7. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları

 

 "Azərbaycanın bütün regionlarında inkişaf vardır. Bütün regionlarda quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən bütün işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişaf dinamikasını biz yaxşı bilirik".

 

İlham ƏLİYEV

 

Ümumi daxili məhsulun artım tempinə görə yenə də postsovet məkanında liderliyini qoruyan Azərbaycanın bu sahədə uğurlarını şərtləndirən əsas amillərdən biri də iqtisadi inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, istehsal sahələrinin demək olar ki, ölkənin bütün regionlarını əhatə etməsidir. Məhz belə bir iqtisadi siyasət regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəyə gətirib çıxarıb ki, bu da öz növbəsində iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində kifayət qədər böyük uğurlar əldə olunması ilə nəticələnib. Bütün bunlar bir daha ölkə hakimiyyəti tərəfindən iqtisadi sahədə həyata keçirilən siyasətin nə qədər dəqiq və ətraflı düşünüldüyünün, eyni zamanda, uğurla reallaşdırıldığının əyani göstəricisi hesab oluna bilər.

 

Ölkə iqtisadiyyatında regionların xüsusi çəkisini artıran ilk proqram

 

Regionların inkişafından danışarkən, əlbəttə ki, bu xüsusda Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və onun davamı olaraq dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ayrıca qeyd olunmalıdır. Danılmaz həqiqətdir ki, məhz bu proqramlar regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi təkan vermişdir. Bu gün regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə edilməsi ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunmasında, məşğulluğun səviyyəsinin yüksəlməsində qeyd olunan proqramların icrası müstəsna rol oynayıb və oynamaqdadır.

2004-2008-ci illər ərzində reallaşan regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramının icrası və nəticələrinin təhlili göstərir ki, son beş ildə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlməyə başlayıb. Həmçinin, yerlərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində isə əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunub.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramına əsasən, həyata keçirilməli tədbirlər üç səviyyədə müəyyən olunub: birincisi, makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi tədbirləri; ikincisi, iqtisadi rayonlar səviyyəsində həyata keçiriləcək tədbirlər; üçüncüsü, hər bir rayonun spesifik xüsusiyyətlərinə uyğun müəyyən edilmiş tədbirlər. Bu tədbirlər Dövlət Proqramının kifayət qədər əsaslandırılaraq tərtib olunduğunu və regionların inkişaf dinamikasını özündə tam əks etdirdiyini bir daha bariz şəkildə göstərir.

O da xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən proqramın icra olunduğu müddət ərzində regionlara investisya yatırımına daim xüsusi diqqət yetirilib və Azərbaycan dövləti son beş il ərzində bölgələrə çox böyük miqdarda sərmayə qoyub. Statistik rəqəmlərə diqqət yetirməklə də bunun əyani sübutunu görmək mümkündür. Belə ki, dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil edib. Bu isə ümumi investisiyaların 83 faizinə bərabər olub. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafi ilə bağlı birinci Dövlət Proqramının icra dövrü ərzində Azərbaycanın müxtəlif bölgələrinə 6,8 milyard manat həcmində dövlət investisiyaları qoyulub.

Eləcə də Dövlət Proqramının icrası ilə bağlı regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində kredit cəlb edilib. Həmçinin, özəl sektorun inkişafı üçün böyük həcmdə və əsas etibarilə güzəştli şərtlərlə kreditlər ayrılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrik yağları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində isə hesabat dövrü ərzində məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artıb. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari ilin ilk rübünə regionlarda 1000 kilometrdən çox magistral yollar çəkilib və ya əsaslı təmir edilib, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb, 69 yeni körpü tikilib, 34 körpü təmir edilib.

Sözügedən proqramın icra olunduğu müddət ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilib, Lənkəranda yeni dəniz limanının tikintisi sahəsində isə işlərin xeyli hissəsi başa çatdırılıb. Bundan başqa, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyası ölkə vətəndaşlarının enerji təminatının yaxşılaşdırılmasında müstəsna rol oynayıb.

Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında belə stansiyaların tikintisi davam etdirilir. Naxçıvan Muxtar Respublikası uzun fasilədən sonra, Lerik və Yardımlı rayonları, Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə təbii qazla təmin edilib. Ümumilikdə proqramın icra olunduğu dövrdə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilərək ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılıb. Bundan başqa, regionlarda rabitə infrastrukturunun, su və kanalizasiya sistemlərinin, istilik təchizatının yaxşılaşdırılması məqsədilə 632 avtomat telefon stansiyası, 610 yeni poçt binası, 75 qazanxana tikilib istifadəyə verilib, 72 qazanxana əsaslı təmir olunub, 720 kilometr yeni su, 210 kilometr kanalizasiya xətləri çəkilib, 23 su anbarı tikilib, 214 artezian quyusu qazılıb. Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi üçün regionlarda həyata keçirilən ən mühüm layihələrə misal olaraq Oğuz-Qəbələ-Bakı su kəmərinin, "Taxtakörpü" su anbarının tikintisini qeyd etmək olar.

Ümumilikdə isə qeyd olunan Dövlət Proqramında müxtəlif sahələri əhatə edən 714 tədbir nəzərdə tutulub ki, bunun da 46-sı makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi, 668-i isə 9 iqtisadi rayon və inzibati rayonlar üzrə tədbirlər olub. İqtisadi və inzibati rayonlar üzrə tədbirlərin 159-u Aran, 98-i Şəki-Zaqatala, 90-ı Gəncə-Qazax, 82-si Lənkəran, 81-i Quba-Xaçmaz, 57-si Naxçıvan, 42-si Dağlıq Şirvan, 36-sı Abşeron və 23-ü Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.

 

Bölgələrdə açılan yeni iş yerləri

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramının ən mühüm nəticələrindən biri də bölgələrdə çoxlu sayda yeni iş yerlərinin açılmasına gətirib çıxarması olub. Aparılan araşdırmalar göstərir ki, ümumiyyətlə, 2003-2008-ci illər ərzində Azərbaycanda bütün regionları əhatə etməklə 27 min 500 yeni müəssisə və 766 mindən çox yeni iş yeri açılıb. Bu müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi məhz regionların payına düşüb, açılan 766 min yeni iş yerinin 547 mini daimi olub.

Qeyd edilən dövr ərzində regionlarda təhsil müəssisələrinin inkişafı da diqqət mərkəzində olub və bu işdə Heydər Əliyev Fondu da özünəməxsus rol oynayıb. Belə ki, hesabat dövrü ərzində Heydər Əliyev Fondunun dəstəyi və digər mənbələr hesabına 1300-ü regionlarda olmaqla, 1600 məktəb binası inşa edilib. Bundan başqa, regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi və idmanın inkişafı məqsədilə sözügedən müddətdə 16 yeni xəstəxana, 42 ambulatoriya-poliklinika, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi, 19 feldşer məntəqəsi, 18 olimpiya idman kompleksi tikilib istifadəyə verilib, digərlərinin tikintisi davam etdirilib.

Proqramın icrası dövründə ən sevindirici hallardan biri də qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan çadır şəhərciklərinin birdəfəlik ləğvi prosesinin başa çatdırılmasıdır. Belə ki, 2007-ci ilin dekabr ayında sonuncu çadır şəhərciyi, ümumiyyətlə isə 12 çadır şəhərciyi ləğv edilib. Bütün bunlar Dövlət Proqramının icrasından qaçqın və məcburi köçkünlərin də maksimal dərəcədə faydalandığını göstərir. Təkcə bir faktı qeyd edək ki, daim dövlət qayğısının göstərildiyi qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün qeyd olunan proqramın icrası zamanı Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənməklə 54 yeni qəsəbə salınıb, 15 mindən çox ev tikilib. Bundan başqa, əlillər və şəhid ailələri üçün 33 yaşayış binası və əlillər üçün 7 bərpa mərkəzi tikilib istifadəyə verilib.

