İhsan Doğramacı: Heydər Əliyev Türk dünyasına işıq saçan bir çıraqdır

 

Bu iki şəxsiyyətin hər görüşü qarşılıqlı səmimiyyət, həssaslıq və dostluq nümunəsi sayılmağa layiq idi. Hər ikisi türk xalqının böyük oğlu, iftixar örnəyi, qürur mənbəyidir. Deyirlər, qırx yaşından sonra həqiqi dost tapmaq çox müşkül məsələdir. Bəs belə isə, zamanın kələfini biləyinə dolamış, az ömür yaşamamış bu iki müdrik ixtiyarı bunca yaxınlaşdıran nə idi?

Böyük türklərdən biri İhsan Doğramacı danışır:

 

Bakıya ilk gəliş

 

Ömrüm boyu Türk Dünyasına böyük maraq duymuşam. Bunun çox səbəblərini - içində ortaq dil, din, tarix, mədəni-mənəvi dəyərləri, haradasa lap genlərin çağırışını da göstərmək olar. Amma bir ictimai-sosial nədən də var - mən Beynəlxalq Uşaq Həkimləri Birliyinin başçısı kimi milli sərhədlərimizdən kənarda formalaşmış bir Türkmən topluluğunun üzvü hesab edirəm özümü.

1970-ci illərin sonları idi. Moskvada keçirilən bir beynəlxalq konqresdə çıxış etmək üçün sovetlərin paytaxtına dəvət almışdım. Proqrama Moskvadan sonra Leninqrada qısa bir səfər daxil edilmişdi. Heç şübhəsiz, haqqında dünyanın ən gözəl şəhərlərindən biri kimi eşitdiyim bu şəhəri görmək çox maraqlı olardı. Amma mənim bir ayrı arzum vardı. Azərbaycana getmək, Bakını ziyarət etmək istəyirdim. Hesab edirəm ki, damarlarında türk qanı axan, içində böyük türk sevgisi hayqıran bir insan üçün belə bir səfərin necə bir müstəsna önəm daşıdığını söyləməyə ehtiyac yoxdur. Ortaya müəyyən çətinliklər çıxdı. Demə, Azərbaycana getmək üçün diplomatik izn gərəkdi, onu almağa isə yetərli zamanımız yoxdu. Çox israr etdiyimi görüb bir yol tapdılar. Bakıya mehmandarım dr. Tatoçenkonun müşayiətilə uçası oldum. Təyyarədə azərbaycanlı sərnişinlərlə eyni dildə danışmağım dostum Tatoçenkonun diqqətindən yayınmadı: - Onların dilini nə zaman öyrəndiniz? - deyə soruşdu. - Zatən, bizlər eyni dildə danışırıq, - dedim.

Bakıda keçirdiyim iki gün mənə azəri soydaşlarıma qovuşmanın xoşbəxtliyini yaşatdı. Xəzərin qucağına sığınmış cilvəli Bakı gecələrinə tamaşa etdikcə Nazim Hikmətin misralarını xatırlayırdım:

...Günəşli buğda tarlasıdır

Bakı şəhəri.

 

Əliyev Türkiyəyə gəlir

 

Sovetlərdə kommunistlərin rəhbərliyi dönəmində türk mənşəli bir şəxsin Kremlədək ucaldığını, "Politbüro"da təmsil olunduğunu eşitmişdim. Onun kimliyi ilə bağlı türk mətbuatına xəsisliklə də olsa sızan məlumatlarla dərhal tanış olurdum. Heç şübhəsiz, hər kim idisə, rusların əhatəsində belə bir yüksək mənsəbə ucala bilmişdisə, deməli, fövqəladə yetənəklərə sahib idi. Tarix isə yerində durmamışdı.

1992-ci ilin əvvəllərində hörmətli Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının başçısı kimi Türkiyəyə gələcəyi xəbərini aldım. Bir daha Naxçıvanın və Heydər Əliyevin "tarix"inə baş vurdum. Gözlərim qarşısında çətin, məsuliyyətli, ictimai-siyasi həyatın təlatüm və qasırğalarına mətinliklə sinə gərmiş, xalqına intəhasız bir sevgi ilə bağlı olan, dövlətcil, insankeş, cəsur və şərəfli bir insan ömrü, vətəninə sədaqətli əsgər tarixçəsi canlandı.

