Azərbaycan ilə Latviya arasındakı münasibətlər çox uğurla inkişaf edir

 

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Valdis Zatlersin avqustun 10-da rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Latviya Prezidenti Valdis Zatlersi və xanımı Lilita Zatlereni səmimiyyətlə qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.

Latviyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Valdis Zatlersə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 1.