir Dövlət teatrlarında bərpa və yenidənqurma işləri, Bakı şəhərində Azərbaycan Xalça Muzeyinin yeni binasının tikintisi, Qobustan Dövlət Tarix-Bədii Qoruğunun muzey və inzibati binasının inşası və ətraf sahənin abadlaşdırılması aparılır, M.F.Axundov adına Milli Kitabxananın və Gəncə Dövlət Filarmoniyasının layihələndirilməsi işləri başa çatdırılmaqdadır.

Respublikada gedən teatr prosesini canlandırmaq və yaradıcı kollektivlərin bədii axtarışlarına yardım etmək məqsədi ilə son iki ildə 196 yeni və əsaslı bərpa olunmuş tamaşa hazırlanmışdır. Cari ildə isə dövlət sifarişi ilə 40-a yaxın yeni tamaşanın hazırlanması nəzərdə tutulmuşdur.

Sizin sərəncamınızla təsdiq edilmiş kitabxana-informasiya şəbəkəsinin inkişafı üzrə dövlət proqramının icrası ilə əlaqədar bir sıra mərkəzi və regional kitabxanalarda veb- saytlar yaradılmış, Mərkəzi Uşaq Kitabxanasının nəzdində respublikada ilk “Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası” açılmışdır. Milli Kitabxana isə regionun nüfuzlu mərkəzinə çevrilmiş, 3 beynəlxalq səviyyəli tədbirin keçirilməsinə nail olmuşdur. Son 3 ildə respublikada muzeylərin şəbəkəsi xeyli inkişaf etmiş, 32 yeni müəssisə açılmışdır.

Mədəni irsin qorunması ilə əlaqədar, cənab Prezident, verdiyiniz tapşırıqlara əsasən son iki il ərzində ölkədə yerləşən abidələrin monitorinqi keçirilmiş, dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə yeni siyahısının layihəsi hazırlanmışdır. Son iki ildə “Atəşgah məbədi”, “Xınalıq”, “Keşikçidağ” və “Yanardağ” qoruqları yaradılmış, qədim Şəmkir və Göygöl şəhərlərinin tarixi hissəsinin qoruq elan edilməsi ilə bağlı artıq təkliflər təqdim olunmuşdur.

Kinematoqrafiya sahəsində bir sıra mühüm işlər görülmüşdür. Son iki ildə “Hökmdarın taleyi”, “Cavad xan”, “Qala”, “Xoş gördük, mələyim”, “40-cı qapı” adlı maraq doğuran yeni filmlər çəkilmişdir. Təqribən 10 film isə hazırda istehsal prosesinin ayrı-ayrı mərhələlərindən keçməkdədir. Bu müddət ərzində Azərbaycan filmləri 24 beynəlxalq kinofestivalda iştirak etmişdir.

2006–2008-ci illərdə nazirlik tərəfindən Azərbaycan mədəniyyəti və incəsənətinin, turizmin müxtəlif sahələrinə həsr olunmuş 100-dən çox kitab nəşr edilmişdir. Bu illər ərzində Azərbaycan kitabı 20-yə yaxın beynəlxalq sərgi-yarmarkanın iştirakçısı olmuşdur.

Cənab Prezident!

Turizm sənayesindən söhbət açaraq təkcə bir faktı qeyd etmək istərdim. 2008-ci ilin yekunlarına görə aparılan təhlillər göstərmişdir ki, dünyada baş verən ciddi maliyyə böhranına baxmayaraq, Azərbaycana gələn xarici turistlərin sayı 2008-ci ildə 2007-ci ilə nisbətən 39,4 faiz artaraq 1 milyon 400 mini aşmışdır. Bu gün respublikada 230 turizm şirkəti, 370 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən ilin yekunlarının təhlilinə görə mehmanxanaların sayı 2008-ci ildə 2007-ci ilə nisbətən 16,9 faiz artmışdır. Hazırda ölkəmizdə daha 35 mehmanxana binası inşa edilməkdədir.

Bu göstəricilər, cənab Prezident, Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf sahəsində aparılan uğurlu siyasətin, regionlara göstərilən diqqətin, yaradılan infrastrukturun, turizmin yüksəlişinə verilən xüsusi önəmin sayəsində mümkün olmuşdur.

Birləşmiş Millətlər Təşkilatının, Dünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının Bakı şəhərində keçirilmiş 49-cu iclası zamanı təşkilatın təmsilçiləri ilə yanaşı, tədbirdə iştirak edən 32 ölkənin nümayəndələri də Azərbaycan turizminin sürətli inkişafını xüsusi vurğulamışlar.

Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə 2009-cu ilin birinci rübü ərzində 7 beynəlxalq turizm sərgisində iştirak etmişik. “CNN” və “EuroNews” kimi dünyanın məşhur telekanallarında Azərbaycanın turizm imkanları haqqında reklam çarxlarının nümayiş etdirilməsi artıq ənənəyə çevrilmişdir.

Hörmətli müşavirə iştirakçıları!

Bildiyiniz kimi, möhtərəm Prezidentin şəxsi tapşırığı ilə Qusar rayonunun dağlıq ərazisində müasir tipli möhtəşəm “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yaradılmasına başlanmışdır. Üç ilə yaxındır ki, Azərbaycan, Avstriya, Almaniya və İsveçrə şirkətləri bununla bağlı müxtəlif layihələndirmə, o cümlədən memarlıq-planlaşdırma, texniki-iqtisadi əsaslandırma, mühəndis-axtarış, iqlim ölçüləri və geoloji kəşfiyyat işləri aparmış və tamamlamışlar.

2009-2011-ci illərdə otelin, şəhərciyin mərkəzi meydanın, 2 əsas qaldırıcı qurğu stansiyasının tikilməsi, 8 qaldırıcı qurğunun və süni qar istehsal edən avadanlıqların quraşdırılması, daxili yolların, infrastruktur sistemlərinin yaradılması nəzərdə tutulur. Artıq təyinat yerinə kommunikasiya xətlərinin çəkilməsinin layihələndirilməsi işlərinə başlanmışdır.

Maliyyə üzrə statistikanın müqayisəsi dövlətin sahəyə xüsusi diqqət yetirdiyini aydın əks etdirir. 2009-cu ildə mədəniyyət və turizm sahəsinə keçən ilə nisbətən dövlət büdcəsindən 11,7 faiz çox vəsait ayrılmışdır. 2006-cı ilə nisbətən 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi üzrə büdcə xərcləri 3,7 dəfə artmışdır. Təmir-bərpa və layihələndirmə işləri üçün isə investisiya xərclərinin həcmi 8 dəfə çoxalmışdır.

Cənab Prezident, mədəniyyət və turizm sahəsində hələ də həllini gözləyən məsələlər mövcuddur. Məsələn, bu gün teatr binalarının əksəriyyəti müasir standartlara uyğun şəkildə təmir olunsa da, tamaşaçı kütləsini teatrlarımıza yaxından cəlb etmək üçün yüksək səviyyəli, müasir tamaşalar yaradılmalıdır. Bunun üçün ciddi çalışmalı, teatr sənətimizin keçmiş şöhrətini bərpa etməliyik. Tarix və mədəniyyət sərvətlərinin etibarlı şəkildə qorunması, mühafizəçilərin sayının artırılması, qoruq zonalarda torpaqların qanunsuz istifadəsinə son qoyulması da günün zəruri məsələlərindəndir.

Respublikada fəaliyyət göstərən və inşa olunan Heydər Əliyev muzey və mərkəzlərinin tərbiyəvi təsirinin təkmilləşdirilməsi Azərbaycanın gələcəyi naminə zəruri fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir.

Ölkədə kino-yayım şəbəkəsinin yaradılması və kino sənətinə aid ixtisaslar üzrə kadrların hazırlanması problemi də üzə çıxmışdır. Teatr və musiqi sahələrində də kadr problemlərinin üzərində ciddi iş aparmalıyıq.

Ölkədə turizmin inkişafını daha da sürətləndirə biləcək “Turizmin inkişaf Proqramı”nın qəbul olunması, Azərbaycanın turizm sahəsində yeganə ali məktəb olan və Avropa diplomları təqdim edən Turizm İnstitutunun genişləndirilməsi də vacib məsələlərdəndir.

Möhtərəm cənab Prezident, Azərbaycanın mədəniyyət və turizm ictimaiyyəti Sizin tələbkarlığınızın, ciddi münasibətinizin mənasını dərindən dərk edir. Bir daha Sizi əmin edirik ki, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün biz daha qətiyyətlə çalışacaq, mədəniyyətimizin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, yeni-yeni uğurlu yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması və turizmin inkişafı istiqamətində genişmiqyaslı proqramları, verdiyiniz bütün göstəriş və tapşırıqları yerinə yetirəcəyik.

Diqqətinizə görə çox sağ olun.

 

 

Azərbaycan.-2009.-23 aprel.-S.3.