Azərbaycan İKT sahəsində regionun aparıcı ölkəsidir. Uğurlu dövlət siyasəti nəticəsində bu sektorda mühüm nailiyyətlər əldə olunub

 

 

Ölkə prezidenti İlham Əliyev siyasətə yeni ab-hava, yeni çalarlar gətirib. Bu siyasi kurs nəinki ölkəmizdə və regionda, eləcə də dünyada cərəyan edən geosiyasi və iqtisadi proseslər və bu sahədəki müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib. Təsadüfi deyil ki, qloballaşan dünyanın ən müasir informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi bu siyasi kursda prioritet məsələlərdəndir. Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir. XXI əsr müasir informasiya cəmiyyətinin yaradılması, zəngin təbii sərvətlərin insan kapitalına çevrilməsi və yüksək intellektual səviyyənin formalaşması baxımından keyfiyyətcə yeni eranın başlanğıcı sayıla bilər.

Müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, Azərbaycan qısa zaman kəsiyində bu mühüm sahədə də böyük nailiyyətlər əldə etmişdir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin tam demokratikləşməsi, beynəlxalq birliyə və Qərb iqtisadiyyatına geniş inteqrasiya, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, mütərəqqi təcrübənin mənimsənilməsi Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl dövlətlər sırasına çıxmasına imkan yaratmışdır. Təsadüfi deyil ki, bu il Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun texnoloji hesabatında Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yerdə durur. Bu, olduqca böyük nailiyyətdir. Təbii ki, bu yüksək qiymətin, qazanılan uğurların arxasında təkcə İKT sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi dayanır.

Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafının zəruri olduğunu önə çəkən ümummilli lider Heydər Əliyev demişdir: "Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir."

Bu gün Azərbaycanın İKT sahəsindəki fəaliyyəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə davam etdirilir. Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verdi. Cənubi Qafqazda ilk dəfə olaraq qəbul edilmiş bu qlobal strategiya Azərbaycanın İKT sahəsinə xüsusi diqqətini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi.

Son illər iqtisadiyyatımızın davamlı və dayanıqlı inkişafı, sosial sferada mövcud problemlərin tədricən həlli, yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyaların bir neçə dəfə artırılması, ünvanlı sosial yardımların tətbiqi, yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni müasirtipli məktəblərin tikilməsi, onların müasir İKT-lərlə təchizatı, beynəlxalq qurumlarla sıx əməkdaşlıq münasibətlərinin qurulması və digər bu kimi nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatların uğurlu nəticəsidir.

Bu islahatlar və sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyi ləğv edilərək, onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu sahənin çox sürətli inkişafına güclü baza formalaşdırdı. Azərbaycan vətəndaşları müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş bəhrələnmək imkanı əldə etdilər. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı.

Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti kimi cənab İlham Əliyevin ilk beynəlxalq səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə dövlət başçısı ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi. Regionda ilk olaraq Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinə başlanıldı. Yaxın on il üçün Milli Strategiyada müəyyənləşdirilmiş, strateji xəttin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" təsdiq olundu. Dövlət Proqramında informasiya cəmiyyəti quruculuğunun birinci mərhələsində rabitə və informasiya texnologiyaları sahəsində islahatlar aparılması, sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi ilə müasir tələblərə cavab verən informasiya-kommunikasiya infrastrukturunun formalaşdırılması və elektron xidmətlərin təqdim olunması öz əksini tapıb. Bu gün təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə İKT-nin geniş tətbiqi də məhz bu proqramın icrası ilə bağlı həyata keçirilən layihələrin real nəticəsidir.

Beləliklə, bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətində çoxşaxəli fəaliyyəti təşkil etdi.

Mövcud potensialdan səmərəli istifadə edilməsi və onun inkişafı rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin yaradılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş mühitin formalaşdırılması İKT sektorunda aparılan fəaliyyətin ana xəttini təşkil etdi.

Bu istiqamətdə ilk növbədə sahə üzrə normativ-hüquqi bazanın yaradılmasına diqqət yetirildi. "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" və digər mühüm qanunlar və "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı" qəbul edildi. Bu normativ aktlar və sənədlər rabitə və informasiya texnologiyaları sahəsi üzrə qanunvericilik bazasını təkmilləşdirərək sahənin inkişafı üçün yeni imkanların yaradılmasını və İKT-dən hərtərəfli istifadənin səmərəliyinin artırılmasını təmin edir.

