Bakı sabahdan islam mədəniyyətinin paytaxtıdır

 

Hazırda Azərbaycan paytaxtının mərkəzi küçələrində, tamaşa müəssisələrinin və kitabxanaların qarşısında asılmış, hətta avtobusların pəncərələrini də bəzəyən rəngbərəng zolaqlı bayraqları görmək üçün xüsusi müşahidə qabiliyyəti tələb olunmur. Bizim üçün müəyyən mənada yeni olan bu atributlar tezliklə ölkəmizin mədəni həyatında çox böyük və əlamətdar bir hadisə gözlənildiyindən xəbər verir. Bəli, 2009-cu ilə cəmi bir-iki gün qalır. İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESKO) İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın axırlarında Liviyanın Tripoli şəhərində keçirilmiş V konfransının qərarına əsasən, müstəqil Azərbaycanın paytaxtı Bakını qarşıdan gələn ildə islam mədəniyyəti paytaxtı elan etmişdir.

 

"İslam mədəniyyəti paytaxtları" proqramını təsdiq edən qətnamə İSESKO-nun təklifi ilə həmin ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ilin axırlarında Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. Bu sənədə müvafiq olaraq islam mədəniyyəti paytaxtı İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin şəhərləri arasından seçilməlidir. Elə həmin vaxt qəbul edilmiş qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk islam mədəniyyəti paytaxtı elan edilmişdi. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər islam mədəniyyəti paytaxtları olmalıdır.

Bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm islam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibəti ilə seçilməlidir. Bundan əlavə, islam mədəniyyəti paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır.

V konfransda iştirak etmiş Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz məruzəsində Bakı şəhərinin "İslam mədəniyyəti paytaxtları" proqramının bütün meyarlarına tamamilə uyğun gəlməsini vurğulamış və 2009-cu ildə Bakının islam mədəniyyəti paytaxtı elan olunmasını təklif etmişdir. Ölkəmizin nümayəndə heyətinin bu təklifi konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənmişdir. Dünya mədəniyyətinin bir sıra görkəmli xadimlərinin, habelə tanınmış siyasətçilərin fikrincə, Bakı bu yüksək və fəxri ada islam mədəniyyəti və elm sahəsində görkəmli xidmətlərinə, islam abidələrinin qayğı ilə qorunmasına və islam irsinin zənginləşdirilməsinə görə layiq görülmüşdür. Beləliklə, Azərbaycanın müstəqillik illərində islam irsinin qorunub saxlanmasına və zənginləşməsinə verdiyi böyük töhfə qeyd edilmişdir.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda səfərdə olarkən demişdir: "Bakının islam mədəniyyəti paytaxtı elan edilməsi islam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmlətmək üsuludur, çünki Bakı islam dünyasında ən qədim şəhərlərdən biridir". O daha sonra bildirmişdir ki, 2009-cu ildə Bakıda müxtəlif simpoziumlar, forumlar keçiriləcək, bu tədbirlər islam mədəniyyətinin təbliğinə töhfə olacaqdır. Nazir Əbülfəs Qarayev bu mövzuya həsr edilmiş brifinqlərin birində demişdir ki, növbəti il ərzində biz müxtəlif tədbirlər keçirəcək, təkcə islam mədəniyyətini deyil, Avropada ən çox inkişaf etmiş incəsənət növlərini nümayiş etdirəcəyik. Teatr festivalları, caz festivalları və başqa tədbirlər nəzərdə tutulur. Azərbaycan mədəniyyətlərarası dialoqun tərəfdarıdır və gələcəkdə bizim bütün fəaliyyətimiz bu istiqamətə yönələcəkdir.

Yəqin ki, İSESKO namizəd seçərkən respublikamızın rəhbərliyinin Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərinin dirçəldilməsinə yönəlmiş siyasətini də nəzərə almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına verdiyi töhfələr, mədəniyyət xadimlərinə göstərdiyi qayğı hamımıza məlumdur.

Son illərdə ölkəmiz mədəniyyət sahəsində mühüm beynəlxalq tədbirlər keçirilməsi təşəbbüsünü irəli sürmüş, dünya mədəni elitasının tanınmış və nüfuzlu nümayəndələrini Azərbaycan torpağında bir yerə toplamışdır.

