Zamanın fövqünə yüksələn inkişaf

 

 

Zaman anlayışı müəyyən vaxt çərçivəsində keçilən yolun adekvat dəyərləndirilməsi kimi mürəkkəb prosesi özündə ehtiva edir. İntibah yolunda olan hər bir xalq çağdaş dünya reallıqlarına nəzərən gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün ilk növbədə konkret zaman və məkan daxilində keçdiyi yolun səhvlərindən öyrənməyə, uğurlu nəticələrindən isə bəhrələnməyə çalışır. Fəlsəfi nöqteyi-nəzərdən empirik təhlilə söykənən bu qiymətləndirmə üsulu həm də zamanı mənsub olduğu xalqın təminatlı gələcəyi baxımından idarə edərək uzaq hədəflərə hesablanmış praqmatik, əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən fenomenal liderlərin tarixi xidmətlərini ön plana çəkir.

Görkəmli alman filosofu Fridrix Nitsşe yazırdı ki, tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır. Hakimiyyətdə olduğu fərqli ictimai-iqtisadi formasiyalarda daim milli maraq və mənafeləri uca tutan, perspektivə hesablanan çevik siyasət yeridən dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən olaraq zamanın fövqünə qalxmağı bacarmış, elmi-nəzəri əsaslara söykənən sosial-iqtisadi strategiya əsasında uğurlu inkişaf magistralı müəyyənləşdirmişdir. Ulu öndər Heydər Əliyev qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Müstəqilliyin ilk illərində cəmiyyətdə həllini gözləyən bir sıra problemləri - yeni iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının ictimai rəydə hələ yaxşı "həzm olunmadığını", dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sisteminin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət "dəmir əl" siyasətinə üstünlük vermək məcburiyyətində qalmış, totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal islahatlara tədricən hazırlanmasını vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək onun bazisində, ana axarında iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.

Keçid dövrünü yaşayan Azərbaycanda demokratik proseslərin iqtisadi islahatlara adekvat şəkildə tətbiqi bu modelin diktə etdiyi başlıca şərtlərdən biri olmuşdur. Ulu öndər milli gəliri yüksəltmədən, ümumi daxili məhsulun artımına, habelə vətəndaşların yaşayış tərzində əsaslı dəyişikliklərə nail olmadan, təşəbbüskarlığa və maddiləşən işgüzar fəallığa təkan verən əlverişli biznes mühiti formalaşdırmadan, insanlarda qanuna riayət vərdişi aşılamadan hüquqi dövlət yaratmağın mümkünsüzlüyünü diqqətə çəkmişdir. Azərbaycan xalqı son 15 ildə məhz ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə tapınaraq demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini özündə maksimum dərəcə ehtiva edən ümumbəşəri yolla irəliləmişdir.

Böyük müdrikliklə əsaslandırılmış bu inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 15 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığını və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən birmənalı qəbul olunmuşdur.

70 il inzibati-amirlik sistemində yaşayaraq azad düşüncədən məhrum olmuş, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş bir respublikanın cəmi 15 il ərzində qazandığı nailiyyətlərin miqyası hazırda Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Respublikanın inkişafının hazırkı dinamik mərhələsində keçilmiş yolun ayrı-ayrı mərhələlərini elmi-politoloji cəhətdən əsaslandırmaq, ulu öndərin bir əsrə sığmayan fəaliyyətinin elmi-nəzəri əsaslarını formalaşdırmaq istəyi müasir fəlsəfi elmin aparıcı təmayüllərindən birinə çevrilmişdir. Bu da təsadüfi deyildir ki, son illərdə ictimai fikir tarixinin ayrı-ayrı tədqiqatçıları, tarixçilər, sosioloqlar və filosoflar Azərbaycanın unikallığı ilə fərqlənən milli inkişaf konsepsiyasını konkret elmi postulatlar üzərində əsaslandırmağa, respublikamızda modernləşmə və demokratikləşmə xəttinin spesifik cəhətlərini, habelə növbəti inkişaf mərhələləri üçün qarşıda duran strateji vəzifələri müəyyənləşdirməyə çalışırlar.

Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin çağdaş fəlsəfi düşüncəni düzgün məcrada istiqamətləndirən, respublikanın keçdiyi mütərəqqi inkişaf yoluna mükəmməl elmi-fəlsəfi yanaşma kimi aktuallığa malik olan əsərləri xüsusilə diqqəti çəkir. Bu əsərlərin elmi-fəlsəfi dəyəri həm də onların cəmiyyətdə bir qayda olaraq böyük maraqla qarşılanması, yeni polemikalara, diskussiyalara yol açması ilə ölçülür. Uzun illər dövlət idarəetmə sistemində yüksək vəzifələrdə çalışmış görkəmli filosofun nəzəri mülahizə və düşüncələrini təcrübi fəaliyyətlə əlaqələndirmək və uzlaşdırmaq, müqayisəli təhlillər aparmaq qabiliyyəti onun həm də yeni dünya nizamının incəliklərini yetərincə düzgün dəyərləndirən yüksək erudisiyalı, peşəkar tədqiqatçı olmasından irəli gəlir. Filosof ağır zəhmət bahasına ərsəyə gətirdiyi əsərlərdə təkcə Azərbaycanın son 15 illik inkişaf kursunun elmi-nəzəri mənzərəsini yaratmamış, eyni zamanda yeni dövrdə qloballaşma tendensiyasının müsbət və mənfi məqamları, müasir dünyanın əsas inkişaf vektoruna çevrilmiş demokratiyanın universal dəyərlərinin konkret məkanda suveren səciyyə daşıması, modernləşmənin əsas xüsusiyyətləri, totalitarizmdən demokratiyaya keçid problemi və digər maraqlı məsələlər ətrafında düşüncələrini açıqlamışdır.

Akademik Ramiz Mehdiyevin ötən il işıq üzü görən, aktuallığı, elmi-fəlsəfi və praktik əhəmiyyəti ilə cəmiyyətdə böyük rezonans doğuran "Demokratiya yolunda: irs haqqında düşünərkən" kitabı qeyd olunan istiqamətlərin tədqiqi baxımından xüsusi maraq doğurur. Azərbaycanda fəlsəfi fikrə böyük töhfə olan bu əsərdə bəşəriyyətin demokratik təkamül yolu, tarixi inkişafın ayrı-ayrı mərhələlərində demokratiyaya münasibət, ona maneçilik törədən qüvvələrlə demokratiyaya can atan insanlar arasındakı mübahisələr və mübarizələr araşdırılmışdır. Akademik dünyada cərəyan edən demokratikləşmə prosesləri fonunda Azərbaycanda bu idarəetmə modelinin formalaşma və inkişaf xüsusiyyətlərini də fəlsəfi-analitik rakursdan təhlil etmişdir.

Əsərdə toxunulmuş məsələlərin aktuallığı, konkret siyasi reallıqlar üzərində arqumentləşdirilmiş proqnozların irəli sürülməsi, hadisələr arasında məntiqi əlaqələrin tapılması onu daha da cəlbedici, oxunaqlı edir. Həmçinin, antik dövrlərdən bugünədək təkamül yolu keçmiş demokratiya, insan hüquqları və vətəndaş cəmiyyəti ideyaları əsərdə geniş şərh edilmiş, məşhur nəzəriyyəçilərin, filosofların, politoloqların, siyasi liderlərin demokratiya haqqında baxışlarına geniş yer verilmişdir.

Filosofun 16 yanvar 2008-ci il tarixdə "Azərbaycan" qəzetində işıq üzü görmüş "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində iqtisadi tərəqqi və demokratikləşmə prosesi respublikanın davamlı konsepsiyasının mühüm vektorları kimi əsaslandırılmış, modernləşmə mərhələsinə keçidin səciyyəvi xüsusiyyətlərinə toxunulmuşdur. Əsərin qayəsində yer almış əsas fikirlərdən biri də məhz bundan ibarətdir ki, Azərbaycanda demokratikləşmə prosesi müəyyən yol keçmiş, respublikamız bir sıra sınaqlardan uğurla çıxaraq keçid dövrünün son mərhələsinə adlamışdır. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinin bir sıra gerçəklikləri fonunda ölkə iqtidarı da cəmiyyəti yeni metodlarla idarə etməyin zəruriliyini dərk edir.

