Ali baş komandan İlham ƏLiyev "Qarabağa doğru irəli!" döyüş əmrini yerinə yetirməyə tam hazırıq

 

 Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra həyata keçirilən dövlət quruculuğunun ən şərəfli səhifələrindən biridir. Ulu öndər ordu quruculuğu sahəsində əldə olunan uğurlardan arxayınlaşmamağı, silahlı qüvvələri daim gücləndirməyi mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bu gün ordumuzun döyüş qabiliyyətinin gücləndirilməsi, aparılan islahatlar Heydər Əliyevin silahlı qüvvələrimizlə bağlı arzularının gerçəkləşməsindən, tövsiyələrinə əməl olunmasından xəbər verir.

Mən Bakı Dövlət Universitetinin gömrük işinin təşkili fakültəsini bakalavr pilləsi üzrə bitirmişəm. Daha sonra BDU-nun hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuşam. Gələcəyin hüquqşünası kimi ölkəmizdəki bütün ictimai-siyasi, o cümlədən dövlət quruculuğu ilə bağlı prosesləri həmişə yaxından izləmişəm. Ulu öndər Heydər Əliyevin dövlət quruculuğunun mühüm istiqamətlərindən olan Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsi və modernləşdirilməsi ilə bağlı bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən möhtəşəm tədbirlər hər birimizdə qürur doğurur. Azərbaycan Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmət keçən bir əsgər kimi mən bunu praktik həyatda daha yaxından görürəm.

Azərbaycanın iqtisadi inkişafı ölkəmizin müdafiəsinin daha etibarlı təşkilnə böyük təsir göstərir. Respublikamızın maliyyə imkanlarının artmasının nəticəsi olaraq silahlı qüvvələrimizin maddi-texniki bazası yeniləşir, şəxsi heyətin sosial vəziyyəti daha da yaxşılaşır. Son illərdə dövlət büdcəsindən orduya ayrılan xərclər milyard dollarlarla ölçülür. Bu vəsaitlər hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat qoşunların arsenalına daxil edilir. Ordumuzun modernləşməsini qulluq etdiyim hərbi hissənin timsalında daha aydın görmək olar. Son bir neçə ildə ordumuzun hərbi təyyarə parkı da əhəmiyyətli dərəcədə müasirləşib. Ən müasir standartlara cavab verən qırıcı və bombardmançı təyyarələr Hərbi Hava Qüvvələrinin arsenalına cəlb olunub. Prezident İlham Əliyev bu barədə deyib: "Biz orduya böyük vəsait ayırırıq və heç kim üçün sirr deyil ki, böyük həcmdə silah-sursat, texnika, döyüş təyyarələri alırıq və bunu, bu siyasəti davam etdirəcəyik".

Bir məsələni xüsusi vurğulamaq istərdim. Ötən il Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibətilə keçirilən möhtəşəm parad ordumuzun gücünü və modernləşdiyini nümayiş etdirdi. Hərbi parad Azərbaycan Ordusunu ictimaiyyətimizə daha yaxından tanıtdı. İnsanlar Azərbaycan əsgərinin hansı gücə malik olduğunu gördülər, orduya inam daha da yüksəldi. Etiraf etməliyəm ki, həmin möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələri ilə bağlı mənim də düşüncələrimə yeni nəfəs verdi. İş elə gətirdi ki, həqiqi hərbi xidmətə çağırılmağım paraddan sonraya təsadüf etdi. Məhz həmin möhtəşəm parad mənim böyük həvəs və istəklə ordu sıralarına yollanmağıma stimul verdi.

Güclü ordu üçün ən əsas şərtlərdən biri şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə belə asanlıqla qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahına təsir edən bütün tədbirlər silahlı qüvvələrimizin şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb. Hərbi məqsədlər üçün xərclərin artımı son bir neçə ildə hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Təsadüfi deyil ki, bu gün ölkədə ən yüksək əməkhaqqı alan vətəndaşların bir hissəsi məhz orduda xidmət edən zabitlərdir. Komandirlərimiz həmişə əsgərlərlə söhbət zamanı son illərdə maddi vəziyyətlərinin daha da yaxşılaşmasını xüsusi qeyd edirlər.

