Azərbaycan Prezidenti İlham Əliyev metronun "28 May" stansiyasının ikinci çıxışının açılışında iştirak etmişdir

 

Dekabrın 30-da Salatın Əsgərova küçəsi və Azadlıq prospektinin kəsişməsində Bakı metrosunun "28 May" stansiyasının ikinci çıxışı istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsdi.

Prezident İlham Əliyev Bakı metrosu xətlərinin perspektiv inkişaf sxemini və metropolitenin texnoloji korpusunu əks etdirən stendlərlə tanış oldu.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov metronun "28 May" stansiyasının strukturu və görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, "28 May" stansiyasının ikinci çıxışı kompleksinə müasir memarlıq üslubunda inşa olunmuş vestibül, sərnişinləri buradan piyada tunelinə və əksinə daşıyan üç eskalator, həmçinin yeraltı piyada keçidi daxildir. Tikinti işlərini "Azərmetrotuneltikinti" Açıq Səhmdar Cəmiyyəti həyata keçirmişdir.

Layihənin əsas məqsədi "Xətai"- "Azadlıq prospekti" xəttini "İçərişəhər"-"Həzi Aslanov" xəttindən ayırmaqla hər iki marşrutun sərbəst istismarını təşkil etməkdir.

Qeyd olundu ki, bu vestibül Bakı Metropolitenində ən geniş və müasir avadanlıqla təchiz olunan ilk vestibüldür. Vestibülün girişində sərnişinlər üçün elektron məlumat bazası yerləşdirilmişdir. Burada sərnişinlər Azərbaycan, rus və ingilis dillərində stansiyaların hərəkət xətti barədə məlumat əldə edə bilərlər. Keçidin çıxışında Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinləri sayan və buradan girişin qarşısını alan xüsusi turniketlər quraşdırılmışdır. Vestibülün memarlıq tərtibatı "Bakıdövlətlayihə" İnstitutu tərəfindən hazırlanmışdır.

Prezident İlham Əliyev eskalatorla yeni keçidə endi.

Dövlətimizin başçısına məlumat verildi ki, keçid 40 metr dərinlikdə yerləşir, "28 May" stansiyasına qədər piyada tunelinin ümumi uzunluğu isə 165 metrdir. Sərnişinlər tunel vasitəsilə "28 May" stansiyasından başqa, metronun "Cəfər Cabbarlı" stansiyasına da sərbəst gedə bilərlər. Burada istiqamətləndirici işarələr və stansiyanın yaxınlığında yerləşən mühüm inzibati bina və tikililərin adları göstərilmişdir. Piyada tunelində təhlükəsizlik kameraları da quraşdırılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, hazırda metronun ikinci çıxışı olmayan digər stansiyalarda da bu istiqamətdə əsaslı işlər görülür. Artıq "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının layihəsi hazırdır və tikintinin 2010-cu ildə başlanması nəzərdə tutulmuşdur. Dərində yerləşən "Xətai", "İçərişəhər", "Sahil" və "Nizami" stansiyalarının layihələndirilməsi də yaxın gələcəkdə həyata keçiriləcəkdir.

Yeni keçidi gəzən dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 31 dekabr.- S. 2.