Azərbaycanın Sərhəd Qoşunları: 90 illik çətin və şərəfli yol

 

Azərbaycanda Sərhəd Qoşunlarının yaradılmasının 90-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti avqustun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.

Sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül dəstəsi düzmüşlər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur vətən övladlarının xatirəsi anılmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuş, şəhid sərhədçilərin, o cümlədən Milli Qəhrəman Eldar Məmmədovun məzarı ziyarət edilmişdir.

Daha sonra Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında təntənəli mərasim keçirilmişdir.

Döyüş bayrağı sıra meydanına gətirilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edərək demişdir ki, bu təntənəli anlar təkcə sərhədçilər üçün deyil, qədim ənənələrə malik milli dövlətçilik tariximiz üçün çox əlamətdardır.

Çünki hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur. Bu hisslərin təməlində dahi öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sərhəd mühafizəsi strategiyası və Prezident, Ali Baş Komandan İlham Əliyevin sərhəd təhlükəsizliyi məsələlərinə göstərdiyi qayğısı durur. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirilən islahatlar, ölkədə mükəmməl və etibarlı sərhəd mühafizəsi infrastrukturunun yaradılması, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sayəsində Azərbaycan sərhəd mühafizəsi son illərdə sürətli inkişaf yolu keçmişdir. Bütün bu uğur və nailiyyətlərimizin arxasında daim əhatə olunduğumuz dövlət himayəsi, Azərbaycan sərhədçisinə olan inam və etibar durur. Cari il avqustun 14-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı sərəncamlarla əməkdaşlarımız ali hərbi rütbələrə layiq görülmüş, orden və medallarla təltif edilmişlər.

General-leytenant Elçin Quliyev bildirmişdir ki, müstəqillik illərində Azərbaycan ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən, bu sahədəki fəaliyyəti ilə dövlətimizin hərb salnaməsinə şanlı səhifələr yazan ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərmişdir. Ümummilli lider milli sərhəd siyasətimizin əsasını qoymuş, sərhəd strategiyamızı müəyyənləşdirmişdir.

Sərhəd məntəqələrinin müasir texniki avadanlıqla təchiz edildiyini deyən xidmətin rəisi vurğulamışdır ki, sərhədçilərin məişət şəraitinin yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin ixtisaslı kadrlarla komplektləşdirilməsi, zabit və gizirlərin peşəkar hazırlığının təmin edilməsi sahəsində də önəmli işlər görülməkdədir.

Şəxsi heyət adından Ali Baş Komandana minnətdarlığını bildirən Elçin Quliyev demişdir ki, Sərhəd Qoşunları ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanın müdafiəsi və daha da möhkəmlənməsi üçün xidməti borcunu bundan sonra da şərəflə yerinə yetirəcəkdir.

Gənc zabitlər sərhədçi andını içdikdən sonra orden və medalların təqdimatı olmuşdur.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dövlət sərhədinin mühafizəsi üzrə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıq göstərərək komandirlərinin və əsgər yoldaşlarının həyatını xilas etdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Sərhəd Qoşunlarının əsgəri Eltun İsgəndərova məxsus döş nişanı və vəsiqə onun atasına, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş leytenant Qorxmaz Həşimovun ordeni isə həyat yoldaşına verilmişdir.

Xidmətdə fərqlənmiş bir qrup sərhədçiyə də orden, medal və digər mükafatlar təqdim olunmuşdur.

Mərasimdə Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev iştirak etmişdir.

 

 

Azərbaycan.- 2009.- 19 avqust.- S.3.