Milli memarlıqda bənzərsiz inkişaf

 

Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Təbii coğrafi şərait, zəngin fauna aləmi ilə birlikdə mülayim iqlimi olan Azərbaycan yer kürəsində ilk insanların və yaşayış məskənlərinin formalaşdığı ərazilər sırasına daxildir. 15 milyon ildən artıq yaşı olan "Quruçay mədəniyyəti", 1,2 milyon ildən bəriki dövrə aid edilən "Azıx mağarası"ndakı mədəniyyət izləri, daha sonra Qarabağda Tağlar, Kəlbəcərdə Zar, Naxçıvanda Qazma, Qazax rayonunda Daşsalahlı və Aveydağ, Qədir dərə, Çaxmaqlı və başqa düşərgələri təkcə Azərbaycanın deyil, həm də bəşər tarixinin qədim yaşayış məskənlərindəndir.

 

Midiya tərkibinə daxil olan ən qədim Azərbaycan dövləti (y.e.ə. IX əsr) Manna Şərqin ən qüdrətli ölkəsi sayılırdı. Midiyanın paytaxtı olan Ekbatan şəhəri isə özünün əzəmətli qala divarları ilə bütün dünyada olan çox böyük mədəniyyət mərkəzi idi. Yeni eradan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin hücumundan sonra ölkənin şimal yarısında uzun illər müstəqilliyini qoruya bilmiş Atropotena və onun şimal bölgəsində Albaniya yaranır.

Azərbaycanın ərazisi və əhalisi haqqında da nisbətən geniş məlumat da Makedoniyalı İsgəndərin Şərqə yürüşündən sonra Herodotun "Tarix", Strabonun, Ptolomeyin, Plinininin və başqalarının Şərq ölkələrinə həsr etdikləri əsərlərində ölkənin coğrafiyası, əhalinin məşğuliyyəti və başqa məlumatlar verirlər. Bu dövrlərdə Dərbənd, Bərdə, Qəbələ, Təbriz, Şəmkir, Urmiya və başqa şəhərlər haqqında da məlumat verilir və Azərbaycanın çiçəklənən bir ölkə olduğu göstərilir. Dərbəndin, Şamaxının, Gəncənin, Bərdənin və digər şəhərlərin möhtəşəm qala divarlarının yanından keçək. İpək yolu tacirlərin və səyyahların xatirələrində öz əksini tapmışdır.

İlk feodal münasibətləri dövründə V-VIII əsrlərdə Dərbənddə (Dərbənd keçidində), "Çıraq qala və Gilgilçay səddi", "Beşbarmaq və Beşbarmaq səddi" kimi möhtəşəm müdafiə qalaları və sədləri tikilir. Qumda bazilikal, Ləkitdə isə dairəvi məbədlər (I-VI əsrlər) öz tikinti üslubu, tikinti materialları və texnikası və nəhayət, arxitektura səviyyəsinə görə böyük və möhtəşəm memarlıq mədəniyyəti nümunəsi və şəhərsalma təcrübəsi olduğundan xəbər verir.

VII əsrdən etibarən isə ərəb müəlliflərindən Bəlazuri, İbn Xordadbeh, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqaları Azərbaycan şəhərləri, binaları, bağları və yolları haqqında məlumatlar vermişlər. Artıq XII əsrdə Azərbaycanda Bərdə, Ərdəbil, Gəncə, Təbriz, Sultaniyyə, Bakı, Şamaxı, Dərbənd kimi möhtəşəm və zəngin bəzədilmiş məscid, mədrəsə, hamam, örtülü bazarları, qüdrətli qala divarları olan şəhərlər haqqında tarixi mənbələrdə maraqlı bilgilər var.

