Kompleks inkişafa xidmət edən dövlət proqramları

 

İnkişaf prosesi - hər bir ölkədə ictimai mənafelərə xidmət edən mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə reallaşdırılmasına əsaslanan mürəkkəb, zəncirvari və iyerarxik mexanizmdir. Təkcə dövlətin deyil, ümumən hər bir vətəndaşın, fərdin gələcək taleyini şərtləndirən bu pozitiv proses ilk növbədə xalqına bağlı milli liderlərin praqmatik və reallığa adekvat fəaliyyətindən asılıdır. Çoxluğun maraq və mənafeyinə uyğun siyasət yeritməyən, yaxud seçki platformasının səmərəliliyini inandırıcı sosial-iqtisadi, siyasi dəlillər əsasında sübuta yetirə bilməyən siyasi qüvvənin ictimai dəstək qazanmasının qeyri-mümkünlüyünü isə xüsusi vurğulamağa ehtiyac yoxdur.

 

İnkişafın

dinamikası

 

Son 15 ildə Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində kardinal dəyişikliklərə səbəb olmuş, seçki rəqabətində populizm elementlərinə, qeyri-real vədlərə hansısa yer saxlamamışdır. 2008-ci ilin 15 oktyabr seçkiləri bu həqiqəti bir daha təsdiqləməklə yanaşı, Azərbaycan vətəndaşlarının əməli fəaliyyətə - inkişaf və tərəqqiyə, sosial rifaha, davamlı yüksəlişə xidmət edən çoxşaxəli siyasətə dəstək verdiyini göstərmişdir. Bu seçkilərdə layiqli qələbə qazanaraq ikinci müddətə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev ötən beş illik fəaliyyəti ilə Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini tam sübuta yetirmiş, dərin elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının həlledici uğurlarını təmin etmişdir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ötən beş ildə qazanılmış yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi sərbəst bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, ölkənin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik, təcrübə və istedada, geniş dünyagörüşə, çevik idarəçilik keyfiyyətlərinə malik lider olduğunu nümayiş etdirir.

Dövlət başçısı özünəməxsus siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etmişdir. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu sistem respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına, ölkəmizdə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır. "Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq.

Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən cənab İlham Əliyev davamlı və tarazlı inkişafın təmin edilməsi baxımından bir sıra sahələrdə uzun illər boyu həllini gözləyən problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, habelə mövcud resursların həmin problemlərin həllinə yönəldilməsi üçün kompleks proqramların hazırlanaraq həyata keçirilməsini, icra prosesinin diqqətdə saxlanılmasını vacib saymışdır.

 

Tarazlı və davamlı inkişaf modeli

 

Prezident səlahiyyətlərinin icrasına başladığı ilk gündən Azərbaycan hökumətinin daha çox diqqət yetirməli olan problemləri düzgün müəyyənləşdirən cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" ilk fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasından ötrü çoxsaylı dövlət proqramlarının hazırlanmasında bir növ baza rolunu oynamışdır. Fərman aiddiyyəti dövlət strukturları qarşısında ümumi istiqamətləri müəyyənləşdirərək, ölkəmizdə işsizlik probleminin aradan qaldırılmasına, regionların tarazlı inkişafına, qeyri-neft sektoruna diqqətin artırılmasına, yeni iş yerlərinin açılmasına, müasir texnologiyalar əsasında yenidən qurulmalı olan yerli müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsulların istehsalına və həmin məhsulların dünya bazarına çıxarılmasına, habelə aqrar islahatların başa çatdırılmasına dair bir sıra dövlət proqramlarının hazırlanmasına rəvac vermişdir.

