Hüquqa və ədalətə söykənən idarəetmə mexanizmi

 

Azərbaycanın insan hüquq və azadlıqlarının təmini sahəsində əldə etdiyi uğurlar respublikamızın demokratik inkişaf yoluna sadiqliyini bir daha təsdiqləyir

 

Tarix boyu fərqli ictimai-siyasi formasiyaları taleyində yaşamış bəşər övladı demokratik quruluşda ali idealların təntənəsini tapmış, məhz belə bir sivil cəmiyyətdə əmin-amanlığın, sosial ədalətin, başlıcası isə qanunun aliliyinin mümkünlüyünə qəti əmin olmuşdur. Sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində ümumbəşəri dəyərlərə - demokratik ideallara və insan hüquqlarına hörmət bəsləməyən hansısa dövlətin dünya siyasətində özünə layiqli yer tutmasından, qlobal miqyasda cərəyan edən proseslərə nüfuz etməsindən danışmaq qətiyyən mümkün deyildir. Azərbaycanda son 5 ildə hər bir fərdin maraq və mənafeyi əsas tutulmaqla həyata keçirilən siyasət ölkədə demokratikləşmə xəttinin davamlı və dönməz xarakter daşıdığını bir daha təsdiqləmişdir.

Azad və aşkar şəraitdə keçməklə, siyasi mədəniyyətin, hüquq düşüncəsi və vərdişlərin formalaşmasına, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsinə etibarlı təminat yaradan 2008-ci ilin 15 oktyabr seçkiləri də dünəninə, bu gününə və sabahına biganə olmayan ölkə vətəndaşlarının demokratik cəmiyyətdə yaşamaq istəyinin təcəssümüdür. Son beş ildə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan dövlət başçısı İlham Əliyev cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsini və təkmilləşdirilməsini davamlı prosesə çevirmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən liberal ruhlu islahatlar, tətbiq olunan mütərəqqi hüquqi yeniliklər çağdaş dövrün tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, başlıcası isə insan hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum dərəcədə ehtiva etmişdir. Zaman etibarilə böyük olmayan müddətdə Azərbaycanın hüquqi dövlət quruculuğu sahəsində yüksək nailiyyətlər qazanması da bilavasitə demokratik cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.

Azərbaycanda siyasi və hüquqi mühitin, qanunvericilik sisteminin liberallaşdırılması, dövlətin daxili siyasətində insan və vətəndaş amilinin həssaslıqla önə çəkilməsi, hər bir vətəndaşın qanuni mənafeyinin təminatı sahəsində həyata keçirilən tədbirlər ölkəyə inamla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevin qloballaşma dövrünün reallıqlarına uyğun rasional siyasət yürüdən demokratik ruhlu lider olduğunu təsdiqləyir. Bu sahədə həyata keçirilən islahatlar mahiyyət etibarilə respublikada demokratikləşmə prosesinin daha da sürətləndirilməsinə, vətəndaş cəmiyyəti təsisatlarının gücləndirilməsi yolu ilə hakimiyyət üzərində ictimai nəzarətin təminatına yönəlmişdir. Dövlət başçısı İlham Əliyev prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk gündən bildirmişdir ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin başlıca təminatı vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin etmişdir. İctimai-siyasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, ictimai ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.

Sosioloq Seymur Martin Lipsetin sözüdür: "Millət nə qədər varlı olsa, onun sabit demokratiyaya və qanunçuluğa nail olmaq şansları da bir o qədər yüksəkdir". Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Müasir politoloji nəzəriyyələr də birmənalı təsdiqləyir ki, hər bir dövlətdə demokratikləşmə prosesinin inamla həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təminatı üçün ilk növbədə vətəndaşların azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Milli iqtisadiyyatda qazanılmış makroiqtisadi göstəricilərin qorunub saxlanılması baxımından demokratik inkişafı olduqca vacib sayan dövlət başçısı ötən 5 ildə respublikamızda həyata keçirilən hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatına da ciddi məsələ kimi yanaşmışdır. İqtisadi inkişaf və demokratikləşmə prosesinin geniş vüsət almasının, dövlətçilik sütunlarının kifayət qədər möhkəmlənməsinin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyevin siyasətində insan amili parlaq şəkildə önə çıxmışdır.

