Azərbaycanda kosmik elmin inkişafına böyük töhfələr verən alim

 

Şəxsiyyəti, yüksək elmi potensialı, ziyalılığı, yalnız ictimai-təşkilatçılıq fəaliyyəti ilə deyil, həm də gözəl ünsiyyəti, səmimiyyəti ilə seçilən, Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz xidmətləri olan görkəmli alimlərdən biri də Arif Şəfaət oğlu Mehdiyevdir. O, 1934-cü il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Moskva Elektrotexniki Rabitə İnstitutunu bitirərək, radiorabitə və radioyayım mühəndisi ixtisasına yiyələnmiş və Azərbaycan EA-nın Fizika İnstitutuna işləməyə göndərilmişdir.

 

Burada baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmış, sonra bir müddət Moskva və Sankt-Peterburq şəhərlərində Radiotexnika və Elektron Sənayesi nazirliklərinin müəssisələrində işləmişdir. 1973-cü ilin sonunda A.Mehdiyev Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarı ilə yeni yaradılmış "Kaspi" Elm Mərkəzinə elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə "Kaspi"nin bazasında təşkil olunmuş EA-nın Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda (TEKTİ) elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1982-ci ildən isə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin (KTEİB) baş direktorunun birinci müavini vəzifəsində çalışmışdır.

Arif Mehdiyev 1991-ci ilədək KTEİB-in bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinə rəhbərlik etmişdir.

1969-ildə fizika-riyaziyyat elmləri namizədi, 1984-cü ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi, 1987-ci ildə isə professor elmi adı almışdır. 2001-ci ildə Azərbaycan MEA-nın həqiqi üzvi və vitse-prezidenti seçilmiş, 2002-ci ildə Azərbaycan Respublikası Prezıdenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilmişdir.

Akademik aerokosmik məlumat-ölçü sistemləri və komplekslərinin işlənib hazırlanması sahəsində görkəmli alim olmaqla yanaşı, həm də radiotexnika, aerokosmik, informatika sahəsində və mikrosxematikanın aktual problemlərinə həsr olunmuş 240-dan artıq çap olunmuş işin, o cümlədən 45-dən çox ixtiranın müəllifidir.

Görkəmli alim və təşkilatçı kimi tanınan A.Mehdiyevin bioqrafiyasını onun pedaqoji fəaliyyəti daha da zənginləşdirmişdir. O, pedaqoji fəaliyyətə hələ 1965-ci ildə Bakı Rabitə Texnikumunda başlamışdır. Orta ixtisas təhsili verən bu müəssisədə radiotexniki ölçmələr fənnini tədris etmişdir.

1969-1970-ci illərdə A.Mehdiyev Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda çalışmış, sonralar isə (1980-ci ildən) bu institutun Məlumat-ölçü və hesablama texnikası kafedrasının professoru vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir.

Akademik 2002-ci ildən Milli Aviasiya Akademiyasının "Ekologiya və aerokosmik monitorinq" kafedrasının rəhbəridir. Akademiyanın tələbələrinə məsafədən zondlamanın fiziki əsasları ilə bağlı mühazirələr oxuyur.

Onun rəhbərliyi altında 5 elmlər doktoru, 20-dək elmlər namizədi dissertasiya işlərini müdafiə etmişlər. Uzun illər A.Mehdiyev AMAKA-nın nəzdində fəaliyyət göstərən dissertasiyaların müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın sədr müavini və 1992-ci ildən 2003-cü ilə qədər isə sədri olmuşdur.

1996-cı ildə görkəmli alim BMT-nin Asiya və Sakit okean Hövzəsi Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Azərbaycan üzrə koordinatoru təyin edilmişdir. Son illərə qədər Respublika "Radionaviqasiya" Şurasının sədri və MDB ölkələri üzrə "Radionaviqasiya" Şurasında Azərbaycanın nümayəndəsi idi.

1979-cu ildə kosmik tədqiqatlar sahəsində müvəffəqiyyətlə yerinə yetirilmiş işlərin nəticələrinə görə "Şərəf nişanı" ordeni ilə təltıf edilmişdir.

1992-ci ildə A.Mehdiyev Beynəlxalq Mühəndislik Akademiyasına həqiqi üzv, 1996-cı ildə isə Amerika Aeronavtika və Astronavtika İnstitutuna üzv seçilmişdir.