XIII əsrdə bütün dünyada məşhur olan alim Məhəmməd Nəsrəddin Tusi Marağada özünün astronomik rəsədxanasını yaratmışdı. XVI əsrdə Təbrizin inkişafında onun beynəlxalq ticarət yolu üzərində olması da müəyyən rol oynayır. Bu dövrdə Təbrizi Şərqin mərkəzi adlandırırlar. Burada bütün sahələrdə inkişaf hiss olunurdu. Ədəbiyyatda bütün Şərqdə yenilməz sayılan romantik şair şeyx Məhəmməd Füzuli kimi ulduz parlayır.

Feodal dövlətlərin mərkəzləri kimi Təbriz, Sultaniyyə, Ərdəbil, Şamaxı və Naxçıvanda intensiv siyasi-iqtisadi, mədəni inkişaf diqqəti cəlb edir. Bu dövrdə həmin şəhərlərdə yüksək zövqlə tikilmiş möhtəşəm inzibati, dini, tibbi, ticarət kompleksləri ilə yanaşı ictimai bağların, yaşıllıqların və yüksək tələblərə cavab verən su təchizatı və kanalizasiya sistemlərinin olduğunu da qeyd etmək lazımdır.

XIX əsrin sonu - XX əsrin əvvəli Bakının memarlıq-planlaşdırma inkişafında dinamik dəyişikliklər dövrüdür. "Bakı qalası" öz müdafiə əhəmiyyətini itirdikdən sonra qala divarlarının xaricindəki torpaqlar əvvəl pərakəndə, sonralar isə nizamlı şəkildə mənimsənilir. Bu ərazilərdə əsas etibarilə yaşayış və ictimai binalar tikilir. Qala divarlarından xaricdə tikilən yeni "Bayır şəhər"in (camaat bu hissələri belə adlandırırdı) küçə və meydanları relyefdən təcrid edilmiş müntəzəmliyi, nizamı ilə seçilirdi.

XIX əsrin birinci yarısında Bakı şəhəri kapitalist inkişaf xüsusiyyətləri ilə aqrar şəhərin keyfiyyətlərini özündə birləşdirirdi. 60-cı illərə qədər şəhərətrafı torpaqların çox hissəsini bağlar və əkin sahələri tuturdu. 60-cı illərdən sonra isə Bakıda sənaye və ticarət sürətlə inkişaf etməyə başlayır.

Şamaxı yoluna tərəf ticarət (bazar) küçəsi formalaşmışdı. "Bayır şəhər"də ilk dövrdə əksər hallarda 1-2 mərtəbəli binalar tikilirdi. Fotogen (ağ neft) qurğuları, adətən yaşayış məhəllələrində yerləşdirilirdi. Ağ neft qurğularında tez-tez baş verən yanğınlar səbəbindən şəhərin inzibati rəhbərliyi 1870-ci ildə sənaye sahələrinin yaşayış hissəsindən kənara çıxarılmasına qərar vermişdi.

Beləliklə də, dünya şəhərsalma təcrübəsində ilk dəfə olaraq şəhər sistemində funksional parçalanma aparılır. Şəhər iki hissəyə - yaşayış və sənaye sahələrinə bölünür (1870-ci il). 1861-ci ildə Rusiyada, 1871-ci ildə isə Azərbaycanda təhkimçiliyin ləğvindən sonra Bakıya ucuz işçi quvvəsinin axını başlayır.

1847-ci ilin 14 iyulunda Abşeronda dünyada ilk dəfə olaraq mexaniki buruq qazma üsuluna keçəndən sonra çıxarılan neftin miqdarı artdı. Bakı, sözün əsl mənasında, dünyanın işgüzar adamlarının diqqət dairəsinə daxil oldu. Burada bir-birinin ardınca İsveç vətəndaşları olan Nobel qardaşları (1847-ci il), fransız sərmayəçilərinin N. Rotşild (1899-cu il), İngiltərədən gəlmiş işbaz Ceyms Vişad (XIX əsrin sonu) və başqaları öz kompaniyalarını açdılar.

Ötən əsrin 70-ci illərində milli burjuaziya nümayəndələri - H. Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov, Ş. Əsədullayev və başqaları meydana çıxdılar.