Heydər Əlirza oğlu Əliyev hələ Naxçıvanda orta məktəbdə təhsil alarkən türk yazarlarının əsərlərini mütaliə etmiş, Namiq Kamal, Ziya Göyalp, Tevfik Fikret və Yəhya Kamalın şeirlərinin, Rəşad Nuri Güntəkinin romanlarının təsirinə qapılmışdır. Əliyev gənc yaşlarında ikən sovet təhlükəsizlik təşkilatında işə alınmış və burada general rütbəsinədək yüksəlmişdir. 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev bu müsəlman respublikasını Sovet İttifaqının ən inkişaf etmiş, qabaqcıl respublikaları sırasına çıxarmağı bacarmışdır. Azərbaycanda yüzlərlə fabrik, zavod istifadəyə verilmiş, metro tikilmiş, elm, təhsil, səhiyyə inkişaf etmiş, mədəni həyat canlanmış, insanların rifahı yüksəlmişdir. Hesab edirəm ki, bir nəfər üçün bütün bunlar heç də az sayılacaq məziyyət deyil.

Heydər Əliyev 1982-1987-ci illərdə SSRİ "Politbüro" üzvü və Baş nazirin müavini olmuş, Mixail Qorbaçovun idarəetmə siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. O, 1990-cı il yanvarın 20-də covet ordusunun Bakıda törətdiyi qanlı faciəyə etiraz əlaməti olaraq Moskvada mətbuat konfransı keçirmiş, 1991-ci il iyulun 19-da Kommunist Partiyasının sıralarından çıxmışdır.

Bütün bunlar əfsanəvi bir dövlət adamı haqqında öyrəndiklərim idi. Ancaq şükürlər olsun Tanrıya ki, mənə buraxdığı şans sayəsində onu daha yaxından tanımaq, təmas qurmaq, dost olmaq səadətinə yetişdim.

Bu, sonralar olacaqdı. 1992-ci ilin əvvəlində isə belə böyük bir şəxsiyyətin Türkiyəyə gözlənilən səfəri məni gerçəkdən çox həyəcanlandırmışdı və istər İstanbulda, istərsə də Ankarada Bilkənd Universitetində, hətta belə bir fürsət düşərsə, lap evimdə Türk Dünyasının öndər olaraq yetişdirdiyi bir liderlə tanış olub dostluğunu qazanmaq fikrində idim.

 

Heydər Əliyev mənə - dostum! - söylədi

 

Heydər Əliyev mənimlə ilk görüşdən aldığı təəssüratlarını illər sonrası Bilkənd Universitetindəki çıxışlarından birində bölüşdü: "Naxçıvan Muxtar Respublikasının başçısı kimi Türkiyədə olarkən İhsan Doğramacının Bilkənd Universitetinə gəldim. Doğramacının Azərbaycan, Naxçıvan, başqa bölgələrimizlə bağlı dərin məlumatı məni heyran etdi. İhsan Doğramacının müsbət bir xüsusiyyəti vardır; Bakı, Naxçıvan, Qarabağ və başqa yerlərimizin ləhcələrini bilir. Belə bir maraq və səbat, heç şübhəsiz, Azərbaycana böyük sevgidən irəli gəlir. İhsan Doğramacı ilə ilk görüşlərimizdən sonra aramızda səmimi bir dostluq başladı. Sanki yüz ilin dostları idik".

Heydər Əliyevlə bu cür isti görüşlərdən sonra Azərbaycanla daha sıx maraqlanmağa başladım, bəzi ali təhsil ocaqları ilə sıx əlaqələr qurduq.

1995 və 2000-ci illərdə 80 və 85-ci doğum günlərim Bakıda böyük bir təntənə ilə qeyd olundu. Bu barədə Türkiyə mətbuatı yazırdı: "Azərbaycan Prezidenti Heydər Əliyev İhsan Doğramacının 80-ci ildönümünü dövlət səviyyəsində, bir ümumxalq şənliyi kimi qeyd etdi. İlk dəfə idi ki, başqa bir ölkənin tanınmış şəxsiyyətinin ildönümü Bakıda belə bir coşqu ilə keçirilirdi. Protokol qaydalarını bir kənara qoyan hörmətli Heydər Əliyev dostu haqqında son dərəcə hərarətlə danışırdı. Onun necə xoş bir məcaz, incə yumor sahibi olduğunun, insanlara xoş anlar yaşatmağı bacardığının və bundan sonsuz bir məmnunluq duyduğunun şahidi olduq".