Azərbaycanın ümumi sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsi olaraq İKT sahəsində görülmüş işlər nəticəsində son 5 ildə sahə üzrə gəlirlərin artım tempi ümumdünya inkişaf tempini 4,4 dəfə üstələyərək, hər il üçün orta hesabla 30-35 faiz təşkil etmişdir. Bu, İKT sektorunda inkişafa, rabitə və informasiya xidmətlərinin tərkibinin genişlənməsinə və keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Sabit telekommunikasiya şəbəkəsinin inkişafı "100 ailəyə 100 telefon" layihəsi çərçivəsində reallaşır. Bu qlobal layihə yeni nəsil texnologiyaların tətbiqi ilə müasir genişzolaqlı xidmətlərin göstərilməsinə imkan verir. Belə ki, bir xətlə eyni zamanda həm telefon, həm yüksəksürətli internet, həm də radio-televiziya xidmətləri paralel olaraq həyata keçirilir. Layihə texniki kreditlər, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" istehsalat birliklərinin gəlirləri hesabına mərhələ-mərhələ icra olunur. Sahə üzrə inkişaf göstəricilərinə əsasən, 2003-2008-ci illər ərzində hər 100 nəfər əhaliyə düşən əsas telefon aparatlarının sayı artaraq təxminən 15,3 ədəd təşkil etmişdir. Əhalinin hər 100 nəfərinə düşən mobil abunəçilərin sayı 4 dəfədən çox artaraq 62,2 nəfər, ATS-lərin elektronlaşma səviyyəsi təqribən 2 dəfə artaraq ölkə üzrə 81,4 faiz, o cümlədən Bakı şəhəri üzrə 85,3 faiz, respublikanın digər əraziləri üzrə isə 3 dəfə artaraq 77,3 faiz təşkil etmişdir. Genişzolaqlı rabitə xidməti istifadəçilərinin sayı isə on minlərlədir.

Sektor üzrə əməkhaqqı 3 dəfə artmış, 5000-dən çox yeni iş yeri yaradılmış, 612 yeni poçt şöbəsi tikilmiş, sabit telefon şəbəkəsi üzrə ümumi nömrə tutumu 416626 ədəd artırılaraq 1 445526 ədəd olmuşdur. 38 rayonun coğrafi ərazi cəhətdən fiziki xətlə telefonlaşması mümkün olmayan 334 yaşayış məntəqəsi yerüstü peyk rabitə avadanlığı quraşdırılmaqla telefonlaşdırılmış və dayanıqlı rabitə təşkil edilmişdir. Bununla da, ölkənin tam telefonlaşdırılması başa çatdırılmışdır.

Son illər ölkədə internetdən istifadə və bilavasitə xidmətlərin göstərilməsi səviyyəsi qat-qat yüksəlmişdir. Respublikanın internet provayderlərinin qlobal İnternet şəbəkəsinə giriş-çıxış həcmi təqribən 40 dəfə artaraq 6 Gb/s.-ni ötmüş və nəticədə respublikamızdan beynəlxalq İnternet şəbəkəsinə informasiya ixracının həcmi 25 dəfə, idxalının həcmi isə 17 dəfə artmışdır. İnternetdən istifadə qiymətləri 7 dəfə aşağı düşmüş, İnternet istifadəçilərinin sayı təqribən 3 dəfə artaraq hər 100 nəfərə 18 nəfər olmuş, respublikada fəaliyyət göstərən İnternet provayderlərinin sayı isə təqribən 3 dəfə artaraq 30-u keçmişdir. Bu gün Azərbaycan hər İnternet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya Respublikası, Sinqapur kimi ölkələrlə bir sırada gedir və bu ildən Azərbaycan artıq İnternet xidmətlərinin regionda ixracatçısına çevrilmişdir. "AZ" domeni zonasındakı saytların sayı təqribən 5 dəfə artaraq 7000-dən çox olmuşdur. Eyni zamanda, mütəmadi olaraq www.azerbaijan.az baş portalı vasitəsilə Azərbaycanda gedən proseslər və inkişaf barədə məlumatlar bir neçə dildə dünya ictimaiyyətinə çatdırılır.

