İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssürat doğurmuşdur

 

Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere avqustun 12-də İçərişəhərlə tanış olmuşlar.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış idarənin fəaliyyətindən, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışmışdır.

Karvansarada çay süfrəsinə dəvət edilən qonaqlar burada Azərbaycan muğamlarını dinləmiş və onlara xatirə hədiyyələri təqdim edilmişdir.

Sonra ali qonaq İçərişəhərin baş planı, Bazar meydanı və Qız qalası ilə tanış olmuşdur. Ona Qız qalasının tarixi barədə ətraflı məlumat verilmişdir.

İçərişəhərlə tanışlıq Latviya Prezidentində və xanımında xoş təəssürat doğurmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 3.