Qəbələdə Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilmişdir

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı davam edir. Festivalda müxtəlif ölkələrdən dəvət olunmuş virtuoz pianoçular öz məharətlərini nümayiş etdirirlər. Festival çərçivəsində artıq üç gündür ki, Qəbələ rayon mədəniyyət evində gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirilir. Avqustun 17-də müsabiqənin II turuna start verilmişdir. Tura avqustun 18-də yekun vurulacaqdır. Avqustun 19-da müsabiqənin final mərhələsi keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.

Avqustun 17-də isə axşam saat 21-də, musiqi festivalının proqramına uyğun olaraq, Qəbələdəki "Qafqaz Resort" otelinin qarşısında açıq havada dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert olmuşdur. Əvvəlcə Müslüm Maqomayevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə qeyd olunmuşdur ki, avqustun 17-si dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin doğum günüdür. Təkrarolunmaz bariton səsi ilə səhnələri fəth edən Müslüm Maqomayev Azərbaycan mədəniyyətini, musiqisini dünyaya tanıtmışdır.

Xatırladaq ki, avqustun 20-də pianoçularun qala konserti olacaqdır. Ayın 21-də isə Mənsum İbrahimov, Aygün Bayramova, Elçin Həşimov və Elnur Əhmədovun iştirakı ilə muğam axşamı təşkil ediləcəkdir. Festivalın təntənəli bağlanışı avqustun 22- olacaqdır.

 

 

Azərbaycan.- 2009.- 19 avqust.- S. 5.