Başa çatmaqda olan ilin son günlərində ölkəmizin mədəni həyatında ən əlamətdar hadisələri xatırlamaq, Azərbaycanın daha da məşhurlaşmasına, onun dünyada təbliğinə kömək etmiş hadisələri xüsusi qeyd etmək istərdik. Mübaliğəsiz deyə bilərik ki, həqiqətən böyük uğurla keçmiş premyeralar, nüfuzlu festivallar, görkəmli rəssamların əsərlərinin sərgiləri, tanınmış sənət ustalarının beynəlxalq səviyyədə qeyd edilən yubileyləri və bir sıra başqa təşəbbüslər sayəsində indi ölkəmizi dünyada təkcə neft və qaz hasilatçısı, Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayan bir dövlət kimi deyil, həm də qeyri-adi istedad sahiblərinin doğulduğu, inkişaf etdiyi, xalqın mədəniyyətinin və mənəviyyatının ən qədim dövrlərdən qaynaqlandığı və zaman keçdikcə zənginləşərək dünya mədəniyyət xəzinəsində özünün bənzərsiz təbəqəsini formalaşdıran bir dövlət kimi tanıyırlar.

Deyirlər, Yeni ili necə qarşılasan, elə də başa vuracaqsan. Ölkəmizin mədəni həyatı nümunəsində bu sözlərin həqiqiliyini bir daha yəqin etmək olar. Başa çatmaqda olan il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaratdığı, Azərbaycanda və bütün Şərqdə ilk milli opera olmuş "Leyli və Məcnun"un birinci tamaşasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri ilə başlanmışdır. Yeri gəlmişkən, 2008-ci ilin yayında bu tamaşanın yubileyi münasibətilə YUNESKO-nun baş ofisində geniş bir tədbir keçirilmişdir. Ölkəmizin mədəni həyatında növbəti əlamətdar hadisə zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin 90 illiyinə həsr edilmiş konsert oldu. Bu şanlı yubileylə bağlı çoxsaylı tədbirlər arasında yayda Parisin Luvr muzeyinin əzəmətli "Auditorium" konsert salonunda təşkil edilmiş konsert və Q.Qarayevin yubiley ilinin son tədbiri onun "Yeddi gözəl" baletinin yeni quruluşda ilk tamaşası da qeyd edilməlidir. Ümumiyyətlə, 2008-ci il əlamətdar tarixi günlərlə zəngin olmuşdur. Görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi, mübaliğəsiz deyə bilərik ki, bütün dünyada qeyd edildi. Ölkəmizin kinematoqrafçıları milli kinonun 110 illik yubileyini bayram etdilər. Məşhur rəssam Tahir Salahovun, fitri istedadı ilə seçilən söz ustası Anarın, məhəbbət mövzusunda ən gözəl baletin müəllifi Arif Məlikovun, görkəmli teatr rejissoru Mehdi Məmmədovun yubileyləri keçirildi.

İlin möhtəşəm, "ulduzlu" başlanğıcı sonra da davam etdi. 2008-ci ildə ölkəmiz ilk dəfə "Avroviziya" nüfuzlu mahnı müsabiqəsində iştirak etdi, azərbaycanlı ifaçılar Elnur Hüseynov və Samir Cavadzadə finalda uğurla çıxış edərək iştirakçıların ilk onluğuna daxil oldular. Caz musiqisi həvəskarları Azərbaycanın görkəmli cazmeni Vaqif Mustafazadənin ifasından zövq almaq imkanı əldə etmişlər - bu yaxınlarda onun diskləri buraxılmışdır. Böyük sənətkarın qızı Əzizə də tələbkar bakılı tamaşaçılar qarşısında konserti ilə onları hədsiz sevindirmişdir. Azərbaycanın tanınmış bəstəkarı, pianoçu, respublika Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə YUNESKO-nun təsis etdiyi "Dünya artisti" fəxri adına layiq görülmüşdür. Dövlət Film Fondu texnikanın son tələbləri səviyyəsində təchiz olunmuş yeni binaya köçmüş, yeni arxivlərlə zənginləşmişdir. Aprel ayında "Bilik dünyası" jurnalının elektron nəşrlər mərkəzi tərəfindən hazırlanmış "Musiqi lüğəti" internet saytı təqdim edilmişdir. Bu multimedia nəşrinin əsasını azərbaycanlı bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəylinin tərtib etdiyi "İzahlı monoqrafik musiqi lüğəti" təşkil edir.

