Azərbaycan demokratiya yolunda inamla irəliləyir

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycan xalqının, dövlətinin mənafeyi baxımından ciddi və məsuliyyətli bir prosesin nəticəsi - 15 oktyabr 2008-ci il prezident seçkiləri ilə bağlı yekun hesabatını açıqladı. Bununla da Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsinə əsaslanan siyasi islahatlar kursu və onun tərkib hissəsi olan seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkiqabağı mühitin demokratikləşməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər, seçkinin beynəlxalq norma və standartlara uyğun keçirilməsi naminə atılan addımlar dünyanın 54 ölkəsini özündə birləşdirən ATƏT kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən birmənalı olaraq müsbət dəyərləndirildi.

 

Bu mötəbər təşkilatın açıqladığı sənəd həm də onu göstərdi ki, Azərbaycanda sivil, demokratik, hüquqi dövlət quruculuğu prosesi artıq dönməz xarakter almış və bu proses xalqın sosial sifarişinə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dünyagörüşünə əsaslanır. Təsadüfi deyil ki, 15 oktyabr 2008-ci il prezident seçkisinin nəticələri belə bir həqiqəti də bir daha təsdiqləmiş oldu ki, Azərbaycanda xalqın iradəsinə arxalanan, siyasətini milli maraqlar üzərində quran, real gücə və nüfuza malik, sivil dünyada cərəyan edən prosesləri diqqət mərkəzində saxlayan, müstəqil dövlət quruculuğu prosesində böyük əməyi olan, ölkənin inkişafı ilə bağlı real və fundamental konsepsiyaya malik iqtidar mövcuddur. Məhz bu reallığın ifadəsi olaraq, ən əsası isə Azərbaycan Prezidenti İlham Əliyevin demokratik və legitim yolla prezident seçilməsinin məntiqi nəticəsi kimi belə bir faktor da yüksək qiymətə layiqdir ki, 2008-ci il prezident seçkilərinin gedişi siyasi sabitliyin qorunub saxlanılması, vətəndaş həmrəyliyinin gücləndirilməsi, seçici fəallığı, seçkiyə qatılan bütün namizədlərin sivil rəqabəti kimi amillərlə müşahidə olundu. Bu, əslində qanunauyğun idi, çünki ötən beş il ərzində ölkədə aparılan siyasət məhz buna zəmin yaratmışdı.

ATƏT-in yekun hesabatı həm də 15 oktyabr 2008-ci il prezident seçkilərinin çağdaş tariximizdə çox mühüm bir proses və hadisə olduğunu, seçkinin nəticələrinin Avropa strukturlarına inteqrasiya siyasətinin tərkib hissəsinə çevrildiyini, həqiqətən də seçkilərin azad, demokratik, beynəlxalq standartlara və normalara uyğun keçirilməsi üçün bütün mexanizmlərin yaradıldığını, demokratik siyasi mübarizə üçün zəruri olan bütün faktorların təmin edildiyini konkret sübutlarla və faktlarla arqumentləşdirdi. Yekun hesabatda xüsusi olaraq vurğulanır ki, 15 oktyabr 2008-ci il prezident seçkiləri birmənalı olaraq demokratik norma və standartlara əsaslanmış, Azərbaycan hakimiyyəti seçkilərin azad, ədalətli və siyasi rəqabət şəraitində keçirilməsini təmin etmək üçün qanunda nəzərdə tutulan bütün vasitələrdən istifadə etmişdir. Seçkiləri müşahidə etmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2008-ci il sentyabrın 1-də Seçki Müşahidə Missiyası yaratmış, seçki günü isə Müşahidə Missiyasına Avropa Şurası Parlament Assambleyasından və Avropa Parlamentindən də nümayəndə heyətləri qoşulmuş, ümumilikdə prosesin gedişini Beynəlxalq Seçki Müşahidə Missiyasından 440 müşahidəçi izləmişdir.

