Xalqın inam və etimad ünvanı

 

Müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını müəyyənləşdirən ümummilli lider Heydər Əliyev, eyni zamanda bu strateji kursu hazırkı "sürət əsri"nin diktə etdiyi yeni şərtlər müqabilində davam etdirməyə qadir, istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçını da yetişdirmişdir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi səmərəli inkişaf strategiyasını uğurla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, bunların birinin digərini tamamlamasına çalışmışdır.

 

Ötən müddətdə milli inkişaf konsepsiyasını yeni dövrün reallıqlarına nəzərən davam etdirərək iqtisadi və siyasi islahatların uğurlu sintezinə nail olmuş Prezident İlham Əliyev demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsini, beynəlxalq arenada layiqli yerini tutmasını, dünya təsərrüfat sisteminə inteqrasiyasını qeyri-mümkün sayır. Ölkə başçısı çıxışlarında onu da dəfələrlə vurğulamışdır ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Cənab İlham Əliyevin idarəçilik üslubunda hər iki təmayülün əhəmiyyəti önə çəkilir və ölkənin uzunmüddətli inkişafının mühüm şərti kimi qəbul olunur. Azərbaycan Prezidenti cəmiyyət həyatındakı fundamental dəyişikliklər fonunda hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş Qərb dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çəkir: "İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, həmin ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir" - deyə ölkə başçısı bildirir.

Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, son 15 ildə müstəqil Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir. Son beş ildə dövlət başçısının kadr seçiminə yanaşma prinsipləri də çağdaş dövrün reallıqları ilə şərtlənmiş, məmurların fəaliyyəti onların xalqa xidmət məramına nəzərən müəyyənləşdirilmişdir.

Cənab İlham Əliyevin idarəçilik üslubunda kadrın peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir. Uzun illər ərzində elə bir dövlətçilik təsisatı formalaşdırılmışdır ki, müasir dövrdə hansısa kadr komandaya xəyanəti, pozucu fəaliyyəti ilə bu təsisatın fəaliyyətinə əngəl törədə, öz çirkin məqsədlərini həyata keçirə bilməz. Bu zaman sistem özü onu dərhal sıralarından kənarlaşdırır və onun səlahiyyətləri saf əqidəyə malik digər şəxsə həvalə edilir. Fəqət, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursa sadiqlik amili də qətiyyən aktuallığını itirmir. Bu sadiqlik anlayışı daha çox hər hansı kadrın müasir təfəkkürə, mütərəqqi baxışlara malik olması, ona tapşırılmış sahədə vicdanla fəaliyyət göstərməsi, xalqın problemlərinə həssas münasibəti əsasında müəyyənləşir. Bu gün hakimiyyət komandasının hər bir üzvü yaxşı bilir ki, dövlət başçısının etimadını və rəğbətini qazanmağın yeganə yolu vicdanla, məsuliyyətlə işləmək, qarşıya qoyulmuş vəzifələri tez bir zamanda yerinə yetirməkdir.

Ötən beş illik dinamik inkişaf və tərəqqi dövrünün statistikası isə yalnız quru və cansıxıcı rəqəmlərdə deyil, real həyat həqiqətlərində - sosial problemlərin davamlı həllində, işsizliyin, yoxsulluğun aradan qaldırılmasında, regionların davamlı tərəqqisində, nəhəng infrastruktur və enerji layihələrinin reallaşdırılmasında, cəmiyyətdə maddiləşən işgüzar fəallığın artmasında, mənəvi-psixoloji ovqatın yüksəlməsində intişar tapır. Zaman etibarilə o qədər də böyük olmayan müddətdə ölkə iqtisadiyyatının 96 faiz, dövlət büdcəsinin isə 10 dəfədən çox artımı, yoxsulluğun 49 faizdən 15,7 faizə enməsi, 750 mindən çox yeni iş yerinin açılması, insanların real pul gəlirlərinin 4 dəfəyədək yüksəlməsi dinamik inkişafın real mənzərəsini bir daha nümayiş etdirir. Bu nailiyyətlər dövlət başçısının bölgələrə səfərləri zamanı vəziyyətin təhlili əsasında iqtisadiyyatın inkişafı üçün rrioritet istiqamətləri müəyyənləşdirməsinin, tarazlı və davamlı regional tərəqqini təmin edən fundamental dövlət rroqramlarının hazırlanmasına dair fərman və sərəncamlarının, eləcə də onların həyata keçirilməsi istiqamətindəki əzmkar zəhmətinin bəhrəsidir.

