Azərbaycan rəqslərinin şahzadəsi

 

Əminə xanım Qazaxda tanınmış Dilbozlar nəslinin qızıdır. Amma qardaşının xəstəliyi ilə əlaqədar Bakıya köçüblər. Əminə uşaqlıqdan təbiət vurğunuydu. Buna görə də hər il təbiətin oyanan vaxtı Qazağa - yaylağa köçərdilər. Bu oyanışı əvvəldən-axıra qədər müşahidə edərdi. Ala-torandan çadırda tapılmazdı. Çəmənlikdə, güllərin arasında, kolların dibində olardı. Saatlarla küləyin çəməndəki otlara çəkdiyi sığala tamaşa edərdi. Çiçəklərin, güllərin rəngi ona vurğunluq gətirirdi. Bir kolun dibində neçə rəngdə çiçək olarmış. Şırıltı ilə axan çayın zümzüməsini də çox sevirdi. Quşların süzməsi, qanad çalması baxışlarının arxasınca aparırdı. Bütün bunlar hələlik nadinc qızın maraq dünyasından başqa bir şey deyildi.

 

Uzun illər sonra Əminə xanım o günləri belə xatırlayır: "Mən rəqs edəndə kimsənin görə bilmədiyi duyğularımı göz önünə gətirirəm. Gülün açılması təbəssümümü, yarpaqlarda bərq vuran şehin parıltısı göz ifadəmi, qol açıb süzməyim quşların qanad çalmasını ifadə edirdi".

Qarabağlı Əşrəf Səfərov 1934-cü ildə milli rəqs ansamblı yaratmaq üçün müsabiqə elan etdi. Müsabiqə üçün məktəblərdən uşaq yığırdılar. Bir gün Əminənin oxuduğu 14 saylı məktəbə də gəldilər. Müəllimləri zirək, çevik, şən, bacarıqlı bir şagird kimi onun da adını siyahıya saldılar. O vaxt Əminə idmanın yüngül atletika növü ilə məşğul olurdu. Yaxşı nailiyyətləri də vardı. Ona görə də müəllimləri ilə razılaşmadı: "Mən idmançıyam, güləşəndə oğlanların kürəyini yerə vururam. Hələ dram dərnəyinin də üzvüyəm. Amma rəqs mənim işim deyil. Həm də atam rəhmətə gedəndən fortepiano dərsini də atmışam" - deyə etirazını bildirdi.

Mümkün olmadı. Onu müsabiqəyə göndərdilər. Bəlkə də həyatının ən dəhşətli günüydü o gün. Musiqi səsləndi. Əminə rəqs edə bilmədi. Onda münsiflərdən xahiş etdi ki, icazə verin özüm zümzümə edim, oynayım. Razı oldular. "Ləzginka"nı bu cür çalıb oğlansayağı oynamağa başladı. Bir də onda ayıldı ki, bütün zal gülür. Pərt halda var gücü ilə səhnədən qaçdı. Söz verdi ki, bir də ömrü boyu rəqs barədə fikirləşməyəcək. Lakin həmin müsabiqənin qalibi Əminə oldu və böyük məbləğdə pul mükafatı aldı. Bu mükafat onu rəqslə həmişəlik barışdırdı. O vaxtdan uzun illər keçib. Bu gün Əminə xanım: "Yenidən həyata gəlsəydim mütləq rəqqasə olardım" deyir.

Əminə Dilbazi məktəb partasından birbaşa böyük səhnəyə gəlib. O, xoreoqrafik təhsil almadan əsl "rəqs şahzadəsi"nə çevrilib. Çünki o təhsilini xalqdan aldı, bilgilərini analarımızdan, nənələrimizdən öyrəndi. Ona görə də Əminə xanımın rəqslərində kənar element tapmaq mümkün deyil.

Əminə Dilbazi 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənət ongünlüyünə gedəndə Şəkidən, Lənkərandan, Masallıdan ən gözəl milli rəqs nümunələrini repertuarına daxil etdi. Bu rəqslər gözəl ərməğan kimi moskvalıları valeh etdi. Əminə xanım yurdumuzu bölgə-bölgə gəzərək hər bölgənin özünəməxsus rəqslərini öyrənib. El şənliklərində, toylarda axtarışlar aparıb. Hər yerin öz adəti, libası, öz oyun texnikası var. Elə təkcə "Yallı"nın 120 növü müəyyənləşdirilib. Bunları yaşatmaq, nəsildən-nəslə ötürmək üçün Əminə xanım ömrünü bu işə həsr edib.

Görkəmli sənətkarımız o rəqsə adi bir musiqi kimi, sənət növü kimi yox, tariximizi, milli cizgilərimizi, adət-ənənəmizi yaşadan sərvət kimi baxır. Deyir ki, meşəmiz, dağımız, suyumuz, faydalı qazıntımız, əxlaqımız kimi rəqslərimiz də müqəddəsdir. Onu zövq, əyləncə vasitəsindən ciddi sənət zirvəsinə qaldırmalıyıq. Qaldırdı da. Əminə Dilbazi rəqqasə kimi iki dəfə dünya gənclərinin bayramında iştirak edib. Və həmin anlar xoş bir xatirə kimi yaddaşında həmişəlik qalıb.

