Axtarışlar tükənmir, arzular bitmir

 

Tanınmış teleradio jurnalisti Telman Qarayevin şəxsi arxivi az qala bir kafedranın işini görür

 

Görkəmli hind yazıçısı R.Taqorun belə bir kəlamı var: "Əgər Günəşi gözdən qaçırdın deyə göz yaşı töksən, ulduzları da gözdən qaçıracaqsan". Zaman-zaman həyatın, dünyanın bizə öyrətdiyi çox şey var. İnsanın bir qənaəti də budur ki, Yaradan daha çox dözümlü sandığı, iradəsinə, mətinliyinə güvəndiyi bəndələrini sınağa çəkir. Belə bir qismət tanınmış qələm sahibi, respublikanın əməkdar jurnalisti, dostumuz, sirdaşımız Telman Qarayevin də alnına yazılıbmış. Amma nə yaxşı ki zəhmətsevərliyinə örnək kimi baxdığımız Telman müəllim əvvəlki həvəs və enerjisi üstündə köklənib, işləməyi ilə də bizlərə nümunə oldu. Ümumiyyətlə, qələm dostumuzun, həmkarımızın yaxşı mənada həsəd, heyrət doğuran cəhətləri çoxdur və biri də həyatının 75 il çərçivəsinə sığmayan zənginliyidir.

Telman Qarayev əsl sənət məkanına qovuşmaq üçün uzun illər jurnalistikanın həndəvərində dolaşmayıb. Yaradıcılıq aləmində ilk gündən özünü təsdiqləyib. Ən qatı opponentlərini də özünün istedadı və savadı ilə hesablaşmağa məcbur eləyib. Telman Qarayev kimi adamlar haqqında el arasında deyirlər ki, "dincliyi də zəhmət gətirəndir". Yəni belələri harada olsa, axtarıb özünə məşğuliyyət tapır, boş dayana bilmir. Azərbaycan Radiosunda bir yerdə işlədiyimiz vaxtlarda fasilə zamanı kimi nərd, ya domino oynamağa, kimi də çayxanaya qaçardı. Telman müəllimi isə həmişə fonetekada köhnə lentlərin arasında tapardıq. Yorulmaq bilmədən saatlarla nəyi isə axtarardı. Üzünə məmnunluq ifadəsi gələndə bilirdik ki, istədiyini tapıb. Hansısa verilişin içində səsləndirəcəyi iki dəqiqəlik çıxış, ya ifa üçün lazım gəlsə, lap iyirmi saatından da keçirdi. Sənətə, efirə, dinləyiciyə hörməti xatirinə.

Telman Qarayev qəzetdə fəaliyyətə başlayıb, Azərbaycan Televiziyasında baş redaktor olub, hər iki məkanda da yaxşı cəhətləri ilə - yaradıcı, daim axtarışda olan insan kimi tanınıb. Amma hamının fikri belədir ki, o, necə deyərlər, yaranışdan radionun boyuna biçilmiş jurnalistdir. Əslində bu sözlərdə çox böyük həqiqət var. Telman müəllim nədən danışır-danışsın, səlist, rəvan danışığı, aydın diksiyası ilə dinləyicini elə ilk andan təsiri altına alır. Bu səs neçə illər boyu ətrafına minlərlə pərəstişkar yığıb, indi də ünvanına gələn dinləyici məktublarının arası kəsilmir.

Telman Qarayevin jurnalist kimi nüfuzunu artıran amillərdən biri də budur ki, ötəri mövzulardan həmişə uzaq olub. Dövrün nəbzini tutub, zamanla ayaqlaşıb, nədən və necə yazmaq sualı qarşısında heç vaxt tutulub qalmayıb. Baş redaktor olanda da efirin ən ağır fəhləliyini hər məqamda məmnuniyyətlə boynuna götürüb. Həmişə özünə, səhhətinə, sağlamlığına, şəxsi qayğılarına qarşı biganə olan bu insan nə yaxşı ki, yaradıcılıq nümunələrini qoruyub saxlayıb.

Telman Qarayevin şəxsi arxivində heç yerdə rast gələ bilməyəcəyimiz nadir səs nümunələri, çox qiymətli ifalar var. Onun saxlancında neçə on illər əvvəl müxtəlif mötəbər tədbirlərdən hazırlanan verilişlər, Ü.Hacıbəyli, D.Şostakoviç, Q.Qarayev, F.Əmirov, Niyazi, S.Ələsgərov kimi korifeylərlə aparılan söhbətlər, ifalar hifz edilir. Həmin nümunələrin sayı beş mindən artıqdır. Onların təkcə yazılışı, köçürülməsi, üst-üstə montajı neçə-neçə illər çəkilən zəhmətin bəhrəsidir.

Burada hansı mövzuya aid desən, material taparsan. Vaxtilə Baykal-Amur magistralının tikintisinə gedib reportajlar hazırlamışdı. İnşaat işlərində fəal iştirak edən azərbaycanlı balaları ilə çəkdirdiyi şəkillər, onların çıxışları olan lentlər ayrıca guşədə saxlanılır.

1990-cı ilin 20 Yanvar hadisələri zamanı Telman Qarayev gülləborandan qaçan nə qədər adama evində sığınacaq vermiş, eyni zamanda həm evdə, həm küçədə, birbaşa hadisələrin içində təşvişdə olan o insanların hiss-həyəcanlarını, vətənpərvərlik duyğularını lentlərin yaddaşına köçürüb. Sonralar 20 Yanvarın ildönümündə veriliş hazırlayan həmkarlarının əksəriyyəti bu mənbədən istifadə edirdi. Hamımız şahidiyik, Telman müəllim valideynlərinə baş çəkmək üçün iki günlüyə rayona gedirdi. Qayıdanda özü demiş, xeyli material gətirirdi. Yazdıqları da bir qayda olaraq hərbçilər, torpağın müdafiəçiləri, sadə adamlar olardı.

