Serj Sarkisyan baş naziri iqtisadi böhrana qurban verir

 

İctimai-siyasi proseslərin inkişaf istiqaməti tezliklə Ermənistanda daha gərgin günlər yaşanacağını göstərir. Buna əsas səbəb müxalif qüvvələrin yenidən növbəti etiraz aksiyalarına başlamağa hazırlaşması ölkədə yaşanan sosial-iqtisadi çətinliklər fonunda öz sıralarını kifayət qədər genişləndirə bilməsidir. Gələn aydan start veriləcək mitinqlərə isə ilk olaraq "Daşnaksütyun" partiyası başlamaq niyyətindədir.

Daşnaklar bildirirlər ki, onların kütləvi etiraz aksiyası keçirməsinin əsas səbəbləri Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələrin qaranlıq olması, iqtisadi böhranın artması, əhalinin sosial durumunun gündən-günə ağırlaşmasıdır.

"Daşnaksütyun" hökumətin həyata keçirdiyi antiböhran siyasətindən narazılıq ifadə edir. Partiyanın təmsilçisi Artsvik Minasayanın sözlərinə görə, əgər hakimiyyətin bu məsələdə fəaliyyəti 5 ballıq sistemlə qiymətləndirilərsə, onda Serj Sarkisyan iqtidarına yalnız 2 qiymət verilə bilər.

Artsvik Minasayan belə hesab edir ki, ilin sonuna kimi ölkə iqtisadiyyatında geriləmənin 15 faiz olacağına dair hökumətin verdiyi proqnozlar da reallığı əks etdirmir: "Biz ən azı 20 faizlik iqtisadi geriləmə gözləyirik. Lakin iqtisadi tənəzzülün bundan böyük ola biləcəyi istisna edilmir. Hökumət yalnız xarici kreditlərin ümidinə qalıb. Buna görə biz belə hesab edirik ki, nazirlər kabinetinin siyasətinə yenidən baxılmalıdır".

Bu arada o da məlum olub ki, ölkədə yaranan ağır sosial-iqtisadi çətinliklər fonunda xalqın qəzəbinə daha çox tuş gələn Ermənistan prezidenti Serj Sarkisyan vəziyyətdən çıxış yollarından biri kimi baş nazir Tiqran Sarkisyanı qurban verməyə hazırlaşır. Ermənistan mediasının yazdığına görə, ölkədə sosial sahədə yaranan ağır vəziyyətin əsas günahkarı kimi prezident Tiqran Sarkisyanı göstərməyə çalışmaqla özünə qarşı təzyiqləri müəyyən qədər neytrallaşdırmağa çalışır. Yayılan digər bir məlumata görə isə Serj Sarkisyan baş nazir vəzifəsində Tiqran Sarkisyanı prezident administrasiyasının rəhbəri Karen Karapetyanla əvəzləmək niyyətindədir. O da vurğulanır ki, Karen Karapetyanın baş nazir postuna gətirilməsində əsas məqsədlərdən biri onun Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan qardaşının Ermənistana investisiya yatırmasını təmin etməkdir. Lakin hazırda Rusiyada "Taşir" şirkətlər qrupuna rəhbərlik edən Karen Karapetyanın qardaşı Samvel Karapetyanın Ermənistana sərmayə yatırma ehtimalı elə böyük dəyərləndirilmir. Buna əsas səbəb Ermənistanda investisiya üçün cəlbedici sahələrin olmaması, həmçinin investisiya təhlükəsizliyi probleminin mövcudluğudur.

Aparılan araşdırmalar göstərir ki, hazırda xarici investisiya cəlbi baxımından Ermənistan MDB məkanında sonuncular sırasında yer tutur. Qlobal maliyyə böhranının başlanmasından sonra isə ümumiyyətlə, Ermənistana xarici investisiya axını demək olar ki, dayanmış vəziyyətdədir. Əvvəllər bu ölkəyə sərmayə qoyan xarici şirkətlər indi Ermənistanı tərk etməyə başlayıblar.