Akademik Azərbaycan Respublikasının əməkdar elm xadimi, elm və texnika sahəsində Dövlət mükafatı laureatıdır. Bu günlərdə, dekabrın 17-də ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə görkəmli alim Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Arif Mehdiyevin elmi fəaliyyətini şərti olaraq üç mərhələyə bölmək olar. İnstitutu bitirdikdən sonra Azərbaycan EA-nın Fizika İnstitutunda çalışdığı dövrdə alimin elmi fəaliyyətində elektron texnikası üçün cihazların işlənilməsi mühüm yer tuturdu. Onun yarımkeçiricilərdə optik və fotoelektrik xassələrinin fundamental tədqiqatları sayəsində aldığı nəticələr yeni yerımkeçirici cihazların işlənilməsinə imkan vermişdir. Belə işlərin əksəriyyətinə müəlliflik şəhadətnaməsi alınmış və həmin işlər praktikada tətbiq olunmuşdur. Bu işlərə geniş diapazonda maqnit sahəsini və temperaturu ölçməyə imkan verən yüksək həssaslığa malik yarımkeçirici cihazı, güclü maqnit sahəsində kiçik qradientləri ölçən yüksək dərəcədə həssas qurğunu, impuls şüalanma selini qeydə almaq üçün yüksək çevikliyə malik fotoqəbuledici qurğunu, yük yığımlı, yüksək həssaslı fotoqəbuledici qurğunu göstərmək olar.

Arif Mehdiyevin elmi fəaliyyətinin ikinci mərhələsi 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresi ilə başlanmışdır. Tədbirdə çıxış edən ulu öndər Heydər Əliyev demişdir: "Kosmik tədqiqatların hər bir nəhəng və kiçik iştirakçısı olan ölkə xeyir əldə edir, elm və texnikanın səviyyəsinin yüksəlməsində, ixtisaslı gənc kadrların artmasında uğurlar qazanır".

A.Mehdiyev "Kaspi" Elm Mərkəzində, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda və SSRİ Baş Kosmos İdarəsinin Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyində çalışdığı dövrdə əsas fəaliyyətini ətraf mühitin kosmik üsullarla tədqiqinin fiziki-texniki problemlərinin həllinə, nəzarət-kalibretmə və nəzarət ölçü aerokosmik komplekslərin yaradılmasına, Qafqaz-Xəzər dənizi regionunun ekoloji vəziyyətinin öyrənilməsinə yönəltmişdir.

A.Mehdiyev kocmik fəzanın tədqiqi üçün peyk cihazlarının, xüsusən RS-17 rentgen spektrometrinin (həmin spektrometr "Salyut-Soyuz" orbital kompleksinin bortunda qoyulmuşdur) və "Pulsar-X-1" rentgen teleskopunun (bu teleskor "Mir" orbital stansiyasında 15 il ərzində uğurla işləmişdir) yaradılmasında fəal iştirak etmişdir.

Onu da qeyd etmək lazımdır ki, 1975-ci ildən A.Mehdiyev Azərbaycanın və keçmiş SSRİ-nin direktiv orqanlarının qərarı ilə yerinə yetirilmiş və müvəffəqiyyətlə tətbiq edilmiş iyirmidən çox hərbi təyinatlı məxfi, ciddi məxfi və dövlət məxfi qrifi daşıyan elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin elmi rəhbəri və fəal iştirakçısı olmuşdur.

A.Mehdiyevin rəhbərliyi altında işlənilmiş sualtı obyektlərin, boruların, müxtəlif kommunikasiya şəbəkəsinin aşkar olunmasına və onlara nəzarət etməyə imkan verən müstəqil hidroakustik informasiya sistemi Serebrovski NQÇİ-də müvəffəqiyyətlə sınaqdan keçirilmiş və 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

Görkəmli alim Azərbaycan Milli Aerokosmik Agentliyinə (AMAKA) rəhbərlik etdiyi dövrdə informatika ilə bağlı elmi fəaliyyətinə başlayaraq və Azərbaycanda yeni elmi istiqamətin - kosmik informatikanın inkişafına öz töhfəsini verir.

1991-ci ildə A.Mehdiyevin təşəbbüsü ilə Aerokosmik İnformatika Elmi-Tədqiqat İnstitutu yaranır və o, həmin institutun ilk direktoru seçilir. Arıf müəllimin rəhbərliyi altında bu institutda yaradılmış proqram-aparat kompleksi aerokosmik məlumatları tematik emal etməyə və nəticələri avtomatlaşdırılmış elektron xəritələri şəklində təqdim etməyə imkan vermişdir. Onun rəhbərliyi altında Azərbaycanda məsafədən zondlama verilənlərin qəbulu, emalı və tematik təhlili başlanmış və bununla da Coğrafi Məlumat Sistemlərinin inkişafına təkan verilmişdir.