Akademik haqlı olaraq vurğulayır ki, hər bir dövlətdə demokratikləşmə prosesinin uğurla həyata keçirilməsi üçün ilk növbədə insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin geniş təşəkkül tapması, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsi, eyni zamanda bu iqtisadi aktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir həddə yüksəlməsi də vacib amillər sırasında xüsusi vurğulanır. Amerikada nəşr olunan "Foreign Affairs" jurnalının redaktoru Fərid Zəkəriyyədən iqtibas gətirən akademik Ramiz Mehdiyev yazır: "İqtisadi inkişaf prosesi, adətən liberal demokratiyanın uğur qazanması üçün həlledici əhəmiyyət daşıyan iki elementin yaranmasına gətirib çıxarır. Əvvələn, o, cəmiyyətin əsas seqmentlərinə, ilk növbədə, özəl biznesə və bütövlükdə burjuaziyaya güc toplamaq və dövlətdən asılı olmamaq imkanı verir. İkincisi, bu cür ictimai qruplarla işləyən dövlət daha az dərəcədə yırtıcı və şıltaq olur; o, müəyyən qaydalara riayət edilməsinə və cəmiyyətin tələbatına, ən azı, onun elitasının tələbatına get-gedə çox istiqamətlənir".

Akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində diqqəti çəkən əsas mülahizələrdən biri də budur ki, müasir dövrdə dünya dövlətlərinin əksəriyyətinin dönməz inkişaf yoluna çevrilmiş demokratiya hər bir xalqın sosial-iqtisadi, mədəni və intellektual baxımdan bu prosesə hazırlığı ilə üzvi surətdə bağlıdır. Demokratik dəyər və normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi, özünə möhkəm dayaqlar tapması üçün ilk növbədə insanların maddi rifah halı, yaşayış və düşüncə tərzi mütərəqqi dəyişikliklərə məruz qalmalıdır. Akademik Ramiz Mehdiyevin bu qənaəti eyni zamanda respublikanın çağdaş inkişaf yolunun xüsusiyyətlərini özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyev 2008-ci il oktyabrın 24-də keçirilmiş inaqurasiya mərasimində iqtisadi və siyasi islahatların biri-birini tamamlaması vacibliyini bir daha önə çəkmişdir: "Müasirləşmə, sadəcə olaraq, infrastuktur layihələri ilə, yaxud da ki, iqtisadi artımla ölçülmür. Eyni zamanda, bizim siyasi sistemimiz müasirləşməli, təkmilləşməlidir. Mən çox şadam ki, beş il ərzində Azərbaycanda demokratiyanın inkişafı, siyasi islahatların aparılması üçün çox gözəl şərait yaradılmış və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bu yaxınlarda keçirilmiş prezident seçkiləri bunun əyani sübutudur".

Demokratiyanı təkcə azad seçki, insan hüquq və azadlıqlarının deklarativ qorunması, qanunların aliliyi ilə bağlamaq, şübhəsiz, onun hüdudlarını dar çərçivəyə salmaq olardı. Bu proses qlobal anlamda hakimiyyət orbitinə cəlb olunmuş bütün sahələrin şəffaf idarəsindən tutmuş, hər bir vətəndaşın öz hüquq və vəzifələrini, məsuliyyətini və hərəkətlərini dərk edərək mövcud qanunlara, ictimai davranış normalarına uyğunlaşdırmasıdır. Bu baxımdan akademik Ramiz Mehdiyev demokratikləşmə prosesinin dövlətin siyasi, iqtisadi, sosial, mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməsini vacib sayır.

Demokratiya mütərəqqi inkişaf yolu kimi təcrübədə sınaqdan çıxsa da, son illərdə bəzi fövqəlgüc dövlətləri bundan müəyyən geosiyasi məqsədlərin gerçəkləşdirilməsində təsir vasitəsi kimi geniş istifadə etməyə başlamışlar. Akademik Ramiz Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində bu ziyanlı tendensiyaya toxunaraq yazır ki, hazırkı "sürət əsri"nin gerçəklikləri keçid cəmiyyətlərində demokratiyanın mahiyyətinin yeni anlamının formalaşmasına mühüm təsir göstərir. Demokratiya nəzəriyyəçilərinin "demosun hakimiyyəti" haqqında ideyaları bu gün üçün aktuallığını itirməsə də, bu qəlibləşmiş nəzəriyyələr cəmiyyətin inkişafının və təkmilləşməsinin gedişində yeni ideya və müddəalarla, qazanılmış təcrübə ilə zənginləşir. Lakin bəzən bu təcrübə demokratikləşmə proseslərinə "ikili standart" yanaşmaların ortaya çıxmasna səbəb olur.