Çevik və işlək mexanizmlər üzərində reallaşdırılan çoxşaxəli islahatların məntiqi davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamı hökumətin son 5 ilə yaxın müddətdə fəaliyyətinin əsas məzmununu özündə ehtiva edən fundamental əhəmiyyətli sənəd kimi aktuallığını bu günədək qoruyub saxlayır. Regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun tərəqqisi, iqtisadiyyatın neft amilindən asılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər sistemi müəyyənləşdirən bu fərmanda cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri elmi dəlillərlə əsaslandırılmışdır. Əhatə dairəsinə, miqyasına və aktuallığına görə ölkə başçısının indiyə qədər imzaladığı dövlət proqramları sırasında əlahiddə əhəmiyyət kəsb edən bu proqramın dəyəri onun icrasına başlandığı son 4 il yarımda qazanılmış fantastik nəticələr baxımından qiymətləndirilməlidir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurla həyata keçirilməsi ictimai həyatın butun sahələrində sürətli inkişafa yol açmış, ölkədə tarazlı və davamlı inkişaf təmin olunmuş, əyalətlərdə canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmışdır. Regionların tarixi məşğulluq ənənələrinin bərpası və yeni müəssisələrin yaradılması hesabına ölkədə işsizliyin, yoxsulluğun səviyyəsi xeyli dərəcədə azalmış, Azərbaycan iqtisadi artım tempinə görə dünyada rekord göstəricilərə imza atmışdır.

2003-cü ilədək respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin nisbətən ləng getməsi nəticəsində regional tarazlığın pozulması cənab İlham Əliyevi ilk gündən qayğılandıran başlıca məsələlərdən olmuşdur. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" fərmanın imzalanması ilk növbədə regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət etmişdir. Cənab İlham Əliyev hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində rayonlara səfərlər etməklə, bölgələrdə yaşayan vətəndaşları maraqlandıran problemlərlə yaxından tanış olmuş, onları qayğılandıran çatışmazlıqların kompleks həllinə ehtiyac olduğunu bildirmişdi. Hökumətin 17 noyabr 2003-cü ildə keçirilmiş ilk iclasında isə dövlət başçısı bölgələrin inkişafındakı fərqi mümkün qədər azaltmağı, bu sahədə balansa nail olmağı özünün iqtisadi siyasətinin prioritetlərindən biri elan etmişdi. Bölgələrin inkişafında müşahidə edilən fərq ölkənin tarazlı, sabit və davamlı inkişafı baxımından yolverilməz idi.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın dinamik inkişafına, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Dövlət Proqramına əsasən, Azərbaycan hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına xüsusi yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmişdir. Fermer təsərrüfatlarının inkişafı, fermerlərə uzunmüddətli kreditlərin verilməsi, habelə yerlərdə infrastrukturun yeniləşməsi, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələləri də diqqət mərkəzində olmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ötən 4 il yarımda həm də inkişaf etməkdə olan bütün ölkələr, o cümlədən Azərbaycan üçün xarakterik daha bir vacib problemin həllini - urbanizasiya prosesinin yüksək səviyyəsinin, şəhərlərə yüksək axının qarşısının alınması niyyətini güdmüşdür. Məlumdur ki, keçid iqtisadiyyatlı ölkələrdə urbanizasiya prosesi işsizlik, regional balansın pozulması və sosial xarakterli digər problemlərlə şərtlənir. Deməli, regionlarda yeni iş yerləri açmaqla, əhalinin qaz, su, elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaqla, mədəni-intellektual mühit formalaşdırmaqla paytaxta və digər iri şəhərlərə kütləvi axını zəiflətmək mümkündür. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı əsasında da məhz hər bir bölgənin malik olduğu tarixi məşğulluq ənənələrinin bərpası təmin edilmiş, məqsəd yeni iş yerlərinin açılması ilə paytaxta kütləvi axının qarşısını almaq olmuşdur.

Dövlət başçısı İlham Əliyev görülən tədbirlərin nəticəsi kimi rayonlardan böyük şəhərlərə miqrasiya prosesinin zəiflədiyini razılıqla qeyd etmişdir: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir... Mən mütəmadi qaydada bölgələrdə oluram və gözəl abadlıq-quruculuq işlərinin getdiyini görürəm. Yeni müəssisələr açılır, yollar çəkilir, rayonlar abadlaşır, müasir görkəm alır. Əsas məqsəd odur ki, biz kənd ilə şəhər arasında fərqi azaldaq, eyni zamanda, rayonlardan böyük şəhərlərə miqrasiya meyillərini də gərək dayandıraq. Faktik olaraq, biz buna nail olmuşuq".

