Sumqayıtın iki əmək qəhrəmanı

 

Tale sənin əlində deyil, qızım!

 

Gülbahar evdə sonbeşik olduğuna görə xətrinə heç kim dəyməzdi. II Dünya müharibəsinin ağır illəri idi. O, anasına kömək edər, bütün günü yanında olardı. Axşamlar oturub cəbhəyə gedənlərin haqqında söhbət edərdilər. Kiminin öldüyünü, kimininsə itkin düşdüyünü danışardılar. Qoca nənəsi hər dəfə namaz qılandan sonra Gülbahar onun yanında oturardı. Nənə də nəvəsinə maraqlı söhbətlər edər, müxtəlif talelərdən danışardı. Şamaxıda orta məktəbdə oxuyan Gülbahar hər şeynən maraqlanardı. Qonşularında bir nəfər cəbhədən təxris olunmuşdu. Qolunun birini itirən həmin adam müharibədən, dəhşətli döyüşlərdən söhbət açardı. O, "əgər taleyində müharibədə ölmək yazılıbsa, səni heç bir qüvvə oradan sağ qurtara bilməz" deyərdi. Gülbahar anasına axşam qəflətən belə bir sual verdi:

- Ana, bizi taleyə bağlayan nədir ki?. Bəyəm hər kəs necə istəsə helə də yaşaya bilməz?

Anası xeyli duruxduqdan sonra sakit-sakit dilləndi:

-Yox, qızım. Tale sənin əlində deyil. Alın yazın istəsən də, istəməsən də səni ora aparacaq...

...Gülbahar xanımın gözləri doldu. Anam düz deyirmiş, - dedi. Orta təhsilimi bitirdikdən sonra üç rəfiqə söz verdik ki, təzə yaradılan şəhərlərdən birinə işləməyə gedək. Evlərindən özgə heç yeri görməyən rəfiqələri öz əllərində olmayan taleləri Sumqayıta gətirib çıxartdı.

 

Yeni həyatın başlanğıcı

 

- 1949-cu ilin ortalarında Sumqayıta gəldim,- Gülbahar xanım söhbətinə davam edir. - Şəhər bir neçə kiçik məhəllədən ibarət idi. İşləməyə gələnlər baraklarda yaşayırdılar. Məni 1 nömrəli Tikinti Trestinə işə götürdülər. Az bir vaxtda öz işi ilə hamının hörmətini qazanan Gülbaharı 5 nömrəli bağçaya tərbiyəçi müəllimə keçirirlər. Minlərlə gənc ailənin çalışdığı bu yeni yaradılan şəhərdə uşaqlara qayğı ilə yanaşması ona el məhəbbəti qazandırdı. Valideynlər eşidəndə ki bağçada növbətçi müəllimə Gülbahardı, inşaatçılar tələsmədən gələr, uşaqlarını alıb gedərdilər. O uşaqları tez-tez tikinti meydançalarına aparır, yeni salınan şəhərin yaranması barədə məlumatlar verirdi.

- O zaman Sumqayıtda həyat o qədər qaynayırdı ki, adam bu yüksəlişdən geri qalmamaq üçün gecə-gündüz çalışmaq istəyirdi. - Gülbahar xanım bildirir. - Bura mənim nəzərimdə əsl döyüş meydanı idi. Şəhərin elə bir ərazisi yox idi ki, orada iş getməsin. Yaşadıqlarım az qala bir nağıl idi, yeni həyatın başlandığı nağıl.

Onun həyat nağılının qəhrəmanı sağında, solunda dolanır, daim ona göz qoyurdu. Bir gün işdən çıxıb qaldığı yataqxanaya gedəndə...

- Mən də sən gedən tərəfə gedirəm dedim- Gülbahar xanımın həyat yoldaşı İmamverdi dayı bildirir. - Mən Sumqayıta Kəlbəcərdən gəlmişəm. Sözün düzü, əvvəllər çıxıb başqa yerə getmək istəyirdim. Lakin sonralar dərk etdim ki, bu şəhər mənim alın yazımdır.

1951-ci ilin martında Gülbaharla İmamverdinin toyunda bütün gənc sumqayıtlılar iştirak edirdi.

Gülbahar xanımın 5 övladı var - 4 oğlu və bir qızı. Onların hər biri indi ailə başçısıdır.

- Mənim üçün ailə qurduğum gündən yeni bir həyat başladı - Gülbahar xanım deyir.

- İmamverdi ilə əl-ələ verib mükəmməl bir həyat qurduq. Məncə hər kim olursan ol, dəxli yoxdu, ailən yoxsa, barsız ağac kimisən. Meyvən yoxsa sənə adi oduncaq kimi baxacaqlar.

 

İşləmək istəyirəm

 

Öz-özünə hər şeyi götür-qoy edir, gələcək haqqında çox düşünürdü. Uşaqlar böyüyür, elə bil evdə qalmaqdan yorulmuşdu. Onun arzuladığı gözəl günlərə doğru getməkdə idi. Yoldaşı İmamverdi bir gün ondan soruşdu:

- Ay qız, nə olub sənə? Niyə belə kədərli görünürsən?

Əlindəki işi saxlayıb, masaya yaxınlaşdı. Diqqətlə ərinin üzünə baxıb dedi:

- Mən işləmək istəyirəm, İmamverdi. Görürsən yeni şəhər salınır, binalar inşa olunur. Mən də istəyirəm öz əlimlə o tikintidə hansısa bir işi görüm.

