Reproduktiv sağlamlığa dair "dəyirmi masa"

 

Avqustun 25-də Milli Məclisin Sosial siyasət komitəsi, "Lider Qadınlar" İctimai Birliyi, "Demokratik İnkişaf İnstitutu" İctimai Birliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən ACQUİRE Reproduktiv Sağlamlıq/Ailə Planlaşdırılması Layihəsinin təşkilatçılığı ilə "Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması haqqında Qanun və Azərbaycanda döş vəzi və uşaqlıq boynu xərçənginin vəziyyəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Milli Məclisin deputatları Məlahət Həsənova, Gültəkin Hacıbəyli çıxış edərək bildirmişlər ki, hazırda dünyada ən vacib məsələlərdən biri reproduktiv sağlamlığın qorunmasıdır, çünki bu, təkcə ana sağlamlığı deyil, ailənin, cəmiyyətin sağlamlığıdır.

Bildirilmişdir ki, tədbirin məqsədi reproduktiv sağlamlığın əsas problemlərindən olan döş vəzi və uşaqlıq boynu xərçənginin yaranma səbəblərini müzakirə etməkdir.

Tədbirdə ölkəmizdə səhiyyə sahəsində iri layihələrin həyata keçirildiyi bildirilmiş, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər yüksək qiymətləndirilmişdir.

Döş vəzisi və uşaqlıq boynu xərçənginin erkən diaqnozunun qoyulması və qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsinin vacibliyinə toxunulmuşdur.

Vurğulanmışdır ki, müzakirələrin nəticələri Milli Məclisin payız sessiyasında birinci oxunuş üçün təqdim olunacaq "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanununda öz əksini tapacaqdır.

Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov tədbirin əhəmiyyətini vurğulayaraq, bu qanunun qəbul edilməsinin zəruriliyini bildirmişdir.

ACQUIRE Azərbaycan Reproduktiv Sağlamlıq/Ailə Planlaşdırılması layihəsinin direktoru Mavjuda Babamuradova inkişaf etmiş ölkələrdə qadın sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Natiq bildirmişdir ki, kasıb ölkələrdə bu xəstəliklər daha çox yayılıb.

Milli Onkologiya Mərkəzinin baş həkimi İdrak Kazımov məlumat vermişdir ki, hər il dünyada 1 milyona yaxın xərçəng xəstəsi qeydə alınır. Azərbaycanda qadınlarda bədxassəli şişlərin yayılmasi 1999-cu ildən üstünlük təşkil edir. Hər 10 qadından birinin 40 yaşdan sonra süd vəzi xəstəliyinə yoluxma ehtimalı var.

İ.Kazımov bildirmişdir ki, Azərbaycanda 50 faiz xəstələrdə həkimə ilkin müraciət zamanı xəstəliyin gecikmiş mərhələdə, artıq 3-cü və 4-cü mərhələdə olduğu aydınlaşır. Halbuki, vaxtında müraciət edən xəstəyə müvafiq yardım göstərmək mümkündür.

 

 

Azərbaycan.- 2009.- 26 avqust.- S. 3.