Arif Mehdiyev beynəlxalq əlaqələrin genişləndirilməsinə, xarici ölkələrin alim və mütəxəssisləri ilə faydalı elmi əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verirdi. 1977-ci ildə BMT-nin "Kaspi" Elm Mərkəzində Beynəlxalq tədris seminarı keçirməsindən sonra təşkilatın beynəlxalq əlaqələri daha da genişləndi. Seminarın uğurla keçməsi 1980-ci ildə BMT-nin Bakıda "Kaspi" bazasında daha bir seminar təşkil etməsinə səbəb oldu. Bunun da əsas təşkilatçılarından biri A.Mehdiyev idi.

80-ci illərdə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi adlanan təşkilatın keçmiş İttifaq respublikaları və sosialist ölkələrinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri olsa da, təşkilat Azərbaycan EA-nın nəzdindən SSRİ Maşınqayırma Nazirliyinin tabeliyinə keçəndən sonra bu əlaqələr bir müddət zəiflədi. Təşkilatın fəaliyyəti hərbi və dövlət sirri kimi gizli saxlanıldığından, beynəlxalq əməkdaşlıq imkanları məhdudlaşdırıldı. Belə bir şəraitdə elmi istehsalat birliyi bir müddət yalnız SSRİ Hərbi Sənaye Kompleksinin sifarişlərini yerinə yetirirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra birliyin (sonralar AMAKA-nın) beynəlxalq əlaqələri genişləndi. 1992-ci ildə ABŞ-da Dünya Kosmik Konqresi keçirildi və Arif Mehdiyev həmin konqresdə iştirak etdi.

1993-cü ilin iyul ayında Arif müəllim o zaman Nyu-Yorkda yerləşən BMT-nin kosmos üzrə komitəsinin iclasında Azərbaycanı təmsil etdi. İclasda çıxış edən Arif müəllim təklif etdi ki, Bakıda AMAKA-nın bazasında BMT-nin seminarlarının keçirilməsi ilə əlaqədar Azərbaycan BMT-nin Kosmik fəzanın dinc məqsədlərlə istifadəsi üzrə Komitəsinin üzvü seçilsin. Lakin o vaxt Azərbaycanda olan hərcmərclik üzündən BMT-yə rəsmi müraciət olunmadı.

1994-cü ildə BMT Çin Xalq Respublikasında Yerin kosmosdan öyrənilməsi üzrə "Nazirlər konfransı" keçirdi. A.Mehdiyev həmin konfransdakı məruzəsində Azərbaycanda kosmosdan Yerin tədqiqi barədə ətraflı məlumat verdi.

Arif Mehdiyevin təşəbbüsü ilə 1997-ci ildə Bakıda BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi Komissiyası və Avropa Kosmik Agentliyinin maliyyə dəstəyi ilə regional seminar keçirildi. Bu seminarda 11 ölkənin nümayəndəsi iştirak edirdi. Seminar yüksək səviyyədə təşkil edilmişdi. Həmin konfransda təklif olunmuşdu ki, Azərbaycanda AMAKA-nın bazasında Regional Aerokosmik Agentlik yaradılsın.

Arif müəllimin təklifi ilə seminarda kosmik təsvirlər əsasında Azərbaycan ərazisinin torpaqdan istifadə, bitki örtüyü xəritəsinin yaradılması layihələrinin işlənib hazırlanması məqsədəuyğun hesab edildi. Məhz bu təklifin nəticəsi olaraq FAO (BMT-nin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə təşkilatı) 1999-2001-ci illər ərzində yerinə yetirilən "Azərbaycanın bitki örtüyünün aerokosmik üsullarla öyrənilməsi" layihəsini maliyyələşdirdi. İlk dəfə olaraq kosmik məlumatlar əsasında Azərbaycanın müvafiq rəqəmli xəritəsinin yaradılması məsələsi öz həllini tapdı və Azərbaycanın bütün ərazisi üçün LANDSAT-5 TM kosmik təsvirlərindən istifadə olundu. Layihənin yerinə yetirilməsi xüsusi qrupa həvalə edildi. Bu qrup CMS texnologiyasını kosmik təsvirlərin emalı prosesinə tətbiq edərək ölkənin bütün ərazisini xəritələşdirdi və bununla da AMAKA-da "Məsafədən zondlama və CMS texnologiyası" məktəbinin əsasını qoydu. Layihə sona çatandan sonra isə TEKTİ-də müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya təşkil olundu. Həmin laboratoriyada 2001-ci ildə Azərbaycan Respublikası ərazisinin bir çox tematik elektron xəritələri tərtib edilmişdir. Bu, Azərbaycanın torpaq örtüyü, bitkilərin xəritələşdirilməsi baxımından xalq təsərrüfatı üçün mühüm əhəmiyyəti olan bir layihə idi.

