Elm və təhsilə qayğı Azərbaycanın davamlı inkişafına xidmət edir

 

Müstəqil Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisə kimi daxil olaraq respublikada yüksək dinamizmlə həyata keçirilən sosial-iqtisadi islahatlara və demokratikləşmə proseslərinə yeni nəfəs verən 2008-ci ilin 15 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun alternativsizliyini sübuta yetirmişdir. Son seçkilərdə xalqın böyük etimadını qazanaraq ikinci müddətə dövlət başçısı seçilmiş cənab İlham Əliyev andiçmə mərasimində bu möhtəşəm qələbəni haqlı olaraq təcrübədə uğurla sınaqdan çıxan, davamlı inkişaf və tərəqqiyə etibarlı zəmin yaradan təkmil siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirmişdir.

Xalqın böyük mütəşəkkilliyi ilə keçən 15 oktyabr seçkiləri ölkədə bütün sahələrdə qazanılan böyük uğurları gündəlik həyatında hiss edən, möhkəm təməllərə söykənən iqtisadi və siyasi sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan hər bir azərbaycanlının seçiminin alternativsiz və dəyişməz olduğunu təsdiqləmişdir. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu kursun davam etdirilməsi istəyinin cəmiyyətin sosial sifarişinə çevrilməsi isə, ilk növbədə, ulu öndər Heydər Əliyevin siyasətində hər bir fərdin maraq və mənafeyinin nəzərə alınmasından irəli gəlmişdir. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni meyarlar üzərində formalaşmış mütərəqqi idarəçilik ənənələrinin məhz bu sistem hüdudlarında püxtələşən, Heydər Əliyev siyasi kursunu dönmədən reallaşdırmağa qadir, peşəkar, intellektual səviyyəli, dünya miqyasında cərəyan edən proseslərin mahiyyətini düzgün qiymətləndirməyi bacaran praqmatik lider tərəfindən davam etdirilməsi ölkəyə yeni uğurlar gətirir.

Andiçmə mərasimindəki çıxışından bir daha bəlli oldu ki, dövlət başçısı İlham Əliyevin ötən 5 ildə ən müxtəlif sahələrdə həyata keçirdiyi mütərəqqi islahatları birləşdirən bir ortaq xətt var - insana və şəxsiyyətə hörmət amili! Azərbaycan Prezidentinin ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilir. Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri müəyyənləşdirməyə müvəffəq olmuşdur.

Azərbaycan bu gün inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, ümumi daxili məhsulun artım dinamikasına görə dünyanın lider dövlətləri sırasında yer tutan Azərbaycanda xalqın intellektual sabahı baxımından strateji əhəmiyyət daşıyan elm və təhsilin problemlərinin həlli də xüsusi diqqət mərkəzindədir.

İqtisadi inkişafda davamlılığın və tarazlılığın təmin olunması, xarici siyasət sahəsində fəal diplomatiyanın həyata keçirilməsi, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi, habelə dövlət idarəetmə sistemi üçün yüksək ixtisaslı, bacarıqlı, intellektual səviyyəli, vətənpərvər kadrların hazırlanması zərurəti təhsil sahəsində dövrün tələbi ilə səsləşən ardıcıl islahatların reallaşdırılmasını xeyli aktuallaşdırır. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin həyata keçirilməsini vacib məsələ kimi önə çıxarır. Son 5 ildə Azərbaycanda uğurla gerçəkləşdirilən təhsil islahatlarının strateji məqsədi də məhz bu fundamental prinsiplərin sistemli şəkildə reallaşdırılması, dünya təhsil sisteminə fəal inteqrasiyanın təmin edilməsidir.

Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, Avropa təhsil məkanına inteqrasiya, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması Azərbaycanda reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Nəticədə milli təhsil sisteminin inkişafı məsələsi respublikanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının möhkəmlənməsinə xidmət edən ümumtəhsil hərəkatı güclənmişdir.

