Azərbaycan Teleradiosu sürətlə inkişaf edir yenilənir

 

Son üç il "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tarixində böyük yenidənqurma, müasirləşmə dövrü kimi qalacaqdır. Bu amillər həm teleradio kompleksinə daxil olan binaların görkəmində, həm də verilişlərin məzmun, forma və keyfiyyətində özünü göstərir.

Üç il əvvəl Azərbaycan Teleradiosunda başlanılmış əsaslı yenidənqurma işlərinin, köklü islahatların nəticələri göz önündədir. Bu islahatların nəticəsidir ki, burada hər addımda yeniliklə rastlaşırsan. Studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir avadanlıqla təchiz olunmuş montaj otaqları buradakı böyük yenidənqurmadan xəbər verir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin müavini Faiq Hüsiyev demişdir ki, Prezident İlham Əliyevin birbaşa diqqəti və qayğısı ilə QSC-də mərhələlərlə aparılan islahatların məqsədi Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçılara və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Qarşıya qoyulan əsas vəzifələr - köhnəlmiş avadanlığın yenisi ilə əvəz olunması, tədricən rəqəmsal və "lentsiz texnologiya"ya keçid, qeyri-xətti montaj və kompüter qrafikası stansiyalarının yaradılması, müasir proqram buraxılışı qurğularının quraşdırılması və s. işlər artıq başa çatdırılmışdır.

Əvvəlcə ikinci studiyanın avadanlığı yenilənmişdir. Burada beş kameralı avadanlıq quraşdırılmış və 2006-cı ilin sonunda istismara verilmişdir. Televiziya kompleksinin əsas texnoloji idarə sistemi olan mərkəzi aparat otağı ən müasir texnoloji avadanlıqla təchiz olunmuş, burada dörd proqram üçün nəzərdə tutulan rəqəmsal qurğular dəsti quraşdırılmışdır.

Televiziyada aparılan böyük yenidənqurma işlərindən biri də "Xəzər" studiyasına aiddir. Uzun illər diqqətdən kənarda qalmış bu studiya yüksək səviyyədə yenidən qurulmuşdur. İndi qaynar iş rejimində fəaliyyət göstərən studiya canlı yayımların, maraqlı proqramların məkanına çevrilmişdir. Studiyaların hamısında kompüterlə idarə olunan yeni müasir işıq sistemi quraşdırılmışdır. Dublyaj studiyası üçün ayrılan otaqlar təmir olunmuş, müvafiq avadanlıqla təmin edilmişdir.

İndi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dəki dəyişikliklər həm də verilişlərin məzmun və formatında özünü göstərir, yaradıcılıq imkanlarını artırır. 2007-ci ilin iyunundan bugünədək televiziyada 215 adda proqram və veriliş hazırlanmış, "Azəbaycantelefilm" Yaradıcılıq Birliyində 120 sənədli film çəkilmişdir.

Yenidənqurma işlərindən biri də "Xəbərlər" proqramına aiddir. Televiziyanın "Xəbərlər" İnformasiya Proqramları Studiyasının yeni "Xəbər otağı" müasir xəbərçilik standartlarına uyğunlaşdırılmışdır. Studiya xəbərin istehsalından tutmuş tamaşaçılara çatdırılmasına qədər bütün prosesi bir məkanda cəmləmişdir. Bu, xəbərlərin çevik istehsalına, tamaşaçılara daha çox informasiyanın çatdırılmasına imkan verir, vaxt itkisini aradan qaldırır, operativliyi təmin edir. Artıq "Xəbərlər" proqramı ölkə teleməkanında ön mövqedədir. "Xəbərlər" proqramının əməkdaşları dövlət tədbirlərini, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq proseslərini, cəmiyyətin aktual problemlərindən bəhs edən, günün nəbzinə uyğun süjetləri, xaricdəki müxbir məntəqələrinin, bölgə müxbirlərinin ötürdüyü informasiyaları, idman həyatındakı yenilikləri indi daha operativ və peşəkarlıqla tamaşaçılara çatdırır.