Bu ilin əlamətdar hadisələrindən biri də Bakı Metropolitenində terror aktı zamanı faciəli şəkildə həlak olmuş xalq artisti, pianoçu, Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan Rafiq Babayevin yaradıcılığına həsr edilmiş musiqi albomunun təqdimatı ilə bağlıdır. Bu layihənin təşəbbüsçüsü ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olmuşdur. Daha sonra "Gülüstan" sarayında fondun digər layihələri - "Üzeyir dünyası" və "Azərbaycan muğam ensiklopediyası" layihələri təqdim edilmişdir. Yeri gəlmişkən, mart ayında İSESKO-da keçirilmiş Azərbaycan mədəniyyəti günləri zamanı bu təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri İSESKO ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlığın yarandığını vurğulamışdır.

Başa çatmaqda olan ildə dünyanın bir sıra dövlətlərində Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Lakin Almaniyada Azərbaycan ili çərçivəsindəki tədbirlər daha geniş olmuşdur. Avropa İttifaqının üzvü olan ən böyük ölkədə bütün il ərzində Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və musiqisi təqdim edilmişdir. Bu ilin mühüm tədbirləri sırasında Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropada və onunla qonşu regionlarda dinc yanaşı yaşamağın əsasıdır" devizi altında nisbətən yaxın vaxtlarda keçirilmiş konfransı da qeyd etməliyik. Bu konfrans may ayında Azərbaycanda keçirilmiş millətlərarası dialoq mövzusunda tədbirin bir növ davamı olmuş və Avropa ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynamışdır.

Təəssüf ki, kədərli məqamlardan da yan keçmək mümkün deyil. 2008-ci ildə maestro Rostropoviçin vəfatının bir illiyi qeyd edildi. Onun adını daşıyan II beynəlxalq festivalın Bakıda keçirilməsi bir qədər təskinlik gətirdi. ÜNS yaradıcılıq səhnəsində isə görkəmli violonçelçalanın həyat və yaradıcılığına, onun Bakıya səfərlərinə həsr edilmiş "Böyük bakılı" kitabının təqdimat mərasimi keçirildi. Tədbir iştirakçıları müəllifi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olan bu kitabı bütövlükdə Azərbaycan mədəniyyətinə böyük töhfə kimi qiymətləndirdilər.

Azərbaycan mədəniyyətinin bu il aramızdan getmiş görkəmli nümayəndələrini də kədər və təəssüflə yad etmək istərdik. 2008-ci ildə Lütfiyar İmanov, İslam Rzayev, İbrahim Zeynalov, Maral Rəhmanzadə, Tükəzban İsmayılova, Ramiz Mustafayev, Hüseyn İbrahimov, Nadir Əbdürrəhmanov kimi sənətkarlar dünyasını dəyişmişdir. Xalqımız milyonların sevimlisi, planetar miqyaslı sənət ulduzu Müslüm Maqomayevi son mənzilə yola salmışdır...

Təbii ki, milli mədəniyyətimizin başa çatmaqda olan ildə qazandığı bütün nailiyyətlər barədə bir materialda söhbət açmaq mümkün deyil. Bu bir ildə çoxsaylı konsertlər və sərgilər təşkil edilmiş, gözəl kitablar yazılmış və çap edilmiş, filmlər çəkilmiş, yeni teatr tamaşaları hazırlanmışdır. Azərbaycan bir sıra beynəlxalq festivallarda və müsabiqələrdə təmsil olunmuşdur. Heç şübhəsiz, bütün bunlar Azərbaycanın dünya mədəni məkanına daha sıx inteqrasiya etməsinə şərait yaratmışdır. Yəqin heç kəs inkar etməz ki, bizim milli musiqimiz və təsviri sənətimiz artıq dünya mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Bu həqiqəti təsdiq edən nümunələr çoxdur. Bu il ölkəmizin mədəni həyatında sonuncu parlaq "akkord"u da qeyd etmək istərdik. Azərbaycanın birinci xanımı Mehriban xanımın təşəbbüsü ilə tikilmiş, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması və dünyada geniş təbliğ edilməsində möhtəşəm layihələr arasında xüsusi yer tutan Beynəlxalq Muğam Mərkəzinin açılışında dövlətimizin başçısı İlham Əliyev də iştirak etmişdir. Buna görə də Bakının islam mədəniyyəti paytaxtı seçilməsi tamamilə qanunauyğundur. Cəmi bir neçə gündən sonra Bakı bu hüquqa sahib olacaqdır və şübhə etmirik ki, yeni 2009-cu ildə Azərbaycan paytaxtı özünün bu statusunu təsdiq edəcək və hətta dünyanın mədəni paytaxtı səviyyəsinə çatmağa cəhd göstərəcəkdir.

 

 

Azərbaycan.-2008.-31 dekabr.-S.9.