Ürəklərdə yaşayan xilqət

 

Elə bil O heç bir yerə getməyibmiş. Həmişə bizimlə, fikrimizdə, qəlbimizdə, yanımızda imiş.

Xeyirxah, əməlpərvər, yaradıcı insanlar haqqında heç vaxt felin keçmiş zamanında danışmırlar, sadəcə, - dünyasını dəyişdi - deyirlər. Bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Heydər Əliyev də beləcə böyük bir xalqın mənəvi dəyərinə çevrilməklə əbədiyyətə gömülmədi, əbədiyyət adlı məfhumun özünə çevrildi.

Bu gün biz Allahın bəxş etdiyi hər gün onu xatırlayırıq. Hansısa bir hərəkətini, şirin bir atmacasını, insanı riqqətə gətirən təbəssümünü... Bu xatirələrimizdə daha çox rəssam olmağa çalışacağıq. Şəxsiyyətinin, kişiliyinin müəyyən məqamlarını söz adlı nemətin yaratdığı rənglər dünyasının ixtiyarına buraxacağıq.

Heydər Əliyev böyük ürək sahibi idi. Vaxtilə ona dönük çıxmış, müxənnətlik etmiş neçə-neçə çörəyi dizi üstə olana, qəzetlərdə haqqında hərzə-hədyan yazanlara, rəsmi salonlarda üzünə iftira və böhtan püskürənlərə "amnistiya" elan etdi. Axı, o 1989-cu ildən- Sov.İKP MK-nın sonuncu plenumunun keçirildiyi iclas salonunun qapılarını çırpıb getdikdən sonra çörək verdiyi, xeyirxahlıq elədiyi, himayə göstərdiyi adamların birbəbir necə ona qarşı çıxdıqlarının statistikasını aparmırdı. Belələri isə çox idi. Ali Sovetin iclasında deputat Heydər Əliyevə söz verməyənlər, ayaqlarını yerə döyənlər, fit çalanlar, siyasi perspektivinə şəkk gətirənlər... Hardadırlar indi onlar?

Heydər Əliyev ürəyiaçıq, rəhmdil insan idi. Bir dəfə dönük çıxmış, müxənnətlik etmiş adamları bağışlamağı bacarırdı. Elə 1993-cü il iyunun 15-də Ali Sovetin sədri kimi çıxışında da bu barədə danışırdı: "Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq vaxtıdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyilE Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam".

Azərbaycan tarixinin Heydər Əliyev dövrü öz siqlətinə, tutumuna, kütləsinə görə bütöv bir mərhələ, epoxadır. Bütün subyektiv çalarları, istisnaları, ziddiyyətləri ilə. Taleyüklü məqamları, dövlətçilik uğrunda barışmaz mübarizəsi, ümummilli qayə və mündəricəsi ilə. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, reğional geosiyasət, siyasətşünaslıq haqqında yazılacaq nüfuzlu kitabların müntəxabatı məhz Heydər Əliyev irsindən qaynaqlanacaqdır.

Bu gün biz yeni Azərbaycanın həqiqi müstəqilliyini onun üçün fəth etmiş Heydər Əliyev haqqında danışarkən ən müxtəlif aspektlərdən yanaşmalı oluruq: bir hakimiyyət ustadı kimi, dövlətcil məmur, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, vətənini və millətini qənirsiz məhəbbətlə sevən insan kimiE Və maraqlıdır ki, Heydər Əliyevlə bağlı hər hansı bir ampluasında bəhs etsən belə, analogiya gətirə bilmirsən, o, müqayisəyə əl yeri qoymayan, şans buraxmayan şəriksiz və alternativsiz şəxsiyyətdir.

* * *

Heydər Əliyevdə çox güclü inkişaf etmiş ədalət hissi vardı. O, çətin və sınaqlarla dolu bir həyat yolu keçdiyi üçün ədalət məfhumunun cəmiyyətdəki yerini və rolunu yüksək qiymətləndirirdi. Ulu öndər Azərbycan vətəndaşının haqq və ədalət haqqında anlayışlarına bir reallıq gətirdi, haqq divanının pozulmuş nizamını sahmanladı, insanların "həyatdan küsmüş" inamlarına yeni bir şövq və enerji bəxş etdi. Onun 34 illik hakimiyyəti ən yüksək amala - Azərbaycan xalqının mənən və felən layiq olduğunu gerçəkləşdirməklə, sosial ədalətin bərpasına xidmət etmişdir.

