Ümummilli anım günü

 

 

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin vəfatının 5-ci ildönümünü dərin hüznlə qeyd edir. Bu günlərdə minlərlə insan Fəxri xiyabana axışaraq ümummilli liderin anım mərasiminə qatılır. Vətəndaşlarımız əbədiyaşar rəhbərin məzarı önündən keçərək onu dərin ehtiramla yad edir, dahi liderin ruhuna dualar oxuyurlar. Xalq öz rəhbərinin xatirəsini daim əziz tutur, onu minnətdarlıqla xatırlayır.

Dünən ölkənin baş ziyarətgahına insan axınının ardı-arası kəsilmirdi. Hər kəs öz xilaskarına, əbədiyaşar rəhbərinə dərin ehtiramını ifadə etməyi özünə vətəndaşlıq borcu sayır. Əməkdaşımız Fəxri xiyabana axışan müxtəlif təbəqələrdən olan vətəndaşların bir neçəsi ilə söhbətləşərək soydaşlarımızın ümummili liderlə bağlı xatirələrini bölüşüb.

Xeyrəddin Qoca, YAP Siyasi Şurasının üzvü:

- Bugünkü qüdrətli, müasir Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəridir. Ulu öndər nəinki Azərbaycanın, eləcə bəşəriyyətin dahi simalarından biri olub. Heydər Əliyev ömrünü Azərbaycana, onun inkişafına, tərəqqisinə sərf etdi. Bu yolda bütün istedadını, təcrübəsini tükənməz enerjisini yorulmadan ortaya qoydu. Təəssüf ki, müasir Azərbaycan dövlətinin memarı bugünkü qüdrətli əsərinin bəhrələrini görə bilmədi. Lakin bu müqəddəs yolu onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Bu o deməkdir ki, ümummilli liderin əbədi ideyaları, amalları yaşayır, onun arzuları həyata keçir.

Dilqəm Əliyev, tələbə:

- Heydər Əliyev mənim yaddaşıma müstəqil Azərbaycan dövlətinin xilaskarı, qurucusu, dahi lider kimi həkk olub. O, tarixi missiyası, dövlət quruculuğu xidmətləri ilə hər bir azərbaycanlının ürəyində daim yaşayacaq. Ümummilli lider müasir təhsilimizin daha da inkişaf etdirilməsində əvəzsiz xidmətlərə malikdir. Böyük rəhbərimiz daim tələbələrin problemlərini diqqətdə saxlayaraq, onlara qayğı göstərmişdir. Unudulmaz rəhbərimizin ali təhsil ocaqlarına tez-tez baş çəkməsi onun Azərbaycan təhsilinə olan qayğısının təcəssümü idi.

Ağahüseyn Məmmədov, təqaüdçü:

- Heydər Əliyevi xatırlayarkən Azərbaycanın 1969-cu ildə başlamış özünəməxsus inkişafı, həmçinin 1990- illərin əvvəllərində baş verən hadisələr gözümün qarşısında canlanır. 1993-cü ildə Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə idi. Ölkədə vətəndaş müharibəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən davamlı işğalı mövcud idi. Məhz belə bir çətin şəraitdə ümummilli lider Heydər Əliyev bütün qüvvəsini səfərbər edərək məhv olmaq təhlükəsi ilə qarşılaşmış müstəqil Azərbaycan dövlətini yaşatdı, inkişaf etdirdi.

Nəcibə Rüstəmova, müəllimə:

- Hər bir azərbaycanlı bu gün xoş, firavan yaşamasına görə Heydər Əliyevə borcludur. Ona görə ki, bizim müstəqil ölkənin vətəndaşı kimi yaşamağımız ümummilli liderin uzun illər davam etmiş gərgin əməyinin nəticəsidir. Hər birimiz Heydər Əliyevin ruhu qarşısında mənəvi baxımdan borcluyuq. Buna görə hər bir azərbaycanlı Heydər Əliyev ideyalarını, amallarını davam etdirməli, onun tutduğu yolla addımlamalıdır. Bu yol haqq, dövlətçilik yoludur.

Sədaqət Baxşəliyeva, müəllimə:

- Hələ ötən əsrin 80-ci illərinin sonlarında SSRİ-nin iflasa doğru getdiyini aydın şəkildə başa düşürdük. O zaman anlayırdıq ki, Heydər Əliyev Bakıya qayıdıb, Azərbaycanı idarə etməsə, vəziyyət daha da gərginləşəcək, bizi daha böyük təhlükələr gözləyəcək. Ərazilərimiz işğalçı ermənilər tərəfindən qəsb edilirdi, ölkədə anarxiya hökm sürürdü. Heydər Əliyev belə bir vaxtda xalqın təkidli tələbiylə hakimiyyətə qayıtdı, Azərbaycanı dərin uçurumdan, fəlakətdən xilas etdi. Mən onda başa düşdüm ki, keçmiş SSRİ dövründə Azərbaycanı çiçəkləndirmiş Heydər Əliyevin hakimiyyətə qayıtmasının vacibliyindən danışan insanlar qədər haqlı imiş.

Vahid Şükürov, məcburi köçkün:

- Kaş ki Heydər Əliyev 1993-cü ildə yox, 1988-ci ildə hakimiyyətə gəlmiş olaydı. Onda 20 yanvar faciəsi, torpaqlarımızın bir hissəsinin Ermənistanın işğalçı ordusu tərəfindən zəbt edilməsi baş verərdi. Biz məcburi köçkünlər ata-baba yurdumuzdan didərgin düşməzdik. Heydər Əliyevin qaçqın məcburi köçkünlərlə görüşü hər birimizi ruhlandırır, bizdə Azərbaycanın işıqlı gələcəyinə inam hissini gücləndirirdi. Biz onun Azərbaycan xalqının rəhbəri olmasından qürur hissi keçirirdik.

Elnur Məsməliyev, mühəndis:

- Ümummilli lider həmişə deyərdi ki, heç bir cəmiyyət şəxsiyyətsiz yaşaya bilməz. Dövlətimizin fəlakətə sürükləndiyi dönəmdə cəmiyyətimizin böyük şəxsiyyətə ehtiyac duyduğu lider məhz Heydər Əliyev idi. O, 1993-cü ildə ümidsiz, köməksiz qalmış Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya qayıtmasaydı, Allah bilir nələr olacaqdı. Bu gün onu ehtiramla anırıq. Təskinliyimiz isə odur ki, əbədiyaşar rəhbərimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

Anar TAĞIYEV

 

Azərbaycan.-2008.-13 dekabr.-S.2.