Azərbaycan Prezidenti təhsilə və elmin inkişafına yüksək diqqət göstərilməsinin vacibliyini dəfələrlə önə çəkmiş, respublikanın uğurlu gələcəyini məhz bu sahələrlə bağlamışdır: "Bütövlükdə təhsil sahəsinə çox böyük diqqət göstərilir və göstərilməlidir. Nər bir ölkənin, hər bir millətin inkişafında bilik, savad ən böyük rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsini təhlil edərkən bunu görürük. Nansı ölkələr daha sürətli inkişaf edir, hansı ölkələrdə elmi-texniki tərəqqi özünü daha da qabarıq büruzə verir? O ölkələrdə ki təhsilə böyük investisiyalar qoyulub, büdcə xərcləri nəzərdə tutulub və insanlar biliklidir, savadlıdırlar. Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilibdir. Bu bizim siyasətimizi göstərir, bizim rrioritetlərimizi göstərir. Təhsil sisteminə çox böyük həcmdə investisiyalar qoyulmalıdır. Azərbaycanda bütövlükdə təhsil infrastrukturu yeniləşməlidir".

Təhsilin bütün sahələr üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan, dövlətin yalnız son illərdəki maliyyə vəsaitləri bu istiqamətdə qlobal layihələrə başlamaq imkanı yaratmışdır. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir sıra problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, dövlət investisiyalarının həcmcə artımını təmin etmiş, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına rəvac vermişdir.

Təhsilə ayrılan vəsaitlərin illik artımı həm də inkişafyönümlü dövlət proqramları, fərman və sərəncamların icrası zərurəti ilə şərtlənmişdir. Qısa müddətdə müxtəlif sahələri əhatə edən inkişafyönümlü proqramların icrasına başlanılmış, strateji əhəmiyyətli bu sənədlər bütövlükdə təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına qədər olan mühüm məsələləri əhatə etmişdir. Sovet dövründən formalaşdırılan və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidənqurulması isə ilk növbədə təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlmişdir. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi hələ Azərbaycn Prezidentinin 11 fevral 2004-cü il tarixli respublikanın regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında əksini tapmışdır. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir.

Son 5 ildə reallaşdırılan ardıcıl və sistemli tədbirlər nəticəsində respublikanın bütün bölgələrində yeni məktəblərin tikintisi, təmiri və yenidən qurulması prosesi geniş vüsət almışdır. Mübaliğəsiz demək olar ki, qısa müddətdə 300 min şagird yerlik 1600 yeni məktəb binasının tikilməsi çağdaş təhsil sisteminin ən parlaq uğurlarından birinə çevrilmişdir. Məktəblərin təmiri və təchizatına göstərilən yüksək qayğı nəticəsində 300-dək məktəb əsaslı təmir edilmiş, 475 məktəb müasir avadanlıqla təmin olunmuşdur. 2008-2012-ci illəri nəzərdə tutan məktəb tikintisi proqramı üzrə 600 məktəb üçün yeni korpusların inşası, 1200 məktəbin əsaslı təmiri və yenidənqurulması reallaşdırılmalıdır. Həyata keçirilən tədbirlər nəticəsində təhsil ocaqlarında çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçid təmin olunacaq, bütün şagirdlər üçün daha əlverişli təlim şəraiti yaradılacaqdır.

Məktəb infrastrukturunun yeniləşməsi prosesində Heydər Əliyev Fondu da yaxından iştirak edir. Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın son illərdə yeni məktəblərin inşası və əsaslı təmiri ilə bağlı irəli sürdüyü bütün nəcib təşəbbüslər, ictimai səviyyədə gördüyü bütün işlər məhz mövcud iqtisadi potensialın insan kapitalına çevrilməsi, Azərbaycanda sivil dünyanın reallıqları ilə ayaqlaşmağı bacaran yüksək intellektual səviyyəyə, geniş dünyagörüşünə malik vətəndaşların tərbiyəsi, milli-mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılması Azərbaycan təhsilinin dünyaya inteqrasiyası məqsədinə yönəlmişdir. Fondun prezidentinin hələ 2005-ci ildə irəli sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi cəmiyyətdə yeni məktəblərlə birgə həm də yeni düşüncə tərzinin, müasir təfəkkürün, sivil həyat normalarının gəlişi, ictimai həyatımızda bütün parametrlər üzrə yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Son illərdə fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində 237 yeni məktəb tikilmiş, 39 məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəb əsaslı təmir olunub müasir avadanlıqla təmin edilmiş, 8 uşaq bağçasında bərpa işləri aparılmışdır.