Bütün bunlar bir daha 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafina dair Dövlət Proqramının Azərbaycan bölgələrinin inkişafında, onların mənzərəsinin müsbət istiqamətdə nə qədər böyük fərqlə dəyişməsində olduqca mühüm rol oynadığını bir daha əyani nümayiş etdirir. Lakin ən əsas faktorlardan biri də ondan ibarətdir ki, bu proqram ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafında özünəməxsus rol oynayıb. Yenə də bir neçə statistik rəqəmə diqqət yetirmək kifayətdir ki, bu proqramın nə dərəcədə böyük əhəmiyyət daşıdığını görmək mümkün olsun. Belə ki, 2003-cü ildən 2008-ci ilin sonuna kimi olan dövr ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb, adambaşına düşən gəlir 5500 dollara çatıb, sənayeləşmə prosesi çox geniş vüsət alıb. Belə ki, beş ildə sənaye istehsalında 3,7 dəfə artım əldə edilib və bu, kifayət qədər yüksək göstərici hesab olunur. Bundan başqa, qeyd olunan dövrdə investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə, orta aylıq əməkhaqqı 2,7 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ilin sonunda 13,2 faizə enib. O da sevindirici haldır ki, bu dövrdə aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib və 2008-ci ildə Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan edib.

Beləliklə, sözügedən Dövlət Proqramının uğurlu icrası sayəsində qarşıya qoyulan əsas məqsəd, yəni, iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi, rayonlarda vətəndaşların sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına yönəlmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi həllini tapıb. Burada bir mühüm fakta da xüsusi toxunmaq lazım gəlir ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə yanaşı, Prezident İlham Əliyev bölgələrin inkişafı ilə bağlı ayrıca sərəncamlar da verib. Belə ki, cənab İlham Əliyev bu proqramın icra olunduğu müddət ərzində Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalayıb. Onlar arasında "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" ayrıca qeyd olunmalıdır. Çünki bu proqram ölkə rəhbərliyinin iqtisadi inkişafa kompleks şəkildə yanaşdığını, regionlarla yanaşı, mərkəzi bölgələrin də inkişaf tempinin qorunaraq irəli doğru getməsinə çalışdığını göstərirdi.

Ümumilikdə isə qeyd olunan proqram və sərəncamların icrasını daim nəzarətdə saxlayan Prezident İlham Əliyev görülən işlər, onların nəticələri ilə yerində tanış olmaq üçün hesabat dövrü ərzində regionların bütün rayonlarını əhatə etməklə 127 səfər edib, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olub, yerlərdə görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini verib, ölkəmizin inkişafı üçün mühüm əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak edib.

Burada bir məqamı da qeyd etmək lazım gəlir ki, 2004-cü ildə regionların inkişafına dair tərtib olunan Dövlət Proqramı icra olunduğu müddət ərzində daim təkmilləşdirilib və bu səbəbdən proqram daha böyük həcmdə icra olunub. Belə ki, 2004-cü ildə proqram qəbul olunanda ona daxil edilməyən bəzi məsələlərin həlli istiqamətində də ciddi uğurlar əldə olunub və beləliklə, proqramda nəzərdə tutulduğundan daha çox iş görülüb.

Bütün bunlar ümumilikdə sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının Azərbaycanın sosial-iqtisadi inkişafında nə dərəcədə vacib olduğunu göstərməklə yanaşı, bir sıra nəticələrin əldə olunmasında da müstəsna rol oynadığını deməyə əsas verir. Həmin nəticələri isə aşağıdakı kimi qruplaşdırmaq olar: neft sektoru ilə bərabər, qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib; regionların iqtisadi potensialının səmərəli istifadəsinə nail olunub; yerlərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi həyata keçirilib; yerli istehsal və emal müəssisələrinin, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin fəaliyyətinin bərpası və inkişafı reallaşdrılıb; regionlarda yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi mühüm iqtisadi uğurlara imza atılıb.

 

Regionların inkişafının yeni mərhələsi

 

Yuxarıda göstərilən nəticələrlə kifayətlənməyən və regionların daha dinamik inkişaf yoluna qədəm qoymasını təmin etmək istiqamətində məqsədyönlü siyasət aparan Azərbaycan bölgələrdə yeni genişmiqyaslı işlərin görülməsi məqsədilə daha bir fəaliyyət strategiyası müəyyənləşdirib. Bu məqsədlə Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq edib. Ölkə iqtisadiyyatının daha da şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin, xalqın rifah halının daha da yüksəldilməsi yeni proqramın əsas meyarları kimi müəyyən edilib.

Yeni proqramın qəbuluna əsas səbəb "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrasının ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyması olub.

Bu səbəbdən regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək məqsədilə qeyd edildiyi kimi, yeni prqoram qəbul olunub. Bu proqram ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq istiqamətində mühüm rol oynayır. Göstərilən hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi qarşıya qoyulub.