 

İnfrastrukturun yeniləşdirilməsinə xidmət edən dövlət proqramları

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında digər vacib məqam insan amili ilə şərtlənmiş, ötən 4 il yarımda yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində insan amilinin yüksəlişinə, bölgələrdə mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaratmışdır. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən dövlət başçısı İlham Əliyev bölgələrdə yaşayan vətəndaşların sosial-infrastruktur baxımından paytaxtla bərabər səviyyədə layiqli həyat tərzinin təmin olunmasına, regional inkişafdakı fərqin doğurduğu mənəvi-psixoloji fəsadların aradan qaldırılmasına çalışmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icra vəziyyətini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti mütəmadi olaraq regionlara səfərlər edərək görülən işlərlə əyani tanışlıq imkanı qazanmış, mövcud problemlərin həlli üçün yerli icra orqanlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, məmurlar qarşısında vəzifə məsuliyyətini, vətəndaşlara həssas münasibət məsələsini aktuallaşdırmışdır. Kampaniyaçılıqdan tamamilə uzaq olan bu səfərlər dövlət başçısına vətəndaşların həyat tərzi, düşüncələri, arzu və istəkləri, eyni zamanda regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə yaxından tanış olmaq imkanı yaradır. Prezidentlə birbaşa ünsiyyətə girən sıravi insanlar onun necə səmimi, təvazökar, həssas və təşkilatçı lider olduğunu yaxından görür, seçimlərində yanılmadıqlarına görə mənəvi rahatlıq tapırlar.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının davamı kimi ötən dörd il yarımda ayrı-ayrı bölgələrin inkişafı ilə bağlı 13 əlavə sərəncam imzalanmışdır. Həmin sərəncamlar əsasında Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, İsmayıllı, Oğuz, Şamaxı, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Şirvan, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Ağdam, Bərdə, Tərtər, Ağsu, Ucar, Zərdab (şəhər) və digər rayonların inkişafı üçün əlavə tədbirlər sistemi müəyyən edilmiş, dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılmışdır. Əgər 2007-ci ildə investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə dövlət tərəfindən ayrılan vəsaitin ümumi məbləği 691 milyon manat təşkil etmişdisə, 2008-ci ildə bu rəqəm 70 faizdən çox artaraq 1,15 milyard manata çatmışdır.

Dövlət başçısının 7 fevral 2007-ci il tarixli "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda (2004-2008-ci illər) və bəzi sərəncamlarında dəyişikliklər edilməsi barədə" sərəncamı da regional inkişaf sahəsində əlavə tədbirlər sisteminin reallaşdırılmasına etibarlı zəmin yaratmışdır. Yeri gəlmişkən, hazırda 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının hazırlanması üzərində işlər yekunlaşmaq üzrədir. "İndi hazırlıq işləri aparılır ki, 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlansın. Bu, mövcud proqramın məntiqi davamı olacaqdır. Bu proqrama indiyə qədər həll olunmamış məsələlərin hamısı salınmalıdır ki, növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur problemləri həll edilsin. Buna bizim gücümüz çatar. Keçən beş ilin təcrübəsi onu göstərir ki, hansı məsələ qarşıya qoyulubsa, o, uğurla icra edilib, bəzi hallarda isə müəyyən edilmiş vaxtdan tez icra olunubdur. Ona görə regionların inkişafı prioritet kimi qalır" - deyə dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 4-cü ildönümünə həsr olunmuş konfransda vurğulamışdır.

Ötən müddətdə bölgələrlə yanaşı, paytaxt Bakı və onun qəsəbələrinin inkişafı da ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi vacib sayılmışdır. Hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində xüsusi toplantı keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını və qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxtın və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi dövlət proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdür. Bu faydalı təşəbbüs əsasında hazırlanaraq 28 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı" kompleks sənəd olmaqla, regionların inkişafı naminə həyata keçirilən kompleks tədbirlərin paytaxta və ətraf qəsəbələrə də sirayət etməsinə səbəb olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, ictimai statusda fəaliyyət göstərən Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın faydalı və nəcib təşəbbüsləri əsasında Bakıətrafı qəsəbələrin inkişafına layiqli töhfəsini vermişdir.

