İlin birinci yarısında görülmüş işlər Baş Prokurorluğun geniş əməliyyat müşavirəsində müzakirə edilmişdir

 

Avqustun 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2009-cu ilin birinci yarısında "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və həmin məsələnin bölgə yığıncaqlarında müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasəti nəticəsində 2009-cu ilin birinci yarısında ölkə həyatının bütün sahələrində inkişaf davam etmiş və Vətənimizin iqtisadi qüdrəti daha da möhkəmləndirilmişdir. Azərbaycanın və hər bir regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi yolunda inamlı addımlar atılmış, keyfiyyətcə yeni inkişaf mərhələsinə qaldırılan hərtərəfli islahatlar və yeniləşmə prosesləri dönməz xarakter almış, ölkəmizin dünya dövlətləri birliyində və bölgədəki rolu əhəmiyyətli dərəcədə artmışdır.

Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Azərbaycan Prezidentinin nitqində qaldırılan məsələləri diqqətə çatdıran Baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişaf etdiyini, bu ilin birinci yarısında ümumi daxili məhsulun 3,6 faizlik artımına nail olunduğunu, qeyri-neft sektorunda artımın 4,1 faiz təşkil etdiyini, iqtisadiyyatımızın gələcəyinin neft amilindən daha az asılı olduğunu xüsusi vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, 2009-cu ilin birinci yarısında Azərbaycan Prokurorluğu orqanları tərəfindən digər hüquq-mühafizə, məhkəmə və ədliyyə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə bir sıra məqsədyönlü tədbirlərin görülməsi təmin edilmişdir.

Digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsidir ki, 2009-cu ilin birinci yarısında əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, dələduzluq, quldurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, adamların girov götürülməsi kimi cinayətlər, ümumiyyətlə, qeydə alınmamış, törədilmiş 11.180 cinayətin təxminən 86 faizinin açılması təmin edilmişdir.

Mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunur. Bu sahədə ixtisaslaşdırılmış qurum olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2009-cu ilin birinci yarısında rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 99 şəxs barəsində 55 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Prokurorluğun istintaq fəaliyyətinin daha da təkmilləşdirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, dövlət ittihamının müdafiəsi sahəsində işin səmərəli təşkili ilə əlaqədar görülmüş tədbirlər, "Prokurorluq haqqında" qanunla müəyyənləşdirilmiş digər fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, prokurorluğun işində aşkarlığın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər də öz müsbət nəticələrini vermişdir.

Xüsusi vurğulanmışdır ki, vətəndaşların müraciətlərinə baxılması sahəsində yeni informasiya texnologiyalarının tətbiqi və tam yeni məzmunlu normativ hüquqi bazanın formalaşdırılması, "Qaynar xətt" əlaqə mərkəzi və Azərbaycan Prokurorluğunun veb saytı vasitəsilə Baş Prokurorluğun rəhbərliyinə birbaşa müraciət etmək imkanlarının yaradılması kimi tədbirlər öz müsbət nəticələrini vermiş, "Qaynar xətt" əlaqə mərkəzinin yaradıldığı 2005-ci ildə vətəndaşlardan 860 müraciət daxil olduğu halda, hesabat dövründə bu göstəricinin 38-ə qədər azalması vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin təşkili sahəsində həyata keçirilən islahatların səmərəliliyinin əyani sübutu olmuşdur.

Qüvvədə olan qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq 2009-cu ildə 60 ştat vahidi üzrə elan edilmiş prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində, şəffaf prosedurlarla, hökumət və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə Baş Prokurorluğun müsabiqə komissiyasına və əlaqədar struktur qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Milli Məclisinin "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" 2009-cu il 17 mart tarixli qərarının və həmin qərarın icrası ilə əlaqədar verilmiş Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinin yerinə yetirilməsi istiqamətində prokurorluq orqanları tərəfindən görülən işlər müsbət qiymətləndirilməklə bu sahədə fərqlənən əməkdaşların əməyinin qiymətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilmişdir.