Respublikanın rayon və kəndlərində əhalinin rabitə və informasiya xidmətlərinə olan tələbatını ödəmək, paytaxtla regionlar arasında mövcud olan fərqi aradan qaldırmaq məqsədilə "AztelekomNET" internet xidmətinin təşkili nəticəsində respublikanın 34 rayon mərkəzində internetə yüksəksürətli qoşulma, digər rayonlarda və telefonlaşdırılmış kəndlərdə isə parolsuz qoşulma xidmətindən və kartla qoşulma üsulundan istifadə etməklə internetə çıxış imkanı yaradılmışdır. Sevindirici haldır ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsal edən ilk kompüter zavodu - KÜR Mingəçevir şəhərində istifadəyə verilmişdir.

Radio-televiziya yayım şəbəkəsinin inkişafı üçün də geniş imkanlar yaranmışdır. Cənubi Qafqazda və Orta Asiyada ilk dəfə olaraq Azərbaycanda rəqəmli TV sistemi sınaqdan keçirilmiş, yayım keyfiyyətini yüksəltmək üçün Ağsu rayonu ərazisində yeni radio-televiziya yayım kompleksi istismara verilmişdir. Hazırda peyk, kabel, efir-kabel, internet televiziya və radio sistemləri vasitələrindən istifadə olunmaqdadır. Azərbaycan televiziyası və dövlət radiosunun respublika ərazisində əhatə dairəsi 100 faizə, İctimai televiziya və radionun əhatə dairəsi təxminən 82-85 faizə, özəl televiziya və radio yayımlarının əhatə dairəsi isə təxminən 75-80 faizə çatdırılmışdır.

Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınsa da, aparılan dövlət siyasəti və iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru da inkişaf etdirilməkdədir. Ölkəmizdə İKT sahəsində uğurla həyata keçirilən dövlət siyasəti və xüsusən də bu sahəyə ölkə başçısının xüsusi diqqət və qayğı göstərməsi dünyanın aparıcı İKT şirkətlərinin Azərbaycana böyük marağına səbəb olur. Bu şirkətlərin rəhbərlərinin ölkəmizə səfərləri və 2007-2008-ci illərdə Davos İqtisadi Forumunda "Microsoft", "Cisco" və "Intel" kimi dünya miqyaslı şirkətlərin prezidentlərinin ölkə Prezidenti İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir və bu sahədə geniş əməkdaşlıq imkanları mövcuddur.

İKT sektorunun gələcəyi üçün insan resurslarının inkişafı da zəruri şərtdir. Hazırda İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universiteti ilə əlaqələr qurulmuşdur. ABŞ-ın Corc Meyson, San-Xose Dövlət və Los-Anceles, Kaliforniya, İsveçin Çalmers Texnologiya və İnformasiya Texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmışdır. Artıq bu müqavilələr əsasında 25 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif tanınmış universitetlərində müasir informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə təhsil alırlar. 30-dan çox gənc isə ixtisasları üzrə xarici ölkələrdə qısamüddətli hazırlıq kursları keçmişlər. Gürcüstanda yaşayan və bu ölkənin ali təhsil müəssisələrində təhsil alan 50-yə yaxın gəncə nazirlik tərəfindən təqaüd verilir. Bu prosesə daha da təkan vermək üçün respublikada fəaliyyət göstərən yerli və xarici informasiya texnologiyaları şirkətlərinin həmtəsisçiliyi ilə İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu yaradılmışdır. Ancaq bu sahədə ən əhəmiyyətli addım Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır.

Dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulmuşdur, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edilir. Qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlər region bazarında özlərini tanıda bilmişlər.

"Bakutel" beynəlxalq sərgi və konfransı cari ilin 11-14 noyabr tarixlərdə artıq 14-cü dəfə və 2006-cı ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və iştirakı ilə keçirilir. Sərgidə iştirak edən şirkətlərin sayı ildən-ilə artır. Bu il sərgidə 30 ölkədən 130 şirkət, o cümlədən 60-a yaxın yerli şirkət iştirak edəcəkdir. Sərgini ziyarət edənlərin sayı isə 10 mindən çox olmuşdur. Sərgidə 1000-ə yaxın xarici mütəxəssis iştirak etmişdir. Sərgi çərçivəsində nazirlərin regional toplantısı, elmi-praktik konfrans, beynəlxalq təşkilatların üç seminarı, dörd ölkələrarası İKT biznes forumu keçiriləcəkdir. Həmçinin, dünya şöhrətli azərbaycanlı ABŞ alimi Lütfi Zadənin rəhbərliyi ilə elmi seminar da keçirilmişdir.