Telman Qarayev üçün heç vaxt mövzu məhdudiyyəti olmayıb. Geniş dünyagörüşü ona istənilən auditoriyada yüksək səviyyədə unudulmaz verilişlər hazırlayıb. Amma muğam, xalq yaradıcılığı, musiqi ilə bağlı mövzuları özünə həmişə bir köynək yaxın sayıb. Məşhur "Xarı bülbül" festivalının mahir aparıcısı kimi hələ də çoxlarının xatirindədir. Bir dəfə Qədir Rüstəmova dedim ki, Ağdamın şəhər stadionunda festivalda açıq havada çıxışın ən bənzərsiz ifalardan biri idi. Fikrimi təsdiqlədi və dedi ki, bu öz hünərim deyil, Telman məni o cür kökləyib səhnəyə çıxardı, onun xidmətidir.

Yadıma başqa məqam düşdü. Xəstə vaxtı hamı ilə ünsiyyətdən qaçan Rəşid Behbudov yalnız Telman Qarayevlə görüşüb ona müsahibə vermişdi. Şövkət Ələkbərova da son ürək sözlərini ona bildirməyi arzulamışdı. Telman müəllim öz istedadı ilə bu təsirli səhnələrə elə bir yanğı qatmışdı ki, efirdən qulaq asan ən laqeyd adamı da kövrəldərdi. Fatma Mehrəliyeva psixoloji sarsıntı keçirmişdi, ətraf aləmlə təmasdan qaçırdı. O vaxt televiziyadan görkəmli müğənni haqqında nəsə çəkmək istəmişdilər. Fatma xanım demişdi ki, yalnız Telman Qarayev gəldiyi halda baş tuta bilər. Telman müəllim İçərişəhərin küçələri ilə həzin bir hekayə danışa-danışa getdi və verilişi-müsahibəni də özü hazırladı. Böyük əks-səda yaradan o veriliş indi də baxanların yaddaşındadır.

Telman Qarayev nədən yazır-yazsın, onun yaradıcılığının bir qütbündə peşəkarlığı dayanıb, digər tərəfində özünün vətəndaş obrazı aydın görünüb. Xalqına, vətəninə, milli dəyərlərə, dövlətçiliyə olan sevgisi həmişə özünü büruzə verib. 75 yaşında da əvvəlki həvəsi yerindədir. Çatışmayan bircə gözlərinin nurudur ki, Telman müəllim onu da ürəyinin işığı ilə əvəz edib. Yenə yazır-yaradır. İnformasiya vasitələri ilə sıx əlaqə saxlayır. Arxivinin qiymətli materiallarının bir qismini kitab şəklində çapa hazırlayır. Səsi yenə də hər həftə radionun dalğalarından eşidilir. Bunun üçün Azərbaycan Teleradio Verilişləri QSC-nin rəhbərliyinə minnətdarlığını bildirir. Özü də sağ olsun ki, əhəmiyyəti heç vaxt azalmayan, dəyərdən düşməyən verilişləri fonotekada çoxdur və bunlar da efirə ancaq hörmət gətirir.

Telman Qarayev öz yaradıcılığı ilə məktəb səviyyəsində duran jurnalistdir. Bu fikirlər yazıçılar Elçinin, Anarın, akademik Bəkir Nəbiyevin, neçə-neçə millət vəkilinin, digər tanınmış şəxsiyyətlərin onun haqqında dediklərində öz əksini tapıb. Telman müəllim tərifdən, təmənnadan yenə uzaqdır. Dilinə gətirməsə də, ehtiyacı, problemi, haqlı umacağı az deyil. Yeni layihələri, planları, ideyaları var. Ciddi kömək olmadan bunları reallaşdırmaq mümkün deyil. Bu istedadlı insanın, gözəl jurnalistin 75 yaşı tamam olur. Təbriklərimiz, xoş arzularımız öz yerində. Telman müəllimin Azərbaycan Radiosunda açdığı və özü apardığı verilişlərdən biri "Borc" adlanırdı. Burada yüksək insani dəyərlərdən, vətən, xalq, o cümlədən insan kimi bir-birimiz qarşısında olan borcdan söz açırdı.

Bu məqam təsadüfən yadıma düşmədi. 50 il jurnalistikada çalışan, özü də məhsuldar işləyən, şərəflə xidmət edən bu adam 2006-cı ildən dünya işığına həsrətdir. Çox maraqlıdır, qapalı həyata məhkum olduğu bu son illər ərzində daha çox yazıb-yaradır. Təbii ki, daha çox zəhmət, əziyyət hesabına. Onlarca qəzetlə əməkdaşlıq edir və biri də deyə bilməz ki, nə vaxtsa müəllif özü haqqında söhbət salıb. Halbuki xalqa, oxucuya, dinləyiciyə təqdim etdiyi materialların minnətini hər bir mətbuat orqanı məmuniyyətlə çəkir.

Telman müəllim Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının üzvüdür. Hazırda üç kitab üzərində işləyir. Demək olar ki, yekunlaşdırmaq üzrədir. Qalır çap məsələsi. Odur ki, bu məqamda bir müdrik kəlamı xatırlatmaq istərdim: "Xeyirxaha kömək etmək, xeyirxah olmaq deməkdir".

 

 

Bəxtiyar BƏXTİYAROV,

Azərbaycan Televiziya və

Radio Verilişləri QSC

"Tədris və Elmi-Kütləvi

Proqramlar" redaksiyası

baş redaktorunun müavini

 

Azərbaycan. - 2009.- 2 avqust.- S. 4.