Cəlilabadda fransız üzüm sortu

 

Bir neçə il bundan əvvəl Fransadan gələn mütəxəssislər Cəlilabadın torpaq sahələrini gəzdikdən sonra öz heyrətlərini gizlətmədilər. Buradakı şabalıdı torpağa, iqlim şəraitinə valeh olmuşdular. Onlardan biri torpağı ovcunda tutaraq səmaya boylanıb bu sözləri demişdi: "Belə torpaq və günəş olan yerdə dünyanın ən yaxşı üzüm sortunu yetişdirmək, ondan yaxşı şərab almaq olar."

Əslinə qalsa, Cəlilabadın özündə də üzümçülük və şərabçılığı bilən, ondan baş çıxaran peşəkarlar az deyil. Respublikanın əməkdar aqronomu Mikayıl Xubalıyev bu sahəni, necə deyərlər, beş barmağı kimi bilir. Lakin sovet dövründə vəziyyət tamam başqa idi. Hansı növ üzüm əkməyin lazım olduğunu yuxarılardan buyururdular. Aşağıların isə onu yerinə yetirməsi mütləq idi. Amma bir iş də var ki, yaxşı mütəxəssisə bütün dövrlərdə ehtiyac olmuş və olmaqdadır. Elə buna görə fransalı qonaqlar M.Xubalıyevlə söhbət apararkən onun yaxşı üzümçü olduğunu müəyyən etdilər. Öz şərabları ilə dünya şöhrəti qazanmış Fransanın "Kasdel" şirkətinin rəhbərləri onu öz vətənlərinə dəvət etdilər. M.Xubalıyev 2004 və 2005-ci illərdə Fransada olaraq, "Kaverne-Savinion", "Sirah", "Şardone", "Merlot" kimi məşhur üzüm sortlarının becərilməsi qaydalarını öyrəndi. 2004-cü ilin yanvar-fevral aylarında həmin sortların tingləri Cəlilabada gətirildi. Hazırlanmış sahələrdə fransız üsulu ilə əkin aparıldı. Bu işdə təcrübəli aqronom Fazil Əsədov və başqaları yaxından iştirak etdilər.

 Göstərdiyimiz üzüm sortları Fransada 4 ildən sonra bar verirsə, Cəlilabad torpağında 3-cü il məhsul verməyə başladı. Əcnəbi mütəxəssislər təəccüblənərək bunun səbəbini buradakı məhsuldar torpaq və bol günəş amili ilə əlaqələndirirlər.

2007-ci ilin mart ayında rayonda "Cəlilabad Şərab - 2" ASC yaradıldı. 290 hektar sahədə salınmış üzüm bağlarında yetişdirilmiş məhsulu emal etmək üçün Qarazəncir kəndində dünya standartlarına cavab verən zavod tikildi. Müəssisədə Fransa, İtaliya, Türkiyə, Rusiya, İngiltərə, Almaniya və digər ölkələrdə istehsal olunmuş avadanlıqlar quraşdırıldı. Hazırda burada 5 sex (üzüm qəbulu və süzmə, şərabın saxlanılması, konyak spirti çəkən, markalı şərablar və konyak spirti saxlama sexləri) fəaliyyət göstərir. Zavodda ideal səliqə-sahman var. 2007-2008-ci illərdə istehsal olunan şərablar paslanmayan dəmir çənlərdə xüsusi qurğular vasitəsilə ilin bütün fəsillərində 10-12 dərəcə sabit temperaturda saxlanılır. Elektrik enerjisinin kəsilə biləcəyi halda müəssisədəki generatorlar işə düşür.

Zavodun genişləndirilməsi sahəsində ardıcıllıqla iş aparılır. Bu sahədə "Cəlilabad Şərab-2" ASC-nin icraçı direktoru İlqar Həsənovun əməyi böyükdür. Məhz onun səyi nəticəsində cari ilin fevral ayında burada konyak spirti emalı sexi tikilmişdir. Hazır məhsulu saxlamaq üçün Ukraynadan müxtəlif həcmli 70 palıd çəllək alınıb gətirilmişdir. Həmin çəlləklər məhsulun keyfiyyətli olması üçün mühüm əhəmiyyət kəsb edir. Daha doğrusu, saxlanılan məhsula xüsusi dad və qoxu verir. 4-5 ildən sonra həmin spirtə müəyyən komponentlər qatılmaqla konyak alınacaq. Hazırda yeni mövsümə hazırlıqla əlaqədar paslanmayan dəmirdən olan daha 24 çən quraşdırılır, digər işlər görülür. İndi zavodda 45 belə çən var. Əvvəlki iki ilin məhsulu isə inişil quraşdırılmış çənlərdədir. Konyak spriti də elə bu məhsullardan hazırlanıb çəlləklərə doldurulur. Yaxın gələcəkdə həmin palıd çəlləklər zavodun həyətində tikilən yeraltı anbarda saxlanılacaq.

İndi zavodda kifayət qədər hazır süfrə şərabları var. 2008-ci ilin dekabr ayında Moskvanın Maqaraç Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun laboratoriyasında yoxlanılan Cəlilabad süfrə şərabları standartlara tam uyğun gəlmiş, habelə ekoloji tərkibinə görə müsbət rəy almışdır. Bundan başqa, dünya şöhrətli şərabçı alim Nikolay Mexuzla zavodda olmuş və hazırlanan şərabları yüksək qiymətləndirmişdir. Burada "Şardone" sortundan "Banu Çiçək","Kaverne-Savinion" sortundan "Qazan köşkü" və "Sirah" sortundan isə "Göytəpə" şərabları hazırlanır.

Rayonda üzümçülük sahəsində əvvəllər əldə olunmuş şöhrəti geri qaytarmaq üçün tədbirlər görülür. Hazırda Cəlilabadda 1500 hektardan çox üzüm bağları vardır ki, onun da 600 hektarı məhsuldardır. 2009-cu ildə 50 hektarda yeni bağ salınmışdır. Keçən il 1720 ton məhsul istehsal olunmuşdur. Mütəxəssislərin dediyinə görə, bu il bağlardan 3 min ton məhsul gözlənilir. Üzümlüklərin ilbəil genişləndirilməsi yeni iş yerlərinin açılmasına, ailələrin gün-güzəranının yaxşılaşmasına müsbət təsir göstərir. Üzüm bağlarında ilboyu 1200 nəfərdən çox işçi çalışır.

Bəli, Cəlilabadda aparılan tikinti, quruculuq, abadlıq işləri ilə yanaşı, aqrar sahə, onun bir qolu olan üzümçülük də sürətlə inkişaf etdirilir. Hazırda bağlardan süfrə üzümü yığılıb müxtəlif ünvanlara göndərilir. Bir azdan isə texniki sortların tədarükünə başlanılacaq. Rayonda istehsal olunan keyfiyyətli şərablar çox çəkməyəcək, dünya bazarında öz layiqli yerini tutacaq.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2009.- 19 avqust.- S. 5.