Azərbaycan dini dəyərləri qoruyan ölkədir

 

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması istiqamətində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini zamanın aktual məsələlərindən birinə çevirmişdir. Ölkə başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir. Başqa sözlə, islami dəyərlərin qorunub saxlanılması Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

1993-cü ildən etibarən ölkədə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına xüsusi diqqət yetirilir. Ölkə başçısnın islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir, Əjdərbəy, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların qorunmasına qayğı artırılmışdır.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm rol oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.

Dini və milli-mənəvi irsin mühafizəsinə xidmət edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması dövlət başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdir. 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Neydər Əliyev Fondu da bu istiqamətdə həyata keçirdiyi layihələrlə, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə ümumxalq məhəbbəti qazanmışdır. Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami, xilaskar tapmışdır. Ötən beş ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileyinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar saray kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin bir qismidir. Ümumiyyətlə, Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Tarixi mədəniyyət abidələrinin təmiri və bərpasına göstərdiyi kömək də Heydər Əliyev Fondunun həyata keçirdiyi qlobal layihələr sırasındadır. Son 5 ildə Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev muzeyi əsaslı təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələbər səviyyəsində təmir olunması da fondun həyata keçirdiyi xeyirxah layihələrdən biridir.

Son illər fondun səyi ilə Azərbaycanla İslam Konfransı Təşkilatı ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İKT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Ötən həftə Bakının Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi istifadəyə verilmişdir. Tədbirdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişlər.

Bu məscidin tikintisi 1900-cü ildən yarımçıq qalmışdı. Sovet hakimiyyəti illərində başqa məqsədlər üçün istifadə edilirdi. 2007-ci ildə Buzovna qəsəbəsinin sakinləri Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdilər. Həmin ilin fevralından başlanan yenidənqurma işləri qeyd etdiyimiz kimi yüksək səviyyədə başa çatdırılmışdır.

Prezident İlham Əliyev məscidin əsaslı təmirindən sonra təşkil olunmuş mərasimdə demişdir: "Bu böyük hadisədir, gözəl hadisədir. Mən çox şadam ki, Heydər Əliyev Fondunun təşəbbüsü artıq reallaşıbdır. Bir neçə il bundan əvvəl Buzovna sakinləri Heydər Əliyev Fonduna müraciət etmişdilər ki, bu qədim məscid bərpa olunsun, amma əslində, yenidən tikilsin. Çünki məscid kimi tikilməsi nəzərdə tutulmuş bu bina heç vaxt məscid kimi fəaliyyət göstərməmişdir, yarıdağılmış vəziyyətdə idi.

Heydər Əliyev Fondu həmişə olduğu kimi, sakinlərin bütün müraciətlərinə müsbət baxmaqla qısa müddət ərzində gözəl əsər yaratdı. Onu demək istəyirəm ki, bu, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən birinci belə layihə deyildir. Bundan əvvəl Binə qəsəbəsində qədim məscid tamamilə yenidən quruldu. Pirhəsən ziyarətgahı yenidən quruldu. Bu gün biz Buzovna qəsəbəsində gözəl məscidin açılışında bərabər iştirak edirik. Bu, gözəl, xeyirxah işlərdir və bir növ onu göstərir ki, Azərbaycanın həm dövləti, həm ictimai təşkilatlar öz iradəsini bütün sahələrdə ortaya qoymaqla böyük nailiyyətlərə nail olurlar".

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə son 5 ildə həyata keçirilən layihələr, rroqramlar bu qurumun ən ali ideallara xidmət etdiyini göstərir. Bir sözlə, fondun milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumu cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevirib.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 30 dekabr.- S. 7.