2003-cü ildən etibarən siyasi mühitin liberallaşdırılması istiqamətində həyata keçirilmiş kompleks tədbirlərin müsbət nəticələri özünü ilk növbədə qütblü siyasi qüvvələr arasında sivil dialoq və anlaşma mühitinin formalaşmasında, "düşmənçilik" meyillərin aradan qalxmasında göstərir. Cənab İlham Əliyevin hakimiyyətin sivil müxalifətlə dialoqa hər zaman hazır olduğunu bəyan etməsi siyasi sistemin demokratik transformasiyasında siyasi mədəniyyəti sarsılmaz ənənəyə, Azərbaycanda demokratik dövlət quruculuğunun siyasi-intellektual meyarı səviyyəsinə yüksəltmişdir. Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan - 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində haqlı olaraq yazır ki, dövlət başçısı İlham Əliyev özünün praqmatik və rasional addımları ilə ölkədaxili siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə nail olmuşdur.

Dövlət başçısının milli barışa, vətəndaş sülhünə, siyasi qüvvələr arasında sivil siyasi dialoq və anlaşmaya xidmət edən insanpərvər və humanist siyasəti hələ onun prezident seçkilərindən dərhal sonra verdiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" bəyanatında əksini tapmışdır. Dövlət başçısı 2003-cü ilin 15-16 oktyabr iğtişaşlarından sonra cəmiyyətin radikal müxalif azlığa qarşı təpkilərinin güclənməsinə yol verməmiş, cəmiyyətdə hər cür radikal meyillərə, siyasi kataklizmlərə qarşı çıxmış, eyni zamanda seçkilərin obyektiv nəticələrini əsassız yerə qəbul etmək istəməyən nihilist və inkarçı qüvvələri sivil dialoqa çağırmışdır.

Dövlət başçısı İlham Əliyevin son 5 ildə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Oktyabrın 24-də vətənə, dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev son prezident seçkiləri fonunda ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşdığını razılıqla qeyd etmişdir. "Bu seçkilərdə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaqdır. Bu fürsətdən istifadə edərək, məni qələbə münasibətilə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onların göndərdikləri təbriklərə görə öz təşəkkürümü bildirirəm" - deyən dövlət başçısının çıxışından da aydın görünür ki, 2008-ci ilin prezident seçkiləri ölkədə iqtidar-müxalifət münasibətlərinin sivil məcrada qurula bilməsi ilə bağlı uzun illərdən bəri formalaşmış pessimist düşüncələri aradan qaldırmışdır. İlk dəfə olaraq seçkidə iştirak etmiş müxalifət nümayəndələrinin cənab İlham Əliyevi seçkilərdəki şəksiz qələbəsi münasibətilə təbrik etməsi də deyilənləri bir daha təsdiqləyir.

Bu gün qloballaşan dünyada olduğu kimi, Azərbaycanda da zaman islahatların və demokratik inkişafın xeyrinə işləyir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ölkənin inkişafının yeganə düzgün yolu demokratiyadır, fəqət, demokratiya davamlı və sərhədləri görünməyən prosesdir. Əgər demokratiya tarixi təkamül və mübarizə nəticəsində təbii olaraq reallaşmırsa, ona kənar təsirlər, modellər və diktələr hesabına siyasi rejimlər, ideologiyalar sırınırsa, əldə olunan "uğurlar" da keçici mahiyyət daşıyır. Prezident İlham Əliyevin ötən 5 ildə yeritdiyi siyasət deməyə əsas verir ki, Azərbaycan öz inkişafının Qərb modelini müəyyənləşdirərək demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük verir. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Dövlət başçısının bununla bağlı irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. Cənab İlham Əliyev hər zaman qətiyyətlə bildirir ki, əgər biz diqqətimizi yalnız iqtisadi məsələlərə yönəltsək, siyasi proseslər kənarda qalsa, demokratikləşmə getməsə, ciddi uğur qazana bilmərik. Eyni zamanda, əgər iqtisadiyyat inkişaf etməsə, demokratikləşmə prosesi də təhlükə altına düşər. Çünki çoxlu sosial problemləri olan kasıb ölkədə insanlar demokratiya, siyasi proseslər haqqında düşünmürlər. Yalnız hərtərəfli inkişaf Azərbaycanı yaxın zamanlarda çox güclü dövlətə çevirə bilər.

