İnsan hüquqlarına həsr olunmuş yeni dərslik

 

İnsan hüquqları problemi dünya dövlətlərini daim düşündürür. Bu istiqamətdə kifayət qədər beynəlxalq normaların qəbul edilməsi də əsas amildir. İnsan hüquqlarının müdafiəsi ideyasının özü-özlüyündə milli hüququn məhsulu olmasına baxmayaraq, sonradan beynəlxalq səviyyəyə çıxmış və dövlətlərin müvafiq beynəlxalq öhdəlikləri şəklində geniş formada təsbit olunmuşdur. BMT Nizamnaməsinin, 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, 1950-ci il tarixli İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının, 1966-cı il tarixli Beynəlxalq Paktların və digər mühüm beynəlxalq sənədlərin qəbulu bu baxımdan xüsusi qeyd edilə bilər.

 

İnsan hüquqları sahəsində çoxlu sayda sazişlərdə iştirak edən dövlətlər beynəlxalq hüququn mühüm prinsiplərindən olan beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipinə uyğun olaraq onları qətiyyətlə yerinə yetirməli və bu məqsədlə də öhdəliklərin gerçəkləşməsi üçün dövlətdaxili tədbirlər həyata keçirilməlidir. İnsan hüquqlarına hörmət prinsipi bu hüquqları, əsas azadlıqları, demokratiya və qanunun aliliyini özündə ifadə etməklə beynəlxalq xarakterə malikdir. İnsan hüquq və azadlıqlarına hörmət beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsidir. Eyni zamanda, hər bir dövlətin insan hüquqlarına hörmət və əməl etmək öhdəliyi bilavasitə BMT Nizamnaməsində ümumi formada təsbit edilmiş, 1975-ci il Helsinki Yekun Aktı ilə daha da inkişaf etdirilərək beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərindən biri kimi müəyyən edilmiş əsas insan hüquq və azadlıqlarına hörmət etmək prinsipindən irəli gəlir ki, bunlara riayət etmək hər bir üzv dövlət üçün mütləqdir.

İnsan hüquqlarının təminatında dövlətimiz tərəfindən mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyət dövlətimizin insan hüquqları istiqamətində düzgün siyasətini bir daha sübut edir. Belə ki, dövlətimiz insan hüquqları sahəsində 250-dən çox beynəlxalq müqavilənin iştirakçısıdır. Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri, o cümlədən saziş qurumları ilə sıx əməkdaşlıq edir və onlara müvafiq dövri hesabatlar təqdim edir, beynəlxalq sahədə yeni-yeni istiqamətlərdə əməkdaşlıq konsepsiyaları formalaşdırılır. Azərbaycan yeganə dövlətdir ki, ölkə Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli fərmanı ilə hər il iyunun 18-i "İnsan hüquqları günü" kimi qeyd edilir ki, bu da dövlətin özünün beynəlxalq cəmiyyət və əhali qarşısında öhdəliklərinə bir daha qayıtması və ona xüsusi önəm verməsi ilə bərabər, həm də vətəndaş cəmiyyətinin, icmaların, insanların ictimai fəallığına xidmət edir.

Azərbaycanda insan hüquqlarının formalaşması və inkişaf konsepsiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ümummilli liderin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dövlətimizdə insan hüquqlarının təminatlı sisteminin əsası qoyuldu. İlk növbədə, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsası olan Konstitusiyanın qəbul edilməsi bu işdə əməli dönüş yaratdı. İnsan hüquqlarının qorunmasını dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Respublikası Konstitusiyasında beynəlxalq hüquq normalarının üstünlüyünü qəbul edən kifayət qədər müddəalar var. Ulu öndər tərəfindən imzalanmış bir sıra sənədlər insan hüquqlarının təminatında əvəzsiz rol oynamışdır. Bunlardan "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli fərman, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il tarixli sərəncam xüsusi əhəmiyyət kəsb etmiş və insan hüquqları üzrə qanunvericiliyin, institutlaşmanın, bu sahə üçün ixtisaslaşmış kadrların hazırlanmasında köklü islahatların özülünü qoymuşdur.