Beş ildə gerçəkləşdirilməsi inanılmaz görünən bu nailiyyətlər deməyə əsas verir ki, Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Bu tarixin olduğu kimi, obyektiv qələmə alınması, mövcud reallıqlar fonunda ölkənin davamlı inkişaf strategiyasının elmi-nəzəri və fəlsəfi aspektlərinin konkret postulatlar şəklində ortaya qoyulması hazırda həm də ölkənin ictimai fikir tədqiqatçılarının - filosofların, siyasətşünasların, iqtisadçıların, tarixçilərin, sosioloqların qarşısında duran əsas vəzifələrdən biridir. Demokratik inkişaf yolunda qazandığı nəticələrlə qətiyyən kifayətlənməyən Azərbaycanın qlobal siyasi proseslərdə öz yerini, rolunu, iştirak formalarını və imkanlarını müəyyənləşdirmək üçün bir sıra qabaqcıl dövlətlərin beynəlxalq inteqrasiya xüsusiyyətləri, mütərəqqi dəyişikliklərə və islahatlara necə nail olduqları dərindən öyrənilməli, tədqiq olunmalıdır. Bu da təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin onilliklər boyu adlamış inkişaf yolunu qısa zamanda keçən müstəqil Azərbaycanın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atmasını şərtləndirən amillər son zamanlar siyasi və elmi-fəlsəfi çevrələrdə geniş diskussiya mövzusuna çevrilmişdir. Ayrı-ayrı filosoflar, tədqiqatçılar respublikamızın milli inkişaf strategiyasının mahiyyətini elmi prinsiplər əsasında açmağa, obyektiv təhlillər çıxarmağa davamlı cəhdlər edirlər. Lakin etiraf olunmalıdır ki, bu elmi tədqiqatların heç biri elmi-nəzəri səviyyəsinə, praktik məzmun yükünə, faktoloji əhəmiyyətinə, aktuallığına və sanbalına görə Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin yüksək peşəkarlıqla qələmə aldığı əsərlərlə müqayisəyə gəlmir. Görkəmli akademikin Azərbaycanın çağdaş inkişaf strategiyası, ölkədə həyata keçirilən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi ilə bağlı yetkin və sanballı elmi-nəzəri yanaşmaları elmi-siyasi dairələrdə böyük maraqla qarşılanır.

Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində demokratik transformasiyanın milli xüsusiyyətlərinin və bəzi fərqli spesifik cəhətlərinin, modernləşmə prosesinin mahiyyətinin, ümumilikdə ölkənin bugünkü və gələcək inkişaf prioritetlərinin elmi-nəzəri cəhətdən əsaslandırılması baxımından akademik Ramiz Mehdiyevin "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsəri də xüsusi maraq doğurur. Görkəmli filosof yeni əsərində son illərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən prosesləri təhlil etməklə yanaşı, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində milli inkişafın əsas vektorlarını müəyyənləşdirməyə çalışıb, modernləşməni labüd proses kimi səciyyələndirib. Akademik bilavasitə içində olduğu siyasi hadisə və proseslərin elmi-fəlsəfi təsvirini yaratmaqla yanaşı, son beş ilin yekunlarından, 2008-ci ilin prezident seçkilərindən sonra qarşıda duran strateji vəzifələrdən söz açıb.

Əsərin ümumi məzmunundan doğan ən bitkin nəticə məhz bundan ibarətdir ki, Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vurmuş, siyasi mühitin liberallaşması, demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrostrukturlara inteqrasiya sahəsinə inamlı addımlarla qədəm qoymuşdur. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. Akademik haqlı olaraq vurğulayır ki, cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş böyük nailiyyətlər 5 illik zaman çərçivəsinə sığmır. "XXI yüzilliyin simvolu "sürət, dinamika" və əvvəlki zamanla müqayisə olunmayan "temp" anlayışlarıdır. Amerikalı intellektual T.Fridmana görə, "XX əsrdə böyük dövlətlər kiçikləri "udurdusa", XXI əsrdə "sürətli" dövlətlər ləng, asta templə gecikən ölkələri "həzm edəcəkdir". Bu sözlərin sadə həqiqəti köhnə simvollardan imtina etmədən yeni dünya qurmağın qeyri-mümkünlüyünü ifadə edir. "Sürət" tempinin əksi olan ləngimə ötən yüzilliyin simvolu kimi tarixdə qalmışdır" - deyən akademik Ramiz Mehdiyevin bu qənaəti Azərbaycanın son illərdə nəinki Cənubi Qafqazda, ümumilikdə Avropa və dünya miqyasında cərəyan edən proseslərə müdaxilə və təsir imkanlarının artması fonunda bir daha real təsdiqini tapır.

