Ömrün musiqi naxışları

 

Azərbaycan qadınları arasında ilk dəfə bəstəkar kimi fəaliyyət göstərərək milli musiqimizin inkişafında xüsusi xidmətlərilə seçilən Ağabacı Rzayevadan sonra bu sahədə çox tanınmış sənətkar xanımlar olub. Maraqlıdır ki, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın bu şücaəti musiqi aləmində əsl hadisəyə çevrildi. Dünyada opera yazan ilk qadın bəstəkarın Azərbaycanda yetişməsi həqiqətən də böyük fəxarətdir. Sonrakı illərdə Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Elmira Nəzirova, Elza İbrahimova və başqaları müasir düşüncə tərzi və milli köklərə bağlı musiqi əsərləri yaratdılar. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərinin qadın olması da yaradıcı xanımların məsuliyyətindən, bu sahəyə verdikləri yeni töhfələrdən, sənət əsərlərinin miqyasından, keyfiyyətindən, bəşər mədəniyyətinin tərkib hissəsinə çevrilməsindən xəbər verir. Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri Firəngiz Əlizadənin bir-birindən maraqlı və məzmunlu əsərləri bu gün də dünya musiqisevərlərini heyrətdə saxlamaqdadır.

 

Fərəhli haldır ki, bu yaxınlarda Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyi tənətənə ilə qeyd edildi. Bu münasibətlə Bakıda beynəlxalq musiqi festivalı keçirildi. Festivalda Azərbaycan bəstəkarlarının kamera, instrumental xalq çalğı alətləri üçün yazılan əsərlərindən tutmuş, xor musiqisi, mahnı janrına qədər bu sahəni tam əhatə edən zəngin bir proqram musiqisevərlərin ixtiyarına verildi. Bu adi festival yox, mütəxəssislərin söylədiyi kimi qurultay səviyyəsində keçirilən möhtəşəm bir tədbir idi. Festivalda Azərbaycan bəstəkarları arasında özünə layiq yer tutmuş xalq artisti, bəstəkar Sevda İbrahimovanın da əsərləri səsləndi.

Sevda İbrahimovanı nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. Əsərləri ABŞ, Fransa, Almaniya, İsveçrə, Bolqarıstan və başqa ölkələrdə uğurla ifa olunub. Amerikalı dirijor Rikkardo Averbax Azərbaycanın xalq artisti, skripkaçı Zəhra Quliyeva ilə birlikdə Sevda İbrahimovanın simli orkestr və skripka üçün yazdığı "Həyat bir pəncərədir" əsərini Azərbaycanda, Amerika və Bolqarıstanda böyük uğurla və dəfələrlə ifa ediblər. Orqan, soprano və bariton üçün "Poema ithaf" Kölndə, fortepiano və simli orkestr üçün "Konsertino" Parisdə, fortepiano üçün yazılan "Əhvalruhiyyələr" Amerikada, Fransada, İsveçdə səslənib.

İnsanın yaradıcı kimi mükəmməl püxtələşməsində bir sıra şərtlərin olması vacibdir. Ən başlıcası böyüdüyün mühit, tərbiyə aldığın valideynlər, əhatəsində olduğun insanlar çox önəmlidir. Bu mənada Sevda İbrahimovada musiqiyə maraq çox kiçik yaşlarında yaranıb. Ulu babası Aşıq Valeh, babası məşhur tarzən Qurban Pirimov, atası, xalq yazıçısı Mirzə İbrahimov, anası Sara xanım Azərbaycan mədəniyyətinə, musiqisinə böyük töhfələr verərək adlarını tarixə qızıl hərflərlə həkk etdirmiş unudulmaz insanlardır. Bəstəkarın anası Sara Pirimova Azərbaycan pianoçuları arasında ilk ali təhsil alan qadınlarımızdan biridir. O, Azərbaycanın ilk fortepianoçu qadın musiqiçisi sayılır. Atası Mirzə İbrahimov özü böyük yazıçı olmaqla bərabər dövrünün çox görkəmli mədəniyyət xadimləri ilə yaxından dostluq edərdi. Xüsusilə Üzeyir Hacıbəyli ilə daha sıx əlaqələri var idi. Bu fakt da məlumdur ki, Üzeyir bəy ömrünün son dəqiqələrində məhz Mirzə İbrahimovla görüşməyi arzulamışdır. Belə bir mühitdə böyüyən Sevda İbrahimovanın musiqiyə meyli təbii idi. O, əvvəlcə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini (professor M.R.Prennerin sinfini), iki il sonra isə bəstəkarlıq fakültəsini (professor Qara Qarayevin sinfini) bitirib.