Regionun ən dinamik inkişaf edən ölkəsi kimi, Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir ki, yuxarıda qeyd etdiyimiz kimi, Davos İqtisadi Forumunun hesabatında Azərbaycan 2007-ci ildə informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə 127 qabaqcıl ölkə sırasında 67-ci yeri tutmuşdur. "Economist Intelligence Unit" və "IBM" şirkətlərinin illik hesabatlarında respublikamızın 2006-cı ildə 2.92-yə bərabər olmuş inkişaf əmsalı 2007-ci ildə 3.26-ya yüksəlmişdir.

Bu gün İKT həyatımızın bütün sahələrinə geniş sürətdə daxil olub. Belə ki, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"na (Elektron Azərbaycan)" uyğun olaraq, dövlət orqanlarının vətəndaşlara və təşkilatlara təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və onların təqdim olunma müddətlərinin azaldılması, dövlət orqanlarının işinin səmərəliyinin artırılması məqsədilə müxtəlif məzmunlu layihələr həyata keçirilir. Əhalinin dövlət reyestrinin formalaşdırılması, vergi ödəyicilərinə elektron poçt xidmətlərinin göstərilməsi, sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün "Vahid pəncərə", elekron sağlamlıq kartı xidməti, gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemlərinin tətbiqi, daşınmaz əmlakın milli kadastrı və qeydiyyatının şəbəkə-informasiya sisteminin, təhsilin idarə olunmasının məlumat sisteminin yaradılması, elektron satınalmalar sisteminin, internet vasitəsilə ali məktəblərə tələbə qəbulu üzrə xidmət sisteminin yaradılması göstərilənlərə əyani misaldır.

Elektron idarəetmə şəbəkəsinin yaradılması istiqamətində BMTİP və RİTN-in birgə həyata keçirdiyi "E-idarəçilik təşəbbüsü" layihəsi çərçivəsində respublikanın bütün bölgələrini əhatə edəcək "AzDataCom" şəbəkəsi qurulur. Bu şəbəkə 10 Gb/san. sürətlə ölkədaxili məlumat ötürülməsinə imkan verir. Bu imkanlardan elektron hökumət, distant təhsil, elektron kommersiya, biznesin məsafədən idarə olunması və s. kimi məsələlərdə istifadə edilir. Artıq layihənin əsas hissəsi icra olunmuşdur və Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında şəbəkə fəaliyyətdədir. 2009-cu il ərzində şəbəkə bütün ölkə ərazisində tam həcmdə fəaliyyətə başlayacaqdır. Həmçinin Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi poçt sistemində vahid şəbəkə infrastrukturunun yaradılmasına və vətəndaşlara maliyyə və bank xidmətləri göstərməyə imkan verəcəkdir. Artıq Bakı şəhərinin 70 poçt şöbəsində kommunal xidmət haqları Milli Bankın kütləvi ödənişlər üzrə mərkəzləşmiş informasiya sistemləri vasitəsilə qəbul edilir.

Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması, elektron imzanın tətbiqi üçün Milli Sertifikat Xidməti Mərkəzinin və Milli Superkompüter Mərkəzinin yaradılması, elektron hökumətin formalaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək daha bir neçə perspektiv layihə gündəmdədir. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı region ölkələrinə xidmətlər göstərməyə imkan verərək ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaqdır.

Bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti 4 noyabr 2008-ci il tarixdə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar üç ay müddətində müvafiq Dövlət Proqramının layihəsi hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək, telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı nazirlik müvafiq tədbirlər həyata keçirəcəkdir. 2010-cu ildə birinci, 2011-ci ildə isə ikinci süni peykin orbitə çıxarılması planlaşdırılır.

Göründüyü kimi, nailiyyətlər çox böyük, perspektivlər ürəkaçandır. Ölkə Prezidenti İlham Əliyev cəmi 5 il ərzində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək nailiyyətlərin əldə olunduğunu önə çəkərək demişdir: "Bu gün isə söhbət ondan gedir ki, biz kosmik sənayenin yaranmasına yaxınlaşırıq. Bu da reallıqdır və bunu etmək üçün artıq konkret tədbirlər planı var, maliyyə imkanları da artıq müəyyən edilibdir. Əminəm ki, gələn ilin büdcəsində biz bu sahənin yaradılması və iki süni peykin orbitə çıxarılması üçün konkret tədbirlər görməliyik. Bu, ölkəmizin müasirləşməsinə, Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına yeni təkan verəcəkdir. Eyni zamanda bu, gəlir gətirən sahədir və biz gələcəkdə bu imkanlardan səmərəli istifadə edərək həm iqtisadi imkanlarımızı genişləndirəcəyik, həm də, bir də demək istəyirəm ki, Azərbaycanda yeni sənaye sahəsi, özü də ən yüksək texnoloji sənaye sahəsi yaradılacaqdır".