Şəhərdə telefon şəbəkəsi fəaliyyətə başladı (1880-ci il). Dəmir yolu vağzalı istifadəyə verildi (1883-cü il). Ənənəvi mədrəsələrlə yanaşı yeni tipli məktəblər də açıldı, qəzet və jurnallar çap olundu, Yaxın Şərqdə ilk Teatr binası (1883-cü il), Opera və Balet Teatrının binası (1911-ci il), bütün Şərqdə və Qafqazda ilk Qadın gimnaziyası (H. Z. Tağıyevin vəsaiti hesabına) tikilib istifadəyə verildi (1898-ci il).

1890-cı ildə Bakıda 150-dən artıq neftayırma sexi fəaliyyət göstərirdi. Ağ neft Rusiyaya, İngiltərəyə, İsveçrəyə, Çinə, Hindistana, Avstraliyaya və başqa ölkələrə aparılırdı. Bakı neftin çıxarılması, emalı və neft məhsullarının satışı üzrə dünyanın ən əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi.

Bayır şəhərin - fordştatın inkişafı üçün keçmiş əkin sahələri və bağların yerində düzbucaqlı küçə şəbəkəsi salınmışdı. Bakı, ərazisinin artımı (55,4 %) və tikililərin inkişafına görə (46,4 %) dünyanın bütün şəhərlərini geridə qoymuşdu (1881-1883-cü illər).

Bakıda memar və inşaatçıların böyük bir nəsli: Q. Hacıbababəyov, M. İzmaylov, Z. Əhmədbəyov, M. Hacinski və başqaları fəaliyyət göstərirdilər. Onlarla yanaşı, xarici ölkələrdən gəlmiş N. fon-der-Nonne (1832-1908-ci illər), İ. Qosslavski (1865-1904-cü illər),

İ.Ploşko (1866 - ... illər) və başqa mühəndis və memarlar da işləyirdilər.

Öz görünüşünə görə unikal sayılan belə binalara misal olaraq Bakı şəhərinin mərkəzində olan 2-4 mərtəbəli yaşayış və ictimai təyinatlı binaları, Deburanın mülkünü, H. Z. Tağıyevin romantizmlə qovuşan neoklassik üslubda tikilmiş sarayını, M. Muxtarovun qotika üslubundakı sarayını, A. Quliyevin milli üslubda tikilmiş mülkünü, H. Z. Tağıyevin "Qadın gimnaziyası"nı və başqalarını göstərmək olar.

Kapitalist inkişafı dövründə Bakı iri sənaye mərkəzinə çevrildi. Şəhərin nəinki inkişaf fondu artdı, eləcə də onun mühityaratma meyarları və bədii memarlıq prinsipləri müəyyən dəyişikliklərə məruz qaldı.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1920-ci ilin aprelin 28-də Rusiyanın XI ordusunun iştirakı ilə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti devrilərək ölkədə sovet hakimiyyəti quruldu. Yeni ictimai-iqtisadi şəraitdə təzə memarlıq və şəhərsalma normaları - ictimai və yaşayış evlərinin tipləri yaradıldı. 20-ci illərin sonu və 30-cu illərin əvvəllərində şəhərin müxtəlif rayonlarında və ətrafında həyətyanı sahəsi olan azmərtəbəli və birmərtəbəli binalar tikildi. Bu qəsəbələrin içərisində ən əhəmiyyətlisi çox keçmədən şəhərə qovuşmuş Məmmədyarov Binəqədi, Yeni Keşlə qəsəbələridir.

1924-1927-ci illərdə A. İvanitskinin rəhbərliyi altında Bakının baş planı da tərtib edilir. Bu dövrə xas olan cəhətlərdən biri - ictimai həyatda baş vermiş hadisələrin inikası kimi fabriklərin, uşaq bağçalarının, mədəniyyət saraylarının, fəhlə klublarının və başqa obyektlərin tikilməyə başlanması idi.

