Milli Təhlükəsizlik Nazirliyinin alpinistləri dövlətimizin başçısının doğum günü münasibətilə "İlham Zirvəsi"nə yürüş etmişlər

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup əməkdaşı bu il dekabrın 21-24-də Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə Böyük Qafqaz silsiləsinin Şahdağ massivində yerləşən və hündürlüyü 4042 metr olan "İlham Zirvəsi"nə alpinist yürüşü etmişdir.

Alpinist qrupu dekabrın 24-də saat 13:00-da dövlətimizin başçısının adını daşıyan zirvəyə çatmışdır.

Tədbir iştirakçıları zirvəyə Quba rayonunun Xınalıq kəndindən istiqamət götürmüşlər. MTN-nin alpinist qrupu "İlham Zirvəsi"nə Azərbaycanın dövlət bayrağını sancmışdır. Kəskin hava şəraitində baş tutan yürüşdə nazirliyin əməkdaşları ilə yanaşı, "Dağ" idman klubunun alpinistləri də iştirak etmişlər.

Artiq ənənə halını almış belə tədbirlərin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli maraqlar naminə yürütdüyü müdrik daxili və xarici siyasət xəttinə, Azərbaycanı zirvələrə və zəfərlərə aparan müstəqillik, dövlətçilik kursuna sadiqlik və dəstək nümayiş etdirməkdir. Belə tədbirlər, eyni zamanda, ölkədə gənclərə, idmana, onun ekstremal növlərinə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.

Aksiya Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, "Dağ" idman klubunun dəstəyi ilə həyata keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  26 dekabr- S.  7.