Yeni proqramın üstün cəhətlərindən biri də ondan ibarətdir ki, onun hazırlanması zamanı Prezident İlham Əliyevin göstərişi ilə regionlardan gələn təkliflər nəzərə alınıb. Məhz bunun nəticəsində bölgələrdə yaşayan insanların həllini prioritet hesab etdiyi məsələlər bu proqramda ön plana çəkilib, onların çözümü üçün həm icra mexanizmləri və vaxt müəyyən olunub, həm də bunun üçün lazım olan maddi resursların hər il dövlət büdcəsindən ayrılması nəzərdə tutulub.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhatə etdiyi sahələr də kifayət qədər genişdir. Buraya sosial sahədən tutmuş təhsil, səhiyyə, kənd təsərrüfatı, enerji sektoruna kimi müxtəlif sferalar aiddir. Özü də yeni proqramda əvvəlki kimi keyfiyyət göstəricilərinə xüsusi önəm verilir. Məsələn, təhsil sahəsində görüləcək işlər onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətlənib və ölkədə bütün əhali təbəqələri üçün müasir tələblər səviyyəsində qurulmuş təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki və tədris-metodiki şəraitin yaradılması, bu zəmində təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması dövlətin sosial siyasətində əsas yer tutur. Təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması, yeni məktəblərin inşası, məktəblərin texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminatının yaxşılaşdırılması kimi məsələlər də prioritet istiqamətlərdəndir.

Proqram çərçivəsində səhiyyə sahəsində həyata keçiriləcək tədbirlər əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, Azərbaycan Respublikasında müasir standartlara cavab verən səhiyyənin qurulması istiqamətində görülən işlər davam etdiriləcək. Bunun üçün dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması, əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi, analar və uşaqlar arasında qidalanmanın və mikronutrientlərlə təminatın yaxşılaşdırılması, səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması və bu qəbildən olan digər kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Proqrama uyğun olaraq kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi, yeni müəssisələrin yaradılması, özəl sektorun inkişafının daha geniş miqyas alması, su sektorunda restrukturizasiya tədbirlərinin davam etdirilməsi və dünya standartlarına uyğun etibarlı su təchizatının təmin olunması, ölkənin şəhərlərində, rayon mərkəzlərində, xüsusilə kənd yerlərində su və kanalizasiya sistemlərinin bərpası və yeni xətlərin, qurğuların tikilməsinə özəl sektorun və bələdiyyələrin cəlb olunması sahəsində görülən işlər davam etdiriləcək. Həmçinin, yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun daha da sürətli inkişafı, əhalinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması, özəl sektorun istehsalda payının çoxaldılması kimi məsələlər proqramın qarşıya qoyduğu əsas məsələlərdəndir.

Regionların inkişafına dair dövlət tərəfindən həyata keçirilən proqramlar beynəlxalq sferada da yaxından izlənir. Artıq real və kifayət qədər yaxşı nətiəcələr verən bu proqramlara Avropa Komissiyası, ATƏT, BMT, ABŞ-ın USAID, Almaniyanın GTZ, İsveçrənin SECO, Türkiyənin TİKA təşkilatları, Dünya Bankı, KfW Bankı və Asiya İnkişaf Bankı xüsusi maraq göstərir. Hətta bir sıra beynəlxalq maliyyə institutları və donor təşkilatları, məsələn, Avropa İttifaqının TASİS Proqramının layihə rəhbəri Reyçl Makkovan, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nura Hamlaci, İsveçrənin SECO təşkilatının Azərbaycan üzrə nümayəndəsi Filipp Keller, GTZ-nin iqtisadçısı Sandra Dömpke, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan nümayəndəsi Aliyə Əzimova və başqaları təmsil etdikləri qurumların yeni Dövlət Proqramının icrasında iştirak etmək niyyətlərini bildiriblər.

Bütün bunlar bir daha regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramların Azərbaycan iqtisadiyyatında özünəməxsus rol oynadığını və onu daha da irəliyə doğru apardığını göstərir. Ən əsası isə bu proqramlar iqtisadi inkişafın Azərbaycanın bütün regionlarını əhatə etməsinə və beləliklə, ölkənin bütünlükdə simasını dəyişməyə səbəb olur.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 29 dekabr.- S. 6.