Müəllif hesab edir ki, bəşəriyyət inkişaf etdikcə, insanın həyat fəaliyyətini dəstəkləmək üçün yeni mənbələr, yeni məkanlar və enerji ehtiyatları axtarılması zərurəti artdıqca, demokratiyanın rolunu müəyyənləşdirməkdə coğrafi-siyasi və coğrafi-iqtisadi mənafelər üstünlük təşkil etməyə başlamışdır. "Nəticədə demokratiya XXI əsrin əsas ideoloji silahına - nəinki mövcud rejimləri dəyişdirməyə, tranzitlər və transformasiyalar doğurmağa, həm də Yer kürəsinin istənilən nöqtəsinə hərbi müdaxiləni "legitimləşdirməyə" qadir olan silaha çevrilmişdir. Dünyanı iki düşərgəyə - kommunist və kapitalist düşərgələrinə bölmüş "soyuq müharibə" dövrünün müddəaları dünya məkanının "azad, qismən azad və qeyri-azad" kimi yeni bölgüsü prinsiplərinə transformasiya olmuşdur" - deyən akademik Ramiz Mehdiyev vurğulayır ki, "demokratiyanın müdafiəsi" bayrağı altında ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək, seçki proseslərinin, vətəndaş hüquqları və azadlıqlarının vəziyyətinin qiymətləndirilməsində ikili standartları zorla qəbul etdirmək cəhdləri demokratik dəyərləri universallaşdırmaq işinə ziyan vurur.

Akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti"nin davamı olaraq yüksək peşəkarlıqla qələmə aldığı "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində respublikamızda inkişaf prosesinin çağdaş meyilləri, habelə modernləşmə strategiyasının mahiyyəti müfəssəl elmi təhlil süzgəcindən keçirilmişdir. Filosof əsərdə bir daha bu tezisi önə çəkir ki, ölkənin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. İqtisadiyyat inkişaf etdikcə, cəmiyyətin və dövlətin sosial və institusional strukturu da dəyişir. Əhalinin alıcılıq qabiliyyətinin artması, eləcə də ölkəyə investisiyaların axını nəticəsində milli iqtisadiyyatın daha çox fəaliyyət qabiliyyətli və səmərəli olması, təsərrüfat həyatının mərhələli modernləşməsinə şərait yaradır. Ümumiyyətlə, milli modernləşdirmə dedikdə, filosof üç məsələnin həlli vacibliyini diqqətə çəkir: vətəndaş həmrəyliyinin təmin edilməsi və demokratik təsisatların və ənənələrin təkmilləşdirilməsi, habelə müvafiq sosial sistemlərin formalaşdırılması; səmərəli və möhkəm iqtisadi sistem yaradılması və onun ümumavropa strukturuna daxil edilməsi, eləcə də milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi; nəhayət, azərbaycançılığın və milli "Mən"in mahiyyətinin başa düşülməsinin üstünlük təşkil etdiyi möhkəm sosiomədəni mühitin qurulması. Akademik Ramiz Mehdiyevin qənaətincə, bu üç məsələ milli inkişaf strategiyasında birinci dərəcəlidir və yaxın gələcəkdə Azərbaycanın intensiv inkişafına, innovasiya mədəniyyəti bazisinin formalaşmasına təkan verməlidir.

Dövrümüzün mahir tədqiqatçısı akademik Ramiz Mehdiyevin 2008-ci ilin 15 oktyabr seçkilərindən sonra "Azərbaycan" qəzetində işıq üzü görmüş "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində isə konkret zaman intervalında Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərin dərin elmi-fəlsəfi təhlili ilə yanaşı, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran mühüm vəzifələrdən söz açılır. Əsərin giriş hissəsində "zaman" və "sürət" kateqoriyaları ilə bağlı özünə yer almış dərin elmi mühakimələr isə daha çox simvolik səciyyə daşıyaraq, Azərbaycanın qısa müddətdə əldə etdiyi sürətli dəyişikliklərin miqyası barədə dolğun təsəvvür formalaşdırmaq niyyətinə xidmət edir. Akademik haqlı olaraq yazır ki, ötüb-keçən adi günlərdə gözlənilmədən yeni tarixin başlandığını sezmək hamıya və hər kəsə müyəssər olmayan xüsusiyyətdir. Dəyişən tarixin yeni məcraya yönəldiyini duymaq isə tək-tək insanlara nəsib olur və onlar zamanı duyaraq, mənsub olduğu xalqı, konkret ölkəni, bəşəriyyəti irəliyə apara bilirlər. Bu baxımdan akademik xüsusi qeyd edir ki, son beş ildə Azərbaycanda cərəyan edən mütərəqqi proseslərin miqyaslı mənzərəsini ifadə etmək üçün "inkişaf", "uğur" kimi ifadələr kifayət etmir.

XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası, xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir. Akademik bu reallığa əsaslanaraq "sürət", "dinamika", "temp" anlayışlarının yeni yüzilliyin əsas simvoluna çevrildiyini vurğulayır. Akademik Ramiz Mehdiyev amerikalı nəzəriyyəçi-filosof T.Fridmanın bu fikrini də bölüşür ki, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" dövlətləri "həzm edəcəklər". Bununla filosof hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edir. Bu qiymətləndirmə fonunda müəllif eyni zamanda Azərbaycanın son beş ildə keçdiyi inkişaf yoluna nəzər salaraq bir sıra maraqlı mülahizələrini oxucularla bölüşür.

Filosof cənab İlham Əliyevin 2003-cü ildə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi hakimiyyət olimpinə yüksəlməsini sosial sifarişə çevirən məqamlara toxunur. Akademik belə bir ritorik sual da qoyur ki, beş il əvvəl xalq öz seçimi ilə cənab İlham Əliyevə etimad göstərməsəydi, ölkənin tarixi hansı axarla gedərdi? Ardınca da hadisələrin mümkün inkişaf ssenarilərinə toxunaraq 2003-cü ilin prezident seçkilərini ən müasir tariximizin ciddi dönüş nöqtəsi kimi səciyyələndirir: "2003-cü ilin ən müxtəlif mənbəli mətbuatını izləsək, Azərbaycanın yüksəlişinin əleyhdarları olan qüvvələrin nə qədər fəallaşdığını aşkar görərik. Lakin onların bütün cəhdlərinə baxmayaraq, 2003-cü ilin prezident seçkiləri ən müasir tariximizin dönüş nöqtəsi oldu. Azərbaycanın qarşısında duran başlıca strateji vəzifə Azərbaycan dövlətinin əldə edilmiş geosiyasi simasını, mövqeyini bundan sonra da qorumaq, yeni yaranan dövlətlərin və ölkəmizə qarşı qeyri-səmimi olan qüvvələrin müxtəlif məqsəd və vasitələrlə Ermənistanın işğalçılıq siyasətindən bəhrələnərək, Azərbaycan ərazisini siyasi qrupların münaqişəsi meydanına, qeyri-sabitliyin tüğyan etdiyi məkana çevirməsinin qarşısını almaq idi".

Əsərdə 2003-cü ilin prezident seçkilərinin Azərbaycanın demokratik inkişafında rolu, ölkənin siyasi sisteminin müasirləşməsində əhəmiyyəti, siyasi, sosial-iqtisadi və mədəni-intellektual sferada aparılan islahatlara yeni ruh və müasirlik çalarları gətirməsi barədə fikirlər konkret arqumentlərlə əsaslandırılmışdır. Seçkilər ərəfəsində radikal müxalifətin "narıncı inqilab" eyforiyasına mübtəla olması faktına diqqət çəkən akademik Ramiz Mehdiyev respublikada bunun üçün hansısa siyasi şəraitin olmadığını bir daha xatırlatmışdır. Müəllif həmin dövrdə Azərbaycandakı siyasi situasiyanın bir çox parametrlərinə görə inqilab "idxal edən" postsovet respublikalarından fərqləndiyini xüsusi qeyd etmişdir. Filosofun fikrincə, xalqla iqtidar arasındakı möhkəm siyasi və mənəvi birlik müəyyən qüvvələrin illüziyalarını tamamilə puça çıxarmışdır. Əsərdə birmənalı şəkildə vurğulanır ki, Azərbaycanda heç vaxt - nə yaxın, nə də uzaq gələcəkdə belə inqilabların baş verməsi mümkün deyildir: "Xalqın seçimi ilə hakimiyyətə gələn dövlət başçısı Azərbaycanı istəməyən qüvvələrə birmənalı, sərt bəyanat verdi: Azərbaycanda çevriliş və inqilab üçün heç bir əsas yoxdur. Dövlət və vətəndaşın milli konsolidasiyası bu cür cəhdləri puça çıxarır!".

