Milli birlik və həmrəyliyin etibarlı təminatçısı

 

Tarixən hər bir xalqı dünya miqyasında tanıdaraq məşhurlaşdıran yalnız onların zəngin təbii sərvətləri və maddi-mənəvi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində sözünü demiş fenomen şəxsiyyətlərdir. Məhz belə şəxsiyyətlərin müdrikliklə irəli sürdükləri ideyalar hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə, onun dünya arenasında özünəlayiq yer tutmasını təmin edir. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideyalar dərin məzmun yükü ilə cəmiyyətin monolitliyində aparıcı amilə çevrilməklə, tarixi şəxsiyyətlərə həm də xalqı ətrafında birləşdirmək, milli ideallara səfərbər etmək imkanı verir.

 

Xarizmatik liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni kataklizmlər dövründə daim millətinə düzgün yolu göstərən böyük xilaskar missiyasında çıxış etmişlər. Ulu öndər Heydər Əliyev də belə fenomen liderlərdən biri olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək imkanında olmuş, bu qeyri-adi xüsusiyyəti sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin həlledici qismini arxasınca apara bilmişdir. Heydər Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindən biridir.

Xalqın təhtəlşüurunda bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi kursu özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da umummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir. Heydər Əliyev çıxışlarında hər zaman vurğulamışdır ki, azərbaycançılıq milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamağa, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formalaşdırır.

Azərbaycan xalqının milli-mənəvi bütövlüyünün və həmrəyliyinin bariz təcəssümünə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə qeyd olunması da ulu öndərin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlarının həmrəylik və birlik günü haqqında" qərar qəbul etməklə yenicə müstəqillik elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir. Qədim tarixə malik Azərbaycan xalqı bu bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Belə bir qərarın qəbul olunması və sonradan bütün ölkədə bayram kimi keçirilməsi milli yaddaşın oyanışı kimi də dəyərləndirilə bilər.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda milli birlik və həmrəyliyin təmini, həmvətənlərimizin vahid məqsədlər ətrafında birləşdirilməsi, habelə diaspor və lobbi quruculuğu sahəsində əməli tədbirlər həyata keçirmişdir. Böyük strateq özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəviyə qaldırılmasına nail olmaq mümkün deyildir. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti son 15 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışmışdır.

Ulu öndər Heydər Əliyevin xalqın milli-mənəvi birlik və həmrəyliyinin, habelə xaricdə yaşayan soydaşlarımızla intensiv əlaqələrin təmin edilməsi istiqamətində ən müdrik addımlarından biri də məhz 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyev həmin tarixi qurultaydakı çıxışında qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini də söyləmişdir. Ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif dövlətlərdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir.

Qurultaydan sonra diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuş, bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına yaxşı imkanlar vermişdir. Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq olmuşdur.

2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirmişdir. Qanuna əsasən xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Habelə, imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün vergi, gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diaspor və lobbi quruculuğu sahəsindəki fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəddir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və diaspor quruculuğu siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin ötən beş ildə bu sahədə həyata keçirdiyi siyasət də ardıcıl və sistemli səciyyə daşıyır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən ölkə başçısı cənab İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, milli birlik və həmrəyliyə xidmət edən addımları ilə birləşdirici lider statusuna yüksəlmişdir. Dövlət rəhbəri ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışmışdır. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev 2008-ci ilin 15 oktyabr seçkilərində 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini almış, onların alternativsiz namizədi olmuşdur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun nümayəndələri ilə 2004, 2006 və 2008-ci illərdə keçirdiyi görüşlərdə cənab İlham Əliyev diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirmiş və bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini bildirmişdi. Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmiş, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini vermişdir. İndiyə qədər görülmüş tədbirlərlə kifayətlənməyən dövlət başçısı Azərbaycan diasporunun fəaliyyətini keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu da bəyan etmişdir.

Bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin əsas hədəflərindən biri də dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkiliyə nail olmaqdır. "Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər. Ona görə də səfirliklər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olmalıdırlar və xaricdə yaşayan soydaşlarımızla işlər daha yüksək səviyyədə qurulmalıdır" - deyə dövlət başçısı İlham Əliyev azərbaycanlı diplomatlarla görüşündə vurğulamışdır.