Qazaxıstan və ya Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması Trans-Asiya Avropa (TAE) magistralını ən qısa yolla qapamağa və ölkəmizin tranzit məkana çevrilməsinə xidmət edə bilər. Əhalinin İKT-nin imkanlarından istifadəsi məqsədilə "Microsoft" və "Intel" şirkətləri ilə birgə həyata keçirilməsi planlaşdırılan "Xalq kompüteri" layihəsi əhalinin güzəştli kreditlə kompüter əldə etməsinə imkan verəcəkdir.

Tarixi İpək yolunun keçdiyi Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini birləşdirən "Qərb-Şərq yüksəksürətli informasiya magistralı"nın texniki-iqtisadi əsaslandırılması layihəsi üzərində də iş aparılır. Bu super informasiya magistralı İKT-nin ən çox inkişaf etdiyi dünyanın iki nəhəng regionunu - Qərbi Avropanı və Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan həmin regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Layihə ölkəmizdə beynəlxalq kommunikasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını da nəzərdə tutur. Mütəxəssislərin fikrincə, bu layihənin reallaşması dünya miqyasında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqinə və ümumiyyətlə, regional iqtisadi inkişafa yeni təkan verəcəkdir. Əminik ki, Azərbaycanın siyasi və iqtisadi nüfuzunu yüksəldən nəhəng enerji və nəqliyyat layihələrinin sırasına dövlətimizin başçısının təşəbbüsü ilə yeni bir layihə "Qərb-Şərq yüksəksürətli informasiya magistralı"da daxil olacaqdır.

Ölkənin gələcək inkişafına xidmət edəcək innovativ fəaliyyəti təmin etmək məqsədilə RİTN tərəfindən Azərbaycanda yüksək texnologiyalar üzrə Regional İnnovasiya Zonalarının yaradılmasına hazırlıq işləri aparılır. Bu zonalar iqtisadiyyatın müxtəlif sektorlarında yüksək texnologiyaların tətbiqinə, kiçik və orta sahibkarlığın inkişafına, xarici şirkətlərin və potensial investorların ölkənin İKT sektoruna cəlb edilməsinə, insan resurslarının inkişafına, respublikada elektron avadanlıqların və proqram təminatının istehsalına xidmət edəcəkdir. İKT sektorunun inkişafı və ümumən ölkənin iqtisadi, elmi, texniki potensialı bunu əminliklə söyləməyə imkan verir. Regional İnnovasiya Zonası layihəsinin tərkib hissəsi kimi Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması da Azərbaycanın İKT sektoru üçün yüksək səviyyəli kadrlar hazırlanması və bu prosesə region ölkələrinin cəlb edilməsi baxımından əhəmiyyətli hesab olunur.

Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyduğumuz vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.

Müstəqil Azərbaycan dövləti bu gün öz inkişafının məzmun və keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoymuşdur. Qarşıdakı illərdə Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi, siyasi və iqtisadi cəhətdən daha da qüdrətli olması üçün möhkəm baza, güclü iqtisadi, texnoloji potensial və kifayət qədər maliyyə imkanları mövcuddur. Təbii ki, Azərbaycanın hərtərəfli, dinamik və davamlı inkişafında rabitə və informasiya texnologiyaları sektorunun rolu mühümdür və bu rol durmadan artmaqdadır.

İnformasiya və kommunikasiya texnologiyaları daim inkişafdadır. Bu gün ən müasir texnologiya sabah üçün köhnə sayıla bilər. Odur ki, daim yeniləşməli, zamanın tələbinə uyğun fəaliyyət göstərilməlidir. Bu, ölkəmizin sürətli inkişafı baxımından da olduqca zəruridir.

Artıq 3 ildir ki, dövlət başçısı İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli qərarı ilə, hər il dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ölkə başçısının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə verdiyi qiymət ölkə rabitəçilərini daha əzmlə işləməyə şövq edir. Bu gün İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam həllini tapacaq və Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaqdır.

 

Bəxtiyar ƏZİZLİ

 

Azərbaycan.-2008.-6 dekabr.-S.3.