Prezident İlham Əliyevin yeni dövrün, əsrin praqmatik və rasional düşüncəli lideri kimi respublikamızın qloballaşma dövründə dünya miqyasında cərəyan edən pozitiv inkişaf meyillərinə uğurla inteqrasiya olunmasına, beynəlxalq iqtisadi münasibətlər sistemində layiqli yerini tutmasına çalışır. Azərbaycan iqtidarı xalqın mənafeyini əsas tutaraq çevik və əməli siyasət yürüdür, dünya iqtisadiyyatının qlobal inkişaf xüsusiyyətlərini, bu prosesin müsbət və mənfi cəhətlərini nəzərə alır. Yeni müstəqil dövlətin bütün sahələrdə modernləşmə xəttinə üstünlük verməsi, bütövlükdə cəmiyyətin mütərəqqi yeniliklərə sürətli adaptasiyası respublikamızın gecikən, sürətə tab gətirməyən dövlətlər sırasında olmadığını göstərir. Əksinə, məhz Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə regionda səmərəli əməkdaşlığa, sülhə və sabitliyə, iqtisadi inkişafa xidmət edən qlobal enerji və kommunikasiya layihələri həyata keçirilir. İndi hətta dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər də regionda Azərbaycanın bilavasitə iştirakı və dəstəyi olmadan hər hansı layihəni gerçəkləşdirməyin qeyri-mümkünlüyünü başa düşür, respublikamızın mövqeyi ilə hesablaşırlar.

"Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində akademik Ramiz Mehdiyev hələ 2003-cü ildə cənab İlham Əliyevin hakimiyyət olimpinə yüksəlməsini təmin edən siyasi amilləri də tarixi-politoloji aspektdən təhlil edir, dövlət başçısının birinci prezidentlik dövrünü son dərəcə mürəkkəb, çətin və məsuliyyətli mərhələ kimi dəyərləndirir. Əsərin məzmunundan hasil olan qənaətlərdən biri də məhz budur ki, Azərbaycanın taleyində yeni epoxanın başlanğıcına çevrilmiş 2003-cü ilin 15 oktyabr seçkiləri cəmiyyətin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşdiyini, demokratik seçki mübarizəsində şüarçılığa, populizmə və qeyri-real vədlərə yer olmadığını təsdiqləmişdir. Respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoymuş bu seçkilər, eyni zamanda xalqın strateji seçiminin alternativsizliyini və dəyişməzliyini sübuta yetirmiş, mütləq çoxluq gələcək taleyini etibar edə biləcək sınanmış komanda və liderə etimad göstərmişdir.

Akademik haqlı olaraq bu qənaətdədir ki, 2003-cü ildə cənab İlham Əliyevin xalqın azad iradəsi, demokratik, şəffaf seçimi əsasında siyasi hakimiyyət olimpinə yüksəlməsi xalqın milli maraqlarından, respublikanın geosiyasi durumundan, beynəlxalq münasibətlərin obyektiv xarakterindən irəli gələn qaçılmaz zərurət olmuşdur. Bu siyasətin varisliyinin qorunub saxlanılması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişi kimi ortaya çıxmaqla yanaşı, dünyanın bir çox fövqəlgüc dövlətlərinin, aparıcı mərkəzlərinin strateji maraq dairəsində olmuşdur. Cənab İlham Əliyevin bu siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, praqmatik, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirmişdir.

Əsərdə vurğulanır ki, 2003-cü ilin 15 oktyabr seçkiləri fonunda ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, vətəndaş sülhü və həmrəyliyinin təmin edilməsi cənab İlham Əliyevin qətiyyəti və siyasi liderlik keyfiyyətləri nəticəsində mümkün olmuşdur. "2003-cü ildə proseslərin gedişi müxtəlif istiqamətlərə, vektorlara və oriyentirlərə yönələ bilərdi. Əvvəla, ümummilli liderin banisi olduğu, möhkəm təməllərə söykənən suveren Azərbaycanın tarixində dahi siyasətçinin həyatdan getməsi kimi sarsıntıdan doğan gərginlik, tərəddüd ovqatı mövcud idi. Əvəzolunmaz siyasət öndərini əvəzləyə biləcək hər bir şəxsiyyət bu zirvə-etalonla müqayisə edilirdi. Azərbaycan tarixində də dəfələrlə baş verən uğursuzluq mərhələsinin təkrar olunma ehtimalı istisna deyildi. Ancaq müstəqillik illərində əldə edilən inkişafın yüksələn xəttinin durğunluqla əvəzlənəcəyi proqnozu nisbətən qeyri-real idi. Çünki Azərbaycan Yaponiya və ya nə vaxtsa Böyük Britaniyanın olduğu kimi, dünya siyasi xəritəsində nisbətən təcrid olunmuş ada dövləti deyildi. Tarixi taleyin hökmü ilə Azərbaycan həmişə öz seçimindən asılı olmayaraq, qlobal geosiyasi maraqların cəlb edildiyi məkan olmuşdur. Elə 2003-cü ilin ən müxtəlif mənbəli mətbuatını izləsək, Azərbaycanın yüksəlişinin əleyhdarları olan qüvvələrin nə qədər fəallaşdığını aşkar görərik. Lakin onların bütün cəhdlərinə baxmayaraq, 2003-cü ilin prezident seçkiləri ən müasir tariximizin dönüş nöqtəsi oldu" - deyən akademik Ramiz Mehdiyevin fikrincə, həmin seçkilərdə Azərbaycanda hakimiyyət dəyişikliyinin yüksək siyasi mədəniyyət prinsipi əsasında həyata keçirilməsi ilə dövlətçiliyin, elitar sirkulyasiyanın, sivil tranzit ənənəsinin möhkəm təməli qoyulmuşdur.

