Şərəfli tarix, layiqli xidmət

 

"Mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi Azərbaycan polisinə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu güc və bu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik".

 

Heydər ƏLİYEV

 

"Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur... Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır".

 

İlham ƏLİYEV

 

Azərbaycanın bu gün sosial-iqtisadi inkişaf dinamikasına, apardığı islahatların səmərəliliyinə görə dünyada öncül mövqe tutması hər bir vətəndaşın qürur və iftixar mənbəyidir. Qısa müddət ərzində əldə edilən bu nailiyyətlər həm də xalqımızın günü-gündən yaxşılaşan güzəranında, ölkəmizin yüksəlişində, kənd və şəhərlərin intibahında təcəssüm edir. Çox yox, sadəcə 15 il öncəki Azərbaycanla - böhranlar məngənəsində, parçalanma təhlükəsi ilə yaşayan dövlətlə bugünkü qüdrətli, tərəqqi edən Azərbaycanın müqaiyisəsi ötən müddət ərzində görülən cahanşümul fəaliyyətin miqyasını tam əks etdirir.

Bütün bu uğurların səbəbkarı və müəllifi məhz ulu öndər Heydər Əliyevdir. Dünyanın ən böyük azərbaycanlısının dövlətinə və xalqına bəxş etdiyi əsl müstəqillik, milli inkişaf əslində Azərbaycanın ən mühüm nailiyyəti, əbədi davam edəcək yüksəlişinin əsas rəhnidir. Fəqət unutmamalıyıq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın xaosdan qurtuluşa keçidi missiyası heç də asanlıqla başa gəlməmişdi. Ulu öndər böyük uzaqgörənliklə bilirdi ki, hər bir müvəffəqiyyətin yolu məhz ictimai sabitlikdən keçir. Bu baxımdan ulu öndər fəaliyyətinin ilk günündən etibarən respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündə əsaslı dönüş yaratdı. Həmin dövrdə ölkədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqantların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün əsas təhlükəyə çevrilmişdilər. Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını özü üçün əsas vəzifələrdən biri kimi elan etdi. Bu məqsədlə də ulu öndər ilk növbədə daxili işlər orqanlarının daxilən təmizlənib, öz səlahiyyətlərinin icrasını ləyaqətlə həyata keçirməsini təmin etdi.

Bir məqamı da xatırladaq ki, Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı tarixən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı gücləndi, sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verildi.

Ötən dövrdə qazanılan nailiyyətləri bərpa etmək məramı ilə ulu öndərin sədrliyi altında 1994-cü ilin aprelin 29-da DİN-də xüsusi müşavirə keçirildi və Heydər Əliyev bu qurumda özünü göstərən mənfi təzahürləri rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə məsuliyyətindən önə keçməsi ilə əsaslandırdı. Fəaliyyətində böyük problemlər olan daxili işlər orqanlarında köklü islahatlara başlamaq və vəziyyətin qaydaya salınması məqsədilə DİN rəhbərliyində əsaslı kadr dəyişiklikləri apararaq, Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi. Ümummilli liderimizin uğurlu kadr siyasətinin bu nümunəsinin seçimi də təsadüfi deyildi. Heydər Əliyev hələ 1993-cü ildə Bakıya ali hakimiyyətə gəldikdən sonra kriminallaşan siyasi avantüristlərin hegemonluğu altına keçmək mərhələsini yaşayan rəsmi nəzarətdən çıxmaqda olan Naxçıvanda asayişi qorumaq, silahlı bandaları zərərsizləşdirmək, qanunçuluğu təmin etmək kimi çox ağır, taleyüklü vəzifəni məhz polkovnik Ramil Usubova həvalə etmişdi. Hələ o təyinat zamanı ulu öndərimiz bilirdi ki, terrorun, silahlı kriminal dəstələrin hədəfinə çevriləcək Naxçıvanın daxili işlər naziri postunu təhdidlərdən çəkinməyən, xidməti borcunu və rəhbərin tapşırıqlarını yerinə yetirmək üçün riskə getməkdən qorxmayan, tam inandığı qətiyyətli bir şəxs tuta bilər. Heydər Əliyev həmin iclasda birmənalı dəstək verdiyi yeni daxili işlər nazirinin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi.

Aprel müşavirəsindən sonra daxili işlər orqanlarının fəaliyyətində əsl inqilabi dəyişikliklər baş verdi. Ulu öndərin tapşırıqlarına uyğun olaraq, Ramil Usubov başda olmaqla bütün şəxsi heyət vəzifə səlahiyyətlərini layiqli formada həyata keçirməyə səfərbər oldu. Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi, ən əsası isə ulu öndərin inamını doğrultdu. Heydər Əliyev 1994-cü ildə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcını qoydu.