Yaranmış vəziyyət qarşıdakı dövr ərzində Ermənistanda sosial-iqtisadi durumun gərginləşən xətt üzrə inkişafını stimullaşdırır. Elə bundan faydalanmağa cəhd göstərən müxalif qüvvələr hakimiyyətə təzyiqləri gücləndirmək məqsədilə kütləvi etiraz aksiyalarına başlamağı münasib hesab edirlər. Sentyabrın 2-də "Daşnaksütyun" partiyası tərəfindən keçiriləcək mitinqdən sonra ölkənin əsas müxalif qüvvələrinin yer aldığı Ermənistan milli konqresi tərəfindən kütləvi aksiyaların təşkil olunacağı bildirilir. Ermənistan milli konqresinin lideri Levon Ter-Petrosyan qeyd edib ki, onun rəhbərlik etdiyi siyasi qüvvələrin yeni aksiyası sentyabrın 18-nə təyin edilib. 18 sentyabr mitinqində insanların kütləvi iştirak edəcəyinin gözləndiyini vurğulayan Levon Ter-Petrosyan bunu, həm Serj Sarkisyanın həyata keçirdiyi siyasətdən narazı qalanların günü-gündən çoxalmasını hakimiyyətə əyani nümayiş etdirəcək arqumentlərdən biri kimi qiymətləndirib. Xatırladaq ki, mitinqdən əvvəl Levon Ter-Petrosyan ölkənin müxtəlif bölgələrində görüşlər keçirib, insanların problemləri ilə yerində maraqlanıb onları 18 sentyabr mitinqində yaxından iştirak etməyə çağırıb. Bu səbəbdən belə hesab edilir ki, bölgələrdən Ermənistan milli konqresinin mitinqinə xeyli sayda insan qatılacağından sözügedən kütləvi aksiya iştirakçılarının sayına görə əvvəlkilərdən fərqlənəcək.

Hadisələrin bu səpkidə inkişafından ehtiyat edən hakimiyyət isə bəri başdan müəyyən qabaqlayıcı tədbirlər görməyə üstünlük verir. "Aykakan Jamanak" qəzetinin yazdığına görə, artıq polis əməkdaşları müxtəlif ünvanlarda vətəndaşların yaşadıqları mənzilləri gəzərək müxalifətin təşkil etdiyi mitinqlərdə iştirak etməmələri üçün onlara hədə-qorxu gəlirlər. Ermənistan parlamentinin deputatı Razmik Zoqrabyan bildirir ki, müxalifət kütləvi aksiyalar keçirmək əvəzinə media orqanlarında, o cümlədən televiziya ekranlarında öz mövqeyini, hakimiyyətin siyasətinin hansı məqamlarından narazı qaldığını bildirsəydi, daha yaxşı olardı: "Qoy xalq evində oturub televizorda siyasətçilərin dediyini eşitsin. Bu, mitinqdə vəziyyəti qızışdırmaqdan daha yaxşıdır". Lakin müxalifət təmsilçiləri öz növbəsində iddia edirlər ki, hakimiyyət onların media orqanlarına çıxışına məhdudiyyətlər qoyduğundan fikirlərini bu vasitə ilə xalqa çatdıra bilmirlər. Digər tərəfdən o da vurğulanır ki, kütləvi aksiyalar keçirilməsi sivil mübarizə metodlarından biridir hakimiyyət bundan qorxmamalıdır.

Başqa bir məlumata görə, mitinq ərəfəsində müxalifət düşərgəsində yeni həbslərin aparılması planlaşdırılır qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət xüsusi plan hazırlayıb. Buraya müxalifətə qarşı güc tətbiq edilməsindən tutmuş, onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə kimi müxtəlif planlar daxildir. O da vurğulanır ki, bu işdə təkcə polis yox, digər güc strukturlarının hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri iştirak edəcəklər. Müxalifət isə hakimiyyət tərəfindən yaradılacaq bütün maneələrə rəğmən etiraz mitinqlərinin təyin olunmuş ünvanlarda mütləq keçiriləcəyini bəyan edib.

Hadisələrin bu ssenari üzrə inkişafı isə Ermənistanda yenidən kütləvi aksiyaların gedişində qan töküləcəyini göstərir. Ancaq budəfəki qanlı qarşıdurmanın Serj Sarkisyan iqtidarının sonunu daha böyük sürətlə yaxınlaşdırması da istisna olunmur. Çünki bu halda həm ölkə daxilində, həm beynəlxalq miqyasda Ermənistan hakimiyyətinə yönələn təzyiqlər daha da güclənəcək ki, Serj Sarkisyanın buna uzun müddət davam gətirə biləcəyi qətiyyən inandırıcı görünmür.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 27 avqust.- S. 5.