A.Mehdiyev Avropa Kosmik Agentliyinin 1996-1998-ci illərdə Sakit okean və Asiya ölkələrində, o cümlədən Malayziya, Tailand, Avstraliya, eləcə də Avstriyada keçirdiyi bir sıra konfransların da iştirakçısı olmuşdur. O, 1999-cu ildə Vyanada keçirilən "YUNİSBEYS-3" konqresində iştirak etmişdir.

Alimin fəaliyyətinə qiymət verərkən, keçən əsrin çətin 90-cı illərində onun Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyini (KTEİB) qoruyub saxlamaq sahəsindəki rolunu xüsusilə qeyd etmək lazımdır. Xatırladaq ki, KTEİB Ümumittifaq təşkilati olub, Moskvadan maliyyələşdirilirdi. SSRİ-nin dağılmasından sonra təcili yeni maliyyələşmə mənbəyi tapmaq lazım idi. Təşkilatın 90-cı illərin əvvəllərində düşdüyü ağır böhran vəziyyətini Arif Mehdiyev belə xatırlayır: "Üç minə yaxın işçinin maaşını 1992-ci ilin yanvar ayından vermək lazım idi, halbuki respublikanın büdcəsində belə xərclər nəzərdə tutulmamışdı. İşçilərin ümidi mənə idi. Mən isə həftələrlə yüksək vəzifəli məmurlara sübut etməyə çalışırdım ki, müstəqil Azərbaycan naminə bu təşkilatı məhv etmək olmaz. Mənə deyirdilər ki, indi bazar iqtisadiyyatıdır, özünüz pul qazanın və işçilərin əməkhaqqını ödəyin. Onu da nəzərə almaq istəmirdilər ki, pul qazanmaq üçün yeni əlaqələr qurulmalıdır, yeni sifarişçi tapılmalıdır. KTEİB-in əsas sifarişçisi isə SSRİ hökuməti idi. Şükür ki, mən işçilərin əməkhaqlarını maliyyələşdirməyə nail oldum. Lakin elmi-tədqiqat işlərinə vəsait ayrılmadı. İndiyədək o dövrü mən böyük həyəcanla xatırlayıram".

Elmi-tədqiqat işlərinə büdcədən vəsait ayrılmaması bir məsələni də həll etməyi məcbur edirdi: hansı elmi istiqaməti seçək ki, həm təşkilatın elmi potensialından tam istifadə edilsin, həm də alınan nəticələr gənc müstəqil ölkəyə lazım olsun. Belə çətin şəraitdə Arif Mehdiyevin məsələnin düzgün həllini tapa bilməsi, təşkilatın elmi potensialından və mütəxəssislərindən maksimum istifadə etməyə imkan verdi. Belə istiqamət Yer səthinin kosmosdan alınan şəkillərinin öyrənilməsi, tədqiqi və onların tematik interpretasiyası üçün yeni üsulların işlənib hazırlanması AMAKA-nın elmi-tədqiqat işlərinin əsasını təşkil edən isitqamət oldu.

1992-ci ildə Kosmik Tədqiqatlar EİB AMAKA-ya çevrildi. Onu da qeyd etmək lazımdır ki, Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin bazasında Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması ideyası və onun həyata keçirilməsi Arif Mehdiyevin xidmətidir.

A.Mehdiyev ilk növbədə, özünə qarşı çox tələbkar, üzərində daim işləyən insandır. Məqsədləri düzgün seçməsində, qiymətləndirməsində və həyata keçirməsində yüksək intellekti, səbirliliyi, dözümlülüyü, geniş düşünmə qabiliyyəti ona həmişə yardımçı olur.

Görkəmli alimin daxili dünyası təkcə onun şəxsi həyatı ilə deyil, həm də ölkəsi və xalqı ilə bağlı hadisələrin təsiri nəticəsində formalaşıb. Arif Mehdiyev öz xalqının tarixinə, mədəniyyətinə, adət və ənənəsinə böyük hörmət və ehtiramla yanaşan bir insandır. Bu, onun yüksək əxlaqi potensialından və mənəvi zənginliyindən xəbər verir.

Arif Mehdiyevin adı Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz xidmətləri olanların siyahısına yazılmışdır.

 

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər

Akademiyasının prezidenti,

akademik

 

Azərbaycan.- 2009.- 19 dekabr.- S. 7.