Bakıda TRASEKA-ya üzv dövlətlərin nəqliyyat nazirlərinin yubiley konfransı keçirilmişdir

 

 

Dekabrın 4-də Bakıda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) layihəsində iştirak edən dövlətlərin nəqliyyat nazirlərinin yubiley konfransı keçirilmişdir.

Beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin 10 illiyinə və Avropa Komissiyasının TRASEKA layihəsi proqramının 15 illiyinə həsr olunmuş konfransda 20-dən artıq ölkənin, BMT, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat, - GUAM, Beynəlxalq Nəqliyyat Forumu, ATƏT, QİƏT, Avropa Komissiyası kimi beynəlxalq təşkilatların, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankının nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

"Gülüstan" sarayında keçirilən konfransın iştirakçıları TRASEKA layihəsində təmsil olunan dövlətlərin bayraqları önündə xatirə şəkli çəkdirmişlər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, TRASEKA Milli Komissiyasının sədri Abid Şərifov Prezident İlham Əliyevin yubiley tədbiri iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Sonra TRASEKA layihəsindən bəhs edən film nümayiş etdirilmişdir.

Qonaqları Azərbaycan Respublikasının rəhbərliyi adından salamlayan Abid Şərifov demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə 1998-ci ilin sentyabrında Bakıda 32 ölkənin nümayəndə heyətinin, o cümlədən 12 dövlət başçısının, 12 beynəlxalq təşkilatın və Avropa Komissiyası rəsmilərinin iştirakı ilə keçirilmiş TRASEKA - "Tarixi İpək yolunun bərpası" beynəlxalq konfransının qərarları Avropanı Qafqaz vasitəsilə Asiya ilə birləşdirmiş nəqliyyat infrastrukturunun formalaşmasında, dəhliz üzrə yerləşmiş ölkələr arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynamışdır.

Layihənin tarixinə nəzər salan A.Şərifov xatırlatmışdır ki, TRASEKA 1993-cü ildə Brüsseldə keçirilmiş konfransda yaranmış və ilkin olaraq ona 8 dövlət qoşulmuşdur. Tarixi İpək yolunun bərpasının sonrakı mərhələsində, 1996-cı ildə Türkmənistanın Sərəxs şəhərində tranzit yüklərin sərbəst, itkisiz və güzəştli tariflərlə daşınmasına dair Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət başçıları tərəfindən tranzit daşımaların tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında saziş və dəmir yolu nəqliyyatının fəaliyyətinin əlaqələndirilməsinə dair müqavilə imzalanmışdır. 1996-1998-ci illərdə proqrama Ukrayna və Moldova, 2000-ci ildə isə Bolqarıstan, Rumıniya və Türkiyə qoşulmuşdur.

Bu gün TRASEKA-nın dönmədən inkişaf edən və təkmilləşdirilən bir proqram olduğunu deyən Baş nazirin müavini bildirmişdir ki, sazişin iştirakçısı olan dövlətlər dəhlizi möhkəmləndirərək özlərinin geosiyasi və iqtisadi imkanlarından mümkün qədər geniş istifadə etmək məqsədi ilə ümumi strategiya yaratmışlar. Məhz bunun nəticəsidir ki, hazırda bir sıra dövlətlər və beynəlxalq, regional təşkilatlar TRASEKA nəqliyyat dəhlizinə qoşulmaq niyyətlərini bildirir.

TRASEKA proqramının inkişafında Avropa Komissiyasının fəal rolunu vurğulayan A.Şərifov ötən 15 il müddətində bu qurum tərəfindən ümumi büdcəsi 157 milyon avro təşkil edən investisiya və texniki yönümlü 76 layihənin həyata keçirildiyini xatırlatmışdır.