Bir həftə sonra Gülbahar yenidən işə qayıdır. 1 nömrəli trestin 16 saylı tikinti idarəsində rəngsazlığa başlayır. Bir qədər sonra ona rəngsaz briqadası yaratmağı tapşırırlar. İşlədiyi idarədə ilk komsomolçu-gənclər briqadasını təşkil edir. Həmin briqada öz işi ilə digərlərinə nümunə olur. Trest qadınlar şurasının sədri olan Gülbahar işdən sonra gənc ailələrlə görüşür, onların problemlərinin həlli üçün lazımı təşkilatlar qarşısında məsələ qaldırır.

G.Vəliyevanın dedikləri:

- Elə bir məsələ olmazdı ki, biz qaldıraq, amma həll edilməsin; Yaşayış tərzindən tutmuş ev məsələlərinə qədər. Bəzən digər tikinti idarələri ilə keçirdiyimiz görüşlərdən sonra bir çoxları bizim idarəyə işləməyə gəlirdilər. İndiki şəhərin 5-ci məhəlləsində çalışırdım. Dedilər ki, səni Sumqayıt şəhər sovetinə deputat seçiblər. Onda məndən daha çox yoldaşlarım sevinirdi. Deyirdilər ki, sən bizim sözümüzü bizdən də yaxşı yuxarılara çatdıracaqsan.

 

Gənclər şəhərinin nümayəndəsi

 

1971-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilən Gülbahar Vəliyeva həmin ildə ilk dəfə ümummilli lider Heydər Əliyevlə görüşür. Həmin anları Gülbahar xanım belə xatırlayır:

- Bu o illər idi ki, ölkənin hər yerində bir canlanma əmələ gəlmişdi. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə həyatının bütün sahələrinə təsir etmişdi. Elə bil insanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa girmişdilər. Hər kəs vətənə öz köməyini etməyə çalışırdı.

Səhər təzə seçilən deputatları Heydər Əliyev qəbul etməli idi. Biz hamımız qapının ağzında dayanmışdıq. Birdən o özü otaqdan çıxaraq bizə yanaşdı. Hamı ilə bir-bir görüşdü. Mənə çatanda - "Siz haranın deputatısınız" - deyə soruşdu.

- Sumqayıtdan gəlmişəm - dedim. Əlimdən tutub üzünü toplaşanlara çevirərək dedi:

- "Bu xanım gənclər şəhəri olan Sumqayıtın nümayəndəsidir. Bu şəhər məhz gənclərin çiynində ərsəyə gəlib. Ona görə də biz sizə borcluyuq"...

Gülbahar xanımın gözləri doldu. Ayağa qalxıb çoxlu şəkil gətirdi. Hər hansı bir anı yaşadan bu şəkillər ötən günlərin ğayğılı xatirələri idi. Bir şəkli tapıb danışmağa başladı:

- Keçmiş sovet dönəmində dəfələrlə partiya iclaslarında, plenumlarda, qurultaylarda iştirak etmişəm. Bu şəkli Moskvada çəkdirmişik. O vaxtkı müttəfiq respublikaların hamısının nümayəndələrinin iştirak etdiyi qurultayda mən də vardım. Orada Heydər Əliyev çıxış etdi. Foyedə respublikamızdan olan nümayəndələr Heydər Əliyevin və Zərifə Əliyevanın başına yığışmışdı. Birdən Heydər Əliyev məni Zərifə xanıma göstərib dedi:

- Bu xanım sumqayıtlıdır. Zəhmətkeşdir, öz işini sevəndir. O həyatda hər şeyi zəhməti ilə qazanıb. Hər bir kəsin həyatı işıq zərrəsidir. İşıq zərrəsindən günəşə qədər olan yol çətindir, amma şərəflidir. Biz sizin kimi adamlarla fəxr edirik.

Sonra şəkil çəkdirmək məqamı yetişdi.

O əli ilə Zərifə xanımı yanına çağırdı və çevrilib mənə dedi:

- Vəliyeva, yaxın gəlin, bir yerdə şəkil çəkdirək. O illərdən xeyli zaman keçməsinə baxmayaraq, həmin anlar gözlərimin önündən getmir.

 

İki qəhrəman

 

Gülbahar və İmamverdi Vəliyevlərin hər ikisi qəhrəmandır desək səhv etmərik. İmamverdi dayı da Sumqayıtın ilk sakinlərindəndir. Şəhərə 1949-cu ilin martında gəlib. Alüminium trestində bənnalar briqadiri olub. Həmişə öndə olan İmamverdi Vəliyev III dərəcəli Şərəf , Lenin və Oktyabr inqilabı ordenləri ilə tətif edilib.

- Amma Gülbaharın ordenləri mənimkindən çoxdur - deyə İmamverdi dayı gülür. Sumqayıtın 55 illiyində Azərbaycan Prezidenti İlham Əliyev ona Şöhrət ordeni verdi. Bu gün azərbaycanlıların ən böyük uğuru odur ki, başçımız Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyevdir.

Onlarla söhbət etmək o qədər xoşdur ki, vaxtın necə keçdiyini bilmirsən. Uzun illərin yolçuları olan iki qəhrəmanın yaşlarının ahıl vaxtında bir-birinə göstərdikləri hörmət məni valeh etdi. Doğrudan da, halallıq üzərində qurulan nə varsa yadigardı - Gülbahar və İmamverdinin 50 ildən artıq birgə yaşadıqları ömür kimi.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2009.- 15 avqust.- S. 4.