Ötən əsrin 80-ci illərinin sonu -90-cı illərinin əvvəllərində Moskvada mənfur Qorbaçovun körüklədiyi irtica və təxribat dəzgahı Heydər Əliyevə qarşı da şər və insinuasiya püskürməkdən çəkinmirdi. Siyasi xuntanın respublikamızdakı sadiq qulbeçələrindən vəzirovlar, mütəllibovlar, habelə öz qələmi ilə onlara muzdurluq edən bir sürü cızma-qaraçı mənəvi terrorla məşğul idi. Sonralar - 1999-cu ilin noyabrında, ölkə ziyalılarının nümayəndələri ilə görüşərkən dövlət başçısı bu barədə belə deyirdi: "Məni orada da didirdilər, burada da. Çörək verdiyim adamlar məni didirdilər. Nəyə görə? Həmin bu şeylərə görə - bu cür cinayətkarlarla, vəzifəsindən sui-istifadə edənlərlə mübarizə apardığıma görə".

Heydər Əliyev özü ədalətli adam olduğu üçün dünya ictimaiyyətini, beynəlxalq qurumları da ölkəmizin mübtəla olduğu münaqişənin həllində ədalətli olmağa çağırırdı. O, sərt olmağı bacarırdı, səhvə görə cəzalandırırdı da. Ancaq heç vaxt ədalətsiz qərar vermirdi. Onun cəzası vicdan və ədalət kateqoriyalarının həmişə, hər yerdə və hər bir şəraitdə prinsipial qələbəsini faş etmək kimi nəcib və sosial-mənəvi missiyaya hesablanmışdı. Ulu öndərin sözləridir: "Dövlət inamsızlıq üzərində qurula bilər, ədalətsizlik üzərində yox".

* * *

Heydər Əliyevi tez-tez xilaskar adlandırırıq biz. Tarix boyu zülmə baş əyməyən, haqqını kəfən kimi boynuna dolayıb meydanlarda mücadilə verən xalqın çəpərinin yağısı, başının qeylü-qalı əskik olmayıb. Eyzən bizimki kimi. Təkcə elə ötən əsrin 80-90-cı illərində xalqımızın məruz qaldığı xarici irtica və daxili destabillik faktoru necə böyük bəlaların girdabından xilas olduğumuzdan xəbər verir.

1993-cü il. İki il əvvəl Azərbaycan rəsmən müstəqilliyinə qovuşsa da, bu məmləkətə yağlı tikə kimi baxanların bətnləri hələ də murdar niyyətlərinə beşiklik edirdi. Çevrədəki dövlətlərin heç birinə müstəqil, güclü, çiçəklənən Azərbaycan lazım deyildi. Bir tərəfdən ölkəmizə zorla ilhaq edilmiş və beş ildən bəri davam edən Qarabağ müharibəsi, bir tərəfdən də şimal və cənub bölgələrində fitnəkarcasına hazırlanmış separatçı çıxışlar dirçəlməkdə olan bir dövləti çökdürmək, dizi üstə qoymaq məqsədi daşıyırdı. Yalnız möhtəşəm iyun Qayıdışı Azərbaycanı labüd parçalanmaq təhlükəsindən xilas etdi, alovları bütün respublikanı qarsmaqda olan vətəndaş müharibəsinin qarşısını aldı, insanların təlaş və iztirablarına son qoydu.

1994-cü il. Səngərin bir üzündə dövlətin və xalqın müstəqillik ideallarının "qanına susamış" irtica, digər tərəfində isə Prezident və Xalq dayanmışdı. Oktyabrın 4-dən 5-ə keçən gecə efir vasitəsilə xalqa müraciət edən Heydər Əliyev deyirdi: "...İndi bizim hamımız üçün çox həlledici məqamdır, həlledici dəqiqədir. Kim Azərbaycana doğrudan ürək yandırırsa, bu həlledici dəqiqələrdə bizimlə olmalıdır. Sizinlə görüşmək istəyirəm, sizdən kömək gözləyirəm".

Təxminən bir saatdan sonra Prezident sarayının qarşısındakı meydanda bir neçə yüz min nəfərlik böyük bir insan dənizi kükrəyirdi. Heydər Əliyev-Xalq birliyinin qüdrəti və qüvvəsi bədheybət irticanın burnunu beləcə ovdu.