Bu siyasəti keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2006-cı il tarixdə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır. Milli Fəaliyyət Planı son dövrlərdə bu sahədə əldə olunan ən böyük nailiyyətlərdən biri olaraq ölkəmizdə insan hüquqlarının müdafiəsinin yeni mərhələsini özündə ehtiva edir. 5 hissə və 48 bənddən ibarət olan Milli Fəaliyyət Planı qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından daha da yenidən qurulması, insan hüquqları sahəsində tədris, elmi-analitik və əməkdaşlıq kimi məsələlərin həlli istiqamətində mühüm tədbirləri özündə birləşdirir. Milli Fəaliyyət Planında əsas istiqamətlərdən biri də insan hüquqları sahəsində maarifləndirmə işlərinin aparılması və bu sahədə ixtisaslaşmış kitabların nəşr edilməsidir.

Bu cəhətdən hüquq elmləri doktoru, professor Əmir Əliyev tərəfindən yazılmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə dərslik kimi müəyyən edilmiş "İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi" adlı kitab xüsusilə diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları ilə başlayan dərslik sırf dövlətçilik ruhunda yazılmış və dövlətimizin insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılmasında mühüm yer tutur. Dərslik 10 fəsildən ibarət olmaqla bir neçə istiqamətdə qruplaşdırıla bilər.

Birinci istiqamət insan hüquqlarının mahiyyəti və əsas xüsusiyyətlərini əhatə edir və 1-3 fəsilləri birləşdirir. Burada insan hüquqları faktoru beynəlxalq hüquqa yeni yanaşma meyarı kimi, insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin normativ məzmunu, bu hüquqların mahiyyəti, əsas xüsusiyyətləri və inkişaf tendensiyaları, insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin anlayışı və əsas xüsusiyyətləri, qloballaşma, qlobal problemlər və insan hüquqları, onun beynəlxalq-hüquqi müdafiəsinin mənbələri, prinsipləri, bu istiqamətdə milli hüququn rolu və digər məsələlər diqqətlə araşdırılır. Xüsusən Azərbaycanda insan hüquqlarının formalaşması və inkişaf tarixinin, o cümlədən insan hüquqları və din amilinin diqqətlə təhlil edilməsi müasir Azərbaycan cəmiyyəti üçün diqqətəlayiqdir. Nəhayət, Ermənistanın Azərbaycan Respublikasına təcavüzü beynəlxalq hüququn və insan hüquqlarının ümumtanınmış prinsip və normalarının hazırda da davam edən kobud pozuntusu kimi əsaslı və konkret faktlarla, o cümlədən mühüm beynəlxalq sənədlərlə müəyyən edilmişdir.

İkinci istiqamət insan hüquqlarının məzmununa və əhalinin ayrı-ayrı qruplarının hüquq və azadlıqlarının təhlilinə həsr edilmişdir və dərsliyin 4-6-cı fəsillərini əhatə edir. Bu zaman insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin beynəlxalq hüququn digər sahələri ilə qarşılıqlı əlaqəsi, ayrı-ayrı insan hüquqlarının ümumi səciyyəsi və onların təminatı məsələləri, qadınların, uşaqların, milli azlıqların hüquqlarının müdafiəsi, nəhayət, işgəncələrin qadağan edilməsi, köləlik və insan alveri ilə mübarizə, azadlıqdan məhrumetmə yerlərində bu hüquqların müdafiəsi məsələləri təhlil edilir.