O günləri kövrəlmiş ovqatla xatırlayan Sevda xanım söyləyir: "Qara müəllimin sinfində oxumağın özü böyük xoşbəxtlik idi. Onunla ünsiyyətdə olmaq, onun məsləhətlərini dinləməyin özü başqa bir aləm idi. Qara müəllim böyük sənətkar, alim, istedadlı bəstəkar olmaqla bərabər, qeyri-adi pedaqoq idi. O, həm öz tələbələrinə, həm də gördüyü işə böyük məsuliyyət və tələbkarlıqla yanaşırdı. Hər birimizə elə bir keyfiyyət aşılamağa çalışırdı ki, biz daim yaradıcılıq axtarışları ilə məşğul olmağa böyük həvəs göstərək. Hər tələbənin özünəməxsus keyfiyyətlərini üzə çıxarmaq məsələsinə, bəzən də bunun yaranmasına belə, diqqət yetirərdi. Qara müəllimin hər dərsi bizim üçün həm imtahan, həm də bayram idi. Əgər yazdığımız əsər Qara Qarayev tərəfindən bəyənilirdisə, uçmağa qanadımız olmazdı. Onun pedaqogikasında qəribə bir incə münasibət, əsl atalıq qayğısı duyulardı".

Bəlkə də elə buna görədir ki, Qara Qarayevin sinfini bitirənlərin əksəriyyəti böyük bəstəkarlar oldular. Onun sinfində oxumaq üçün nəinki keçmiş SSRİ respublikalarından, hətta dünyanın bir çox ölkələrindən gələrdilər. Qara Qarayevin sinfinə düşmək üçün mütləq istedadın olmalı idi. Bu gün də nəsillərə nümunə olacaq, yaradıcılığı ilə seçilən, tanınmış bəstəkarlarımız var ki, onlar məhz Qara Qarayevdən dərs alıblar: Arif Məlikov, Tofiq Bakıxanov, Polad Bülbüloğlu, Firəngiz Əlizadə, Elnarə Dadaşova və bu sırada ləyaqətlə dayanan Sevda İbrahimova. Hələ tələbəlik illərində Qara Qarayev Sevda xanımın bəstəkarlıq sahəsindəki duyumunu yüksək qiymətləndirərək deyirdi: "Sevdada bəstəkar üçün zəruri olan başlıca keyfiyyətlər var: incə zövq, musiqinin təsiredici gücünə inam. O, çox və səmərəli işləyir. Mən onun istedadına möhkəm inam bəsləyirəm". Musiqi nəzəriyyəçiləri yazırlar ki, Qara Qarayev nə qədər böyük ürəkli, humanist təbiətli, qayğıkeş olsa da, hər musiqiçi haqqında belə səmimi rəy söyləməzdi. Müəlliminin etimadını qazanan Sevda İbrahimova öz səmərəli yaradıcılığı ilə də bu inamı doğrultdu. 1968-ci ildən Konservatoriyada (indiki Musiqi Akademiyasında) müəllim kimi əmək fəaliyyətinə başlayan Sevda İbrahimova indi həmin təhsil ocağının nüfuzlu professorlarından biridir. Görkəmli sənətkar kontataların, iki kvartet, fortepiano və orkestr üçün dörd konsert, fortepiano və orkestr üçün konsertino, fantaziya, orqan və orkestr, skripka və orkestr üçün musiqi, fortepiano üçün silsilə pyeslər, romanslar, elegiyalar, balladalar, vokal əsərlərin və mahnıların müəllifidir. O, həm də iri musiqi əsərləri yazmaq hünərini də nümayiş etdirən istedad sahibidir. Tələt Əyyubovun librettosuna əsasən bəstələdiyi "Həqiqət üzüyü" adlı ilk operasını 1970-ci ildə başa çatdırıb. Sevda İbrahimovanın "Nənəmin nəğməli nağılları" operasının premyerası Səmərqənddə keçirildi. Uşaqlar üçün yazdığı bu operanın da libretto mətni şair Hikmət Ziyaya məxsusdur.