Xəyanətkar qüvvələr 1995-ci ilin martında yenidən revanş götürməyə qalxdılar, müstəqilliyinin dadını təzəcə tamsınmış bir ölkənin hulqumunu marığa yatıb dövlətçiliyimizə son və sarsıdıcı zərbəni vurmağa hazırlaşan bir ovuc nankor-nadürüstün murdar barmaqlarına ürcah etmək istədilər. Həmin məşum günlərdə Heydər Əliyev çox böyük təmkin və səbr nümayiş etdirdi. Çünki səngərin o tayında duran, kürəyimizə tuşlanmış xəyanət xəncərinin qəbzəsindən yapışan da öz həmvətənimiz, azərbaycanlımız idi. Martın 15-də ölkə Prezidenti xalqa müraciət etdi: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqi deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidisinizEBütün bu mühafizəkar qüvvələr, Azərbaycanın müstəqilliyinə təcavüz etmək əzmində olan qüvvələr birləşirlər. Çünki görürlər ki, Azərbaycan artıq dördüncü ildir müstəqil dövlət kimi yaşayır, bütün bu təzyiqlərə sinə gərir və möhkəm dayanmışdır".

* * *

Heydər Əliyev həqiqətən yeniləşməkdə olan bir Azərbaycanın qurucusuna çevrildi. 1994-cü il sentyabrın 20-də ölkənin tarixində son dərəcə taleyüklü bir hadisə baş verdi. Azərbaycanın və Azərbaycan xalqının firavan və xoşbəxt həyatının zəmanətinə çevrilmiş əsrin neft müqaviləsi imzalandı. Bu müqavilə inkişafa, tərəqqiyə təminat idi. Müstəqilliyin dönməzliyinə, təhlükəsizliyə təminat idi. Dünyada səsimizin eşidiləcəyinə, cəlb olunduğumuz müharibədə mövqeyimizin müdafiə olunacağına təminat idi.

Məhz ulu öndərin qətiyyət, iradə və cəsarəti sayəsində Azərbaycanın qara nefti bu millətin ağ günlərinin tarixini yazmağa başladı. "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir". Bu sözlərin müəllifi ölkəsinin karbohidrogen ehtiyatlarını strateji xammaldan böyük siyasətin, dünyada gedən inteqrasiya proseslərinin, milli təhlükəsizlik konsepsiyasının faktoruna çevirməyi bacardı. Bəşəriyyətə çox müsibətlər yaşatmış "qara qızıl" məhz ulu öndərin düşünülmüş, ağıllı taktiki addımları sayəsində dünyanın transmilli neft korporasiyalarını Bakıda topladı, Bakı-Tbilisi-Ceyhan ixrac kəməri sayəsində bir vaxtlar xəyal kimi görünən "üç dəniz əfsanəsi"ni gerçəkləşdirdi, Azərbaycanı regionda sülhün dayağına, əməkdaşlıq "paytaxt"ına çevirdi.

Digər təbii sərvətlərdən fərqli olaraq, neft iqtisadiyyatın əsas sütunu, lokomotivi sayıldığı, birbaşa geosiyasətə xidmət etdiyi üçün onun mövcud olduğu məkanlarda qlobal maraq və güclərin iştirakı təbiidir. Müasir dövrdə öz birbaşa təyinatını bu cür "sərfəli", eyni zamanda təhlükəli şəkildə transfer etməyi bacarmış "söz sahibi"ndən ustalıqla, maksimum ziyansız barınmaq yalnız fövqəladə qabiliyyətli insanlara müyəssər olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyev Azərabycan neftini Azərbaycan xalqının və dövlətçiliyinin köklü və həyati maraqlarına işlətmək kimi çətin bir missiyanın öhdəsindən bacarıqla gəldi.

Ölkə başçısının ən böyük uğurlarından biri kimi neftdən asılı olmayan iqtisadiyyatın qurulmasına diqqət və qayğısını göstərmək olar. O, bu cür rasional xətt yeritməklə nefti məqsəddən vasitəyə çevirdi. Beləliklə, islahatlara və bazar münasibətlərinə əsaslanan dinamik iqtisadi tərəqqi faktoru cəmiyyət həyatının digər aparıcı sahələrinin də inkişafını şərtləndirdi.