Ümumiyyətlə, ümummilli liderin tövsiyələri və göstərişləri, daxili işlər orqanlarına olan etimadı fəaliyyətdə əsas istinadgah kimi qəbul edildi. Heydər Əliyevin misilsiz xidmətləri, böyük dəstəyi sayəsində həlli qeyri-mümkün olan problemlər belə az vaxtda aradan qaldırıldı. Ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığın artan dinamikasının qarşısı alındı və o, günü-gündən azaldıldı, kriminogen durum tam nəzarətə götürüldü, respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi. Əməkdaşlar cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifələrini layiqincə yerinə yetirdilər, eyni zamanda idarəetmədə keyfiyyətcə yeni prinsiplərin və təkmilləşmələrin tətbiqi sürətləndi. Dövlət çevrilişlərinin, kütləvi iğtişaşların qarşısının alınmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində qətiyyət, yüksək peşəkarlıq, anda sədaqət nümayiş etdirdilər.

Cinayətkarlığın dinamikasının statistik müqayisəsi bu sahədə baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. Xaos dövrü kimi səciyyələndirdiyimiz 1992-ci ildən 2004-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94,2 faizə qədər yüksəlmişdi. Bununla yanaşı bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq 32,3 faiz azalmışdı. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4,6 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10,8 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2,2 dəfə, yol-nəqliyyat hadisələri 24,1 faiz (eyni zamanda, bu hadisələrdə ölənlərin sayı 42,8 faiz, xəsarət alanlar isə 21,6 faiz) azalmışdı. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3,6 dəfə, qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3,4 dəfə artmışdı. Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdi.

Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən qətiyyətli tədbirlərlə hüquq-mühafizə orqanları tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu mübarizəyə başladılar. İctimai-siyasi proseslər, həmçinin kriminogen durum tamamilə nəzarət altına alındı. Bunun bariz göstəricilərindən biri o oldu ki, Azərbaycan nəinki MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına, sabitliyin mükəmməl və etibarlı təminatı baxımına görə ən yaxşı göstəriciyə malik ölkələrdən birinə çevrildi.

Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçlik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən Azərbaycanın daxili işlər orqanları, onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin təminatçılarından biri oldu. Cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter aldı, insanların polisə və bütövlükdə dövlət strukturlarına inamı və etimadı artdı. Sonrakı dövrlərdə daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edildi, fərmanlar, sərəncamlar verildi. Nazirlik sistemində müasir dövrün tələblərinə uyğun islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı. Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların daha yaxşı yaşamaları üçün lazımi tədbirləri həyata keçirirdi. Sosial problemlərin həlli məqsədilə ardıcıl olaraq əməkdaşların və hərbi qulluqçuların vəzifə və rütbə maaşları, digər təminat xərcləri artırıldı.

Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatları da davamlı xarakter daşıyır. Burada məqsəd xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, ölkədə kriminogen durumun təhlil edilib adekvat planların hazırlanıb həyata keçirilməsi, yaranmış yeni vəziyyətdə çevik idarəçilik qərarlarının qəbul olunmasını təmin etməkdir.

Prezident İlham Əliyev də respublikaya rəhbərliyinin elə ilk günlərindən ulu öndər Heydər Əliyevin daxili işlər orqanlarına diqqət və qayğı siyasətini davam etdirmiş, bu strukturda fəal inkişaf tempinin saxlanılması, daha böyük nailiyyətlərin əldə edilməsi üçün lazımi şərait yaratmışdır. Ölkə rəhbərinin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük önəm daşıyan xüsusi texnika, avadanlıq və vasitələr alınmış, yeni informasiya sistemlərinin tətbiqinə başlanılmışdır. Bir çox struktur qurumlar üçün inzibati binalar inşa edilmiş və müasirləşdirilmişdir. Yüksək ixtisaslı kadrlar hazırlayan Polis Akademiyasında beynəlxalq tələblər səviyyəsində hərtərəfli islahatlar, tikinti və abadlıq işləri aparılmış, zəngin fondu, elektron kataloqu olan kitabxana yaradılmış, Akademiyanın Bayrağı, eləcə də təhsildə fərqlənən və intizamı ilə seçilən müdavimləri üçün "Heydər Əliyev" təqaüdü təsis edilmişdir. Bu müddətdə DİN-in Daxili Qoşunları müasir tipli mobil hərbi quruma çevrilmişdir. Daxili Qoşunların hərbi hissələrində əsgər və zabitlər üçün hər cür şərait yaradılmış, yüksək standartlara cavab verən yataqxana korpusları, məişət obyektləri, təlim şəhərcikləri və s. tikilərək istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin 2005-ci il avqustun 31-də imzaladığı sərəncama əsasən, post-patrul xidməti, eləcə də diplomatik nümayəndəliklərin mühafizəsi üzrə nizami hissələrin, dövlət yol polisinin və Bakı metropoliteninin mühafizəsi üzrə post-patrul xidməti aparan, həmçinin xüsusi təyinatlı nizami hissələrin əməkdaşlarının aylıq maaşları 5-7 dəfə artırılmışdır. Bu sahədə ardıcıl və sistemli siyasət yeridən Prezident İlham Əliyev 30 iyun 2006-cı il tarixdə imzaladığı növbəti sərəncamla daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və xüsusi rütbəyə görə maaşlarını 2 dəfə artırmışdır. Dövlət başçısının 1 iyul 2008-ci il tarixli sərəncamı ilə isə Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin, həmçinin Daxili Qoşunlarının hərbi qulluqçularının və mülki işçilərinin aylıq əməkhaqları və pul kompensasiyası artırılmışdır. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş qanunla "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" və "Polis veteranı" medalları təsis olunmuş, Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının yeni nümunələrinin təsviri təsdiq edilmiş, "Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan əməkdaşlar dövlət mükafatları ilə təltif olunmuş, rəhbər vəzifəli şəxslər növbəti ali xüsusi rütbələrə layiq görülmüşlər.