Hesabatda o da xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev digər namizədlərə daha çox imkan vermək məqsədilə şəxsən kampaniya aparmaqdan imtina etmişdir. Şübhəsiz ki, bu, möhtərəm Prezidentin alicənablığının, malik olduğu yüksək mənəvi dəyərlərin, təvazökarlığının ifadəsidir. Bununla yanaşı, təbliğat-təşviqat kampaniyasının gedişi hakimiyyətin prezident seçkilərinin demokratikliyinin təmin edilməsi prosesində bütün tərəflərə bərabər imkanların yaradılması, ümumilikdə seçkiqabağı mühitin şəffaflığına xələl gətirə biləcək neqativ halların tam aradan qaldırılması üçün ciddi siyasi iradə və qətiyyət nümayiş etdirdiyini bir daha təsdiqləmişdir. Hələ seçki kampaniyasının ilkin mərhələsində bu məqsədlə prinsipial qərarlar qəbul edilmiş, səsvermə günü prosesin şəffaflığının və demokratikliyinin təmin edilməsi üçün bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Hesabatda xatırlanır ki, cari ilin avqustun 6-da Prezident İlham Əliyev bərabər rəqabət mühitinin təmin olunması məqsədilə öz portretlərinin yığışdırılması barədə göstəriş vermişdir: "Rəsmi kampaniyaya start verildikdən sonra YAP Prezident İlham Əliyevin adından aydın və fəal təşviqata başlayıb. Bu məqsədlə keçirilən yürüşlərin və digər kampaniyanın böyük əksəriyyəti Seçki Müşahidə Missiyası tərəfindən izlənib. Digər namizədlər isə hakim partiyanın namizədilə müqayisədə daha zəif kampaniya aparıblar və bu, xüsusilə paytaxtdan uzaq bölgələri əhatə edib". ATƏT-in sənədində belə bir fakt da öz əksini tapıb ki, Azərbaycanda 40-dan artıq siyasi partiyanın rəsmən qeydiyyatdan keçməsinə baxmayaraq, onlar arasında hakim Yeni Azərbaycan Partiyası daha yaxşı təşkilatlanıb və bu partiyanın üzvlərinin sayı 450 mindən artıqdır. Şübhəsiz ki, YAP-ın siyasi gücünün ATƏT kimi mötəbər beynəlxalq təşkilat tərəfindən etiraf edilməsi hakim partiyanın sürətlə artan nüfuzunun, xalq arasındakı hörmətinin ifadəsidir. Təqdirəlayiq haldır ki, beynəlxalq təşkilatlar bu reallıqla hesablaşır və öz rəsmi sənədlərinə daxil edirlər.

ATƏT-in yekun hesabatının ümumiləşdirilmiş nəticəsi isə ondan ibarətdir ki, keçid dövrünün obyektiv şərtlərinə baxmayaraq, bu gün Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu prosesini uğurla yaşamaqdadır, eyni zamanda ağır müharibə şəraitinə baxmayaraq demokratik, hüquqi, vətəndaş cəmiyyətinin bütün institutları çox böyük sürətlə formalaşır. Maraqlı nüans isə ondan ibarətdir ki, digər respublikalardan fərqli olaraq Azərbaycanda demokratikləşmə prosesi özünəməxsus şəkildə inkişaf edir və bu, təkamülə, yaradıcı potensiala əsaslanır. Uzun illərin gərgin əməyi və yürüdülən müdrik siyasət nəticəsində ölkədə mükəmməl seçki sistemi təşəkkül tapıb və ötən illər ərzində bu sistem dayanıqlılığı, etibarlılığı, səlistliyi ilə alternativsizliyini sübut edib və bu, özünü son prezident seçkilərində də nümayiş etdirdi.