Regionların, o cümlədən Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan hər iki proqramın gerçəkləşdirilməsi prosesində səmərəliyin təmin edilməsi baxımından dövlət başçısı İlham Əliyev infrastruktur yönümlü bir sıra əlavə dövlət proqramlarının imzalanmasını da zəruri saymışdır. Sözügedən proqramların icrası prosesində bəlli olmuşdur ki, rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yollarının, eləcə də yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının vəziyyəti əhalinin tələbatını lazımi səviyyədə ödəmir. Cənab İlham Əliyev bu sahədə mövcud problemlərin kompleks həlli məqsədilə 26 noyabr 2005-ci il tarixdə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Nazirlər Kabinetinin həmin sərəncam əsasında hazırladığı "Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı" Prezident İlham Əliyev tərəfindən imzalanmış və icrasına başlanılmışdır.

Azərbaycan Prezidentinin 2 fevral 2006-cı il tarixli "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə (2006-2007-ci illər) Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" sərəncamına uyğun olaraq isə paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Sərəncama müvafiq olaraq 2006-2007-ci illər ərzində paytaxtda 9 yol qovşağının - körpünün və 13 piyada keçidinin tikintisi təmin edilmişdir. Nəzərdə tutulan plan üzrə həyata keçirilən intensiv tədbirlər nəticəsində yeni körpü, tunel və yeraltı keçidlər müasir tələblər səviyyəsində inşa olunaraq istifadəyə verilmişdir.

Regionların inkişafı tədbirləri ilə yanaşı, əhalinin yaşayış səviyyəsinin, sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-infrastruktur layihələrinin həyata keçirilməsini nəzərdə tutan dövlət proqramlarının da əhəmiyyəti xüsusi vurğulanmalıdır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində respublikadakı bütün çadır düşərgələrinin ləğv olunacağını deyən dövlət başçısı bu vədini cəmi 4 il ərzində gerçəkləşdirmişdir. Dövlət başçısının 1 iyul 2004-cü il tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamı əsasında məcburi köçkünlərin yeni evlərə, qəsəbələrə köçürülməsi prosesi uğurla təmin edilmişdir. 12 çadır şəhərciyi ləğv edilmiş, 54 yeni qəsəbə salınmış, qaçqın və məcburi köçkünlər üçün 15 mindən artıq ev tikilmiş, bu işlərə Dövlət Neft Fondundan 380 milyon manatdan çox vəsait xərclənmişdir.

İnsan amilinin yüksəlişinə xidmət edən sosialyönümlü dövlət proqramları sırasında "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması haqqında" 21 iyun 2005-ci il tarixli, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın (2006-2015-ci illər) təsdiq edilməsi haqqında" 30 mart 2006-cı il tarixli, "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 18 aprel 2006-cı il tarixli, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın (2007-2010-cu illər) təsdiq edilməsi barədə" 16 may 2007-ci il tarixli sərəncamlarının əhəmiyyətini xüsusi önə çəkmək olar. Ümumilikdə bu yönümdə həyata keçirilmiş tədbirlər nəticəsində son beş ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 15,8 faizə enmiş, 750 minə yaxın yeni iş yeri açılmışdır.

 

Elmi-intellektual intibaha mühüm töhfə

 

Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində cəmiyyət həyatının vacib əhəmiyyətli sahələri kimi, təhsil və elmdə qazanılan uğurlara da toxunmuş, ölkənin gələcəyi naminə güclü insan kapitalının formalaşdırılması zəruriliyini diqqətə çəkmişdir. Həqiqətən də elm və təhsil müasir qloballaşma dövründə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin və qazandığı nailiyyətlərin başlıca rəhni kimi çıxış edir. İqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla təhsilin inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər dinamik inkişafa nail olur, dünya arenasında özünəlayiq yer tuturlar. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin tərəqqisinə xüsusi diqqət yetirir. "Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir" - deyən cənab İlham Əliyev haqlı olaraq bu qənaətdədir ki, bəşəriyyətdə demokratik idealların daha da möhkəmlənməsi, elmi-texniki tərəqqinin geniş vüsət alması insan amilinin inkişafını vacib məsələlərdən biri kimi önə çıxarır.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən 5 ildə həyata keçirdiyi siyasətin mahiyyətində də məhz insan və şəxsiyyət amili dayanmışdır. 2004-cü il avqustun 21-də "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın (2005-2007-ci illlər) təsdiq edilməsi haqqında" fərman imzalayan Prezident İlham Əliyev gənclərin müasir biliklərə və informasiya texnologiyalarına dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır. Bu proqram ölkədə yeni informasiya texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşımışdır. Proqramın uğurla həyata keçirilməsinin nəticəsidir ki, hazırda orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter düşür. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.

Təhsilə ayrılan vəsaitlərin illik artımı həm də inkişafyönümlü dövlət proqramları, fərman və sərəncamların icrası zərurəti ilə şərtlənmişdir. Qısa müddətdə 14 bu cür inkişafyönümlü proqramın icrasına başlanılmış, strateji əhəmiyyətli bu sənədlər bütövlükdə təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına qədər olan mühüm məsələləri əhatə etmişdir. Sovet dövründən tikilən və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidən qurulması isə ilk növbədə təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlmişdir. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-inşaat işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi hələ 11 fevral 2004-cü il tarixli Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında əksini tapmışdır. Eyni zamanda "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Müasir dövrdə ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insan kapitalının formalaşmasına qoyulan investisiya sayılır. Bütün sahələrdə yeniləşən, inkişaf edən respublikamız üçün müasir təfəkkürə, idarəçilik keyfiyyətlərinə malik kadrların hazırlanması bu baxımdan son dərəcə vacibdir. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması baxımından təqdirəlayiqdir. Dövlət Proqramı azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Bu sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Dövlət başçısının 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamına əsasən, 2007-2008-ci tədris ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat məbləğində vəsait ayrılmışdır.

Prezident İlham Əliyevin 4 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin İnkişafı (2007-2012-ci illər) üzrə Dövlət Proqramı" ölkəmizdə peşə təhsilinin inkişafına etibarlı zəmin yaratmışdır. Son illər ölkəmizdə dinamik inkişaf edən iqtisadiyyatın bir çox sahəsinin ixtisaslı kadrlara tələbatının dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə xidmətlərinin beynəlxalq tələblər səviyyəsində qurulması Dövlət Proqramının əsas mahiyyətini təşkil edir. Neft-qaz sənayesinin dünya miqyasına çıxması, qeyri-neft sektorunun, xüsusilə regionların sosial-iqtisadi inkişafı, turizmin yeni mərhələyə qədəm qoyması, yeni xidmət sahələrinin yaranması ixtisaslı texniki peşə kadrlarına ehtiyacı gücləndirir. Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramının icrasına başlanması ilə texniki peşə təhsili sistemi ölkə iqtisadiyyatını ixtisaslı fəhlə kadrları ilə təmin edəcəkdir. Dövlət Proqramına görə ilk növbədə müasir tələblərə cavab verməyən peşə təhsili sisteminin maddi-texniki bazası gücləndirilməli, peşə məktəbi və liseylərinin binaları əsaslı təmir olunmalı, bu sahədə təhsilin idarə strukturu təkmilləşdirilməli, onun dövlət büdcəsindən maliyyələşdirilməsi təmin edilməlidir. Eləcə də kadr hazırlığı əmək bazarının tələbləri ilə uzlaşdırılmalı, tədris-istehsalat ocaqları ixtisaslı kadrlarla təmin edilməli, mühəndis-pedaqoji heyətin hazırlığı daim diqqətdə olmalıdır.

Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin son beş ildə imzaladığı 40-a yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuş, inkişaf prosesində ahəngdarlığı, yüksək dinamizmi təmin etmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəlmişdir. İnkişaf, sosial təminat və struktur yönümlü bu layihələr ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə - bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

 

Xalid NİYAZOV

 

Azərbaycan.-2008.-19 dekabr.-S.1-3.