Məhsuldar işləyən bəstəkarın son dövrdə yazdığı əsərlər içərisində tar və simfonik orkestr üçün "Qarabağnamə", fortepiano üçün "Məhəbbət işığı" silsiləsi, fortepiano və orkestr üçün dörd saylı konsert əsərləri var. Vaxtilə xalq artisti, bəstəkar Tofiq Quliyev öz həmkarı haqqında yazırdı: "Sevda İbrahimova narahat müəllifdir. O, yaradıcılığında daim yeni yollar arayır. Bədii fikrin həllinə həmişə fərdi yanaşır və əksər hallarda müəllif fikrinin inamlı təsdiqinə müvəffəq olur. Əgər istedadlı bəstəkarın yaradıcılığına bütövlükdə nəzər salsaq, ondakı başlıca keyfiyyəti səmimilikdə və musiqiyə fanatikcəsinə vurğunluqda görərik".

Sevda xanım hər bir yeni əsəri ilə dəfələrlə təsdiq etdi ki, o, necə ləyaqətli bir sənətkar nəslinin nümayəndəsi və Qara Qarayev kimi müqtədir bəstəkarın həqiqətən inandığı ən istedadlı tələbəsidir. Bu bəstəkarın yaradıcılığından söhbət açarkən onun həyatının ən unudulmaz və parlaq səhifələrindən biri də babası Qurban Pirimovla bağlıdır. Böyük məhəbbət və ehtiramla görkəmli tarzənə həsr etdiyi bir neçə əsəri musiqi fondumuza daxil edilib. "Xatirə" poeması, "Qurbansız qalan tarım", tar, kamera orkestri və səs üçün nəzərdə tutulan "Oda" son dərəcə mükəmməl əsərləridir. Burada ilk diqqət çəkən məqam isə hər üç əsərdə tardan istifadə edilməsidir. Bəstəkarın bir əsəri də tar və kamera orkestri üçün nəzərdə tutulan "Sənin üçün darıxıram, Şuşam" adlanır. Bu əsərə hər dəfə qulaq asdıqca riqqətə gəlirsən. Müəllifin bir insan kimi keçirdiyi bütün hisslər, duyğular musiqinin dili ilə çox qabarıq ifadə edilir. Ümumiyyətlə, Sevda İbrahimovanın vətənpərvərlik ruhunda bəstələdiyi əsərlər çox təsiredicidir. Bu musiqilərin ahəngindəki dərin kədərlə xiffət və mübarizlik hissləri qovuşaraq insanı düşünməyə vadar edir. Mütəxəssislərin dediyi kimi, Sevda xanımın təmkinli təbiəti ilə emosional hissləri çox incəliklə birləşərək onun musiqisində də öz parlaq əksini tapır. Bəlkə də elə buna görədir ki, bəstəkarın əsərlərindəki lirizm başqa bəstələrdən seçilir. Onun əsərlərinin adlarını yazsaq, uzun bir siyahı yaranar. 20 Yanvar şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi "Vətən şəhidlərinə", "Qəmqinliklər", "Vətən düşüncələri" adlı əsərləri təsiredici gücünə və lirik məqamlarına görə fərqlənir. Bu əsərlərdə musiqinin yardımı ilə Vətən sevgisi dil açıb danışır. Musiqi o qədər bitkin və məzmunlu işlənib ki, adamın gözləri qarşısında işğal olunmuş torpaqlarımızın ağrı-acısı canlanır. Yurd yerlərimizlə bağlı Sevda xanımın musiqiləri öz dərinliyi ilə seçilir. Bu mənada babası tarzən Qurban Pirimova həsr etdiyi "Qurbansız qalan tarım" əsəri tar və simli orkestr üçün yazılmış elegiya-xatirə janrının ən uğurlu nümunələrindən biridir. Sevda İbrahimovanın əsərləri bu gün dünyanı dolaşır. Onun musiqisinə beynəlxalq aləmdə maraq var. Bir sıra müsabiqələrin, festivalların qalibi olan, müxtəlif plenum və qurultaylarda, mədəniyyət günlərində iştirak edən Sevda İbrahimova 2001-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin qadını" adına layiq görülmüşdür. Mükəmməl yaradıcılıq yolu, özünəməxsus məziyyətləri, musiqisinin aydınlığı, sadəliyi ilə seçilən Sevda İbrahimova 1966-cı ildən Bəstəkarlar İttifaqının üzvüdür. Vaxtilə dərs aldığı ali məktəbin sayılıb-seçilən pedaqoqlarındandır. Əməkdar incəsənət xadimi Sevda İbrahimova musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə xalq artisti fəxri adına layiq görülüb. Təbiət etibarilə işıqlı insan, səmimi və sədaqətli dost, həssas qəlbə malik Sevda İbrahimova sadəcə bəstəkar deyil, o həm də ən qabil ifaçıdır. Biz dəfələrlə onun fortepianoda xüsusi şövq və məharətli ifasının şahidi olmuşuq. Sevda xanım yaradıcılıqda böyük hadisə sayılan ifaçılıqla bəstəkarlığın vəhdətini məharətlə nümayiş etdirən sənətkardır. Özündən bu barədə soruşanda belə söyləyir: "Mən müəyyən səbəblərə görə fəaliyyətimin istiqamətini əsasən pedaqoji və yaradıcılıq sahəsinə yönəltmişəm. Amma elə əsərlərim var ki, onlar mənim mənəvi ehtiyacımdan, həsrətimdən, niskillərimdən doğulub. Bu səbəbdən də onları özüm ifa edəndə sanıram ki, içimdəki yanğı daha dolğun əks olunur". Xüsusilə də, vətənpərvərlik mövzusundakı, eləcə də Qurban Pirimova ünvanladığı əsərləri Sevda xanım fortepianoda çox qeyri-adi və ürəkdən ifa edir.