Təbii ki, mən əsgər olduğum üçün daha çox əsgər həyatından bəhs etmək fikrindəyəm. Qulluq etdiyim hərbi hissədə gənc əsgərlərin hərbi həyata uyğunlaşmalarından tutmuş normal hərbi qulluğa qədər bütün proseslər yüksək səviyyədə təmin edilib. Əlbəttə, ordu həyatı ilə mülki həyat arasında böyük fərqlər var. Ordu həyatının özünəməxsus cəhətləri çoxdur. Ona görə bəzən, - sözün yaxşı mənasında, - əsgərlik həyatının çətin və buna görə də kişilik məktəbi olduğunu deyirlər. Bəli, orduda xidmət etmək əsil kişilikdir. Bu məktəbi keçməyin əslində heç bir çətinliyi yoxdur. Çünki bunların hamısı əsgərin normal həyat tərzidir ki, bu da bizi hərbi xidmətdən sonra həyat tərzimizi daha sağlam qurmağa sövq edir. Məsələn, səhər saat 6-da yuxudan qalxmaq, idman etmək ancaq normal həyat tərzi sayıla bilər.

Hərbi məqsədlər üçün ayrılan vəsaitlərin artması əsgərlərin də gündəlik həyatında, o cümlədən qida rasionunda yaxından hiss olunur. Mən ordu sıralarına yollanmazdan əsgərin qidalanması ilə bağlı təsəvvürüm yox idi. Amma qulluq etdiyim hərbi hissədə ilk gündən gördüm ki, əsgərlər həm keyfiyyətli, həm də bol çeşidli qida ilə təmin olunurlar. Mülki həyatda süfrələrimizi bəzəyən qida məhsulları artıqlaması ilə əsgərlərə verilir. Hərbi hissə rəhbəri qidalanma məsələsini şəxsən nəzarətində saxlayır və yemək vaxtı özü də əsgər yeməkxanasında masa arxasına əyləşir.

Onu da qeyd etmək istərdim ki, hər ay bizə məvacib də verirlər. Düzdür, məbləğ o qədər də böyük deyil, amma əsgər maaşının öz şirinliyi var. Amma arxa cəbhədən fərqli olaraq bütün sutkanı döyüş tapşırığını yerinə yetirdikləri üçün cəbhə xəttində xidmət edən əsgərlərin məvacibi daha çoxdur. Bu, dövlətimizin hərbi xidmət keçən oğullarına həssas diqqət və qayğısından xəbər verir.

Qulluq etdiyim hərbi hissədə əsgərlərin səhhəti də ciddi nəzarət altındadır. Yadımdadır, hələ birinci gün həkimlər bizi ciddi tibbi müayinədən keçirdilər. Komandir hər gün əsgərlərin səhhəti ilə bir-bir maraqlanır, kimin narahatçılığı varsa, dərhal tibb məntəqəsinə göndərilir. Həkimlər də mütəmadi olaraq əsgər yataqxanasına gələrək bizə baş çəkirlər. Fərəhli haldır ki, qulluq etdiyim müddətdə əsgərlərin ciddi xəstəliklə üzləşdiklərini görməmişəm. Çünki hərbi hissədə əsgərin soyuqlaması üçün heç bir əsas yoxdur. Bütün əsgər yataqxanaları yüksək səviyyədə qızdırılır, geyimimiz isə hətta ən şaxtalı havada belə bizi soyuqdəymədən qoruyur.

İmkan düşdükcə mənə baş çəkən atam, anam və həyat yoldaşım da hərbi hissədəki səliqə-sahmandan, əsgərlərə diqqət və qayğıdan razıdırlar. BDU-nun psixologiya fakültəsinin III kursunda oxuyan qardaşım Cavid isə indidən əsgərlik həyatına hazırlaşır.

Əsgər kimi ordumuzda gördüyüm yüksək keyfiyyətlər - inkişaf, şəxsi heyət arasında münasibətlərin sırf hərbi qanunvericiliyin tələbləri çərçivəsində olması və sair, hər bir azərbaycanlı kimi məndə də yüksək qürur və fəxarət hissi doğurur. Bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin iradə və qətiyyətinin, eləcə də müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin, baş qərargah rəhbərliyinin peşəkar hərbçi kimi əzmkar fəaliyyətlərinin nəticəsidir.

Güclü ordumuzun olması dövlət müstəqilliyimizi qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əsas amildir. Ordu sıralarında gördüklərim qətiyyətlə deməyə əsas verir ki, Azərbaycan Ordusu dövlətimiz və xalqımız qarşısındakı ən şərəfli missiyasını yerinə yetirmək - torpaqlarımızı işğaldan azad etmək üçün istənilən an ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə hazırdır. Mən əslən Ağdam rayonundan olduğum üçün işğalın, doğma yurdun düşmən tapdağı altında olmasının nə demək olduğunu daha yaxşı bilirəm. Ona görə sülh danışıqları dalana dirənəcəyi təqdirdə mübariz əsgər kimi vətənimin ərazi bütövlüyü uğrunda savaşa qalxmaq mənim üçün böyük fəxr olardı.

 

 

Vüqar ABDULƏZİMOV,

"N" saylı hərbi hissənin əsgəri

 

Azərbaycan.- 2009.- 29 dekabr.- S. 9.