Qeyd edilmişdir ki, "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanının və onun icrası qaydasında verilmiş Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinə qeyd-şərtsiz əməl edilməklə korrupsiya hüquqpozmalarına qarşı kəsərli mübarizənin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Keçiriləcək yoxlamalar üzərində çox ciddi nəzarət mexanizminin yaradılması, sui-istifadə hallarını istisna edəcək prinsipiallıq şəraitinin formalaşdırılması təmin olunmalıdır. Bu məsələ ilə əlaqədar qarşıda duran əsas vəzifələr dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı zəruri tələblər səviyyəsində kəsərli mübarizə aparılması, qeyd olunan sahələrdə hüquqpozmalar barədə daxil olan hər bir müraciət üzrə hərtərəfli, obyektiv və tam araşdırmaların həyata keçirilməsi yolu ilə qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, yoxlamaların təşkili və keçirilməsinə məsul olan prokurorluğun müvafiq qurumları və əməkdaşları tərəfindən sui-istifadə hallarına və qanunsuz hərəkətlərə yol verilməsinin qarşısının dərhal alınması, insan hüquq və azadlıqlarının hərtərəfli qorunması, yoxlamaların keçirilməsinin bütün mərhələlərində şəffaflığın təmin edilməsindən ibarət olmalıdır. Müşavirədə qeyd edilən fərmanın prokurorluq orqanlarında ətraflı öyrənilməsi və geniş əhali kütlələri arasında izahı istiqamətində görüləcək işlər barədə tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində, həmçinin cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar əldə edilmiş uğurlarla yanaşı, bu sahədə mövcud olan mənfi təzahürlərin aradan qaldırılması, artım meyili müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçiriləcək qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinin zəruriliyi vurğulanmışdır.

Nəzərə çatdırılmışdır ki, cari ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmişdir. Bölgə müşavirələrinin yeni məzmunda keçirilməsində əsas məqsəd, ilk növbədə, müzakirələrin tabe struktur qurumların bütün əməkdaşlarının iştirakı ilə aparılması, habelə bu sahədə işin təşkilinə görə Baş Prokurorluğun kollegiya üzvlərinin məsuliyyəti və fəallığının artırılması ilə əlaqədar olmuşdur. Baş prokurorun müavinlərinin, Baş Prokurorluğun kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Sabirabad, Şamaxı, Cəlilabad və Ağcabədi rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Tabe prokurorluqların bütün əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin həlli istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Diqqətə çatdırılmışdır ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə işinin səmərəliliyinin artırılması məqsədilə rayon və şəhər prokurorluqları digər hüquq-mühafizə orqanları ilə birlikdə artım meyili müşahidə olunan cinayətlərə qarşı qabaqlayıcı, məqsədyönlü tədbirlərin daha da gücləndirilməsi, cari ildə və ötən illərdən bağlı qalan cinayətlərin açılması üçün aparılan zəruri əməliyyat-axtarış tədbirləri üzərində prokuror nəzarətinin günün tələbləri səviyyəsində həyata keçirilməsi, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olan məlumatların vaxtında qəbulu, qeydə alınması və həlli zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinə dönmədən əməl olunması, cinayətlərin uçotdan gizlədilməsi hallarına qarşı barışmaz mübarizə aparılması, belə qanun pozuntularına yol verən, xüsusilə də əsassız və qanunsuz yoxlamalar aparılmasına cəhd edən işçilər barəsində ən qəti və kəsərli tədbirlərin görülməsi, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyin keyfiyyətinin yüksəldilməsi, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün kəsərli tədbirlərin görülməsi təmin edilməlidir.

Prokurorluq orqanlarının fəaliyyətində mövcud olan mənfi təzahürlərə qarşı aparılan prinsipial mübarizənin nəticəsi olaraq hesabat dövründə müxtəlif pozuntulara və qanunsuzluqlara yol verən 23 prokurorluq əməkdaşının intizam qaydasında cəzalandırılması, o cümlədən 2 əməkdaşın prokurorluq orqanlarından xaric olunması diqqətə çatdırılmaqla xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün zəruri tədbirlərin görülməsi bütün tabe prokurorlardan tələb edilmişdir.

Azərbaycan Prezidentinin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın prokurorluğun tarixində yeni təkmilləşmə, inkişaf və hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyduğu vurğulanmaqla prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində vəzifələrin yerinə yetirilməsi üzrə konkret tədbirlər müəyyənləşdirilmiş, bu istiqamətdə görülən işlərin vəziyyətinin cari ilin sentyabrında Baş Prokurorluğun kollegiyasında müzakirəyə çıxarılması qərara alınmışdır.

2009-cu ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən ətraflı məlumat verilmiş, Baş Prokurorluğun kollegiya üzvləri - Təşkilat-analitik idarənin rəisi Əzizağa Həsənov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi İlqar Cəfərov çıxış etmişlər.

Əməliyyat müşavirəsində belə bir inam ifadə olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini qətiyyətlə dəstəkləyən, öz əməli fəaliyyətləri ilə dövlətçilik ideyalarına sadiqliyini sübuta yetirən Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivi tərəfindən prokurorluğa ən yüksək səviyyədə göstərilən etimadı doğrultmaq, qanunun aliliyini, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı barışmaz mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlər görüləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 avqust.- S. 2.