Akademik Ramiz Mehdiyev çağdaş tariximizin son beş ilini cənab İlham Əliyevin uğurlu prezidentlik dövrü kimi xarakterizə edərək Azərbaycanın hərtərəfli inkişafında yeni keyfiyyət mərhələsinin başlandığını vurğulamışdır. Filosofun fikrincə, ötən beş ilin başlıca yekununun statistik mənzərədən başqa, simvolik mənası da var. Bu müddətdə qarşıya qoyulan məqsədlər, milli layihələr dövlət proqramları formasında praktik həllini tapmış, son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. "Zamanın "sürət" simvolu siyasi liderin həssas fəhmi sayəsində fəth edilmiş, sürət tempi milli məqsədlərə tabe olunmuşdur. Bu, Azərbaycanın XXI yüzillikdə "gecikən ölkələr" qismində tarixi proseslərin autsayderi deyil, dəyişikliklərin dinamik lideri olan ölkə imici qazanmasının nəticəsi kimi ötən beş ilin dövlətçilik tarixində həmişəlik qalacağına dəlalət edir. İnkişaf tempi uğurlarımızın səbəbidir, onun nəticəsi isə növbəti mərhələyə daha yüksək sürətlə, üstün start imkanları ilə qədəm qoymaq şansıdır" - deyən filosof həmçinin əlavə edir ki, müasir dövrdə siyasi hakimiyyətin demokratik yolla əvəzlənməsində, ictimai sabitliyin və sistemli varisliyin təmin olunmasında siyasi mədəniyyət amili bütün dünyada qəbul edilmiş ən zəruri siyasi texnologiyadır. 2003-cü ilin prezident seçkilərində Azərbaycanda hakimiyyət dəyişikliyinin yüksək siyasi mədəniyyət prinsipi əsasında həyata keçirilməsi ilə dövlətçiliyin, elitar sirkulyasiyanın, sivil tranzit ənənəsinin təməli qoyulmuşdur. Bu seçkilər siyasi sistemin demokratik transformasiyasında siyasi mədəniyyəti sarsılmaz ənənəyə, demokratik dövlət quruculuğunun siyasi-intellektual fenomeni səviyyəsinə yüksəltmiş, davamlı və işlək siyasi texnologiyanın gerçəkləşməsinin başlanğıcını qoymuşdur.

Əsərdə həmçinin vurğulanır ki, hər bir ölkədə seçkilərin gedişi ərazi quruluşu, idarəetmə formaları və ən başlıcası, siyasi mədəniyyət və ənənələrdən asılı olaraq fərqlənir. Siyasi stratifikasiyanın tərkibindən asılı olaraq, təşviqat və təbliğat sivil və ya qəddar formalarda həyata keçirilir. Yalnız zaman duyumu, vətəndaşla dialoqa açıq siyasi liderin şəxsi nümunəsi və iradəsi hər hansı formanın seçimini, sivil istiqamətə yönəlməsini təmin edə bilər. Bu mənada, dünya birliyi 2008-ci ilin seçkilərinə nəzərən Azərbaycanda qeyri-korrekt texnologiyaların, falş-piarların tətbiqi mərhələsinin geridə qaldığını etiraf etmiş, xalqımız siyasi yetkinliyə doğru ciddi nailiyyətlər qazanmışdır. Bütün bunlara nəzərən akademik Ramiz Mehdiyev həmçinin qeyd edir ki, siyasi mədəniyyət Azərbaycanda siyasi sistemin, iqtisadiyyatın, institusional strukturun və infrastrukturun modernləşməsinin ən mühüm amillərindən biri kimi növbəti uğurlara da real zəmindir: "Siyasi mədəniyyət milli dövlət identifikasiyasından bəhrələnərək, ümumbəşəri dəyərləri də əhatə etməli, siyasi proseslərdə bütün ictimai-siyasi qüvvələrin tarazlığını təmin edərək, demokratiyanı süni şəkildə tətbiq etmək, genişləndirmək cəhdlərinə sədd çəkməlidir. Bu da öz növbəsində milli birliyin, həmrəyliyin gücünə əsaslanır".

Ümumiyyətlə, Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin son illərdə qələmə aldığı elmi əsərlərdə Azərbaycanın fəlsəfi və siyasi elmi çərçivədə tədqiq olunası bir sıra problemlər qarşıya qoyulur, onların tətbiqinə dair dəyərli metodoloji yanaşmalar təklif edilir. Yüksək peşəkarlıqla qələmə alınan bu əsərlər Azərbaycanın müasir tarixinin obyektiv araşdırılması, tədqiqi, öyrənilməsi ilə yanaşı, müasir fəlsəfi-siyasi düşüncənin düzgün məcrada inkişafının təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

 

İsaxan VƏLİYEV,

AMEA Fəlsəfə və Siyasi-Hüquqi

Tədqiqatlar İnstitutunun şöbə müdiri,

hüquq elmləri doktoru

 

Azərbaycan.-2008.-4 dekabr.-S.4.