Zamanın sınağından çıxmış bir həqiqət də bundan ibarətdir ki, sabitlik olmayan şəraitdə demokratiya və vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüslərin faydası yoxdur. Sabitlik olmayan ölkədə hüquq bərabərliyinə, şəffaflığa istiqamətlənmiş ictimai şüuru formalaşdırmaq çətin məsələdir. Nəhayət, sabit siyasi struktur olmadan milli demokratik tranzitin müəyyənedici amilinin - sabit iqtisadi sistemin olmasını təsəvvür etmək mümkün deyildir. Əsərdə də vurğulanır ki, cənab İlham Əliyevin birinci prezidentliyi dövründə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş xarici və daxili həmlələr qətiyyətlə dəf edilmiş, bəzi dövlətlərin MDB məkanına süni şəkildə "narıncı inqilab" ixrac etmək cəhdləri sərt dalana dirənmişdir. Bu proseslər fonunda bir reallıq da təsdiqini tapmışdır ki, Azərbaycanda həyata keçirilən siyasət xalq tərəfindən birmənalı dəstəklənir, eyni zamanda demokratik inkişaf prosesi suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bəzi MDB dövlətlərinin daxilində yaşanan siyasi gərginliklər də göstərir ki, inqilabi dəyişiklik yolu ilə tətbiqinə cəhd göstərilən demokratik yeniliklər mövcud həyatın forma və strukturları ilə münaqişəyə girir, son nəticədə cəmiyyət mütərəqqi yeniliklərə qeyri-adekvat münasibət bəsləməyə başlayır. Eyni zamanda "demokratiya limiti"nin həddindən çox aşılması nəticəsində yaranmış hərc-mərclik, özbaşınalıq mühiti demokratik təsisatlara və cəmiyyətin özünə təhlükə doğurur.

Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, Azərbaycanda çevriliş və inqilab üçün heç bir siyasi şərait yoxdur və bundan sonra da olmayacaqdır: "Ötən beş ilin hadisələr və ideyalarla bol olan qlobal və milli mənzərəsinə hətta sistemli, "panoram baxış" da onların hamısı üzərində dayanmağa imkan vermir. Postsovet məkanını bürüyən "narıncı inqilab" dalğasının doğurduğu sərməstlik, kənar mənbələrdən yönəldilən, müstəqil fəaliyyətə, dövlətçilik şüuruna malik olmayan müxalifətin sabitliyi pozmaq, dövlət çevrilişi etmək cəhdləri, ulu öndərin siyasi xətti nəticəsində qlobal geosiyasi enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycanın uğurları ilə müqayisədə uğursuzluq zolağına qədəm qoyan ölkələrin dövlətimizin Qərblə strateji enerji tərəfdaşlığının hər vəchlə qarşısını almaq cəhdləri və sair - bütün bunlar İlham Əliyevin prezidentliyinin ilk mərhələsində mövcud olan problem və təhdidlərin hələ tam olmayan siyahısıdır. Xalqın seçimi ilə hakimiyyətə gələn dövlət başçısı Azərbaycanı istəməyən qüvvələrə birmənalı, sərt bəyanat verdi: "Azərbaycanda çevriliş və inqilab üçün heç bir əsas yoxdur. Dövlət və vətəndaşın milli konsolidasiyası bu cür cəhdləri puça çıxarır!".