Müasir dövrdə təhsilin səviyyəsi həm də hər bir ölkədə kompüter və informasiya texnologiyalarının sürətli inkişaf dinamikası ilə şərtlənir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman ötən müddətdə gənclərin müasir biliklərə və informasiya texnologiyalarını dərindən mənimsənilməsinə elmi-texniki zəmin yaratmışdır. Bu proqram ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşımışdır. Əgər 2003-cü ildə hər şagirdə 1 kompüter düşürdüsə, proqram çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində hazırda bu rəqəm 29-a yüksəlmişdir. Ötən müddətdə 1100-dən artıq məktəbə noutbuk və proyektorun verilməsi də gənc nəslin informasiya texnologiyaları ilə işləmək vərdişlərinin aşılanması baxımından son dərəcə əhəmiyyətlidir.

Azərbaycan Prezidentinin 2008-ci il 10 iyun tarixdə təsdiqlədiyi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" da respublikada müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir. Proqramın uğurla reallaşdırılması nəticəsində təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarından istifadə daha da genişlənəcəkdir.

Ümumtəhsil məktəbləri üçün müasir tələblər səviyyəsində yeni dərsliklərin hazırlanması və şagirdlərə pulsuz paylanılması məsələləri də dövlətin sosialyönümlü proqramları sırasında mühüm yer tutur. 2005-ci ildən etibarən ümumtəhsil məktəblərinin bütün şagirdləri dərsliklərlə pulsuz təmin olunurlar və Azərbaycan bu sahədə MDB-də yeganə ölkədir. "Ümumtəhsil məktəblərinin dərsliklə təminatı Proqramı (2006-2015-ci illər)" bu mənada xüsusi aktuallıq kəsb edir. Təkcə 2008-ci ildə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllim üçün əyani vəsait məktəblərə çatdırılmışdır.

Son illər təhsildə həyata keçirilən mühüm islahatlardan biri də orta məktəblərin pedaqoji kadrlarla təminatına, pedaqoji profilli gənc mütəxəssislərin konkret iş yerlərinə göndərilməsi probleminin həllinə yönəlmişdir. Bölgələrdə, ucqar kəndlərdə müəllim çatışmazlığı probleminin həlli üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən stimullaşdırıcı addımların atılması da məhz bu məqsədə xidmət etmişdir. "2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı" bu baxımdan xüsusi aktuallıq kəsb etmişdir.

İnsan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, "Bolonya prosesi"nə keçidin təmini, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzindədir.

Ötən illərdə ölkə başçısı tərəfindən bu məqsədlə imzalanmış çoxsaylı mühüm fərman və sərəncamlar, dövlət proqramları Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir. Bu dövrdə Naxçıvan Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin yeni korpusları istifadəyə verilmiş, Azərbaycan Tibb Universitetinin yeni korpusunun inşasına başlanmışdır. Milli Konservatoriya üçün yeni bina inşa edilir, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun, Bakı Musiqi Akademiyasının, Bakı Slavyan Universitetinin binaları əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmişdir. AzTU-nun uzun müddət tikintisi yarımçıq qalmış tədris korpusunun inşası dövlətin qayğısı nəticəsində başa çatmaq üzrədir.

Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Respublikamız yeni iqtisadi münasibətlər kursunu götürərək öz təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə "Bolonya prosesi" çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi olduqca vacibdir. "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncam bu baxımdan vacib əhəmiyyət kəsb etmişdir. Sərəncama əsasən, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsi, habelə YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun hazırlanmış ixtisasların yeni siyahısı hökumətə təqdim edilmişdir. Layihədə ali təhsil sistemində keyfiyyətin təmin olunması məqsədilə normativ-hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, ali təhsil müəssisələrinin strukturunun və idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, müasir maliyyələşdirmə siyasətinin hazırlanıb həyata keçirilməsi və digər bu kimi aktual istiqamətlər əksini tapmışdır.

Dövlət başçısının 2008-ci il 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı da məhz bu zərurətlə şərtlənir. Sərəncamda 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyasının yaradılması bu sahədə problemlərin kompleks həllini nəzərdə tutur. Sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Son illər təhsil sistemində özünü göstərən mühüm nailiyyətlərdən biri də xüsusi istedadı, intellektual səviyyəsi ilə seçilən gənclərin xaricdə təhsil almağa göndərilməsidir. Ölkə başçısının 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı isə bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması baxımından təqdirəlayiqdir. Bu sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanıb təsdiq olunmuşdur.

5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamla Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2,2 milyon manat məbləğində vəsait ayrılmışdır.

Son illərdə təhsildə və elmdə özünü göstərən bir sıra problemlərin həlli baxımından bu sahədə çalışanların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi də son dərəcə təqdirəlayiq haldır. Ötən 5 ildə təhsil və elm adamlarının məvacibləri mərhələlərlə qaldırılmış, eyni zamanda, aspirant və tələbələrə verilən təqaüdlərin məbləği əhəmiyyətli dərəcədə artırılmışdır. 2008-2009-cu dərs ili ərəfəsində təhsil sahəsində çalışanların sosial müdafiəsini möhkəmləndirmək məqsədilə verilən sərəncamlar bu baxımdan xüsusi qeyd olunmalıdır. 12 sentyabr 2008-ci il tarixdə imzalanan "Aspirantlara, ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncam gənc nəslə göstərilən diqqət və qayğı kimi dəyərləndirilir.

Bütün bunlar göstərir ki, ölkənin hər bir məktəbində təhsil alan gənclər dövlətin qayğısı ilə əhatə olunur. Respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərin baş verməsi, bu sahənin daha da təkmilləşməsinə təkan verən proqram və layihələrin həyata keçirilməsi, təhsil sahəsində çalışan işçilərin əməkhaqlarının, aspirantların, tələbələrin və şagirdlərin təqaüdlərinin vaxtaşırı qaldırılması, yeni məktəb binalarının tikintisi və digər tədbirlər, bütövlükdə bu sahəyə və orada çalışan, təhsil alan insanlara dövlət qayğısının getdikcə artırılmasının göstəriciləridir. Belə sərəncamların imzalanması, eyni zamanda tələbə və şagirdləri daha yaxşı oxumağa, öz üzərlərində fəal çalışmağa sövq edir.

Ümumiyyətlə, möhtərəm Prezidentin istər elm, istərsə də gənclərə qayğı sahəsində yeritdiyi siyasətin yeni mərhələyə qədəm qoyması Azərbaycanın həm dövlət, həm də qeyri-dövlət ali təhsil müəssisələri qarşısında da bir sıra mühüm vəzifələr müəyyənləşdirir. Respublika miqyasında tanınmış ali məktəblərdən biri olaraq zəngin ənənələri, kadr potensialı və elmi nailiyyətləri ilə bir sıra uğurlara imza atmış Azərbaycan Texniki Universiteti (AzTU) də fəaliyyətində dövlət başçısının dövrün tələblərinə əsaslanaraq irəli sürdüyü mütərəqqi prinsiplərə, qlobal çağırışlara söykənir. Prezident İlham Əliyevin elm və təhsil strategiyasını əldə rəhbər tutan universitet, nəinki nüfuzunu və elmi səviyyəsini qoruyub saxlayır, eyni zamanda fəaliyyətini qloballaşan dünyanın yeni tələblərinə uyğun qurur. AzTU uzun illər ərzində qazandığı nailiyyətləri zənginləşdirməklə, respublikamız və bir sıra xarici dövlətlər üçün layiqli mütəxəssislər, yüksək səviyyəli kadrlar hazırlamağa qabil ali təhsil ocağı kimi hazırkı mərhələdə üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirir və bu istiqamətdə fəaliyyətini genişləndirir.

