"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 902-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Rəsmi statistika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi qaydasını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. öz səlahiyyətləri daxilində "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Rəsmi statistika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

                                                               

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 27 dekabr.- S. 1.