Oktyabrın 24-də keçirilmiş andiçmə mərasimindəki dərin məzmunlu çıxışı zamanı cənab İlham Əliyev iqtisadi inkişafla siyasi islahatların bir-birini tamamlaması zəruriliyini növbəti dəfə qeyd etmişdir: "...Müasirləşmə, sadəcə olaraq, infrastruktur layihələri ilə, yaxud da ki, iqtisadi artımla ölçülmür. Eyni zamanda bizim siyasi sistemimiz müasirləşməli, təkmilləşməlidir. Mən çox şadam ki, beş il ərzində Azərbaycanda demokratiyanın inkişafı üçün, siyasi islahatların aparılması üçün çox gözəl şərait yaradılmış və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bu yaxınlarda keçirilmiş prezident seçkiləri bunun əyani sübutudur. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq. Əgər bu iqtisadi təməl olmasa, siyasi islahatları aparmaq o qədər də asan olmayacaqdır".

Cənab İlham Əliyevin ötən beş ildə qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi həm də onun zəngin mənəviyyatından xəbər verir. Respublikamızda demokratik proseslərin sürətləndirilməsinin mühüm şərtlərindən biri də məhz qanunçuluğun bütün səviyyələrdə möhkəmləndirilməsi, sosial ədalət meyarına riayət olunması, hakimiyyət bölgüsü prinsipinin qorunması, ən başlıcası, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatların aparılmasıdır. Azərbaycanın yüksək templə inkişafı, Avropa Şurası, ATƏT, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının aktiv fazaya qədəm qoyması məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi zərurətini meydana çıxarmışdır. Prezident İlham Əliyev bu reallığı yetərincə düzgün qiymətləndirərək ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolunun daha da artırılmasına xüsusi diqqət yetirir.

Dövlət başçısının təşəbbüsü ilə hələ 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Bunların nəticəsində tamamilə yeni qurum - Məhkəmə-Hüquq Şurası yaradılmış və Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanılmışdır. Bu dəyişikliklər məhkəmələrin işinin müasirləşdirilməsinə, onların fəaliyyətində şəffaflığın geniş təminatına, hakimlərin seçilməsi qaydalarının əldə olunan yüksək dəyərlərə uyğunlaşdırılmasına, işinin öhdəsindən gəlməyən və qanunçuluğu düzgün tətbiq etməyən hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsi məqsədinə yönəlmişdir. Hüquqi islahatlar özlüyündə qanunların və normativ aktların müasir tələblərə, bəşəri ideyalara uyğun şəkildə işlənib hazırlanması, hüquq-mühafizə sistemində, məhkəmələrdə mütərəqqi islahatların aparılması kimi mühüm məqsədi əks etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 19 yanvar 2006-cı il tarixdə imzaladığı Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı mütərəqqi hüquqi islahatların davamı kimi aktuallığını qoruyub saxlayır. Regionların sosial-iqtisadi inkişafı sahəsində son 5 ildə həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu mühüm fərmanda bölgələrdə yeni apellyasiya və iqtisad məhkəmələrinin yaradılması da başlıca vəzifə kimi qarşıya qoyulmuşdur. Belə bir fərmanın imzalanması bölgələrin sürətlə inkişaf etdiyi bir zamanda rayonlarda yaşayan vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini yaxşılaşdırmaq, onlarda haqlı narazılıq doğuran sui-istifadə, süründürməçilik hallarını, eləcə də digər nöqsanları aradan qaldırmaq, ədalət mühakiməsinin səmərəliyini yüksəltmək, məhkəmələrə inamı artırmaq, müraciət imkanlarını asanlaşdırmaq, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq, məhkəmə aparatlarının strukturunu və işini daha optimal şəkildə qurmaq, habelə hakimlərin sosial vəziyyətini yaxşılaşdırmaq niyyətindən irəli gəlmişdir. 8 avqust 2006-cı il tarixdə keçirilən Ali Məhkəmənin yeni binasının təməlqoyma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi işinin davamlı proses olduğunu bir daha diqqətə çatdırmışdır.