Bu gün belə bir həqiqət də heç kəsə sirr deyil ki, Azərbaycan cəmiyyəti hazırda sürətlə qloballaşan dünyanın ayrılmaz hissəsinə çevrilir. Bu, keçmiş sovet dövrünün totalitarizmindən inkişafın demokratik, plüralist, açıq modelinə keçidin qanunauyğun nəticəsidir. Bu gün həm də vətəndaşın hüquq və azadlıqlarının dərəcəsi və səviyyəsi dinamik şəkildə yüksəlir. Şəxsiyyətin hüquq və azadlıqları konsepsiyası təsərrüfat münasibətlərində, sosial və hüquqi təsisatların demokratikləşdirilməsi prosesinin dərinləşdirilməsində, cəmiyyətdə özünüidarənin və özünütənzimetmənin genişləndirilməsində, mənəvi-əxlaqi mühitin təzələnməsində, siyasi-hüquqi mədəniyyətin yüksəldilməsində yeni prinsiplərin bərqərar olmasının geniş perspektivlərini nəzərə almaqla inkişaf edir.

Demokratiya sahəsində böyük uğurlar əldə etmiş dövlətlərin seçki praktikası göstərir ki, hər bir seçkinin demokratikliyini təmin edən şərtlər sırasında siyasi iradə amili ilə yanaşı, məhz təkmil seçki qanunvericiliyinin mövcudluğu da olduqca vacib və əvəzolunmaz şərtlərdən biridir. Eyni zamanda, hər dəfə keçirilən seçkilər seçki qanunvericiliyindəki boşluqların və qüsurların üzə çıxarılmasında və onların aradan qaldırılmasında mühüm rol oynayır ki, Azərbaycan hakimiyyəti də məhz bu amili daim nəzərə alır. Bu mənada etiraf edilməlidir ki, hakimiyyət 2008-ci il prezident seçkisinin keçirilməsinin hüquqi tənzimlənməsini çox böyük uğurla, peşəkarlıq və beynəlxalq təcrübəni nəzərə almaqla həyata keçirdi. Seçki Məcəlləsinə mütərəqqi dəyişikliklər edildi, qanunda təsbit olunan qrafikə uyğun olaraq vaxtında bütün seçki strukturları yaradıldı, dairə və məntəqə seçki komissiyalarının formalaşdırılması birmənalı olaraq Seçki Məcəlləsinin tələblərinə cavab verdi.

Bütün bunları nəzərə alaraq radikal müxalifətin və bəzi qondarma beynəlxalq qurumların seçki öncəsi situasiyadan narazılıq etməsi üçün hər hansı şərtlər mövcud olmayıb və bu sahədəki iddialar tamamilə əsassızdır, reallıqları əks etdirmir. Əgər seçicilər seçki kampaniyasında iştirak edən hər hansı bir partiyanın proqramını və həmin proqram əsasında namizədliyini irəli sürmüş şəxslərini dəstəkləyib ona səs vermirlərsə və yaxud seçkiləri boykot çağırışını nəzərə almırsa, bu, Azərbaycandakı seçki mühitinin xarakterinə dəlalət edən hər hansı mənfi gerçəklik deyil.

Seçki prosesinin gedişinin monitorinqi də təsdiqlədi ki, təbliğat-təşviqat kampaniyasına start verildiyi 16 sentyabr 2008-ci il tarixdən başlayaraq 28 gün ərzində prezidentliyə namizədlərin hüquqlarının məhdudlaşdırılması istiqamətində hər hansı bir addım atılmadı, əksinə, təbliğat-təşviqat materiallarının çapı, yayılması, seçicilərlə görüş, onlara efir vaxtının verilməsi, debatların təşkili və başqa sahələrdə mövcud situasiya tam demokratik oldu, qanunun tələblərinə cavab verdi. Təsadüfi deyil ki, ATƏT-in yekun hesabatında da bildirilir ki, Azərbaycanda seçkiqabağı mühit olduqca demokratik və siyasi plüralizmə əsaslanmış, seçki qanunvericiliyinə müvafiq olaraq Azərbaycan prezidenti vəzifəsinə namizədliklərini irəli sürmüş şəxslər 28 gün ərzində aktiv təbliğat-təşviqat prosesinə qoşulmuş, namizədlərin televiziya və radio ilə çıxışları efirə verilmiş, onların açıq mübahisəsi, platformalarının müzakirəsi, təbii ki, bu iddiaçıların seçkiqabağı yarışının ən gözəçarpan hissəsi olmuşdur.

Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi qüvvələr, siyasi partiyalar özlərinin gücü hesabına deyil, seçki qanunvericiliyində, seçki komissiyalarının tərkibində dəyişikliklər etmək hesabına adına paritet deyilən, lakin həyata keçirilməsi mümkün və zəruri olmayan, hansısa qaranlıq məqsədlərdən xəbər verən təkliflər hesabına seçki prosesinin gedişini öz məqsədlərinə uyğunlaşdırmağa cəhd göstərdilər. Halbuki bunun ölkənin seçki sisteminə, bütövlükdə demokratik proseslərə xələl gətirdiyi hələ 1998-ci il prezident seçkilərinə hazırlıq dövründə öz təsdiqini tapmış, eyni zamanda çoxsaylı arqumentlərlə bunun ciddi problemlərə gətirib çıxaracağı tamamilə sübuta yetirilmişdir. Beynəlxalq qurumların hesabatları da tamamilə təsdiqləyir ki, Azərbaycanın Seçki Məcəlləsinin bütün bəndləri, xüsusilə seçki komissiyaları ilə bağlı müddəalar beynəlxalq norma və standartlara tamamilə uyğundur və radikal müxalifətin iddiaları sadəcə olaraq şəxsi ambisiyalardan başqa bir şey deyil.

Radikal müxalifətin bütün yalan və uydurmalarına baxmayaraq, Azərbaycan hakimiyyəti tam şəffaf və azad seçkilərin keçirilməsi üçün bütün prosedur qaydalarına böyük diqqət yetirmişdir. Belə ki, uzunmüddətli beynəlxalq müşahidəçilər Azərbaycanda olmuş, Avropa Şurası və ATƏT-in dəstəyi ilə treninqlər keçirilmiş, Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və KİV-də seçkiqabağı təşviqat qaydalarına riayət olunmasına nəzarət edəcək 16 nəfərdən ibarət mətbuat qrupu və "qaynar xətt" aktiv fəaliyyət göstərmişdir. Eyni zamanda seçki prosesini 36 xarici kütləvi informasiya vasitəsinin 103 nümayəndəsi izləmiş, seçkilərdən sonra xarici KİV təmsilçiləri Azərbaycanda bu mühüm siyasi kampaniyaya geniş yer ayıraraq, prosesin qanun pozuntusuna yol verilmədən, qanunvericiliyn tələblərinə uyğun, demokratik, şəffaf keçdiyini xüsusi qeyd etmişlər.

Bu mənada ənənəvi müxalifətin seçkilərin "sönük" keçməsi barədə iddiaları da sağlam məntiqə sığmır. Radikal düşərgənin "zahiri sakitlik" kimi qələmə verdiyi seçkiönü situasiyanın ən əsas özəlliyi onunla bağlı idi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin seçkilərdə qalib gələcəyi heç bir şübhə doğurmurdu. 2008-ci il prezident seçkisində Azərbaycan vətəndaşları ölkədə siyasi sabitlik, sülh və əmin-amanlıq, sosial-iqtisadi inkişaf arzusunda olduqları halda, ənənəvi müxalifətin bu istəyin əksinə olaraq, sosial sifarişə qarşı çıxaraq insanları konstitusion hüquqlarının əleyhinə, boykota təhrik etməyə cəhd göstərməsi də məhz bu reallığın nümunələrindən biri sayıla bilər. Çünki radikal müxalifət anlayırdı ki, cənab İlham Əliyevin qələbəsi xalqın dərin inamına əsaslanır və buna mane olmaq mümkün deyildi. Təbii ki, bu qüvvələr üçün siyasətlə məşğul olmağın meyarı idarəçiliyi gözəl bilmək, təcrübəli olmaq, xalqı daha çox sevmək, ortaya real proqramlar və alternativ ideyalar qoymaq kimi məzmun kəsb etmir. Onlar üçün siyasət və ya seçkilərdə iştirak cəmiyyətdə siyasi gərginlik yaratmaq, bunun fonunda hansısa şəxsi məqsədləri reallaşdırmaqdan ibarətdir. Lakin bütün bu qarayaxmalara, çirkin siyasi texnologiyalara baxmayaraq, Azərbaycan hakimiyyəti növbəti dəfə demokratik seçkilərin keçirilməsi üçün böyük siyasi iradəyə malik olduğunu və demokratiyanın Azərbaycan üçün həyat tərzi kimi müəyyənləşdirildiyini bütün dünyaya nümayiş etdirdi.