Əminə 1947-ci ildə Praqada keçirilən gənclərin və tələbələrin I Ümumdünya festivalının iştirakçısı oldu. Bu tədbirdə həmkarı Əlibaba Abdullayevlə birgə "Naz eləmə" rəqsini ifa etdilər. Rəqs tamaşaçıların o qədər xoşuna gəldi ki, onları üç dəfə səhnəyə qaytardılar. Ertəsi gün Praqanı gəzməyə çıxan Əminənin diqqətini binanın üstündəki böyük bir portret çəkdi. Yaxınlaşanda öz şəklini gördü. Konsertə baxan tamaşaçıların içərisində olan rəssam öz rəğbətini belə bildirmişdi. Dünya gənclərinin qatıldığı ilk festivaldan Əminə alnıaçıq çıxdı.

İkinci dəfə 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya festivalının iştirakçısı oldu. Artıq bu dəfə festivala bir ifaçı kimi yox, bədii rəhbər kimi qatıldı. Kollektiv birinci dərəcəli diploma və festivalın qızıl medalına layiq görüldü.

Əminə Dilbazi uzun müddət Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında qızlardan ibarət rəqs qrupuna rəhbərlik edib. 1959-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda "Çinar" rəqs ansamblını yaradıb.

Əminə Dilbazi təkcə bədii rəhbər yox, eyni zamanda çox gözəl tərbiyəçi olub. O, gələcəyin həkimi olan qızlara qeyri-rəsmi surətdə evdarlıq, mədəniyyət, etika və həyat dərsləri keçirdi. İndi "Çinar"lı günlərini belə yad edir: "Məni çıraq kimi yandıran "Çinar"ın gözəlliyi, təravəti, istedadı, ritmik rəqsləri, həyata, yaşamağa səsləyən oynaq təranələri olub. Onlar mənə gəncliyimi qaytardılar. Yeni-yeni uğurlar qazanmağıma güc-qüvvət verdilər".

Əminə xanımın möhürünü vurduğu yaralı "Turac"ı, dağ çayları kimi qıvrılan "Mirzəyisi", xalqımızın tarixi qədər qədim "Tərəkəmə"si, "Naz eləmə" rəqsi incəsənət tariximizin qızıl fondunun həmişə bəzəyi olacaq. Deyir ki, "Naz eləmə" mənim şah əsərimdir. Onunla bütün dünyanı gəzmişəm. Parisdə konsertdə bu rəqsi 3 dəfə oynadıblar mənə. Əminə xanımın fikrincə, rəqqasə olmaq üçün rəqsi sevmək azdır. Rəqqasədə rəssam əsərlərinin sehri ola ki, saysız-hesabsız cizgilərdən tamamlanmış bir əsər yarada bilsin, bəstəkar duyumu olmalıdır ki, musiqinin ritmi nəbziylə həmahəng vura, şair ömrünün həssaslığını yaşamalıdır ki, hərəkətlərinin şeiriyyətini duya bilsin.

O, 1967-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində "Sevinc" qızlar ansamblına bədii rəhbər təyin olundu. "Sevinc" öz rəqsləri ilə tamaşaçılara sevinc bəxş etdi. Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə böyük nailiyyət qazandı və Fəxri fərmanla təltif olundu.

Əminə Dilbazinin həyatı olduqca zəngin və rəngarəng olub. İllər ərzində dünyanın hər yerində qastrollarda, festivallarda olub, uğurlar qazanıb. O Çexoslovakiyada, Çin Xalq Respublikasında, Afrika ölkələrində, Hindistanda, Pakistanda, ADR-də, Yuqoslaviyada uzunmüddətli səfərlərdə qazandığı alqışları indi də unuda bilmir. "Çinar" ansamblı ilə Moskvanın qurultaylar sarayında, İttifaqlar evinin sütunlu salonunda, Lixaçov adına mədəniyyət sarayında, Böyük Teatrın səhnəsində tamaşaçıların ürəyini fəth edib.

Sonrakı yolları Fransadan, Əlcəzairdən, Seneqaldan, Polşadan, Macarıstandan, Bolqarıstandan, Türkiyədən, İrandan, Almaniyadan, Ukraynadan, Gürcüstandan, Pribaltikadan, İsraildən və dünyanın başqa-başqa ölkələrindən keçib. Azərbaycanın bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini qarış-qarış gəzib, tamaşaçı rəğbəti qazanıb. SSRİ xalq artisti İqor Moiseyevdən soruşurlar ki, dünyada ən çətin və asan başadüşülən nədir? Cavab verir ki, rəqslər.