1934-cü ildə Bakıda Hökumət sarayının layihələndirilməsi üçün keçirilən müsabiqə də Bakının memarlıq inkişafına öz təsirini göstərdi. Binanın tikintisi arxitektor L. Rudnevin başçılıq etdiyi qrupun layihəsi əsasında aparılırdı.

Milli özümlüyün axtarışı ilə səciyyələnən o dövrün memarlıq əsərləri sırasında Bakı Dövlət Konservatoriyasının binasını, Mərdəkanda sanatoriyanı, Bakı Soveti işçiləri üçün yaşayış binasını (hazırda Respublika Nazirlər Kabineti binası) və başqalarını göstərmək olar. Bu dövr binalarında milli memarlığın bədii-estetik elementləri irsindən istifadə edilirdi. Bunların içərisində ən uğurlusu, yəqin ki, N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasını hesab etmək olar. Burada Azərbaycan ədəbi klassiklərinin Nizami Gəncəviyə müraciəti öz simvolik təcəssümünü tapmışdır.

Müharibədən sonrakı ilk dövrlərdə şəhərin mərkəzində memarlıq cəhətdən özünəməxsus maraq kəsb edən binalar tikilmişdi. Ötən əsrin 50-ci illərində əhalinin artımı memarlar qarşısında ənənəvi yaradıcılıq metodları ilə həll edilə bilməyəcək problemlər qoyurdu. Mənzillərə olan tələblərlə imkanlar və inşaatın metodikası arasında ziddiyyət güclənirdi. Vəziyyətdən çıxış üçün tikinti istehsalında və bədii-memarlıq formalarının yaradılmasında radikal dəyişikliklər aparılması tələb olunurdu. Yaşayış tikintisində daha kəskin ziddiyyətlər yaranmışdı. Ümumi dönüş də elə buradan başlandı. Yaşayış mənzilinə olan tələbatı ödəmək üçün yeni layihələndirmə və tikinti üslubuna keçildi. Bu da təbii olaraq fərdi və ənənəvi memarlıq yaradıcılığına yönəlmiş memar düşüncəsini dəyişməyi tələb etdi.

1969-cu ildə ulu öndər Heydər Əliyev respublikanın rəhbəri seçiləndən sonra yeni iri sənaye düyünlərinin yaradılması, ardıcıl olaraq müasir, yeni texnologiyaların tətbiqi Bakının sənayesinin tərkib və məzmununa yenidən baxmağa və qiymətləndirməyə imkan verdi.

Bu dövrün ən vacib hadisələrindən biri, təkcə paytaxtın deyil, bütün şəhərlərin baş planlarının memarlıq-planlaşdırma məsələlərinin işlənilməsidir. İlk dəfə olaraq, 40-dan çox yaşayış məskəni daxil olan Bakı-Sumqayıt aqlomerasiyası infraquruluşunun kompleks şəkildə dəyişdirilməsi proqramı nəzərdə tutulmuşdu. Bakının özünə gəldikdə isə burada şəhərin tarixi hissəsi ilə yeni salınmış ətraf ərazilərdə yaranmış memarlıq və sosial-psixoloji ziddiyyəti yumşaltmaq məqsədilə yeni planlaşdırma prinsipi nəzərdə tutulmuşdu. Bakının baş planında yaşayış zonalarının, şəhərin və eləcə də körfəzin sahil zolağı boyunca harmonik əlaqələrini təmin edən şəraitin əsası qoyuldu. Bu dövrdə respublikanın paytaxtında, bütün rayon və şəhərlərində tikinti böyük vüsət aldı. Tikintilərin məzmununa gəldikdə isə sənaye obyektlərindən başlayaraq ictimai-inzibati, ticarət-məişət və mədəniyyət obyektlərini görmək olar.

