NATO Azərbaycan ilə münasibətlərə böyük önəm verir və əlaqələrin daha da genişlənməsində maraqlıdır

 

AzərTAc xəbər verir ki, dekabrın 16-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan NATO baş katibinin müavini Klaudio Bizonyeronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ziyafət Əsgərov demişdir ki, Avratlantik məkana inteqrasiya edən Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycan NATO ilə "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq" proqramları çərçivəsində əməkdaşlığı daha da genişləndirir. Ölkəmiz bu təşkilatın Rouz-Rout seminarlarında yaxından iştirak edir. Artıq həmin seminarların ikisinin Azərbaycanda keçirilməsi münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycanın NATO Parlament Assambleyasındakı rolunu xüsusi vurğulayan Ziyafət Əsgərov bu yaxınlarda qurumun Valensiyada baş tutmuş payız sessiyasında keçirdiyi görüşləri məmnunluqla xatırlamışdır.

Bildirilmişdir ki, ölkəmizdə NATO standartlarına keçidin birinci mərhələsi uğurla başa çatmış və Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və əldə olunmuş uğurlu nəticələr təşkilatın ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir. İndi isə ikinci mərhələ həyata keçirilməkdədir və ümid edirik ki, bu mərhələnin də nəticələri uğurlu olacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Ziyafət Əsgərov bildirdi ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə Ermənistanın məhəl qoymaması beynəlxalq birlik tərəfindən kəskin qarşılanmalıdır. Çünki Ermənistanın təcavüzkar siyasəti təkcə Azərbaycan və ya Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa təhlükəsizliyinə təhdiddir. Bu gün Azərbaycanın karbohidrogen ehtiyatları Avropaya nəql olunur, sabah isə Xəzəryanı ölkələr də öz enerji ehtiyatlarını Azərbaycandan keçməklə Avropaya göndərəcəklər. Ona görə də beynəlxalq birlik bu məsələ ilə bağlı konkret mövqe nümayiş etdirməlidir.

Səfərindən məqsədin Azərbaycanla əlaqələrin inkişaf etdirilməsindən ibarət olduğunu deyən Klaudio Bizonyero ölkəmizdə həyata keçirilən islahatların, əldə olunmuş uğurların NATO-da yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır. O demişdir ki, NATO Azərbaycan ilə münasibətlərə böyük önəm verir və əlaqələrin daha da genişlənməsində maraqlıdır. Qonaq əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmişdir.

Sonra görüşdə qarşılıqlı əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2008.-17 dekabr.-S.2.