Son dövrlərə qədər ədalət mühakiməsinin həyata keçirilməsində özünü göstərən əsas problemlərdən biri də məhz məhkəmələrdə hakimlərin sayca azlığı olmuşdur. Məhz bu səbəbdən də bəzən hakimlərin baxdığı işlər üzrə məhkəmə araşdırması səthi olmuş, vaxtın azlığı tam və obyektiv məhkəmə araşdırmasının aparılmasına imkan verməmişdir. Bu da müəyyən hallarda əsassız və yolverilməz məhkəmə qərarlarının qəbuluna gətirib çıxarmışdır. Dövlət başçısının 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır. Hakim korpusunun sayca genişləndirilməsi məhkəmələrə daxil olan işlərə qanunda nəzərdə tutulmuş müddətdə və keyfiyyətlə baxılmasının təmin olunmasına xidmət edir.

Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamı isə ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial addımların atılmasına imkan yaradır. Sərəncamda Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, məhkəmələrinə və Baş Prokurorluğuna normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, habelə respublikamızın tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Sərəncama əsasən, müvafiq icra orqanlarına Milli Fəaliyyət Planının həyata keçirilməsinə yerli qeyri-hökumət təşkilatlarını cəlb etmək tapşırığı da verilmişdir.

Dövlət başçısı İlham Əliyev Azərbaycanda demokratik dəyərlərin, qanunçuluğun və hüquq qaydalarının möhkəmlənməsində məhkəmələrlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da roluna mühüm önəm verir. Respublikamız müstəqillik qazandıqdan sonra qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu prosesindəki müstəsna rolunu nəzərə alan Azərbaycan Prezidenti onların dövlətlə sıx əməkdaşlığının təmin olunmasına xidmət edən ardıcıl tədbirlər həyata keçirir. Hazırkı şəraitdə dövlət strukturları ilə QHT sektorunun tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2007-ci il 27 iyul tarixli "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın əsas məqsədi də məhz dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və səmərəli sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət daşıyan problemlərin həllinə cəlb olunması, vətəndaş cəmiyyətinin inkişafının sürətləndirilməsidir. Sərəncamda QHT-lərə Yardım Fondunun yaradılması və onlarla bağlı yeni qurumun formalaşdırılması məsələlərinin əksini tapması son dərəcə təqdirəlayiq hal olmaqla, dövlətin ictimai qurumların fəaliyyətində nə qədər maraqlı olduğunu bir daha nümayiş etdirir. Konsepsiyada qeyd olunduğu kimi, dövlətin yerli QHT-yə dəstəyinin əsas məqsədi cəmiyyətdə yeni münasibətlər sisteminin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli məsələlərin həllinə cəlb edilməsi, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsidir.