Heykəltəraş öz əsəri üzərində necə işləyirsə, onun hər cizgisi, ifadə tərzi sənətkarı necə düşündürürsə, əsl rəqqas da rəqs üzərində belə işləməlidir. Əgər bu çətinlik, əziyyət olmasa, rəqs asan başa düşülə bilməz.

Əminə xanım, ilk növbədə, gözəl anadır. Sözün əsl mənasında, əvəzedilməz rəqqasədir, bacarıqlı müəllim, baletmeyster və nəhayət, əsl professionaldır. Azərbaycanın tarixində ikinci elə sənətkar yoxdur ki, bu qədər yetirməsi olsun. İkinci elə rəqqasə yoxdur ki, bu qədər musiqilərə səhnə həyatı versin. Neçə illər öncə İncəsənət Gimnaziyasında "Günel" rəqs qrupu yaratdı. Vaxtilə "Çinar"da rəqs edən qızların nəvələri ilə "Günel"də məşğul oldu Əminə xanım.

Görkəmli sənətkar sənətdə ən böyük uğurunu, Azərbaycan rəqsini dünyaya tanıtmağında görür. Həyatda ən böyük uğurum isə ailəm olub - deyir. Bizim rəqs ömrümüz çox qısadır. Bu müddətdə gərək özünü bütünlüklə qurban verəsən ki, nəsə əldə edəsən. Mən dünyada yeganə rəqqasəyəm ki, erkən ailə qurmuşam. Dörd uşağım var. Lakin rəqsdən yayınmamışam. Bəstəkar Cövdət Hacıyev də sənət yolunda həmişə mənə dayaq oldu.

Rəqqasənin sənət ömrü çox qısadır. Cəmi 20 il. Amma Əminə xanım səhnədə üç sənətkar ömründən çox ömür yaşayıb. Bu ömrün hamar yolu da olub, daşlı-kəsəklisi də... O, bütün çətinliklərə dözdü və taleyini həll etdi. Səhnəyə gələn gündən qorxuya, həyəcana, çətinliyə qalib gəlməyə söz vermişdi. Bir də onda ayıldı ki, onu sevirlər, alqışlayırlar, gözləyirlər. Xarici ölkələrdə Azərbaycanı təmsil etdi. Alqışlar, ayaqları altına səpilən gül-çiçək dəstələri sübut edirdi ki, o, mahir rəqqasədir. Əminə xanım Türkiyəyə səfərini yada saldı: "Çinar" bu dəfə 70 konsert proqramı ilə çıxış etdi. Ansambl konserti qurtarandan sonra mən səhnəyə çıxıb təşəkkür etməli idim. Hələ ki konsert davam edirdi. Otaqlardan birinə girib qapını bağladım. Xeyli güzgüyə baxıb fikrə daldım. Özümlə gətirdiyim geyimimə nəzər saldım, gəncliyim yadıma düşdü. Məni uzun-uzadı alqışlarla qarşılayan xalqımın sevinməsini xatırladım. Özümə tumar verdim və musiqiçilərə xəbər göndərdim ki, balabanda muğam çalsınlar. Səhnənin bir küncündə göründüm. Rəqqasə qızlarımız heyrətdən donub qaldılar. "Tərəkəmə"nin sədaları altında rəqsə başladım.

Alqışlardan zal sanki uçurdu. Üç min nəfərlik insan axını ayağa qalxıb məni alqışlayır, başıma gül ləçəkləri səpirdilər. Sənətimin mənə bəxş etdiyi çinar ucalığının qürurunu bir daha duydum, təbiəti ilə mənə bu gözəl sənəti bəxş edən torpağıma, yurduma minnətdarlıq hissi keçirdim".

Xatırladaq ki, o vaxt Əminə xanımın yaşı 70-i ötmüşdü. Amma səhnəyə çıxanda yenə 50 il əvvəlki Əminə Dilbazi idi.

Əminə Dilbazi həqiqətən də xoşbəxt sənətkardı. Ömrünü həsr etdiyi sənətində layiqli yerini tutdu. Azərbaycanın xalq artisti adına, "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenlərinə çoxdan layiq görülüb. Davamçıları təkcə Azərbaycanda yox, dünyanın çox ölkələrində var. Əminə xanım xoşbəxt qadın olub. Çünki tale onun qarşısına Cövdət Hacıyev kimi həm böyük bəstəkar, həm də nəcib bir insanı çıxarmışdı. Əminə xanım xoşbəxt anadır. Dörd övlad anasıdır. Əminə xanım xoşbəxt nənədir. Doqquz nəvəsi var. Bu gün onu yaşadan, ona qol-qanad verən övladlarının və nəvələrinin uzaq ellərdən gələn xoş sorağıdır. Azərbaycan xalq rəqslərinin şahzadəsi Əminə xanım Dilbazinin 90 yaşı tamam olur. Böyük sənətkarımızı təbrik edir, ona cansağlığı arzulayırıq.

 

 

Sədaqət YUSİFQIZI

 

Azərbaycan.- 2009.- 30 dekabr.- S. 11.