85 yaşım yenə də unudulmaz dostumun təklifi ilə Bakıda, bu gün böyük öndər və xilaskar Heydər Əliyevin adını daşımağın qürur və iftixarını yaşayan möhtəşəm sarayda keçirildi. Prezidentin fərmanı ilə mənə Azərbaycanın ən yüksək nişanı olan "İstiqlal" ordeni təqdim olundu (Azərbaycan Prezidenti zati-aliləri İlham Əliyevin fərmanı ilə prof. İhsan Doğramacı Azərbaycanın ən ali təltifi olan Heydər Əliyev ordeni ilə təltif edilmişdir). İki aparıcı təhsil müəssisəsində - Bakı Dövlət və Tibb universitetlərində büstüm qoyulmaqla fəxri doktor seçildim. Eyni zamanda, cümhur başqanının tövsiyəsi ilə heykəltəraş professor Ömər Eldarov mənim heykəlimi hazırladı və 2002-ci il iyunun 26-da həmin heykəlin Ankaradakı Bilkənd Universitetində hamını özünün xoş sürprizləri ilə heyrətləndirməyi xoşlayan dostum Heydər Əliyevin iştirakı ilə açılış mərasimi oldu. Türk dünyasının müqtədir oğlu öz çıxışında mənimlə, dostluğumuzla, iki qardaş ölkə arasındakı münasibətlərlə bağlı çox qiymətli fikirlər söylədi: "Mən şəxsən sağlığında insanlara heykəl qoyulmasının əleyhdarıyam. Ancaq hər qaydanın da bir istisnası mövcuddur. Və həmin istisna İhsan Doğramacı ilə bağlı da gündəmə gəldi. Mən belə bir qərara gəldim və bu gün Ankaradayam. Bu heykəl Türkiyə ilə Azərbaycanın bir millət, iki dövlət olaraq sarsılmaz dostluğunun yeni bir rəmzidir".

 

Əliyev və Türkiyə

 

Dünya miqyaslı siyasətçilər və dövlət adamları sırasında dayanan Heydər Əliyev başda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk olmaqla Türkiyəyə çox yaxın ilgi duymuş və Azərbaycanın öz inkişafında Turkiyə Cümhuriyyətindən örnək aldığını dəfələrlə söyləmişdir: "Biz keçid mərhələsində olduğumuz bir dövrdə, hüquqi, demokratik, bəşəri bir cəmiyyət qurduğumuz məqamda, ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə çıxarmağa çalışarkən Türkiyənin təcrübəsindən istifadə etdik. Böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyətinin keçdiyi tarixi yolun təcrübəsindən yararlandıq. Türkiyə Cümhuriyyətinin qurucusu böyük öndər Atatürk bizə örnək olduğu kimi, onun yaratdığı bir dövlət də bizə örnək və iftixar qaynağıdır.

 

Son söz

 

Əslində, Heydər Əliyev kimi milli olduğu qədər də bir dünya adamı olan insanlar haqqında son söz deyilməz. Zaman ötdükcə, illər uzaqlaşdıqca xatirələr daha da isinir, bu dünyada miras qoyduqları xeyirxah əməllərin timsalında ikinci, zənnimcə, daha önəmli və uzun ömürlərini - mənəvi həyatlarını yaşayırlar. Tarix Heydər Əliyevi Türk dünyasına ona görə bəxş etdi ki, Mustafa Kamal Atatürk kimi fövqəlinsanların hələ tükənmədiyini yerdə qalan dünyaya bəyan etsin.

Dövlət adamı, tarixçi, general, millət vəkili, dövlət başçısı, cəsur öndər Heydər Əliyev 80 il ətrafına - ətrafındakılara, xalqına, insanlara, ölkələrə işıq saçan bir mayak kimi yaşadı. Belə bir müstəsna lider ana Vətəni, Türklük dünyası və sülh uğrunda mücadilə verən Yer kürəmiz üçün xoşbəxt bir taledir.

 

Zaman sürətlə irəli şütüyür. Gənc nəsil də bu coşqun sürətə tabe olaraq sabaha doğru addımlamaqdadır. Ancaq keçmişlə sıx əlaqəni təmin etmədən hər hansı bir irəliləyişdən bəhs etmək mənasızdır. Azərbaycan xalqı bu gün böyük bir inkişaf və rifah yolundadır. Hesab edirəm ki, belə bir etibarlı tarixi varislik nümunəsi öndər siyasətçi, misilsiz dövlət adamı, kamil şəxsiyyət və Azərbaycan xalqının böyük sevdalısı Heydər Əliyevin timsalında mümkün olmuşdur.

 

Təqdim etdi:

Xalid NİYAZOV

 

Azərbaycan.-2008.-12 dekabr.-S.4.