Fəxrlə qeyd olunmalıdır ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini başlarkən Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə məhz polis oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən bu döyüşlərdə əsl qəhrəmanlıq, igidlik və şücaət göstərən 1695 əməkdaş və hərbi qulluqçu şəhid oldu, 1700 nəfərdən çoxu yaralandı. Eyni zamanda, müstəqillik dövründə xidməti vəzifə borcunu yerinə yetirən 82 əməkdaş həlak olmuş, 1300-ə yaxını yaralanmışdır. Respublikanın ərazi bütövlüyünün təminində, əmin-amanlığın qorunmasında xüsusi xidmətlərinə, dövlət quruluşunun müdafiəsində fəal iştiraklarına, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən cəsarət göstərdiklərinə görə ulu öndər və cənab İlham Əliyev tərəfindən yüzlərlə polis əməkdaşı və Daxili Qoşun hərbi qulluqçusu dövlət mükafatlarına, o cümlədən 67 nəfər "Milli Qəhrəman" adına layiq görülmüşdür. Vətən uğrunda və xidməti borcunu yerinə yetirərkən sağlamlığını itirmiş və şəhid olmuş əməkdaşların, onların ailələrinin, həmçinin uzun illər orqanlarda sədaqətlə xidmət etmiş veteranların sosial müdafiəsi də mütəmadi olaraq gücləndirilir.

Bir həqiqəti də unutmamalıyıq ki, bu gün ictimai asayişin müdaifəsini, kriminogen duruma nəzarəti, vətəndaşlarımızın ictimai həyatının təhlükəsizliyini məhz çətin şəraitlərdə xidmət aparan, zəruri anda xidməti borcunu hətta həyatından belə üstün tutan polislər, onların gərgin səyi və əzmkarlığı təmin edir. Bu gün DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə də ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi, vətəndaşların təhlükəsizliyini qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır. Daxili İşlər Nazirliyinin fəaliyyət göstəriciləri ildən-ilə daha da yaxşılaşır. Ötən müddətdə respublikanın daxili işlər orqanları tərəfindən ölkədə kriminogen duruma nəzarət olunması, asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur.

Müvəffəqiyyətlərin əldə edilməsi prosesində rast gəlinən maneələr, süni problemlər də çox olub. Ümumiyyətlə, Azərbaycanın iqtisadi-siyasi, hüquqi dövlət quruculuğu prosesində qazandığı nailiyyətlər onun beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, həmçinin respublikamıza və xalqımıza bədxah münasibət bəsləyən qüvvələri də zaman-zaman öz məkrli planlarını fəallaşdırmağa istiqamətləndirir. Bir sözlə, uğurlarımız artdıqca antimilli dairələrin avantüraları da genişlənir. Antiazərbaycançı qüvvələrin hədəfi məlumdur: Azərbaycanı Heydər Əliyev siyasi xətti ilə inkişafa, yüksəlişə aparan Prezident İlham Əliyev və onun komandası. Hakimiyyətə qarşı yönələn total antitəbliğat kampaniyası ötən müddətdə daha da kəskin hal alır, böhtanların və təxribatçı dezinformasiyaların yayılmasına xüsusi diqqət ayırır. Bu silsilədə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin fəal icraçılarından olan, ölkədə ictimai asayişin yaradılmasında müstəsna xidmətlər göstərən daxili işlər orqanlarına əlahiddə "münasibət" bəslənilir. Artıq neçə illərdir ki, polis orqanları xarici və daxili bədxah qüvvələrin mənəvi repressiyasına - kütləvi qarayaxma kampaniyasına məruz qalıb. Azərbaycan polisinin yalnız bir "günahı" var - dövlətə və xalqa sədaqət göstərmələri, Prezidentin siyasətinə birmənalı dəstək vermələri və ən nəhayət, dövlətçiliyə qarşı təxribat cəhdləri göstərən dairələrin zərərsizləşdirilməsində qətiyyət nümayiş etdirmələri!