Xalqın seçimi isə məhz obyektiv reallığa, respublikamızın işıqlı sabahına əsaslandığından cənab İlham Əliyev bu seçkilərin favoriti oldu. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin son beş ildə Azərbaycan Prezidenti kimi fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar dövlətçilik və milli maraqların təmini, ümummilli məqsədlərə çatmaq üçün uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əxz etdirmişdir. Olduqca çətin və məsuliyyətli bir missiyanı öz çiyinləri üzərinə götürən cənab İlham Əliyev yüksək keyfiyyətləri, dövlət idarəçiliyi, bacarığı sayəsində ötən 5 il ərzində alternativsiz siyasi lider olduğunu təsdiqləmişdir.

Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi islahatların mahiyyətini təşkil edən ən başlıca məqsəd və vəzifələr isə Azərbaycan cəmiyyətinin inkişafının mühüm şərtlərindən sayılan siyasi plüralizmin daha da inkişaf etdirilməsi və ölkəni qabaqcıl Avropa dövlətləri sırasına çıxarmaq olmuşdur. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər və məqsədyönlü siyasətin nəticəsi olaraq 2003-cü il prezident seçkilərindən sonra Azərbaycanın həyatının bütün sahələrində nəzərəçarpacaq irəliləyişlər baş vermiş, mütərəqqi siyasi meyillər inkişaf etmiş, demokratikləşmə prosesi daha intensiv xarakter almış, ölkə demokratik transformasiya və sivilizasiyalı dünyaya inteqrasiya yoluna qədəm qoymuşdur. Bunun nəticəsidir ki, yeni dünya nizamı sistemində ölkəmiz özünü daha inamlı hiss edir, qloballaşan dünyada təhdidlərə cavab verməkdən ötrü özünə yeni imkanlar qazanmışdır.

İnsanların cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində fəal iştirakı da məhz cənab İlham Əliyevin həyata keçirdiyi yüksək demokratik inkişafın təzahürüdür. Möhtərəm Prezident öz çıxışlarının birində haqlı olaraq qeyd etmişdir: "Bizim apardığımız işlər həm də Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi və qanunun aliliyi ilə bağlıdır. Biz demokratik cəmiyyət qururuq. Qanunun aliliyi və insan hüquqlarının qorunması prinsiplərini əsas tuturuq. Bundan sonrakı dövr ərzində Azərbaycanda hüquqi dövlət quruculuğu davam etdirilməlidir. Demokratikləşmə prosesləri daha da sürətlə aparılmalıdır".

Demokratikləşmə prosesinə bu cür səlis və birmənalı münasibət təsdiqləyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetini qüdrətli, demokratik Azərbaycan dövlətinin qurulması və sivil dünyaya inteqrasiyası təşkil edir.

