"General Əliağa Şıxlinski" kran gəmisi inşaat meydançalarına yola düşüb

 

Xəzər Dəniz Neft Donanmasının 600 tonluq "General Əliağa Şıxlinski" kran gəmisi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda və "Neftqaztikinti" trestinin metal konstruksiyaları zavodunda inşa edilən vertolyot meydançası və 2 yeni rezervuarı göyərtəsinə alaraq dənizin ortasında yerləşən inşaat meydançalarına yola düşmüşdür.

Kran gəmisinin ilk yanalma nöqtəsi "Bulla-dəniz" yatağındakı 82 nömrəli stasionar platforma olmuşdur. Həmin platformadan yaxın vaxtlarda 6400 metr dərinliyə 89 nömrəli kəşfiyyat quyusunun qazılması gözlənilir.

Modernləşdirmə işlərinin aparıldığı platformada yeni qazma avadanlığı quraşdırılıb. "Neftqaztikinti" tresti qrafikə uyğun olaraq platformanın üst qurğularının, habelə sənaye avadanlığının, yanalma və enmə meydançalarının montajını başa çatdırmışdır. Platformada 32 əməkçinin yaşaması üçün nəzərdə tutulmuş ikimərtəbəli rahat yaşayış evi də inşa edilmişdir. Vertolyot meydançası da məhz həmin evin üzərində quraşdırılmışdır. Hazırda qazma işlərinə başlamaq üçün burada hər şey hazırdır.

Daha sonra "General Əliağa Şıxlinski" 2 yeni neft rezervuarını "Neft daşları" NQÇİ-yə nəql etmişdir. Bu rezervuarlardan hər birinin hündürlüyü 12 metr, diametri 15 metr, saxlama həcmi 2 min tondur. Bunlar bu ilin iyununda quraşdırılmış əvvəlki 4 rezervuara birləşdiriləcək.

"Neft daşları"nda 6 nömrəli yeni əmtəə rezervuarları parkının inşası həyata keçirilir. 12 min ton neftin saxlanması üçün nəzərdə tutulmuş 6 rezervuardan ibarət olan park ən müasir rezervuar və yanğın əleyhinə avadanlıq, mədənlərdən mal qəbulunun və sahilə ötürülməsinin avtomatik idarəetmə sistemi ilə təchiz olunmuşdur. Eyni zamanda su üzərində inşa edilmiş xüsusi hidrotexniki sahədə yeni nasos stansiyası inşa edilmişdir ki, burada da partlayışlardan mühafizə olunmuş müasir elektrik mühərrikləri quraşdırılıb.

"Neft daşları"nda yeni hasilat platformaları, sualtı boru kəmərləri inşa edilir, hər il 20-dən artıq yeni quyu istismara verilir, istehsal infrastrukturu tamamilə təzələnir.

Yeni rezervuar parkı "Neft daşları"nda hasil olunan neftin qəbulu və yüklənməsi məsələlərini həll edəcək.

 

Azərbaycan.-2008.-7 dekabr.-S.12.