Nazir, general-polkovnik Ramil Usubov başda olmaqla bütün şəxsi heyət qarşılaşdıqları bədnam kampaniya önündə geri çəkilməmiş, prinsipiallıq göstərmiş, xidməti vəzifələrini daha səmərəli və məsuliyyətlə icra etmiş, cinayətkarlığa qarşı mübarizədə, kriminogen duruma nəzarətdə effektiv fəaliyyət təşkil etməklə Azərbaycanın nüfuzunun artmasına nail olmuşlar. Daxili işlər orqanlarının bu uğurlu fəaliyyəti nəticəsində bütün antitəbliğat kampaniyası uğursuzluğa düçar olmuş, xalqın bu orqanlara etimadı daha da artmış, eləcə də ulu öndər, Prezident İlham Əliyev polisin, şəxsən nazirin fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Ümummilli lider Heydər Əliyev 2000-ci ildə daxili işlər orqanlarına və nazirə qarşı başlamış növbəti böhtan marafonuna belə münasibət bildirmişdir: "Ramil Usubov 1994-cü ildə daxili işlər naziri vəzifəsinə təyin olunubdur. Yadımdadır ki, həmin dövr çox ağır idi. Ötən bu dövrdə biz çox ağır yol keçmişik, cinayətkarlığa qarşı mübarizə aparmışıq, dövlət çevrilişinə cəhdlərin qarşısını almışıq. Necə ola bilər ki, mən bu cür xidmətlər göstərən adamlara mənfi münasibət bəsləyim?! General Ramil Usubov çox dəyərli insandır və çox da yaxşı işləyir. Mən ümumiyyətlə, Daxili İşlər Nazirliyinin işindən razıyam. Mən Ramil Usubova etibar etmişəm və etibar edirəm. Nə qədər ki, mən varam, Ramil Usubov da var. Mənim də varlığıma siz heç bir şübhə edə bilməzsiniz". Prezident İlham Əliyev də daxili işlər orqanlarının rəhbərliyini və şəxsi heyətini daim dəstəkləmiş, onların fəaliyyətini yüksək qiymətləndirmişdir.

Bu gün DİN-in bütün strukturları fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun qurmaqla, dövlət başçısı İlham Əliyevin fərmanlarından, tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri yüksək peşəkarlıqla, qətiyyətlə yerinə yetirirlər. Milli dövlətçiliyin, insan və vətəndaş hüquq, azadlıqlarının etibarlı müdafiəçisinə çevrilən, cinayətkarlıqla mübarizə sahəsində geniş tədbirlər həyata keçirən daxili işlər orqanlarının Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi bu mühüm nəticələr ölkəmizin hərtərəfli inkişafına - sosial-iqtisadi tərəqqiyə, milli təhlükəsizliyimizin təminatına, respublikamızda vətəndaş sülhünün möhkəmlənməsinə, cəmiyyətin demokratik inkişafına, beynəlxalq məkanda Azərbaycanın imicinin yüksəlməsinə öz layiqli töhfəsini verir.

Harada iş varsa, orada nöqsan da olmalıdır - bu prinsip əməli fəaliyyətin ilkin şərti sayılır. Şübhəsiz, polisin fəaliyyətində də xidməti qəbahətə, nöqsana, bəzi çatışmazlıqlara rast gəlinir. Lakin təqdirəlayiq haldır ki, bütün bu problemlər məhz daxili işlər orqanlarının rəhbərliyi tərəfindən aşkarlanır, onların qarşısının alınması üçün konkret addımlar atılır, vəzifə öhdəliklərinə riayət etməyən əməkdaşlar cəzalandırılır, orqanlardan kənarlaşdırılırlar. Digər tərəfdən isə Azərbaycan polisi fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə qurur və dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşma daxili işlər orqanlarının ictimai nüfuzunu daim artırır.

 

General-polkovnik Ramil Usubov başda olmaqla bütün şəxsi heyət ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiqdir və bunu fəaliyyətlərinin əsas prioriteti sayır. Bu gün xalqın sarsılmaz inamına, Prezidentin böyük dəstəyinə malik olmaq isə Azərbaycanın daxili işlər orqanları üçün ən böyük mükafat, təltifdir!

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.-2008.-23 dekabr.-S.3.