XX əsrin 70-80-cı illərində metropoliten stansiyalarının bədii-estetik tərtibatında da keyfiyyət çevrilişi baş verdi. Metro stansiyaları təkcə nəqliyyat vasitəsi kimi deyil, həm də insanların estetik zövqlərinin formalaşdırılması kimi düşünülürdü. Bu dövrdə respublikanın yaşıllaşdırılmasında da nəhəng addımlar atılırdı. Böyük bağlar və parklar salınmaqla Bakıda hər adambaşına düşən yaşıllıq 5 kvadratmetrdən 20 kvadratmetrə çatdırıldı.

Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizə təcavüzü nəticəsində 20 faiz torpaqlarımız zəbt edildi, şəhər və kəndlərimiz viran oldu. Yüzlərlə memarlıq və mədəniyyət abidələri talan və məhv edildi. Qızıl mədənimiz bu gün də talan edilir, meşələrimiz qırılıb Ermənistana daşınılır.

Azərbaycan Respublikası Prezidentinin islahatçı fəaliyyəti nəticəsində ötən 5 ildə ölkə dinamik inkişaf yoluna qədəm qoymuşdur.

Respublika Prezidentinin rayonlara səfərləri və ictimaiyyətlə görüşlərinin regionda analoqu yoxdur. Hələ 2004-cü ildə Prezident demişdir ki, icra hakimiyyəti başçılarını xaricə göndərmək lazımdır ki, böyük və kiçik şəhərləri necə abadlaşdırmağı öyrənsinlər. Prezidentin bu qərarından sonra icra hakimiyyəti başçılarının memarlığa və şəhərsalmaya münasibətləri əhəmiyyətli dərəcədə dəyışdi.

XIX-XX əsrlərdə tikilmiş bədii-estetik keyfiyyəti ilə seçilən binaların təmizlənməsi və rənglənməsi, keyfiyyətsiz plan-məkan həlli olan binalarda yenidənqurma işlərinin aparılması təqdirəlayiqdir. Son illərdə unikal binaların təmiri, işıqlandırılması, meydançalarda və parklarda rəngli fəvvarələrin quraşdırılması şəhərlərimizin estetik gözəlliyini yüksəltmişdir.

Azərbaycan Memarlar İttifaqında son iki ildə böyük dəyişikliklər baş vermişdir. Memarlar İttifaqı tarixində ilk dəfədir ki, Beynəlxalq Memarlıq Assosiasiyasında keçirilən baxış-müsabiqəyə 15 layihə göndərilmiş və onların dördü I və II dərəcəli diplomlara, qalanları isə həvəsləndirici diplomlara layiq görülmüşlər. Beynəlxalq Memarlıq Assosiasiyasının təyin etdiyi 10 mükafatdan dördü Azərbaycan memarlarına verilmişdir.

Keçən ildən başlayaraq Memarlar İttifaqındakı yaradıcılıq komissiyalarında da işlər xeyli canlanmışdır. Abidələrin bərpası, mühafizəsi və istifadəsi üzrə olan komissiya abidələrin yeni siyahıyaalınması ilə bağlı Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə material göndərmişdir. Memarlar İttifaqı və Dövlət Şəhərsalma və Memarlıq Komitəsi arasındakı razılığa uyğun olaraq, Memarlar İttifaqına müstəqil ekspertlər tərəfindən baxılması üçün yaşayış, ictimai və sənaye binalarının layihələri göndərilmişdir.

Moskvadakı "Bakı evi"nin və Bakıdakı yaşayış və ictimai binaların eskiz təkliflərinə də baxılmışdır. Xarici ölkələrlə əlaqələr komissiyası Almaniya, Belarus, Fransa və Polşa səfirləri ilə görüşlər keçirmişlər. Memarlar İttifaqının bütün əməkdaşları çalışırlar ki, milli memarlığın inkişafında böyük uğurlar qazansınlar. Respublikamız elə bir sürətli inkişaf yolundadır ki, Azərbaycan memarları da öz işlərilə bu sırada öndə olmaq arzusundadırlar.

 

Nəriman ƏLİYEV,

memarlıq doktoru,

əməkdar memar

 

Azərbaycan.-2008.-28 dekabr.-S.7.