Üçüncü istiqamət insan hüquqlarının müdafiəsi mexanizmlərinə həsr edilmişdir və 7-9-cu fəsilləri əhatə edir. Burada insan hüquqları sahəsində beynəlxalq nəzarət sisteminin mahiyyəti və əsas xüsusiyyətləri, insan hüquqları sahəsində BMT-nin və onun əsas fəaliyyət istiqamətləri, insan hüquqları sahəsində komitələr, BMT-nin ixtisaslaşmış təsisatları və beynəlxalq qeyri-hökumət təşkilatları çərçivəsində müdafiəsi məsələləri, insan hüquqlarının müdafiəsində Avropa Şurasının əsas fəaliyyət istiqamətləri, İnsan hüquqları üzrə Avropa Məhkəməsi, ATƏT, Avropa İttifaqı, MDB çərçivəsində görülən işlər geniş təhlil edilir. Eyni zamanda, dünyanın bütün regionlarının insan hüquqlarının müdafiəsi mexanizmləri nəzərdən keçirilir. Belə ki, burada insan hüquqlarının müdafiəsinin Amerika sistemi, Afrika regionunda insan hüquqlarının müdafiəsi və insan hüquqlarının müdafiəsinin Asiya sistemi araşdırılır.

İkinci mühüm faktor milli mexanizmlərdir ki, burada da əsas rol məhkəmələrə aiddir. Eyni zamanda, insan hüquqlarının müdafiəsində digər dövlət orqanlarının (daxili işlər, prokurorluq, ədliyyə və s.) rolu və əsas fəaliyyət istiqamətlərinin də təhlil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün insan hüquqları sahəsində institutlaşmanın təkmilləşməsi prosesində yeni qurumların yaranması ilə yanaşı, demək olar ki, bütün dövlət qurumlarının strukturunda və ya nəzdində xüsusi idarələr, şöbələr və s. fəaliyyət göstərir. Xüsusi diqqətçəkən məqam isə Ombudsman institutunun insan hüquq və azadlıqlarının milli müdafiə mexanizmi kimi ciddi araşdırılmasıdır.

Dördüncü qrup məsələlərin əhali problemlərinə (dərsliyin sonuncu 10-cu fəsli) həsr edilməsi dərsliyin tamlığını təmin edir. Belə ki, burada vətəndaşlıq məsələlərinin beynəlxalq-dövlətdaxili-hüquqi tənzimlənməsinin mahiyyəti, əsas xüsusiyyətləri və mənbələri, ikili və çoxqat vətəndaşlıq, vətəndaşlığı olmayan şəxslər, sığınacaq axtaranlar, əcnəbilərin, qaçqınların, əməkçi-miqrantların, turistlərin hüquqi statusu məsələləri diqqətlə təhlil edilmiş, diplomatik müdafiə və sığınacaq hüququ institutu araşdırılmışdır.

Əsas məqamlardan biri də adıçəkilən kitabda geniş məlumat üçün müxtəlif dillərdə ədəbiyyat siyahısının göstərilməsidir. Əsərin digər əhəmiyyəti isə kitabda son dövr beynəlxalq normalara və Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş dövlətdaxili-hüquqi sənədlərə geniş müraciət edilməsidir ki, bu da mühüm yenilik kimi qiymətləndirilməlidir.

Müəllifin tərcümeyi-halı da göstərir ki, o, uzun müddətdir insan hüquqları problemi ilə məşğul olmuş və bütün tədqiqat əsərləri bilavasitə bu istiqamətlərə həsr edilmişdir.

Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev tərəfindən yazılmış, Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə dərslik kimi müəyyən edilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Fondunun maliyyə vəsaiti hesabına 1500 tirajla çap edilmiş "İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi" adlı kitab 10 dekabr insan hüquqları gününə, Avropa Şurasının 60 illiyinə, Bakı Dövlət Universitetinin 90 illiyinə, o cümlədən Azərbaycan Respublikasının bu sahədə atdığı genişmiqyaslı tədbirlərə çox böyük töhfədir və Azərbaycan cəmiyyətinin insan hüquqları sahəsində maarifləndirilməsində mühüm rol oynayacaqdır.

Bu günlərdə Ombudsman Aparatında dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə "İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbir çərçivəsində həmçinin "İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi" adlı dərsliyin təqdimat mərasimi də olmuşdur.

 

 

Elmira SÜLEYMANOVA,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə

müvəkkili (Ombudsman),

professor

 

Azərbaycan.- 2009.- 24 dekabr.- S. 11