Qloballaşan dünyanın çağdaş inkişaf meylləri respublikamızda bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığını da aktual məsələ kimi önə çıxarmışdır. Məhz bu zərurət nəzərə alınaraq AzTU-da son illərdə bir sıra yeni ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanılmışdır. Bunlardan müasir dövrün tələblərinə uyğun olan, informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssis hazırlığına şərait yaradan "Məlumatların mühafizəsinin texnologiyası və təşkili", "Kompüter təhlükəsizliyi", "Avtomatlaşdırma və informasiya texnikası (TEMPUS layihəsi üzrə)", "Gömrük, ixrac və idxal nəzarəti cihaz və sistemləri", "Elektron və poçt rabitəsi", "Bioloji-tibbi praktikada mühəndis işi", "Nəqliyyat vasitələrinin elektronikası və elektrik avadanlığı (avtomobil nəqliyyatı üzrə, Tempus layihəsi üzrə)" və digər ixtisasları göstərmək olar. Mütəxəssis hazırlığı həyata keçirən bütün kafedralar müasir kompüterlərlə təmin olunmuş, universitet internet şəbəkəsinə qoşulmuşdur. AzTU-nun daxili internet şəbəkəsi ilə təmin olunması isə tədris prosesinin çevik və uğurlu təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bir sıra kafedralarda kurs işləri və layihələrinin yerinə yetirilməsi üçün lazımi məlumatlar universitetin saytında yerləşdirilmişdir.

Azərbaycan təhsil sisteminin Bolonya prosesinə qoşulması ilə əlaqədar cari tədris ilindən başlayaraq AzTU-nun üç fakültəsində kredit sistemi ilə mütəxəssis hazırlığına başlanmışdır. Bu istiqamətlərdə lazımi normativ sənədlər, tədris planları, fənn proqramları, mühazirələrin elektron variantları hazırlanmışdır. Bolonya prosesinin məqsəd və məramı barəsində ali məktəb işçilərinin və tələbələrinin məlumatlandırılması səviyyəsinin yüksəldilməsi, respublika və universitet miqyaslı elmi-praktiki konfransların, "dəyirmi masa"ların və disputların keçirilməsi, bu proseslə bağlı bütün məsələlərin daim elmi-pedaqoji ictimaiyyətin diqqət mərkəzində saxlanması olduqca vacibdir. AzTU məhz bu zərurəti nəzərə alaraq, Bolonya prosesi ətrafında gedən bütün müzakirələrdə və tədqiqatlarda fəal iştirak edir.

AzTU özünün tarixi ənənələrini saxlamaqla tədris, elm və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyətini müasir dövrün tələblərinə uyğun davam etdirir və ölkənin aparıcı ali məktəbləri sırasında öncül mövqelərini saxlamaq əzmindədir. Elm və təhsil ictimaiyyətinə göstərilən yüksək diqqət və qayğını, ümumilikdə, ölkəmizin bütün sahələrdə qazandığı böyük nailiyyətləri respublikamızın nüfuzlu ali təhsil ocağı olan Azərbaycan Texniki Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də yaxından hiss edir və dərin rəğbət hissi ilə qarşılayır. İnanırıq ki, cənab İlham Əliyevin ikinci müddətə Azərbaycan Prezidenti seçilməsi ilə yaxın illərdə respublikamızda təhsil sahəsində özünü göstərən qlobal problemlər əsaslı surətdə aradan qalxacaq, milli təhsilimizin keyfiyyəti daha da yüksələcəkdir.

 

Havar MƏMMƏDOV,

Azərbaycan Texniki

Universitetinin rektoru, professor

 

Azərbaycan.-2008.-25 dekabr.-S.7.