Ağdamlılar dövlət başçısına minnətdardırlar

 

Xəbər verildiyi kimi, avqustun 6-da "Qarabağ" futbol komandası Avropa Liqası turnirinin üçüncü təsnifat mərhələsində Bakıda Finlandiyanın "Honka" komandasına 2:1 hesabı ilə qalib gələrək xalqımıza daha bir qələbə sevinci yaşatmışdır. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovla telefonla danışmış, "Qarabağ" komandasını Finlandiyanın "Honka" komandasını məğlubiyyətə uğradaraq avroliqanın 4-cü mərhələsinə çıxması münasibətilə təbrik etmişdir. Dövlət başçısının bu diqqət və qayğısı ağdamlılar tərəfindən minnətdarlıqla qarşılanmış, onlarda qürur və ruh yüksəkliyi yaratmışdır. Bununla bağlı Ağdam rayonunun ictimaiyyəti ölkə rəhbərinə müraciət ünvanlamışdır. Müraciətdə deyilir:

Möhtərəm Prezident!

Siz ulu öndərimiz Heydər Əliyevin tarixin sərt sınaqlarından həmişə qalib çıxmış siyasi kursunu bu gün daha böyük yaradıcılıq əzmi ilə, qətiyyətlə davam etdirir, müstəqil respublikamızı parlaq gələcəyə doğru inamla aparırsınız. Müstəqilliyimizin əbədi və möhkəm olması, milli dövlətçiliyimizin inkişafı, ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrətinin daha da artması, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda ardıcıl və məqsədyönlü fəaliyyətiniz nəticəsində bu gün Azərbaycan çiçəklənir, inkişaf edir. İftixar hissi ilə qeyd etməyi vacib bilirik ki, ölkəmiz regionda iqtisadi cəhətdən lider dövlətə çevrilmişdir.

Siz çoxşaxəli, gərgin fəaliyyətinizdə qaçqın və məcburi köçkünləri, xüsusilə biz ağdamlıları heç vaxt unutmur, problemlərimizin həllini daim diqqət mərkəzində saxlayırsınız. Məhz bu böyük diqqət və qayğının nəticəsidir ki, ərazisinin 77,6 faizi işğal olunmasına, əhalisinin 138 min nəfərdən çoxu köçkün olmasına baxmayaraq, Ağdam, ağdamlılar yaşayır, işləyir, bütün sahələrdə uğurlar əldə edirlər. Sizin 2007-2008-ci illərdə üç dəfə Ağdama tarixi səfərlər etməyiniz, Ağdamın sosial-iqtisadi inkişafı naminə mühüm tədbirlər görməyiniz rayonumuzun tarixinə, vətənpərvər ağdamlıların qəlbinə əbədi həkk olunmuşdur.

Sizin bütün sahələrdə olduğu kimi, ölkəmizdə idmanın inkişaf etdirilməsi üçün gördüyünüz işlər, həyata keçirdiyiniz tədbirlər, imzaladığınız fərman və sərəncamlar hamımızı sevindirir. Fəxrlə bildiririk ki, Azərbaycan idmançılarının əfsanəvi qələbələrində ağdamlı idmançıların da öz töhfəsi var. Bu baxımdan ulu Qarabağımızın adını daşıyan "Qarabağ" futbol komandasının son illər əldə etdiyi uğurlar Sizin Ağdama böyük diqqət və qayğınızla bağlıdır. O böyük qayğıya cavab olaraq daha böyük uğurlar naminə gecə-gündüz təlim keçən, hazırlaşan "Qarabağ" komandası bu il Azərbaycan kubokunu qazandı və hazırda Avropa kuboku uğrunda keçirilən beynəlxalq futbol yarışlarında uğurla çıxış edərək futbolsevərlərimizi ürəkdən sevindirir.

Möhtərəm Prezident!

Sizin 7 avqust 2009-cu il tarixdə "Qarabağ" futbol komandasını uğurlar qazanması münasibəti ilə təbrik etməyiniz komandamızı daha əzmlə, daha inamla, yalnız qələbələr naminə mübarizə aparmağa ruhlandırmışdır. Bu sevinc, bu böyük qayğınız bütün ağdamlıların qəlbini iftixar hissi ilə doldurmuş və buna görə biz ağdamlılar Sizə dərin minnətdarlığımızı bildirir, cansağlığı, uzun ömür, şərəfli fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq.

Biz həmişə Sizinləyik!

Tanrı köməyiniz olsun!

 

 

Ağdam rayonunun ictimaiyyəti

 

7 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 8 avqust.- S.1.