* * *

Heydər Əliyevin hakimiyyət ustadı olduğunu ən qərəzli opponentləri belə etiraf edirdilər. Onun idarəçilik qabiliyyətindən, dövlətçilik dərslərindən söhbət açmaq bütöv bir tarixi mərhələyə işıq tutmaq, dəqiq və konkret elmi-nəzəri fikirlərə əsaslanan bir təlimdən bəhs etmək kimi məsuliyyətli bir işdir. Zəka və müdrikliyi ilə bəşər övladını təkrar-təkrar heyrətləndirməkdən qalmayan Heydər Əliyev dühası zəngin fikir və hikmət xəzinəsi idi. Məsələn, akademik Ramiz Mehdiyevin fikrincə, "Belə bir tarixi simanın tədqiqinə müxtəlif yöndən-onun şəxsiyyət və dövlət xadimi kimi öyrənilməsi, yaxud onun formalaşıb siyasi lider kimi təşəkkül tapdığı mühitin müfəssəl təhlili yönündən yanaşmaq mümkündür. Onun dövlətçilik fəaliyyətinin müxtəlif mərhələlərinin təsviri kimi geniş yayılmış yanaşma da məqbul sayıla bilər".

Etiraf etməliyik ki, taleyi Heydər Əliyevinki kimi xalqının, millətinin, dövlətinin taleyi ilə bu qədər yaxından ülfət bağlamış ikinci bir dövlət başçısı təsəvvür etmək, doğrudan da çətindir. Taleyin nişanlayıb missiyalandırdığı dahi insanlara xas olan bütün keyfiyyətlər onun şəxsində qibtəediləcək kamilliklə əks olunmuşdu: fitri idarəetmə istedadı, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və dəmir məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, qətiyyət və cəsarət, şəfqət və comərdlik, insankeşlik və qədirşünaslıq, ən nəhayət, dövlətçilik və Azərbaycançılıq.

Azərbaycanda milli dövlətçiliyin təşəkkülünün əsas ideya və yolları barədə müntəxəbat fikirlərini Heydər Əliyev 1992-ci ildə yaratdığı Yeni Azərbaycan Partiyasının siyasi platformasında əks etdirirdi. Ulu öndər hələ 1990-cı ilin yazında deyirdi: "İstəyirəm ki, xalqımız mütəşəkkil olsun, Milli qürur hissi daha da güclənsin, tariximizi sevək, Vətən qarşısında xidməti olan insanların qədrini bilək". Bu fikirlərini söyləyərkən Heydər Əliyevin ən ülvi və qocaman arzusu xalqın birliyinə, bütün azərbaycanlıların həmrəyliyinə söykənən milli dövlətin yaradılması olmuşdur.

Heydər Əliyev ən yeni Azərbaycanın tarixinə iyunun 15-ni Qurtuluş günü kimi yazmış insandır. Onun nadir idarəçilik məziyyətlərindən biri kimi siyasi konyukturanı milli maraq və dövlətçilik mənafelərinin məxrəcinə gətirə bilmək istedadı çıxış edirdi. İdarəçilik məsələlərində onun üçün ikinci dərəcəli heç nə yox idi. Məhz Heydər Əliyev xalqın istək və arzularını onun dövlətçilik ənənələri, milli maraq və mənafeləri üzərində kökləyə, bu qüdrətli və təbii qaynaqdan düzgün istifadə etməklə dilindən, dinindən və milliyyətindən asılı olmayaraq ölkə ərazisində yaşayan bütün insanların həyati maraqlarını vahid məqsəd-dövlətçilik ideyası ətrafında birləşdirə bilmişdi.

Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarını, bunun ən vacib şərtlərindən olan qanunvericiliyin, demokratik seçkilərin presedentini yaratdı, Milli Ordu quruculuğuna real impuls verdi.

* * *

Heydər Əliyevi bir mənəviyyat bahadırına bənzədirəm hərdən. O, vicdanlı, şərəfli, comərd, ləyaqətli bir ömür yaşadı. Bu ömrün səhifələri nəslimizin mənəvi boyartımının güzgüsü olmağa layiq və qadirdir. Bu ömür tarixə cahanşümul sərkərdələr, filosoflar, söz xiridarları bəxş etmiş bir millətin son 30 ildə keçdiyi kəşməkeşli yolun əxlaq kodeksi, mənəviyyat əlifbası olmağı bacardı. Heydər Əliyev istər məişətdə, istərsə də siyasi həyatda son dərəcə səmimi, harizmatik, təvazökar və yüksək dərəcədə alicənab bir şəxsiyyət idi. Ürəyinin dərinliyindən çeşmə təki pıqqıldayıb gözlərinə, çöhrəsinə axan şirin təbəssümü istənilən adamı tərk-silah edirdi. O ətrafındakılardan da mənəviyyatlı, vicdanlı, ədalətli olmağı tələb edirdi.

Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun deklarativlikdən və rəsmiyyətdən uzaqlığı, Azərbaycan gerçəkliyinin son dövrü ilə üzvi şəkildə bağlılığı, gündəlik reallığın bəzi acınacaqlı, fəqət labüd həqiqətləri ilə diktə olunması idi. O, öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəblə geyinmək mümkündür, insanın imkanı daxilindədir. Amma hər bir insan və millət ilk öncə özünün mənəvi varidatına sahib çıxmalıdır, adət-ənənəsini, mental dəyərlərini qorumalıdır. Gələcək nəsillərə bəlkə də iqtisadi mirasdan daha çox mənəvi irs ərməğan edilməlidir.

2001-ci ilin avqustunda özünün mənəviyyatla bağlı məşhur bəyanatında ulu öndər deyirdi: "...Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi qorumalıyıq və gənc nəsli sınaqdan keçmiş bu mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".

Heydər Əliyev prinsipsiz, qətiyyətsiz, iradəsiz, yarınmaq xatirinə əl çalmaqdan əli, məddahlıqdan dili, çoxüzlülükdən sifəti qabar bağlamış buqələmun adamları xoşlamazdı. Təəssüflər olsun ki, belələri o vaxt da olublar, elə indinin özündə də çoxdurlar. Bunlar Heydər Əliyevin canı-qanı bahasına böyüdüb ərsəyə gətirdiyi "dövlətçilik ağacına" su vermək əvəzinə, bar-bəhərini "oğurlayıb" özgələrini yemləyir, prinsipial məqam yetişdikdə isə səbatsızlıq və qətiyyətsizlik nümayiş etdirməkdən belə çəkinmirlər.

Heydər Əliyev insanlardan həmişə konkret mövqe tələb edib. Lazımi anda, lazımi məqamda mövqe nümayiş etdirmək bacarığı, təpəri, sədaqəti. Çünki konkret mövqeyi olan, prinsipial adama hansı məfkurə daşıyıcısı olmasından asılı olmayaraq iş tapşırmaq, etibar etmək olar.

* * *

Heydər Əliyev həm də xalqının cəsur sərkərdəsi idi. Yenə də geriyə-tarixə baş vuraq. 1993-cü ilin yayında xalqın çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanın taleyindən yana son dərəcə məsuliyyətli bir dövrdə- sərhədlərimizin daxilində ermənilərlə ölüm-dirim mübarizəsinin getdiyi, vətəndaş müharibəsi təhlükəsinin havadan asıldığı, "bəy" iqtidarının məmləkəti xaos və səfalətə düçar etdiyi, dərəbəyliyin, kriminalın tüğyan etdiyi məqamda ölkənin Silahlı Qüvvələrinin yaradılması qayğısına qalması Simurq quşunun kül içindən dirçəlməsinə bənzədi.

Xalqımız həmişə sülhün, əmin-amanlığın qədrini bilib, çəpər qonşuları ilə isti, mehriban münasibətlərə üstünlük verib. Biz davakar olmamışıq, döyüşkən olmuşuq. Hücum etməmişik, ancaq müdafiəni də unutmamışıq. Məlumdur ki, rus-sovet dövlət sistemi müsəlman respublikalarında hərbi tədrisin, ordu quruculuğunun inkişafına imkan vermirdi. Belə bir dövrdə- Milli fərdilik nümunəsinin mücərrəd sovet ailəsi konsepsiyası kontekstində əridilməsinə cəhdlərin məqsədyönlü siyasət forması aldığı 70-ci illərin əvvəllərində, Azərbaycanın başçısı Heydər Əliyevin hərbi təmayüllü orta internat məktəbinin əsasını qoyması öz ideyasına və məqsədinə görə az qala inqilabi səciyyə daşıyırdı. Ölkə başçısının özü C.Naxçıvanski adına hərbi liseyin yaradılmasının 30 illik yubiley tədbirində həmin illəri xatırlayaraq deyirdi: "Mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi, nə vaxt da olsa, müstəqil olacaqdır. Məhz ona görə də, bax, yaratdım, yaşatdım, böyütdüm, 30 yaşa çatdırdım".