1975-ci ildə fəaliyyətə başlayan Teleteatrda indiyədək əsaslı təmir aparılmamışdır. Vaxtilə burada musiqili, habelə uşaq verilişləri çəkilmiş, həmçinin yubileylər, kitab təqdimatları keçirilmişdir.

YUNİSEF-in hər il uşaqlarla bağlı tədbirləri burada keçirilmiş və canlı yayımlanmışdır. Ulu öndər Heydər Əliyev də bu tədbirlərdə iştirak etmişdir. İndi Teleteatr da yenidən qurulur. 2007-ci ildən əsaslı təmirə dayanan Teleteatrda artıq son tamamlama işləri gedir, burada da ən müasir texniki avadanlıq, işıq sistemi quraşdırılır. Tezliklə studiya yeni görkəmdə çəkiliş meydanına çevriləcəkdir.

Verilişlərin daha yüksək səviyyədə hazırlanması üçün on dəst müasir qeyri-xətti montaj avadanlığı quraşdırılmışdır. Bu isə montaj olunan materialların birbaşa efir serverinə birləşdirilməsinə imkan yaratmışdır.

Səyyar Televiziya Stansiyası da (STS) təzələnmişdir. 2008-ci ildə 8 10 kameralı rəqəmsal avadanlıqla təchiz olunan Səyyar Televiziya Stansiyası alınmış, rəqəmsal avadanlıq kameralarla modernləşdirilmişdir. Bu STS-lər mühüm əhəmiyyətli tədbirlərin tamaşaçılara yüksək səviyyədə çatdırılmasına imkan verir.

2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalı idman ictimaiyyəti idmansevərlərə gözəl hədiyyə olmuşdur. Hər gün 12 saat yayımlanan bu kanalda dörd xəbər buraxılışı 10-dək orijinal veriliş təqdim edilir.

Artıq Azərbaycan radiosunda da islahatlara başlanılmış bu uğurla aparılır. Radioya da gənc kadrlar cəlb olunmuşdur.

İndi istər radio, istər televiziyada proqramlar az qala hər gün yeniləşir, təkmilləşir. Ekrana vəsiqə alan yeni verilişlərdə bütün təbəqədən olan tamaşaçıların marağı, mənəvi tələbatı nəzərə alınır. Ölkədə gedən ictimai-siyasi, iqtisadi mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlərin hazırlanması prioritet istiqamətlərdir.

"Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin ərazisi abadlaşdırılmışdır, fəvvarələr, dekorativ ağaclar, yaşıllıq zövq oxşayır. Yay pavilyonları təmir olunmuşdur. Təzə fəvvarə tikilmiş, işıqlandırma sistemi dəyişdirilmişdir.

"Kinoklub"un lentə alındığı məkan da orijinaldır. Studiya hovuzun üzərində yerləşir. Çəkiliş meydançası qeyri-standart tərtibatı ilə fərqlənir. Əsas binanın girişində 150 kvadratmetrlik sahə fəvvarə yenidən qurulmuşdur. Üç ildən az müddətdə 4 studiya əsaslı təmir olunmuş, ən müasir texnologiyalarla təmin edilmiş, studiyaların havalandırma işıq sistemi dəyişdirilmiş, yeni dekorasiyalar quraşdırılmışdır.

İndi Azərbaycan Teleradiosu olduqca geniş imkanlara malikdir. O, artıq inkişaf etmiş Qərb telestandartlarına uyğunlaşmaqdadır.

Sədr müavini F.Hüsiyev deyir: "Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin kollektivi olduqca yeni, müasir, gözəl şəraitinə, ümumilikdə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdardır. İslahatlar davam edir Azərbaycan Teleradiosu tezliklə tamaşaçılara dinləyicilərə bir sıra yeniliklərini təqdim edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 avqust.- S. 4.