Azərbaycanda hüquqi dövlət quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində korrupsiyaya qarşı mübarizə tədbirləri də xüsusi yer tutur. Prezident ölkənin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində müxtəlif kateqoriyadan olan məmur təbəqəsinin və digər vətəndaşların sosial rifah tədbirlərinin genişləndirilməsi, qanunçuluğun gücləndirilməsi və ictimai maarifləndirmə yolu ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərini xüsusi diqqətdə saxlayır. Korrupsiyanı sosial-iqtisadi inkişafı əngəlləyən buxov hesab edən cənab İlham Əliyev fəaliyyətinin ilk vaxtlarından bu ümumbəşəri sosial bəlaya qarşı səmərəli tədbirlərə başlamış, 13 yanvar 2004-cü il tarixdə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunu imzalamışdır. Qanunda korrupsiya ilə mübarizə üzrə dövlətin strateji kursunun əsasları müəyyən edilmiş, habelə korrupsiya cinayətlərinin mahiyyəti və onlarla mübarizənin hüquqi əsasları müəyyən olunmuşdur.

"Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna müvafiq olaraq Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) layihəsi hazırlanmış, Azərbaycan Prezidentinin 3 sentyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir. İcrası başa çatmış dövlət proqramı korrupsiyaya qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün vahid sistemi təmin etməklə, müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirmişdir. Korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edən Azərbaycan Prezidentinin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əsasnaməsi təsdiq olunmuş, bu qurumun səlahiyyət və funksiyaları müəyyən edilmiş, qısa müddətdə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli nəticələr əldə edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli fərmanı ölkəmizdə şəffaflığın təmin olunmasını və korrupsiyaya qarşı mübarizə tədbirlərinin davam etdirildiyini təsdiqləyir. Belə bir mühüm sənədin imzalanmasının başlıca məqsədi korrupsiya sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsidir. Azərbaycanda "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın reallaşdırılması mühüm və çoxpilləli proses olub hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsidir. Respublikada dövlət məmurlarının, məhkəmə hakimlərinin və işçilərinin, hüquq-mühafizə orqanlarında çalışanların məvacibləri ildən-ilə artırılır, onların sosial problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılır. Bu və ya digər addımlar korrupsiyaya qarşı mübarizənin yüksək əhəmiyyət kəsb etməsində mühüm şərtlərdir.

Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ötən dövrdə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini də təmin etmişdir. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən məhkumların islah olunaraq cəzaçəkmə müəssisələrindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Azərbaycan Prezidentinin ötən 5 ildə 13 əfv fərmanı imzalaması, 2000-dən çox məhkumun cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad etməsi olduqca böyük göstəricidir. Bu rəqəm son 10 ildə Azərbaycanda əfv olunmuş məhkumların təxminən 40 faizini təşkil edir. Dünyanın heç bir ölkəsində 5 ildə 13 əfv fərmanının imzalanması faktına rast gəlinməmişdir. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu açıq etiraf edir, cənab İlham Əliyevin insanpərvər dövlət başçısı olduğunu bildirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin genişləndirilməsi və müasirləşdirilməsinə xidmət edən bir sıra fərmanlar, sərəncamlar imzalamışdır. Dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" nazirliyin fəaliyyətinin daha da yaxşılaşdırılmasına, onun səmərəliyinin yüksəldilməsinə əlverişli imkan yaratmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin 26 may 2006-cı il tarixli iclasında qəbul edilən "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən etmişdir. Qanunda ədliyyə işçilərinin əsas hüquqları genişləndirilmiş, vəzifələri dəqiqləşdirilməklə məsuliyyətləri artırılmış, onların sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi məsələləri əksini tapmışdır.

 

Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Ötən beş ildə ölkədə həyata keçirilən islahatlar Azərbaycanın məhkəmə-hüquq sisteminin fəaliyyətində əsaslı dönüş yaratmışdır. Şübhə yoxdur ki, 15 oktyabr 2008-ci il tarixdə keçirilmiş prezident seçkilərində xalqın böyük etimadını qazanaraq ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev bu islahatları bundan sonra da inamla davam etdirəcək, Azərbaycanda insan hüquq və azadlıqlarının təmini mexanizmləri daha da təkmilləşəcəkdir.

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2008.-24 dekabr.-S.5.