Bakıda yerləşsə də, Ali Hərbi Dənizçilik Məktəbində, Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil alanların çox az qismi azərbaycanlılar idi. Məhz ulu öndərin məqsədyönlü, müdrik siyasəti həmin təhsil ocaqlarını dağılmağa qoymadı, zabit peşəsini ən şərəfli və lazımlı peşələr sırasına qaldırdı. Azərbaycan Silahlı Qüvvələri az bir müddət ərzində müxtəlif siyasi firqələrin hakimiyyət ambisiyalarına xidmət edən könüllü özünümüdafiə dəstələrindən istənilən aqressora tutarlı cavab verməyə qadir mütəşəkkil və yüksək döyüş qabiliyyətli müasir hərbi qüvvəyə çevrildi. Ölkəmizin iqtisadi inkişafı sayəsində ildən-ilə artan hərbi büdcə zabitlərimizin sosial müdafiəsini etibarlı şəkildə qurmağa, ordunu modernləşdirməyə imkan verir. NATO və ABŞ-la hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi də heç şübhəsiz, Heydər Əliyevin xidmətidir.

* * *

Heydər Əliyev Bakının vurğunu, sevdalısı idi. Ulu öndər mavi Xəzərə sığınmış bu paytaxt şəhərini dərin və səmimi bir məhəbbətlə sevdiyini dəfələrlə bəyan etmişdi. Bu intəhasız sevgi, vətəndaş vurğunluğu və səlahiyyət qayğısının biri-birindən gözəl saraylara, sosial-mədəni və sənaye təyinatlı obyektlərə, paytaxtın simasına bir özgə gözəllik, təkrarolunmaz hüsn bəxş edən tikililərə hopmuş izlərini 30 ildən artıqdır ki, seyr edirik.

Heydər Əliyev fitrətən qurub-yaradan insan idi. Və bu istedad və həvəsini Bakının timsalında xüsusi canfəşanlıq və məhəbbətlə həyata keçirirdi. Bəli, doğrudan da əgər bu gün paytaxtda məhz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə tikilmiş binaları sökməli olsaq, yerində çox miskin və cansıxıcı bir mənzərə qalar.

Əbədi liderimizin bilavasitə rəhbərliyi altında inşa olunmuş "Gülüstan", bu gün sonsuz bir qürurla onun adını daşıyan "Respublika" sarayı və İdman-Konsert Kompleksi, ali məktəb binaları, Prezident Sarayı, onlarla sənaye müəssisəsi, bütöv yaşayış massivləri Bakının günü-gündən artmaqda olan şöhrət və qüdrət salnaməsinə yeni səhifələr yazmış, "Şərqin estetik təcəssümü" adlandırılan bu bənzərsiz Odlar diyarını nəinki Qafqazların, eləcə də keçmiş Sovetlər birliyinin ən inkişaf etmiş və füsunkar paytaxtlarından birinə çevirmişdir.

İctimai həyatın bütün sahələrində olduğu kimi, Bakıya, onun inkişafına, arxitektura simasına, abadlığına münasibətdə də Heydər Əliyev son dərəcə diqqətcil, qayğıkeş və tələbkar olmuşdur. Yaratmış olduğu, tikib-qurduğu müasir şəhərə laqeyd münasibət onu həmişə narahat edib, ağrıdıb. Ulu öndərin Bakı məhəbbətinin hərarətindən isinən sahələrdən biri də paytaxtın yaşıllaşdırılması məsələləri olub. O, haqlı olaraq Bakıda kütləvi yaşıllaşdırma hərəkatının banisi sayılır.

Müasir Bakı Heydər Əliyevin qürur və iftixar yeri idi. Bakılılar əmindirlər: nə qədər ki, Bakı şəhəri nəfəs alır, inkişaf edir, hər daşında, binasında izi qalan Heydər Əliyevin xatirəsi də yaşayacaqdır.

* * *

Deyirlər, zaman ən şəfalı məlhəmdir. Yoxluğun buraxdığı yaralı izləri nəfəsi ilə ovundurub sağaldır. Bəs elədə, ötən beş il nə üçün Heydər Əliyevin yoxluğunu milyonlara unutdura bilmədi?!

Zaman da dahilərin qarşısında acizmiş...

 

Xalid Niyazov

 

Azərbaycan.-2008.-13 dekabr.-S.3.