Dövlət başçısı 2003-cü ilin 15-16 oktyabr iğtişaşlarından sonra cəmiyyətin anarxist müxalif azlığa qarşı təpkilərinin güclənməsinə yol verməmiş, cəmiyyətdə hər cür radikal meyillərə, siyasi kataklizmlərə qarşı çıxmış, eyni zamanda seçkilərin obyektiv nəticələrini əsassız yerə qəbul etmək istəməyən nihilist və inkarçı qüvvələri sivil dialoqa çağırmışdır. Əsl liderlərə xas sosial arbitraj funksiyası - sosial-siyasi mübahisələri həll etmək bacarığı, cəmiyyətdə barış və həmrəylik yaratmaq əzmi cənab İlham Əliyevin insanpərvərliyinin, səmimiliyinin, humanizminin, ən başlıcası, daxili demokratizminin təzahürü kimi diqqəti çəkir.

Dövlət başçısı hakimiyyətə gəldiyi ilk günlərdə siyasi qüvvələr arasında əvvəllər mövcud olmuş xoşagəlməz münasibətlərin, psixoloji barışmazlığın, habelə keçmişlə yaşamağın əleyhinə olduğunu birmənalı bəyan etmiş, bölücülük meyillərinə qarşı çıxmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. Cənab İlham Əliyevin 5 ilə yaxın müddətdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər.

Bütün bunlara nəzərən akademik Ramiz Mehdiyev yazır ki, 2003-cü ilin prezident seçkiləri siyasi sistemin demokratik transformasiyasında siyasi mədəniyyəti sarsılmaz ənənəyə, ölkədə demokratik dövlət quruculuğunun siyasi-intellektual fenomeni səviyyəsinə yüksəltmiş, davamlı və işlək siyasi texnologiyanın gerçəkləşməsinin əsası qoyulmuşdur. Həqiqətən də, siyasi mədəniyyət bu gün dəyişən dünyada liderliyin dinamik məzmunlu keyfiyyətləri sırasında mühüm yer tutur, siyasi liderin milli lider səviyyəsinə doğru intensiv təkamülünün göstəricisi kimi çıxış edir.

Əsərdə ötən beş ildə Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən iqtisadi və siyasi inkişaf modelinin formalaşması da məhz cənab İlham Əliyevin özünəməxsus idarəçilik keyfiyyətlərinin, milli və bəşəri təcrübəni uzlaşdırmaq bacarığının nəticəsidir. Akademik Ramiz Mehdiyev yazır ki, suveren inkişaf modelinə doğru təkamül dövrü Azərbaycan torpağının liderlər yetişdirmək potensialının davamlı ənənəyə çevrilməsinin sübutu olmuşdur: "Həmin illər tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün başlanğıcı və uğurlu nəticələrin həkk olunduğu illər kimi yadda qalmışdır. Nə "qərbləşmə", nə də Şərq və Asiya modelinin təqlidi olmayan, yalnız Azərbaycana xas olan və onun "dövlət identikliyi" kimi milli köklərdən qaynaqlanan nadir xüsusiyyətini ifadə edən, beynəlxalq aləmdə təkzibedilməz amilə çevrilən milli inkişaf modelinin formalaşdığı illər olmuşdur".

"Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində müəllif, həmçinin vurğulayır ki, hazırda Azərbaycan cəmiyyətini maraqlandıran əsas sual demokratik cəmiyyətdə yaşayıb-yaşamayacağımız deyildir. Çünki demokratiya inkişaf xəttimizin əsas mahiyyəti və başlıca elementinə çevrilmişdir. Ölkənin hər bir düşüncəli vətəndaşı üçün əsas sual Azərbaycan demokratiyasının hansı istiqamətdə inkişaf edəcəyi perspektivləridir. Bu sual müasirliyi, dünyəviliyi, inkişafı prioritet elan etmiş Azərbaycan dövləti üçün mühüm məsələlərdən biridir.

 

Ümumilikdə, əsərin ideya məzmununda ehtiva olunan dərin elmi-fəlsəfi mühakimələr bir daha təsdiqləyir ki, cənab İlham Əliyevin yeritdiyi siyasət bütünlüklə xalqın və dövlətin mənafeyinə xidmət etməklə, respublikamızı davamlı və sabit şəkildə inkişaf edən qüdrətli dövlətə çevirmək məqsədi daşıyır. BDU-nun çoxsaylı professor-müəllim heyəti əmindir ki, 2008-ci ilin 15 oktyabr seçkilərindən sonra Azərbaycanın inkişaf strategiyası keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. İnanırıq ki, xalqın yüksək etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev növbəti beş ildə Azərbaycanda iqtisadi inkişafa, demokratikləşməyə, elmi-intellektual intibaha, insan hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edən strateji siyasi kursu bundan sonra da inamla davam etdirəcəkdir.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2008.-24 dekabr.-S.4.