Yüzdən artıq mahnı və romansın müəllifi olan Sevda İbrahimova Aşıq Ələsgərə, Nigar Rəfibəyliyə, Hökumə Billuriyə, Mirvarid Dilbaziyə, Nəriman Həsənzadəyə, eləcə də atası Mirzə İbrahimovun yaradıcılığına müntəzəm müraciət edir. Onun mahnılarını respublikanın görkəmli müğənniləri - Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Xuraman Qasımova, Elmira Rəhimova, Flora Kərimova, Əli Haqverdiyev, Akif İslamzadə, Rauf Adıgözəlov və başqaları ifa ediblər. Bu gün tanınmış bəstəkarın mahnıları bir çox gənc müğənnilərin də repertuarını bəzəyir. Sevda İbrahimovanın elə zəngin yaradıcılıq yolu var ki, dəryaya bənzəyir. Hansı yöndən yanaşsan, bitib-tükənmir. Bəzən də bilmirsən ki, bu böyük sənətin hansı tərəfindən danışasan. Bir sıra teatr tamaşalarına, kinofilmlərə da musiqi bəstələyən Sevda xanım həm də fortepiano fakültəsinin tələbələri üçün dərs vəsaitləri yazıb. Bir sıra qurultay və konfranslarda dəyərli çıxışlar edib. Ən maraqlı, yaddaqalan günlərdən biri də Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar keçirilən beynəlxalq musiqi festivalının təntənəli açılış konsertində Sevda İbrahimovanın fortepiano və simfonik orkestr üçün dördüncü konsertinin səslənməsi oldu. Əməkdar artist Murad Adıgözəlzadə və Dövlət Simfonik Orkestrinin (dirijor Əyyub Quliyev) böyük məharətlə səsləndirdikləri bu əsər dərin, təsirli, lirik ovqatı ilə qəlblərə iz saldı.

Sevda xanımı yaxından tanıyanlar bilirlər ki, o, çox vətənpərvər, həssas və mehriban bir xanımdır. Bütün varlığında Qurban Pirimovdan gələn musiqi istedadı, anası Sara xanımdan keçən özünəməxsusluq, gözəllik, Mirzə İbrahimovdan yadigar qalan qeyri-adi nəzakət və nəhayət, Qara Qarayev təsiri yaşamaqdadır. Bu günlərdə ad günü olan hörmətli bəstəkarımızı ürəkdən təbrik edir, ona həsrətini çəkdiyi Şuşada tezliklə öz əsərlərini sevinclə, coşqunluqla, qalib hisslərlə ifa etməsini arzulayırıq.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 27 dekabr.- S. 11.