Bu mənada o da etiraf edilməlidir ki, 2003-2008-ci illərdə Azərbaycanın dövlətinin hərtərəfli inkişafı və dünyada nüfuz və reytinqinin artmasının əsasında duran başlıca amillərdən biri də məhz cəmiyyətdə demokratik proseslərin sürətlə getməsi və siyasi plüralizmin bərqərar olması ilə bağlıdır. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla bərqərar olması, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının makroiqtisadi nəticələri, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsi düzgün müəyyən edilən siyasi kursun məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında daim demokratiyanın inkişafında xalqın meyarlarının, baxışlarının həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Bütün proseslər, aparılan təhlillər göstərir ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədi Azərbaycan cəmiyyətini siyasi qüvvələrin rəqabət, qarşıdurma yox, əməkdaşlıq məkanına çevirməkdir, o, milli maraqların təmin olunmasında əlindən gələni əsirgəmir.

2008-ci il prezident seçkilərinin nəticəsi bir daha göstərdi ki, ölkə vətəndaşları Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı siyasəti dəstəkləyir və buna real alternativ görmürlər. Bunu zaman-zaman xarici təsisatların, eləcə də yerli sosioloji rəy mərkəzlərinin keçirdikləri sorğunun nəticələri də təsdiq edib. Aparılan uğurlu islahatlar və vətəndaşlarımızın maddi rifah halının gündən-günə yüksəlməsi onu deməyə əsas verir ki, cənab İlham Əliyevin yürütdüyü siyasətə alternativ yoxdur və 2008-ci il prezident seçkisində xalqın bu siyasi kursu yekdilliklə dəstəkləməsi tam məntiqli və qanunauyğun idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət real məqsədlərə, xalqın istəyinə, dövlətin inkişafına əsaslanır: "Biz bilirik nə istəyirik, biz bilirik hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz açıqdır, aydındır, atılan addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın mövqelərini möhkəmləndirməkdir".

2008-ci il prezident seçkiləri həm də Azərbaycan hakimiyyətinin cəmiyyətdə siyasi plüralizmin formalaşmasının ən mühüm şərtlərindən biri kimi alternativ siyasi düşüncənin inkişafında maraqlı olduğunu nümayiş etdirdi. 2008-ci ilin prezident seçkiləri Azərbaycanın yalnız iqtisadi və siyasi planda deyil, eyni zamanda demokratikləşmə məsələlərində də regional lider olduğunu nümayiş etdirdi. Seçkilərin azad və ədalətli, demokratik keçməsi və beynəlxalq ictimaiyyət tərəfindən açıqlanan müsbət rəy və hesabatlar tam dəqiqliyi ilə sübut edir ki, Azərbaycan həm iqtisadi, həm də siyasi planda mərhələli inkişaf edir, cəmiyyət demokratikləşir, buna paralel olaraq effektiv dövlətçiliyin formalaşdırılması prosesi gedir.

2008-ci il prezident seçkisində cənab İlham Əliyevin qələbəsi sözsüz ki, xalqın sosial sifarişi kimi ortaya çıxmışdır. Cəmiyyət əslində öz seçimi ilə cənab İlham Əliyevin birinci prezidentlik dövrünə öz qiymətini vermişdir. Bu mənada seçkiləri həm də ümumxalq referendumu kimi səciyyələndirmək də mümkündür. 2003-2008-ci illəri əhatə edən dövrdə cənab İlham Əliyev bacarıqlı, ölkənin perspektivini uzaqgörənliklə başa düşən siyasətçi olduğunu təsdiqləmişdir. Cənab İlham Əliyev nəinki məşğul olduğu bütün işlərdə tam müstəqildir, həm də xarizmaya malik, qərarların qəbulunda cəmiyyətin maraqlarını incəliklə nəzərə alan, özünün siyasi üslubu olan siyasətçidir. ABŞ-ın nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun sədri Frederik Starr Azərbaycan Prezidentinin bu keyfiyyətini haqlı olaraq belə ifadə etmişdir: "Prezident İlham Əliyevin ən güclü cəhətlərindən biri odur ki, onun üçün daim diqqət mərkəzində olmaq əhəmiyyətli deyildir. O, bacarıqlı, tarazlı, düşünülməmiş qərarlara yol verməyən, rəyi ilə razılaşmadığı insanlara ehtiramla yanaşan bir şəxsiyyətdir. Mən onun Azərbaycandakı müxalifət nümayəndələri barədə hörmətlə danışdığını dəfələrlə eşitmişəm. O, şəxsi hissləri siyasətdən ayıra bilən insandır. Bunların hamısı çox məsuliyyətli insana xas olan xüsusiyyətlərdir. Məncə, o, indiyə qədər ölkəsinə çox gözəl xidmət edib".