Dövlət başçısı diaspor quruculuğu işini daim xüsusi diqqət mərkəzində saxlayaraq müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla müntəzəm görüşlər keçirmiş, milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması, Azərbaycanla əlaqələrinin genişləndirilməsi zərurətini önə çəkmiş, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir. Ötən illərin büdcə zərfində diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da bu yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqəti çəkir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı əsasında 2006-cı ilin mart ayında Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi hesabat dövründə diaspor quruculuğu sahəsində reallaşdırılan tədbirləri nəzərdən keçirmək, bu sahədə perspektiv fəaliyyət istiqamətlərini düzgün müəyyənləşdirmək məqsədi daşımışdır. Qurultayın keçirilməsində məqsəd eyni zamanda diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemləri, yaşadıqları ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı dərin məzmunlu çıxışında xaricdəki azərbaycanlılara və respublikanın müvafiq dövlət qurumlarına bu sahədə görülmüş işlərdə arxayınlaşmamağı, daha böyük nəticələrə nail olmağı tövsiyə etmişdir. Dövlət başçısı diaspor quruculuğu işinin davam etdirilməsi, proses başa çatdıqdan sonra isə dünya azərbaycanlılarının vahid təşkilatının yaradılması üçün müvafiq addımların atılması zərurətini önə çəkmişdir. Cənab İlham Əliyevin dəyərli tövsiyələri əsasında iştirakçılar milli diaspor quruculuğu sahəsinə mühüm töhfə verəcək bir sıra vacib qərarlar qəbul etmişlər. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesini keyfiyyətcə təkmilləşdirmək, diaspor təşkilatlarının fəaliyyətini daha səmərəli şəkildə əlaqələndirmək, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işini müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədilə Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul olunması da qurultayın ən mühüm nəticələrindən biridir. Qurultayda dünya azərbaycanlılarına müraciət, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanat, erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı aktlarına etiraz ifadə edən bəyanat, habelə işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan mühüm sənədlər qəbul edilmişdir.

Hazırda müstəqil respublikamızın inkişaf və tərəqqi yolunda əldə etdiyi böyük nailiyyətlərdə dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də xidmətləri var. Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə yaxşı zəmin yaratmışdır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. 2006-cı ildə Rusiyada miqrantlara qarşı münasibətin kəskin dəyişməsi və sərt qaydaların işə düşməsi ilə əlaqədar Moskvada ticarətlə məşğul olan azərbaycanlıların üzləşdiyi problemlərin aradan qaldırılması üçün xüsusi dövlət komissiyası yaradan cənab İlham Əliyev milli diasporumuzun etibarlı hamisi olduğunu bir daha təsdiqləmişdir. Bu addımı ilə dövlət başçısı Azərbaycan dövlətinin heç bir vətəndaşının taleyinə biganə qalmadığını bir daha təsdiqləmişdir.

Azərbaycan Prezidentinin ötən müddətdə türkdilli xalqların ideya birliyinin təmini istiqamətindəki fəaliyyəti də müasir dünya reallıqlarından irəli gəlir. Bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektli əks-hücumun təşkili çağdaş dövrün zəruri tələbi kimi önə çıxmışdır. Rəsmi Bakının son 5 ildə tarixi, siyasi və dini baxımdan Azərbaycana yaxın olan türkdilli respublikalarla ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də məhz bu məqsədə xidmət edir. 2007-ci il mart ayının 9-da Bakıda keçirilmiş Azərbaycan və Türkiyə diasporları rəhbərlərinin I forumu və noyabr ayının 17-dən 19-dək baş tutmuş Türk dövlət və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı isə birləşməyə doğru atılmış real addımlar olmuşdur. Qurultayda qardaş xalqlar və ölkələr arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi, türkdilli dövlətlərin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi naminə görüləcək işlərlə bağlı faydalı ideyalar, dəyərli təşəbbüslər irəli sürülmüşdür.

Bütün bunlar bir daha göstərir ki, cənab İlham Əliyev bu gün təkcə dünya azərbaycanlılarının mənəvi birlik və həmrəyliyinin etibarlı təminatçısı deyil, həm də türkdilli xalqlar arasında səmərəli əməkdaşlıq təşəbbüslərinin müəllifidir. Dövlət başçısının bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində yaxından iştirak edəçəkdir.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.-2008.-31 dekabr.-S.3.