Baş nazirin müavini son illər Azərbaycanda nəqliyyat-yol kompleksinin inkişafı ilə bağlı həyata keçirilmiş dövlət proqramları haqqında da ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və inkişafı istiqamətində görülmüş işlər ölkəni TRASEKA proqramının reallaşdırılmasının əsas aparıcı tərəflərindən birinə çevirmişdir.

Azərbaycanda nəqliyyatın texniki təchizatının yaxşılaşdırıldığı, körpülərin və digər yol ötürücülərinin bərpası və tikintisinin analoqu olmayan sürətlə aparılması, yeni gəmilərin və bərələrin alınması, liman qurğularının təmiri və yeni limanın tikintisi, 4 yeni hava limanının açılması və sair barədə məlumat verilmişdir. Ümimi dəyəri 600 milyon dollar olan Bakı-Tbilisi-Qars dəmir yolunun Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizinin təkmilləşdirilməsi baxımından xüsusi rolu olacağı bildirilmişdir.

Qazaxıstanın nəqliyyat naziri Serik Axmetov yubiley münasibətilə bütün iştirakçı ölkələri təbrik etmiş, TRASEKA layihəsinin regiona investisiya axınına mühüm təsir göstərdiyini vurğulamışdır. O demişdir ki, proqram regionda həm ikitərəfli, həm də beynəlxalq iqtisadi əməkdaşlığa böyük təsir göstərmişdir. Dünyanı bürümüş iqtisadi böhranla eyni vaxta düşən konfransın iqtisadi əlaqələrin inkişafına və problemlə birgə mübarizənin təşkilinə mühüm təsir göstərəcəyini deyən qazaxıstanlı nazir layihənin ərazicə böyük bir sahədə nəqliyyat infrastrukturunun formalaşmasına mühüm təsirini də xatırlatmışdır.

Avropa Komissiyasının nümayəndəsi Conatan Şeyl bu layihənin həyata keçirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi xidmətlərini, bu təşəbbüsün tarixi əhəmiyyyətini vurğulamışdır. O, təmsil etdiyi qurumun TRASEKA layihəsinin inkişafını daim diqqətdə saxladığını bildirərək demişdir ki, bu layihə Avropa ilə Asiya arasında əsas birləşdirici nəqliyyat şəbəkəsini təmin edir. Bu isə regionlar və qitələr arasında daha rahat əlaqənin qurulmasına təkan verir. Digər tərəfdən, bu layihə ölkələr arasında mehriban qonşuluq əlaqələrinin qurulmasına və inkişafına da müsbət təsir göstərir. Yubiley tədbirinin yüksək səviyyəli təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən C.Şeyl əmin olduğunu bildirmişdir ki, konfransda qəbul ediləcək sənədlər dəhlizin gələcək inkişafına yeni təkan verəcəkdir.

Özbəkistan Baş nazirinin müavini Nodirxon Xanov qeyd etmişdir ki, bu layihə ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmiş, ikitərəfli əlaqələrə yeni impuls vermişdir. TRASEKA çərçivəsində ölkəsinin Avropa dövlətləri ilə əlaqələrinin gücləndiyini qeyd edən natiq bununla yanaşı, layihənin özəl sektorun inkişafına da müsbət təsir göstərdiyini bildirmişdir.

TRASEKA-nın Baş katibi Rustam Jenalinov bildirmişdir ki, iştirakçı ölkələr arasında əsas ticarət və iqtisadi əməkdaşlıq layihəsi olan TRASEKA region ölkələrinin inkişafında mühüm amil kimi özünü təsdiq etmişdir. Avropa Komissiyasının yaxından dəstəklədiyi proqram iştirakçı ölkələrdə yeni qanunvericilik bazasının formalaşmasında da mühüm rol oynamışdır. Nəticədə ticarət dövriyyəsinin həcmi ildən-ilə artmış, bu isə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi təkliflərinə stimullaşdırıcı təsir göstərmişdir. 2015-ci ilə qədər TRASEKA dəhlizinin inkişafı ilə bağlı yeni təşəbbüslərin nəzərdə tutulduğunu bildirən R.Jenalinov demişdir ki, layihə üzrə yükdaşımaların həcmində ciddi irəliləyiş var və bu gələcəkdə də diqqət mərkəzində saxlanılacaqdır.

Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım çıxışında qeyd etmişdir ki, bu layihə Qərblə Şərq arasında əsas nəqliyyat dəhlizi olmaqla tarixi İpək yolunun bərpası istiqamətində atılmış mühüm addımdır. Məhz bu layihə nəticəsində iştirakçı dövlətlərin həyatına yeni layihə infrastrukturu daxil olmuşdur. Digər tərəfdən, bu proqram beynəlxalq yük tariflərinin tənzimlənməsinə də mühüm təsir göstərmişdir. Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Abdurahim Aşur İpək yolunun tarix boyu xalqların həyatında oynadığı rolu xatırladaraq demişdir ki, layihənin fəal iştirakçılarından biri kimi onun ölkəsi də bu proqram çərçivəsində nəqliyyat infrastrukturunun formalaşdırılması və inkişafına diqqətlə yanaşır. Bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa da xüsusi əhəmiyyət verilir.

Moldovanın nəqliyyat agentliyinin baş direktoru Vasili Botnar çıxışında xalqları və ölkələri bir-birinə yaxınlaşdıran layihə çərçivəsində ixrac və idxal əməliyyatlarının daha da yaxşılaşdığını demişdir. O bildirmişdir ki, proqram nəqliyyat sahəsində inteqrasiya imkanlarının genişləndirilməsində də mühüm rol oynayır. Bolqarıstanın nəqliyyat nazirinin müavini Vessela Qospadinova, Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini Vaxtanq Lejava, İranın yol və nəqliyyat nazirinin müavini Seyid Mehdi Haşemi, Polşanın infrastruktur nazirinin müavini Maçey Yankovski, Türkmənistanın dəmir yolu naziri Dəryaqulu Məhəmmədquliyev, Rumıniyanın layihə üzrə milli katibi Yonuç İordake, Ermənistanın milli katibi, Nəqliyyat Nazirliyinin beynəlxalq əlaqələr departamentinin rəisi Qagik Qriqoryan və Ukraynanın milli katibi Qriqori Legenki TRASEKA proqramının təmsil etdikləri ölkələr üçün əhəmiyyətindən, əldə olunmuş nailiyyətlərdən danışmışlar.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) baş katibi Leonidas Krisanapolos TRASEKA ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığın perspektivlərindən bəhs etmişdir. Azərbaycanda avtomobil yollarının tikintisində tətbiq olunan yenilikləri yüksək qiymətləndirən baş katib bu təcrübənin əhəmiyyətini vurğulamışdır.

İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) baş katibi Ənvər Xurşid proqram qarşısında duran vəzifələrlə başçılıq etdiyi təşkilatın həyata keçirdiyi layihələrin üst-üstə düşdüyünü bildirmişdir.

BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı direktoru Paolo Qaronna TRASEKA-nın dünya iqtisadi böhranına cavab vermək üçün əlverişli imkan olduğunu demişdir.

Nəqliyyat Daşıyıcıları Təşkilatının sədri Sergey Runov isə belə yüksək səviyyəli mərasimin təşkilinə görə tədbir iştirakçılarının Azərbaycan hökumətinə bir daha təşəkkürlərini çatdırmışdır.

Konfransda TRASEKA-nın qonşu ölkələrə genişlənməsi, qurumun təşkilati baxımdan möhkəmlənməsi istiqamətində müzakirələr aparılmış, təkliflər səslənmişdir.

Sonda layihənin iştirakçısı olan ölkələrin nəqliyyat nazirlərinin bəyanatı qəbul edilmiş, hökumətlərarası komissiyanın protokolu imzalanmışdır.

 

AzərTAc

 

Azərbaycan.-2008.-5 dekabr.-S.6.