Dərin siyasi erudisiyası, siyasi proseslərə intellektual münasibəti, ən əsası isə ictimai auditoriyanın mənafelərinə hesablanmış addımlar onun siyasi obrazını şərtləndirən əsas kateqoriyalardır. Hadisələrə birmənalı münasibəti və onların qiymətləndirilməsindəki intellektual üslub cəmiyyətlə cənab İlham Əliyev arasındakı bütün şəffaflığı təmin etmiş, bu şəffaflığın müqabilində Azərbaycan Prezidenti ilə xalq, ictimai rəy arasında qarşılıqlı inam, etimada əsaslanan münasibətlər bərqərar olmuşdur. Cənab İlham Əliyevin siyasi keyfiyyətləri, onun siyasi lider imicinə xas olan pozitiv elementlər özünü praktik fəaliyyətində birbaşa əks etdirir. İstər ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması, istər xarici siyasət və enerji təhlükəsizliyi, istər demokratiyanın inkişafı və azad seçkilərin keçirilməsi və digər məsələlərə münasibətdə Azərbaycan Prezidenti eyni dərəcədə məsuliyyətlidir, bütün addımları ölçülüb-biçilmiş, dəqiq proqram və hesablamalara əsaslanır.

Həmçinin, demokratikləşmə prosesinin ən vacib amillərindən olan seçki prosesi, onun kütləviliyi, vətəndaş cəmiyyətinin ən müxtəlif təbəqələrini əhatə etməsi, daha çox rəqabətliyin təmin olunması da Azərbaycan Prezidentinin demokratik inkişafı əks etdirən konsepsiyasının ardıcıllığını və dəqiqliyini nümayiş etdirir. Cənab İlham Əliyevin demokratik ideallara sədaqəti və bu istiqamətdəki səylərinin nəticəsi olaraq hazırda demokratiyanın və yerli özünüidarənin gələcək inkişafı istiqamətində respublikamızda yeni ictimai münasibətlərin qərarlaşması, dövlət quruculuğunun müasirləşməsi, idarəetmə subyektlərinin qarşılıqlı fəaliyyətinin yeni tipinin formalaşması, dövlət-idarəetmə sahəsində iştirakçıların statusunun onların vəzifələrinə uyğunlaşdırılması prosesi gedir ki, bu da dövlətin əks-mərkəzləşdirmə siyasətinin əsasını təşkil edir. Ən başlıcası isə Azərbaycanın bugünkü inkişaf səviyyəsi dünya politologiya elmində bir daha belə bir həqiqəti təsdiqləyir ki, azadlığa, demokratiyaya siyasi inqilabla yox, iqtisadi inkişafla nail olmaq mümkündür, çünki cəmiyyətin azadlığı şəxsiyyətin azadlığından, şəxsiyyətin azadlığı isə təfəkkürün azadlığından başlanır.

2008-ci il prezident seçkisinin nəticələri həm də cənab İlham Əliyevin xalqın etibarının və inamının, həmçinin xalqın öz lideri haqqında təsəvvürlərinin tamamilə doğrulması demək idi!

 

Nizami XUDİYEV,

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı,

professor

 

Azərbaycan.-2008.-23 dekabr.-S.4.