"Neft Daşları"ndakı yataqxanalar təmir edilir

 

"Neft Daşları"nda sayca dördüncü beşmərtəbəli kişi yataqxanasının əsaslı təmiri başa çatdırılmışdır. Ümumi sahəsi 3143 kvadratmetr olan 244 otaqlı yataqxanada 432 neftçi yaşayacaq.

Gələn ilin noyabrında "Neft Daşları" mədən-şəhərinin 60 illiyi qeyd ediləcək. Hələ 3 il bundan öncə ARDNŞ-nin rəhbərliyi yubiley ərəfəsində şəhərdəki bütün yataqxanaların təmir edilməsi barədə göstəriş vermişdi. Təmir işlərini həyata keçirmək "Neftqaztikinti" trestinin "Neft Daşları"ndakı 7 saylı Tikinti-Quraşdırma İdarəsinə Bakıdakı 6 saylı TQİ- tapşırılmışdır. "Neftqaztikinti" tresti keyfiyyət, ekologiya əməyin təhlükəsizliyi üzrə 3 beynəlxalq sertifikata malikdir. Trest tərəfindən inşa edilən bütün, ilk növbədə, sosialyönümlü obyektlər beynəlxalq standartlara uyğun, ən müasir üzlük materiallarla, insanların yaşaması üçün yüksək rahatlığın təmin olunması şərti ilə tikilir. İki il qabaq birinci təmir edilmiş 412 yerlik kişi yataqxanasında inşaatçıların gördüyü yüksək qiymətləndirilmişdir. İndiyədək kişi yataqxanasından 4-də əsaslı təmir işləri aparılıb. 128 yerlik sonuncu kişi yataqxanasının hazırda dam örtüyü təmir edilir.

Açıq dənizdə ən hündür tikili olan doqquzmərtəbəli 300 nəfərlik qadın yataqxanası 1,5 il bundan əvvəl "Neftqazlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə uyğun əsaslı təmirə dayandırılmışdır. Yataqxana 168 otaqdan ibarətdir. Təmir işləri iki mərhələdə aparılır. Yeniləşdirilmiş otaqlarda yaradılan rahatlıqdan qadınlar çox məmnundurlar. Təmir işləri Avropa standartlarına uyğun olaraq ən yeni üzlük materiallarından, santexnika və elektrotexniki avadanlıqdan istifadə edilərək aparılmış, burada yüksək keyfiyyətli qapı və pəncərələr quraşdırılmış, döşəmə laminatla örtülmüşdür. Hər bir otaq rahat və gözəl mebellə, güzgü və xalçalarla, duş, telefon, müasir elektrik avadanlıqları ilə təchiz edilmişdir.

Hazırda binanın qalan 88 otağının təmiri aparılır. 2009-cu ilin birinci rübündə yataqxananın təmiri başa çatdırılacaq. "Neft Daşları"nın 60 illiyi ilə əlaqədar burada idman-sağlamlıq mərkəzinin inşası, yeməkxananın, klub və NQÇİ-nin inzibati binasının əsaslı təmiri nəzərdə tutulub.

 

 Azərbaycan.-2008.-21 dekabr.-S.3.